Bağdadda Sultan Toğrulun adının həkk olunduğu sikkə

Bağdadın fəthi

53
Səlcuq hökmdarı Toğrulun Bağdadı fəth etməsindən 960 il keçir.

BAKI, 15 dek-Sputnik. 15 dekabr 1055-ci ildə Səlcuq hökmdarı Toğrul bəy Bağdadı fəth edib.

Toğrul bəy Mikayıl bəy oğlu 987-ci ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf etmişdi.Çağrı bəyin ölümündən sonra onun qardaşı Toğrul bəy sultan elan edildi və bir ildən sonun onun adı həkk olunmuş pullar dövriyyəyə buraxıldı. Paytaxt Nişapurdan Reyə köçürüldü.

Nişapurdan şərqdəki torpaqların idarəçiliyi Çağrı bəyə tapşırıldı. Cürcan və Kuhistanın idarəsi Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğluna həvalə olunurdu. Herat, Buşənc, Sicstan və Qurlar ölkəsini idarə etmək sultan Toğrulun əmisioğlu Əbu Əli əl-Həsənə (Səlcuq bəyin oğlu Musanın övladı) tapşırılırdı. Səlcuqoğlu İsrailin oğlu Şihabəddövlə Qutalmışa qərbə- Bizans istiqamətində yürüşlər etmək, Azərbaycanı erməni-gürcü-Bizans birləşmiş qüvvələrindən qorumaq tapşırıldı.

Bu işdə ona Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğlu kömək göstərməli idi 8 iyul 1046-cı ildə Abxaz çarı Liparitin başçılıq etdiyi erməni-gürcü-Bizans birləşmiş qüvvələrinin mühasirəyə aldığı Gəncəyə gələn Səlcuqlu ordusu xaçlıları geri oturtdu. Erməni tarixçisi Urfalı Meteosun yazdığı kimi "müsəlmanlar sayı hesabı bilinməyən xaçlı ordusundan 150 minini qılıncdan keçirdi". 1054-cü ildə Sultan Toğrul İran sülaləsi olan Buveyhilər tərəfindən sıxışdırılan xəlifə əl-Qaimin xahişilə Bağdad şəhərinə daxil oldu. 1055-ci ildə Bağdadı özünə tabe etdirdi.

Buveyhilərin sonuncu nümayəndəsi olan əl-Malik ər- Rəhim Əbu Nəsr əsir tutularaq Təbərək qalasına salındı. Bağdad minarələrindən çəkilən əzanlarda Misirdəki şiə Fatimilərin deyil, yenidən Abbasi xəlifələrinin və Səlcuq sultanının adına xütbə oxunmasına başlanıldı. "Bütün ərəb əmirləri Sultan Toğrulun əlini öpmək üçün onun yanına gəldilər". Xəlifənin qızı Səidə ən-Nisə ilə evlənən Sultan Toğrul 17 fevral 1063- cü ildə Təbrizdə təntənəli toy məclisi təşkil etdi.

Türk-İslam dünyasının ən görkəmli şəxsiyyətlərindən olan Səlcuqlu sultanı Toğrul cümə axşamı günü, 4 sentyabr 1063-cü ildə 70 yaşında vəfat etdi. Vəzir Həmid əl-Mülk əl-Qundurinin dediyinə görə Sultan Toğrul ona belə bir əhvalat danışmışdı: "Xorasanda fəaliyyətə başladığım ilk illərdə yuxumda gördüm ki, məni xoş iy verən dumanlı bir yerə qaldırdılar və qeybdən bir səs eşitdim: "Bizdən bir şey istə! Dediyin yerinə yetəcək". Mən dedim ki, uzun ömür istəyirəm. Mənə cavab verdilər ki, sən 70 il yaşayacaqsan".

53
Teqlər:
Təbriz, Sultan Toğrul, ərəb əmirləri, Çağrı bəy, Səlcuq, İran, Xorasan, Herat, Səlcuq hökmdarı Toğrul bəy, Bağdad
Bakıda Şəhidlər Xiyabanı, arxiv şəkli

20 Yanvar faciəsindən 31 il ötür

21
(Yenilənib 09:54 20.01.2021)
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.

BAKI, 20 yanvar - Sputnik. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 31 il keçir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

1994-cü il martın 29-da 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

21
Leyli və Məcnun operasının afişası

Yüz on üç yaşlı sevgi hekayəsi

18
Bu yazılar 1908-ci il yanvar 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin

BAKI, 13 yanvar — Sputnik. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilən qurama texnikalı tikmənin üzərində aşkarlanan yazılar Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirir.

© Sputnik
Qurama texnikalı tikmə

Sputik Azərbaycan xəbər verir ki, müsəlman Şərqinin ilk operası olan "Leyli və Məcnun"un premyerasından 113 il ötür. Şərqin ilk operası olan "Leyli və Məcnun"u Üzeyir Hacıbəyli 1907-ci ildə yazıb. 1908-ci il yanvarın 12-də əsərin Tağıyev teatrında ilk tamaşası olub. "Leyli və Məcnun"la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulub.

2011-ci ildə Milli Azərbaycan Tarixi Muzeyindən Elmi Bərpa Mərkəzinə daxil olan qurama texnikalı tikmənin bərpası zamanı onun demontaj edilmiş bir hissəsində ipək parçanın üzərində həm əski əlifba, həm də köhnə kiril əlifbası ilə olan yazılar aşkarlanıb. Bu yazılar 1908-ci il yanvarın 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirirdi. Proqram-afişanın üzərində ilk tamaşada rolları ifa edən aktyorların adı, rejissorun adı və s. ilə yanaşı, yanvarın 14-də oynanılacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi.

18

Azərbaycanda koronavirus: rəqəmlər azalır

0
İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib

BAKI, 20 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib, aktiv xəstə sayı 7 367 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, ötən müddət ərzində isə ümumilikdə 2 336 498 test aparılıb.

0
Teqlər:
statistika, Azərbaycan, test, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər