Akademik Həsən Əliyev

İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin azərbaycanlı üzvü

335
Əliyevlər ailəsinin daha bir görkəmli nümayəndəsi - Həsən Əliyev.

BAKI, 15 dek-Sputnik. Bu gün görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, 1952-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, 1974-cü ildə Azərbaycan Respublikası əməkdar elm xadimi, 1978-ci ildən Azərbaycan Dövlət mükafatı laureatı Həsən Əlirza oğlu Əliyevin anadan olmasından 108 il keçir. 

Həsən Əliyev 15 dekabr 1907-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində anadan olub. Böyük Vətən Müharibəsində(1941-1945)iştirak edib.

Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunun elmi işlər üzrə direktor müavini (1944-1949), eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim (1945-1949), Azərbaycan SSR Elmlər Akademiyası Botanika İnstitunun direktoru (1949-1952), Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirinin birinci müavini və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1952), Azərbaycan SSR Elmlər Akademiyasının akademik-katibi (1952-57), Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya müdiri (1957-1967), Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru (1968-1993) vəzifələrində işləmişdir.

Əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir. Keçmiş SSRİ-də ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim sayılırdı. O Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf edib.

Əliyevin "Həyəcan təbili" əsəri (Bakı, 1976, 1982) təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır. Əliyev coğrafiya elmləri üzrə bir sıra problem şuralarının sədri və üzvü olub. Yüksək ixtisaslı kadrlar hazırlanmasında böyük xidməti var. Azərbaycan Respublikası Təbiəti Mühafizə Komitəsinin yaradıcısı və cəmiyyətinin sədri və Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti (1975-1990), "Azərbaycan təbiəti" məcmuəsinin baş redaktoru (1975-ci ildən) idi. Əliyev Yunanıstan (1958), Polşa (1960), ABŞ (1964, 1977), Rumıniya (1966), İsveçrə (1966), Avstraliya (1968), Kanada (1978), Yaponiya (1980), Almaniya (1981) və s. ölkələrdə keçirilmış beynəlxalq konqreslərdə məruzələr edib.

Həsən Əliyev Azərbaycan SSR Ali Sovetinin (10-11-ci çağırış) deputatı olub. Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz, Vətən müharibəsi, Şərəf nişanı ordenləri, SSRİ Elmlər Akademiyasının N. İ. Vavilov adına Qızıl medalı ilə təltif edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Əliyevin adınadır. Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü olub.

O, 2 fevral 1993-cü ildə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Həsən Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, memar Rasim Əliyevin atası, prezident İlham Əliyevin əmisidir.

335
Teqlər:
Zəngəzur qəzası, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu, SSR Ali Soveti, Fəxri Xiyaban, İngiltərə Kraliça Biblioqraflar Cəmiyyəti, ictimai-siyasi xadim, örkəmli torpaqşünas alim, professor, Heydər Əliyev, Bakı, İlham Əliyev, Həsən Əliyev
Üzeyir Hacıbəyli adına Azərbaycan Milli Simfonik orkestri, arxiv şəkli

Azərbaycanın iftixarının anım günüdür

12
(Yenilənib 11:34 23.11.2020)
Hər il sentyabrın 18-i dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur, bu gün isə vəfatından 72 il ötür

BAKI, 23 noyabr — Sputnik. Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədi rayonunda anadan olub. Əslən Şuşadan olan müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi 1948-ci ilin noyabrın 23-də vəfat edib. Bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bəstəkarın boya-başa çatdığı, millətimizin qürur rəmzi olan Şuşanı düşmən işğalından azad edib.

Sputnik Azərbaycan xəbər verir ki, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin vəfatından 72 il ötür.

Qeyd edək ki, hər il sentyabrın 18-i dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Təəssüf ki, bu il bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı dahi bəstəkarın adını daşıyan festival və çoxsaylı tədbirlər təxirə salınıb. Məhdudiyyətlərə baxmayaraq yenə də Fəxri xiyabanda dahi bəstəkarın məzarı ziyarət olunub, həmçinin mədəniyyət tariximizin bu əlamətdar günü Beynəlxalq Muğam Mərkəzi (BMM) və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsinin təqdimatı ilə yadda qalıb.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 112 il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun" yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi "Koroğlu" operasıdır. "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. "Koroğlu" operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

Üzeyir Hacıbəylinin "Füruzə" adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında "Füruzə"nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə, elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun"dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan" beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.

Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

12
Teqlər:
anım günü, Üzeyir Hacıbəyli, opera, musiqi, Azərbaycan
Ağdamda dağıdılmış evlər

Ağdamın həsrəti ilə dünyadan köçən sənətkar - bu gün onun doğum günüdür

35
(Yenilənib 17:54 20.11.2020)
"Komada yatanda Aqil Abbas yanına gəlmişdi. Həkimlər reaksiyasını yoxlamaq məqsədi ilə xahiş etdi ki, Qədirin qulağına nəsə pıçıldasın. Aqil müəllim əyilib qulağına pıçıldadı ki, "Ay Qədir, Ağdamı alıblar, dur gedək, aç gözlərini". Bu vaxt əli tərpənməyə başladı"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 noyabr — Sputnik. Ağdamın adı çəkiləndə yada düşən insanlardan biri də odur. Onun səsi ruhun səsi idi. Oxuyarkən onun düşdüyü durumlar, keçirdiyi hallar həm muğamın, həm də insanın ruhani imkanlarının nəyə qadir olduğunu göstərirdi. Söhbət Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri olan məşhur xanəndə Qədir Rüstəmovdan gedir. Qədir Rüstəmovun səsi qədimlərdən gəlirdi. Onun səsi çağımızda qədimliyimizdən nadir soraq idi. Yüksək tessituralı səsə malik sənətkar daha çox "Sona bülbüllər" mahnısı ilə məşhur olub. "Şöhrət" ordeni , Azərbaycan Respublikasının Xalq artisti və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan sənətkarın ifasında bir sıra muğam dəstgahları – "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır.

Qeyd edək ki, bu gün ölməz sənətkarın doğum günüdür. Sənətkar ömrünün son günlərinə qədər doğulduğu torpağın - Ağdamın həsrəti ilə yaşayıb. Xanəndənin ömür-gün yoldaşı Fatma Rüstəmova müsahibələrin birində demişdi ki, "Qədir Qarabağı, Ağdamdakı evini istəyirdi. Türkiyədə xəstəxanada komada yatanda Aqil Abbas yanına gəlmişdi. Həkimlər reaksiyasını yoxlamaq məqsədi ilə xahiş etdi ki, Qədirin qulağına nəsə pıçıldasın. Aqil müəllim əyilib qulağına pıçıldadı ki, "Ay Qədir, Ağdamı alıblar, dur gedək, aç gözlərini". Bu vaxt əli tərpənməyə başladı. Ağdama atılan raket Qədirin əkdiyi tut ağacının budağını yaralamışdı. Qədir həmin tutdan iki dəyirmi ağac kəsdi. Onu Azərbaycan Milli Tarix Muzeyinə Ağdamın yadigarı kimi vermişəm".

Sənətkar haqqında "Qədirin sorağında", "Qədir Rüstəmov", "Memar", "Bu səs Qədirin səsidir" və "Muğamat var olan yerdə" kimi filmlər lentə alınıb.

35
Teqlər:
Ağdamın işğalı, Ağdamın azad olunması
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

0
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

0
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat