Aşiq məşuqların yıxdığı kral ailəsi

170
(Yenilənib 16:52 28.08.2015)
Böyük Britaniyanın kral sarayında sevgi yalanlarının rəsmən bitdiyi gün.

BAKI, 28 avq-Sputnik. "Mən sizin ürəklərinizin kraliçası olmağı istərdim, amma mən özümü bu ölkənin kraliçası kimi təsəvvür edə bilmirəm. İstənilən normal qadın çoxdan gedərdi. Amma mən bacarmadım. Mənim oğullarım var." Bu sitat Şahzadə Dianaya məxsusdur. Bu gün dünya tarixinə öz möhürünü vurmuş bir ailənin rəsmən dağıldığı gündür. 1996-cı ilin 28 avqust İngiltərə taxt-tacının varisi Çarlzla "Ürəklərin kraliçası" adlandırılan Uels şahzadəsi Diananın rəsmən boşandığı tarixdir. 

Uels şahzadəsi Diana 1961-ci il iyulun 1-də Norfolk qraflığında, məşhur zadəgan ailəsində anadan olub. Valideynləri 1975-ci ildə boşanırlar. Diana təhsilini İsveçrədə alır və İngiltərəyə qayıdanda imtiyazlı uşaq bağçasında tərbiyəçi işləyir. O özünə kral ailəsinin diqqətini çəkir və şahzadə Çarlzla başlayan dostluğu mətbuatın marağına səbəb olur. Ümumiyyətlə, Diana Çarlzla hələ 16 yaşında atası evində tanış olur. İş ondadır ki, ingilis taxt-tacının varisi Diananın böyük bacısı Sara Spenserlə görüşürdü. O dövrdə Çarlzın başı təhsilə qarışmış, soyuqqanlı, özünə qapalı olsa da, yüksək statusu qızların böyük marağına səbəb olurdu. Şən Diana kralın nə məqsədlə evlərinə gəldiyini bilirdi. Onunla görüşdə Diana gülümsəyir, fransız dilində söhbətləşirdi. Diana bacısını həqiqətən sevir və ona xoşbəxtlik arzulayırdı.

1979-cu ilin noyabrında Diana kral ovuna dəvət olunur və istirahət günlərini Çarlzla və onun ailəsilə birgə keçirir. Zərif, qəşəng Diana atın üstündə bir amazonka (cəngavər qadın) kimi dayanırdı. Sadə geyimi və utancaq davranışı ilə o, bənzərsiz idi. Məhz bu zaman şahzadə Çarlz onun nə qədər gözəl, ağıllı qadın olduğunu dərk etdi. Həmin gün Çarlz Diana ilə çox söhbət etdi, amma o an üçün hər şey bununla kifayətləndi.

1980-ci ilin yayında Diana şahzadə Çarlzın dayısı, onun çox yaxın adamı, məsləhətçisi, etibar etdiyi adam lord Mauntbattenin ölüm xəbərini eşitdi. Sonralar Diana bu günü belə xatırlayırdı: "Mən şahzadənin samanlıqda tək oturduğunu gördüm, onun yanında əyləşib sadəcə dedim ki, onu kilsədə gördüm. O, elə kədərli idi ki. Bu ədalətsizlikdir, — o zaman fikirləşdim,- o, elə tənhadır ki, kimsə onun yanında olmalıdır!". Həmin günün axşamı Çarlz açıq-açığına və camaat qarşısında Dianaya seçdiyi qadına yaraşan tərzdə qulluq edirdi. Sara Spenser isə birdəfəlik unuduldu.

O zaman şahzadə Çarlzın 33 yaşı var idi və o, Böyük Britaniyada ən həsəd aparılacaq bəy olaraq qadın düşkünü imici qazanmışdı. Bəlkə də bu imici tituluna borclu idi. O, hələ 1972-ci ildən ordu zabiti Endrü Parker-Boulzun həyat yoldaşı Kamilla ilə eşq macərası yaşayırdı. Amma Kamilla gələcək kraliça roluna heç yaraşmırdı, ona görə də Kraliça Yelizaveta və şahzadə Filipp oğlanlarına daha yaxşı namizəd axtarırdılar. Diana vəziyyəti xilas elədi. Deyilənə görə, şahzadə Filipp oğluna məhz Diana ilə evlənməyi təklif edib. Çünki o, adlı-sanlı nəsildən olan gənc, sağlam, gözəl, tərbiyəli xanım idi. Kral nikahı üçün bundan artıq nə lazım idi ki? Deyirlər, "şahlar sevib evlənmirlər". Amma Çarlzla Diananın situasiyasında bu belə deyildi. Yəni uşaq bağçası tərbiyəçisi ilə Britaniya tacının varisi çox xoşbəxt idilər, xüsusilə evliliklərinin ilk illərində.

