Azərbaycan Polisinin peşə bayramı. Arxiv şəkli

Cümhuriyyətin ilk polisi

116
(Yenilənib 10:42 02.07.2016)
98 il əvvəl bu gün Azərbaycan polis orqanlarının əsası qoyulub

BAKI, 2 iyul — Sputnik. 1918-ci il iyulun 2-si Azərbaycan Demokratik Respublikası polisinin yaradıldığı gündür. Belə ki, 2 iyul 1918-ci ildə Cümhuriyyətin Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və ya Azərbaycan Demokratik Respublikası (ADR) müsəlman şərqində ilk parlamentli respublika olub. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.

30 may 1918 — Azərbaycan Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi.

Lakin Cümhuriyyətin ömrü uzun sürmədi. 27 aprel 1920-ci ildə bolşevik işğalı nəticəsində ADR-in müstəqilliyinə son qoyuldu.

116
Teqlər:
ADR, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Demokratik Respublikası, AXC, polis
Əlaqədar
Publisist: Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli dövrüdür
Azərbaycan Xalq Cümhuriyyəti yaddaşlarda
Xalqın azadlıq arzusundan yaranan Cümhuriyyət
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfini xilas edən üsyan
Xalq Cümhuriyyətinin tərəfdarı olduğuna görə qətl edilmiş aşıq
Cümhuriyyətimizin tarixində ən vacib günlərdən biri
Şəmsi Bədəlbəyli

Şəmsi Bədəlbəylinin anadan olmasının 110-cu ildönümü tamam olur

13
(Yenilənib 20:30 23.02.2021)
Mənsub olduğu millətin mədəniyyətinin, teatr və musiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub.

BAKI, 23 fevral — Sputnik. Bu gün mədəniyyət tariximizdə mühüm yeri olan görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin anadan olmasından 110 il ötür.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrının qurucusu kimi tanınan Şəmsi Bədəlbəylinin teatr sənətimizin inkişafı naminə gördüyü işlər bu gün də böyük hörmət və ehtiram hissi ilə anılır.

O, 1911-ci il fevralın 23-də Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Orta məktəbi bitirdikdən sonra atası kimi müəllim olmaq istəyi onu Bakı Pedaqoji Texnikumuna gətirir. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatrla, musiqi ilə bağlı söhbətləri Şəmsini də özünə çəkib. O, evlərində dövrün tanınmış ziyalılarını, mədəniyyət xadimlərini tez-tez görərdi. 1932-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli bu teatrda on il rejissor vəzifəsində çalışıb. Arada Moskvada rejissorluq üzrə təcrübə keçməyə göndərilərək Malıy Teatrda Şillerin "Don Karlos" əsərinin hazırlanmasında assistent kimi təcrübə keçib. O, sonradan doğma şəhərə qayıdaraq fəaliyyətini davam etdirib. Onun Dram Teatrında ilk yaradıcılıq işi Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyası olub. Sənətkarın 1939-cu ildə quruluş verdiyi "Ölülər" komediyası da ona olduqca şöhrət gətirib. Eyni zamanda, sənətkarın Sabit Rəhmanın "Xoşbəxtlər" əsərinə verdiyi quruluş da uğurlu alınıb. Sənətkar bu tamaşanı Adil İsgəndərovla müştərək hazırlamışdı. Sənətşünaslıq doktoru Mehdi Məmmədov bu əsər haqqında rəy yazarkən rejissorların işini də təqdir edir. Bu teatrda onun quruluş verdiyi son tamaşa Şekspirin "Kral Lir" pyesi olub. İkinci Dünya müharibəsinin başlanması ilə bir çox məsələləri yarımçıq qoyan Ş.Bədəlbəyli hərbi müxbir kimi İrana ezam edilib.

Sənətkar burada öz həmkarları ilə birlikdə "Vətən uğrunda" qəzetində ədəbi işçi kimi çalışıb, həm mədəniyyət mövzusunda məqalələr yazıb, həm də həvəskar aktyorlarla birlikdə Ü.Hacıbəylinin "Arşın mal alan", Zülfüqar Hacıbəylinin "Əlli yaşında cavan", "Evli ikən subay" əsərlərini tamaşaya qoyub.

