İlham Əliyev

Bu gün Azərbaycan prezidentinin doğum günüdür

1448
(Yenilənib 01:23 24.12.2015)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 54 yaşı tamam olur.

BAKI, 24 dek-Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 54 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub.

MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub.

1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.

Prezident İlham Əliyevin ailəsi
news.lent
Prezident İlham Əliyevin ailəsi

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib.

1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 % səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 % səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

Prezident Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı, üç nəvəsi var.

1448
Teqlər:
doğum günü, ad günü, Azərbaycan Respublikası Milli Məclisi, Milli Olimpiya Komitəsi, AŞPA, Avropa Şurası Parlament Assambleyası, aspirantura, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu, Yeni Azərbaycan Partiyası, Milli Məclis, İlham Əliyev, prezident, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan
Üzeyir Hacıbəyli adına Azərbaycan Milli Simfonik orkestri, arxiv şəkli

Azərbaycanın iftixarının anım günüdür

13
(Yenilənib 11:34 23.11.2020)
Hər il sentyabrın 18-i dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur, bu gün isə vəfatından 72 il ötür

BAKI, 23 noyabr — Sputnik. Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədi rayonunda anadan olub. Əslən Şuşadan olan müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi 1948-ci ilin noyabrın 23-də vəfat edib. Bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bəstəkarın boya-başa çatdığı, millətimizin qürur rəmzi olan Şuşanı düşmən işğalından azad edib.

Sputnik Azərbaycan xəbər verir ki, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin vəfatından 72 il ötür.

Qeyd edək ki, hər il sentyabrın 18-i dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Təəssüf ki, bu il bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı dahi bəstəkarın adını daşıyan festival və çoxsaylı tədbirlər təxirə salınıb. Məhdudiyyətlərə baxmayaraq yenə də Fəxri xiyabanda dahi bəstəkarın məzarı ziyarət olunub, həmçinin mədəniyyət tariximizin bu əlamətdar günü Beynəlxalq Muğam Mərkəzi (BMM) və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsinin təqdimatı ilə yadda qalıb.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 112 il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun" yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi "Koroğlu" operasıdır. "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. "Koroğlu" operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

Üzeyir Hacıbəylinin "Füruzə" adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında "Füruzə"nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə, elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun"dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan" beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.

Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

13
Teqlər:
anım günü, Üzeyir Hacıbəyli, opera, musiqi, Azərbaycan
Ağdamda dağıdılmış evlər

Ağdamın həsrəti ilə dünyadan köçən sənətkar - bu gün onun doğum günüdür

35
(Yenilənib 17:54 20.11.2020)
"Komada yatanda Aqil Abbas yanına gəlmişdi. Həkimlər reaksiyasını yoxlamaq məqsədi ilə xahiş etdi ki, Qədirin qulağına nəsə pıçıldasın. Aqil müəllim əyilib qulağına pıçıldadı ki, "Ay Qədir, Ağdamı alıblar, dur gedək, aç gözlərini". Bu vaxt əli tərpənməyə başladı"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 noyabr — Sputnik. Ağdamın adı çəkiləndə yada düşən insanlardan biri də odur. Onun səsi ruhun səsi idi. Oxuyarkən onun düşdüyü durumlar, keçirdiyi hallar həm muğamın, həm də insanın ruhani imkanlarının nəyə qadir olduğunu göstərirdi. Söhbət Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri olan məşhur xanəndə Qədir Rüstəmovdan gedir. Qədir Rüstəmovun səsi qədimlərdən gəlirdi. Onun səsi çağımızda qədimliyimizdən nadir soraq idi. Yüksək tessituralı səsə malik sənətkar daha çox "Sona bülbüllər" mahnısı ilə məşhur olub. "Şöhrət" ordeni , Azərbaycan Respublikasının Xalq artisti və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan sənətkarın ifasında bir sıra muğam dəstgahları – "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır.

Qeyd edək ki, bu gün ölməz sənətkarın doğum günüdür. Sənətkar ömrünün son günlərinə qədər doğulduğu torpağın - Ağdamın həsrəti ilə yaşayıb. Xanəndənin ömür-gün yoldaşı Fatma Rüstəmova müsahibələrin birində demişdi ki, "Qədir Qarabağı, Ağdamdakı evini istəyirdi. Türkiyədə xəstəxanada komada yatanda Aqil Abbas yanına gəlmişdi. Həkimlər reaksiyasını yoxlamaq məqsədi ilə xahiş etdi ki, Qədirin qulağına nəsə pıçıldasın. Aqil müəllim əyilib qulağına pıçıldadı ki, "Ay Qədir, Ağdamı alıblar, dur gedək, aç gözlərini". Bu vaxt əli tərpənməyə başladı. Ağdama atılan raket Qədirin əkdiyi tut ağacının budağını yaralamışdı. Qədir həmin tutdan iki dəyirmi ağac kəsdi. Onu Azərbaycan Milli Tarix Muzeyinə Ağdamın yadigarı kimi vermişəm".

Sənətkar haqqında "Qədirin sorağında", "Qədir Rüstəmov", "Memar", "Bu səs Qədirin səsidir" və "Muğamat var olan yerdə" kimi filmlər lentə alınıb.

35
Teqlər:
Ağdamın işğalı, Ağdamın azad olunması
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Dövlət Tərcümə Mərkəzi "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb

0
Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə 10 dildə yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

BAKI, 23 noyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi qədim Xankəndinin tarixindən, Rusiya və İran arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən, Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu Azərbaycanın bu əzəli torpaqlarında apardığı erməniləşdirmə siyasətindən bəhs edən "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrayna, ispan və alman dilində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

0
Teqlər:
kütləvi informasiya vasitələri, ingilis, ərəb, fars, Dağlıq Qarabağ, Azərbaycan, sosial şəbəkələr, Xankəndi