Кanadalı aktyor Kianu Çarlz Rivz

İllərdir ölü doğulmuş qızının məzarına çiçək aparır

298
(Yenilənib 12:31 28.08.2016)
Bu gün məşhur kanadalı aktyor Kianu Rivzin 49 yaşı tamam olur.

BAKI, 2 sent-Sputnik. Bu gün məşhur kanadalı aktyor Kianu Çarlz Rivzin (Keanu Charles Reeves) 49 yaşı tamam olur. 

O, 2 sentyabr 1964-cü ildə Livanda anadan olub. Adının Havay dilindən tərcüməsi dağlardan əsən soyuq külək deməkdir. Kianunun anası əslən ingilisdir, atası isə Çin əsilli Havaylıdır. Ancaq özü Kanadada böyüdüyü üçün özünü kanadalı hesab edir. Kianu Rivz əslində 3 ölkənin vətəndaşlığına sahipdir. Kianu "Bill və Tedin inanılmaz macəraları", "Sürət", "Qaçış nöqtəsi", Matritsa (Matrix) kimi filmlərindəki rolları ilə tanınır.

“İnsanlar mənə yalan deyəndə zəhləm gedir. Zorakılığa nifrət edirəm, xüsusən də səbəbsiz yerə. Çalışıram ki, öz həyatım haqqında düşünməyim. Çünki mənim həyatım yoxdur. Mənə müalicə lazımdır” — deyən Kianu Rivzi daha çox "kədərli Kianu" adlandırırlar. 

Ona ən çox şöhrət qazandıran “Matritsa” trilogiyasında ifa etdiyi rol olub. Aktyorun sitatları onu gözəl qəlbə malik, öz işinə sadiq, qazandığı şöhrətə rəğmən yenə sadə və xeyirxah olmaqda davam edən bir insan kimi xarakterizə edir.

Kianu Rivzin uşaqlıq əyləncələri şahmat oyunları ilə bağlı olub. Bundan əlavə o, xokkeyi çox sevirdi, həm də öz həyatını peşəkar idmanla bağlamaq istəyirdi. Xokkey komandasında Kianu qapıçı mövqeyində oynayırdı. Olduqca güvənli olduğuna görə, ona “Divar” ləqəbi vermişdilər.

Kiano Rivz məktəbi bitirmək haqqında şəhadətnamə ala bilmir, çünki o dərslərini çox pis oxuyur.

O, hobbiləri barədə demişdi: “Sevirəm mahnı yazmağı. Sevirəm əsl dostlar yanımda olsun. Sevirəm səyahət etməyi. Sevirəm gitarada ifa etməyi. Bir də, yadımdan çıxmamış deyim ki, sevirəm pulsuz pivə içməyi”.

70-ci illərdə Kianu musiqi ilə maraqlanmağa başlayır. Bir zamanlar o bir neçə qrupun bas-gitara ifaçısı olur. Sonra isə onu reklam çəkilişinə dəvət edirlər. Bundan sonra Kianu müxtəlif təxəllüslərlə bədii filmlərdə görünməyə başlayır. Prodüserlər belə hesab edirdi ki, Rivzin ekzotik adı aktyor karyerasında heç də onun xeyrinə işləməyəcək. Amma özünün ən yadda qalan filmlərində (“Sürət”, “Matritsa”, “İblisin vəkili”) Kianu rollara artıq öz adı altında çəkilib.

Şəxsi həyatında isə Rivzi faciələr izləyir. Onun sevgilisi, aktrisa Cenifer Saymdan qızı ölü doğulur. Daha sonra, 2001-ci ildə onun sevdiyi xanım Saym avtomobil qəzasında həlak olur. Bundan sonra evlənməyəcəyinə söz verir. Və özünün kədərli olmasını da məhz şəxsi həyatındakı uğursuzluqlarla, xüsusən də ölü doğulmamış qızı Ava Arçer Saym Rivzlə bağlayır. Rivz artıq illərdir ölü doğulmuş qızının məzarına çiçək aparır. 

"Diqqət yetirmək kimi sadə bir vərdiş, sizin həddindən çox vaxtınızı apara bilər. Bir zamanlar mən həddindən çox kabus görürdüm. Mən hətta düşünürdüm ki, öləcəyəm. Mən daha öz qrupumda ifa etmirəm. Onlar konsert turuna çıxır və müxtəlif işlər planlaşdırırdı, aktyor karyerası isə mənə bu özəllikləri dadmağa icazə vermirdi. Mən özümü heç də yaraşıqlı və məftunedici hesab etmirəm. Amma bu o demək deyil, mən tamamı ilə ümidsizəm. Filmlərdə ən çox sevdiyim amillərdən biri, orada özünməxsus emosional və psixoloji diskussiyanın olmasıdır. Müxtəlif ulduzlarla eyni çəkiliş meydançasında işləmək mənə həddindən artıq xoş idi. Bu heyrətamiz təcrübədir. Ümid edirəm ki, bu, davam edəcək. Mən Avropanı çox sevirəm. Bilmirəm bəlkə də bu, qandan gəlir, ya genetikadan asılır, amma mən Avropanı həqiqətən çox sevirəm. Mən Mikki Mausam. İnsanlar məni deyil, sadəcə kostyumumu tanıyırlar. Nə vaxtsa rejissor olmaq istəyərəmmi, hələ ki, bilmirəm. Amma dəqiq bilirəm ki, rejissor olmaq çox ağır işdir." — sonradan özünü rejissor kimi sınayan Kianu demişdi. 

“Pul elə puldur. Mənzil, restoran və s. xidmətlərin əvəzini ödəmək üçün vəsaitinin olması xoş bir hisdir. Belə bir şablon fikir var — xoşbəxtlik pulda deyil. Amma o da məlumdur ki, məhz pulların sayəsində sən xoşladığın kimi həyat sürmək imkanı əldə edir, öz sərbəstliyini pulla qazanırsan” — deyirdi Kianu. 

Dinlə bağlı ziddiyyətli fikirlər söylədiyinə görə, onu dünyanın məşhur ateistlərinin siyahısına salmışdılar. 

Onun fikrincə, ən təhlükəli insan öz kölgəsindən qorxandır.

O, özü haqqında demişdi: "Ola bilsin ki, mən çox skeptik insanam, ola bilsin ki, ətrafımda hökm sürən bütün nifrətə və xaosa qarşı həddindən artıq həssasam – ətrafda baş verən hər şeyə məhəl qoymamaq, heç nə olmurmuş kimi davranmaq, yalnız özün haqqında düşünmək yəqin daha asan, daha  rahat olardı. Elə anlar olur ki, qəlbim ağlayır, yas tutur, amam mən özümü həlak etmirəm. Mənə elə gəlir ki, gümrah insanam. Heç cürə bir yerdə otura bilmirəm. Ona görə də, mən heç zaman oturaq həyat tərzinə, maddi dəyərlərin toplanmasına can atmamışam. Aktyor həyatı məni usandırmır. Biz sanki əsl səyahətçi şairlərik. Özümü azad hiss etməyəndə və istədiyimi etmək üçün sərbəstliyi itirdiyimi duyanda, sadəcə müqavimət göstərirəm. Hər şeyin əksinə gedirəm. Mənim bütün romanlarım qısa, lakin parlaqdırlar. Burda heç bir qəbahət görmürəm. Çünki mən heç zaman əbədi məhəbbət vəd etməmişəm."

298
Teqlər:
Keanu Reeves, Keanu Charles Reeves, Kianu Çarlz Rivz, Kianu Rivz
Üzeyir Hacıbəyli adına Azərbaycan Milli Simfonik orkestri, arxiv şəkli

Azərbaycanın iftixarının anım günüdür

11
(Yenilənib 11:34 23.11.2020)
Hər il sentyabrın 18-i dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur, bu gün isə vəfatından 72 il ötür

BAKI, 23 noyabr — Sputnik. Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədi rayonunda anadan olub. Əslən Şuşadan olan müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi 1948-ci ilin noyabrın 23-də vəfat edib. Bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bəstəkarın boya-başa çatdığı, millətimizin qürur rəmzi olan Şuşanı düşmən işğalından azad edib.

Sputnik Azərbaycan xəbər verir ki, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin vəfatından 72 il ötür.

Qeyd edək ki, hər il sentyabrın 18-i dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Təəssüf ki, bu il bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı dahi bəstəkarın adını daşıyan festival və çoxsaylı tədbirlər təxirə salınıb. Məhdudiyyətlərə baxmayaraq yenə də Fəxri xiyabanda dahi bəstəkarın məzarı ziyarət olunub, həmçinin mədəniyyət tariximizin bu əlamətdar günü Beynəlxalq Muğam Mərkəzi (BMM) və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsinin təqdimatı ilə yadda qalıb.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 112 il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun" yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi "Koroğlu" operasıdır. "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. "Koroğlu" operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

Üzeyir Hacıbəylinin "Füruzə" adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında "Füruzə"nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə, elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun"dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan" beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.

Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

11
Teqlər:
anım günü, Üzeyir Hacıbəyli, opera, musiqi, Azərbaycan
Ağdamda dağıdılmış evlər

Ağdamın həsrəti ilə dünyadan köçən sənətkar - bu gün onun doğum günüdür

35
(Yenilənib 17:54 20.11.2020)
"Komada yatanda Aqil Abbas yanına gəlmişdi. Həkimlər reaksiyasını yoxlamaq məqsədi ilə xahiş etdi ki, Qədirin qulağına nəsə pıçıldasın. Aqil müəllim əyilib qulağına pıçıldadı ki, "Ay Qədir, Ağdamı alıblar, dur gedək, aç gözlərini". Bu vaxt əli tərpənməyə başladı"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 noyabr — Sputnik. Ağdamın adı çəkiləndə yada düşən insanlardan biri də odur. Onun səsi ruhun səsi idi. Oxuyarkən onun düşdüyü durumlar, keçirdiyi hallar həm muğamın, həm də insanın ruhani imkanlarının nəyə qadir olduğunu göstərirdi. Söhbət Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri olan məşhur xanəndə Qədir Rüstəmovdan gedir. Qədir Rüstəmovun səsi qədimlərdən gəlirdi. Onun səsi çağımızda qədimliyimizdən nadir soraq idi. Yüksək tessituralı səsə malik sənətkar daha çox "Sona bülbüllər" mahnısı ilə məşhur olub. "Şöhrət" ordeni , Azərbaycan Respublikasının Xalq artisti və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan sənətkarın ifasında bir sıra muğam dəstgahları – "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır.

Qeyd edək ki, bu gün ölməz sənətkarın doğum günüdür. Sənətkar ömrünün son günlərinə qədər doğulduğu torpağın - Ağdamın həsrəti ilə yaşayıb. Xanəndənin ömür-gün yoldaşı Fatma Rüstəmova müsahibələrin birində demişdi ki, "Qədir Qarabağı, Ağdamdakı evini istəyirdi. Türkiyədə xəstəxanada komada yatanda Aqil Abbas yanına gəlmişdi. Həkimlər reaksiyasını yoxlamaq məqsədi ilə xahiş etdi ki, Qədirin qulağına nəsə pıçıldasın. Aqil müəllim əyilib qulağına pıçıldadı ki, "Ay Qədir, Ağdamı alıblar, dur gedək, aç gözlərini". Bu vaxt əli tərpənməyə başladı. Ağdama atılan raket Qədirin əkdiyi tut ağacının budağını yaralamışdı. Qədir həmin tutdan iki dəyirmi ağac kəsdi. Onu Azərbaycan Milli Tarix Muzeyinə Ağdamın yadigarı kimi vermişəm".

Sənətkar haqqında "Qədirin sorağında", "Qədir Rüstəmov", "Memar", "Bu səs Qədirin səsidir" və "Muğamat var olan yerdə" kimi filmlər lentə alınıb.

35
Teqlər:
Ağdamın işğalı, Ağdamın azad olunması
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

17
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

17
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması