Səni zəmanə yetirməz dübarə, bir dənəsən

© Sputnik / Anar MustafayevƏliağa Vahid
Əliağa Vahid - Sputnik Azərbaycan
Abunə olmaq
Görkəmli qəzəlxan və şair Əliağa Vahidin anadan olmasından 121 il ötür.

BAKI, 18 fev — Sputnik. Azərbaycanlı şair, qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi Əliağa Vahid (İsgəndərov Əliağa Məmmədqulu oğlu) 1895-ci il fevralın 18-də anadan olub.

Əliağa Vahid 18 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazıb. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub.

Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şer ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şerlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə ("Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

Əliağa Vahid 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.

Xəbər lenti
0