Sabir Rüstəmxanlı

Vətəndaş həmrəyliyinə nail olmaq istəyən şair

27
(Yenilənib 10:20 20.05.2016)
Sabir Rüstəmxanlının "Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olub.

BAKI, 20 may — Sputnik. Görkəmli şair və ictimai-siyasi xadım Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub.

1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə tələbəlik illərindən başlayıb, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilib.1974-1975-ci illərdə ordu sıralarında xidmət edib. Bu sırada elmi işlə də məşğul olub, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. S.Rüstəmxanlı 1976-cı ildə "Molla Nəsrəddin" və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib.

Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilib. 1967-1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olub, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib.

İlk kitabı 1970-ci ildə nəşr edilib. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilib. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülüb. "Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olub. "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülüb.

S.Rüstəmxanlı 1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən olub. Həmçinin Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub.

1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan"ı təsis edib, iki il onun baş redaktoru (baş yazarı) olub.

1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilib, Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri olub. 1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra edib.

1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edib, bu günə qədər partiyanın sədridir.

1995-ci ildə Mətbuat və informasiya naziri vəzifəsindən istefa verib.

1996-cı ildə Azərbaycan Respublikası prezidentinin fərmanıyla "Şöhrət" ordeni ilə təltif edilən S.Rüstəmxanlı hakimiyyət orqanlarına etiraz əlaməti olaraq bu yüksək dövlət ödülünü almaqdan imtina edib.

2000-ci ildə başçılıq etdiyi Vətəndaş Həmrəyliyi Partiyası parlamentdə yer qazanan iki müxalifət partiyasından biri olub. 2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülüb.

27
Teqlər:
Azərbaycan Milli Elmlər Akademiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Cəbhəsi, Sabir Rüstəmxanlı