1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və Ş.Bədəlbəyli geri çağırılaraq həmin teatra rejissor təyin edilir. O, əsası dahi bəstəkar Ü.Hacıbəyli tərəfindən qoyulmuş Musiqili Teatrın yenidən yaradılmasında, inkişaf etdirilməsində böyük zəhmət çəkib. Bir rejissor kimi o, ilk növbədə teatrın repertuar məsələsinə, seçiminə, truppanın istedadlı insanlardan təşkil olunmasına çalışır.

Ş.Bədəlbəyli zahirən çox ciddi, qaraqabaq təsir bağışlasa da, nikbin ruhlu şəxsiyyət idi. Yumoru çox sevərdi. Bu səbəbdən də, quruluş verdiyi əsərlərdə duzlu gülüş, əsl yumor olardı. O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. O, bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə və fasilələrlə çalışmışdı. Bir müddət də filarmoniyanın bədii rəhbəri və direktoru olan Ş.Bədəlbəyli 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində də səmərəli fəaliyyət göstərib. Onun hərtərəfli rejissor kimi geniş yaradıcılıq imkanları və potensialı var idi. Rejissor Opera və Balet Teatrında "Koroğlu", "Əsli və Kərəm", "Sevilya bərbəri" kimi operalara da quruluş verib. Hətta 1957-ci ildə onu Türkmənistan Opera və Balet Teatrına dəvət ediblər. O, burada "Koroğlu" operasını tamaşaya qoyub. Keçmiş sovet məkanında o həqiqətən çox məşhur idi. Onun rejissor işi haqqında Moskvada yaşayıb-yaradan tanınmış teatrşünaslar yüksək fikirlər söyləyirdilər.

Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət edən Ş.Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi də iştirak edib. Bu gün də həmin filmlərə ("O qızı tapın", "Axırıncı aşırım", "Xatirələr sahili" və s.) baxanda Şəmsi Bədəlbəylinin həyat verdiyi rollar diqqət çəkir. Hər şeydən əvvəl bu obrazlar ciddiliyi və təbiiliyi ilə seçilir.

Ş.Bədəlbəylinin tamaşaları əlvanlığı, cazibədarlığı, koloritliyi, forma həlli, həssas musiqi duyumu, bütöv aktyor ansamblı ilə səciyyəvi idi. Musiqili Teatrın formalaşmasında, aktyor truppasının təkmilləşməsində Ş.Bədəlbəylinin xidmətləri böyükdür. İstedadlı gənclərin teatra cəlb olunmasında, təcrübəli aktyorların yeni-yeni yaradıcılıq keyfiyyətlərinin üzə çıxıb formalaşmasında Ş.Bədəlbəyli rejissor-pedaqoq kimi müstəsna rol oynayıb. Bir rejissor kimi quruluş verdiyi tamaşalarda tamaşaçıları güldürməyi, düşündürməyi, bəzən də kədərləndirməyi bacaran Şəmsi Bədəlbəyli aktyor kimi də çox inandırıcı və dərin təsir bağışlayırdı.

Mənsub olduğu millətin mədəniyyətinin, teatr və musiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub. Bu səbəbdən də onun işıqlı xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacaq.

13
Şahbulaq bulağı

Novruzun müjdəçisi - Bu gün Su çərşənbəsidir

36
(Yenilənib 00:30 23.02.2021)
Bu il martın 2-də Od, martın 9-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-də qeyd ediləcək

BAKI, 23 fevral - Sputnik. Bu gün Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsidir.

Sputnik Azərbaycan bildirir ki, onu "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inancına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.

Bu il martın 2-də Od, martın 9-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-də qeyd ediləcək. Yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 13:37:00-da daxil olacaq.

36
Teqlər:
adət-ənənə, Novruz, Su çərşənbəsi
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0