Vaxt axarı

Millətin Vəlisi

386
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Vəli Məmmədov 1931-ci il yanvarın 7-də Yardımlı rayonunda anadan olub.

BAKI, 7 yan — Sputnik. Ənənəvi olaraq oxucuları bu gün baş vermiş hadisələr, anadan olmuş və vəfat etmiş görkəmli şəxslər barədə məlumatla tanış edirik.

1. Görkəmli ictimai-siyasi xadim Vəli Məmmədov 1931-ci il yanvarın 7-də Yardımlı rayonunda anadan olub. Yardımlı kənd orta məktəbində təhsil alıb.  Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib.  Sonralar  "Azərbaycan ədəbiyyatı tarixi"nin (üç cilddə) ikinci cildinin yazılması və hazırlanmasında fəal iştirak edib. Nəriman Nərimanovun ilk tədqiqatçısı olub. "Nəriman Nərimanov" (1957) monoqrafiyasını yazıb. Sonralar tərtibatçı və ya redaktor kimi N.Nərimanovun seçilmiş əsərlərinin nəşrinə yaxından kömək edib. İkinci dünya müharibəsi dövründə faşizmə qarşı amansız mübarizə aparan "Gənc qvardiya" gizli təşkilatın üzvlərindən birinin — Əli Dadaşovun azərbaycanlı olmasını müəyyən edib onun haqqında "Vətən uğrunda" (1960) kitabçasını yazıb çap etdirib. 20 noyabr 1991-ci ildə erməni terrorizminin qurbanlarından biridir, məlum helikopter qəzasında həlak olub. Haqqında "Yardımlı Xeyriyyə Cəmiyyəti" tərəfindən "Millətin Vəlisi" sənədli filmi çəkilib.

2. Aktyor Mir Seyfəddin Kirmanşahlı 1892-ci ildə Tehran yaxınlığındakı Kirmanşahda doğulub. 1908-ci ildə Rusiyaya gəlib. İlk təhsilini Tiflisdə alıb, sonra Moskva Teatr Texnikumunda oxuyub. O, C. Məmmədquluzadənin "Ölülər"ində İsgəndəri, M. F. Axundovun "Hacı Qara"sında Heydər bəyi, Ş. Saminin "Dəmirçi Gavə"sində Gavə, N. Qoqolun "Müfəttiş"ində bələdiyyə rəisini və başqa rolları böyük ustalıqla ifa edib. O, rejissor kimi bu teatrda E. Molyerin, "Jorj Danden", H. Cavidin "Uçurum", C. Cabbarlının "Aydın", F. Şillerin "Qaçaqlar", N. Vəzirovun "Hacı Qənbər", Şekspirin "Hamlet" əsərlərini böyük ustalıqla tamaşaya qoymuşdu. 1920-ci ildən M. Kirmanşahlı Azərbaycan Dövlət Dram teatrında aktyor və rejissor işləməklə bərabər filmlərə də çəkilir. İran teatr səhnələrində Ü. Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasını "Leyli və Məcnun" operasını, M. F. Axundovun "Lənkəran xanının vəziri", Ə. Haqverdiyevin "Pəri cadu" və başqa əsərləri tamaşaya qoyur. Tehranda "Dramaturji Studiya" açaraq burada səhnə ustalığından dərs keçirdi. Mir Seyfəddin Kirmanşahlı İranda siyasi görüşlərinə görə təqib olunub. 1933-cü ildə Tehranda vəfat edib.

3. Məşhur alim Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olub. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını, 1942-ci ildə isə "Azərbaycanın əsas və ultraəsas süxurları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.1938-ci ildə Geologiya İnstitutunun, 1945-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən biri və Akademiyanın ilk akademik katibi olub. Onun təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılıb. Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı», Oktyabr İnqilabı ordenləri və medallarla təltif olunub. "Azərbaycanın əsas və ultraəsas süxurları", "Azərbaycan mineral suları", "Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi xüsusiyyətləri", "Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi", "Listvenitlər, onların genezisi və təsnifatı" kimi fundamental əsərlərin müəllifidir. M.S. Qaşqay 23 aprel 1977-ci ildə Bakıda vəfat edib. Mərhum akademik Bakıda I Fəxri Xiyabanda dəfn olunub.

4. Unudulmaz mütəfəkkir Rəfiq Zəka Xəndan 1939-cu il 16 iyunda Bakıda dünyaya gəlib. İlk şeir kitabı olan "Çağlayan" 1962-ci ildə nəşr olunmuşdur. "Axırı yaxşı olar" (1968), "Mənim əziz vəhşiciyim" (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olub. 1987-ci ildə Respublika Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. Şair həmçinin Azərbaycan Dövlət Mükafatı laureatı olub.  Şair demək olar ki, Azərbaycan Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlardan olub. O, "SIZE", "Tanıtım" kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc edib. Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer almış, estetikadan mühazirələr oxuyub. Şair heca və əruz vəznlərində əsərlər yaradıb. Əsərlərinin əsas mövzuları türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq, öyüd-nəsihət kimi mövzulardır.

386