Şahzadə Çarlz Dianaya rəsmi evlənmə təklifini 1981-ci ilin fevral ayında elədi. Nişan haqqında xəbərlər yayılan kimi mətbuat gələcək kraliçanı "təqib etməyə" başladı. Əvvəl-əvvəl xaraktercə utancaq olan Diana reportyorlardan qaçırdı. Sonralar o özü haqqında deyirdi: "Dəfələrlə otağımda oturub uşaq kimi ağlayırdım". Diana tərəddüd edirdi: özünə, Çarlza, bir kraliça kimi vəzifələrini layiqincə həyata keçirəcəyinə, kral ailəsinin simpatiyasına inanmırdı. O, ilk dəfə kraliçanın dəvəti ilə Belmorel iqamətgahına gələndə qarderobunda protokola əsasən dörd ziyafət paltarı olmalıydı. Diana isə biri və çox sadəsi ilə kifayətlənmişdi. Libası şahzadə Çarlzın çox xoşuna gəlmişdi, digərləri də özlərini elə aparırdılar ki, guya onlar da bəyəniblər. Diana kral ailəsinin çox xoşuna gəlmişdi.

Böyük Britaniya "əsrin toyuna" hazırlaşırdı. 1981-ci il iyulun 29-da Diana Spenser dəbdəbəli gəlinlikdə (8 metrlik şleyflə) Britaniya kral ailəsinin daha bir üzvü olmaqdan ötrü mehraba girdi. Bütün yer kürəsinin 750 milyon əhalisi televizor qarşısına keçərək Avropanın ən gözəl xanımlarından və ən varlı bəylərindən birinin toyuna tamaşa edirdi. Onlar arasında ilk narazılıqlar sadə səbəblərdən baş verirdi: Diana kral ailəsinin ikiüzlülüyü və yalanına dözmür, Çarlzı isə Diananın özünə güvənməməsi, bir çox şeylərdən inciməsi əsəbiləşdirirdi. Çarlz özü də belə olduğundan güclü ələ ehtiyac duyurdu. Məhz buna görə də özünəgüvənən Kamilla ilə eşq macərasını davam etdirirdi. Hətta oğlanları dünyaya gələndən sonra belə Kamilla ilə görüşməyi dayandırmırdı. Diana qısqanclığından dəli olurdu, axı o, Çarlzın və qohumlarının xoşuna gəlməsi üçün əlindən gələni edirdi. Amma reportyorlar və sadə vətəndaşlar Diananı daha çox sevirdilər. Diananın yanında Çarlz yöndəmsiz cangüdən kimi görünürdü. Bu, şahzadəni çox qıcıqlandırırdı, o, hesab edirdi ki, gözəl xanımının yanında həmişə "ikinci rolda" olacaq. Avstraliyaya səfər zamanı Çarlz belə zarafat edirdi: "Mən burada gül dəstəsini tutmaq üçünəm". Məhz bu hiss onu evindən bir az aralıda yaşayan məşuqəsi Kamillaya daha da yaxınlaşdırırdı.

Çarlzın etinasızlığı, saymazlığı Diananı başqa kişilərin qoynuna atdı. 1989-cu ildə Diana avtomobil taciri Ceyms Cibli ilə eşq macərası yaşadı. Bu sevgini atüstü qaçış üzrə instruktor mayor Ceyms Süitlə daha ehtiraslı sevgi əvəz etdi. Süit cavan, güclü, yaraşıqlı idi və yeganə kişi idi ki, Diana onunla eşq macərası yaşadığını gizlətmirdi. Ehtiraslı roman beş il davam etdi.

1992-ci ildən Diana və şahzadə Çarlz rəsmi olaraq ayrı yaşayırdılar. Britaniya qanunlarına görə, beş il ayrı yaşayan ər-arvad boşanmış hesab olunurlar. Bu, Çarlza əl verirdi, amma kral ailəsi və bir çox ölkə vətəndaşları onların barışacağına ümid edirdilər. Britaniya qanunlarına görə, boşanmış şahzadə taxt-taca sahib ola bilməz.

1994-cü ildə Süit səmimi xatirələrini yazdığı kitabı çıxarmaqla Dianaya xəyanət etmiş oldu. Sayılı dəqiqələr içində milyonçuya çevrilən Süit şəhərdən kənarda ev aldı və at idmanı məktəbi açdı. Bundan çox məyus olan Diana təskinliyi incəsənət əsərlərinin taciri, milyonçu Oliver Hordda tapdı. Onların münasibətinə evli Oliverə Diananın qısqanclığı ucbatından gələn anonim telefon zəngləri son qoydu. 300 zəngi hesablayan Oliver Diananı tərk elədi.

1995-ci ildə Diana BBC-nin "Panorama" adlı populyar şousunda iştirak edərək Kamillanın onların həyatında hələ toylarından öncə peyda olmasını dilə gətirdi. "Bu nikahda biz həmişə üç nəfər idik, bu çoxdur", — Diana belə açıqlama vermişdi. Bundan sonra Çarlz rəsmi surətdə yoldaşı ilə boşanmalı oldu.

28 avqust 1996-cı ildə boşanma haqqında rəsmi kağızlar imzalandı. Diana 23 milyon dollar, Kensinqtonsk iqamətgahını, Sent-Ceyms sarayında kabinetlər əldə elədi, eyni zamanda, Uels şahzadəsi titulunu qoruyub-saxladı, ən əsası isə uşaqların tərbiyəsinə Çarlzla bərabər hüquqlar əldə elədi. Boşanma Çarlzın imicinə pis təsir göstərdi, amma Dianaya olan məhəbbəti azaltmadı. İnsanlar şahzadə Çarlzı gözəl həyat yoldaşına xəyanət edən və kral adına ləkə gətirən adam kimi qəbul etdilər.

1995-ci ildə Diana milli reqbi komandasının kapitanı Uill Karlinqlə görüşməyə başladı. İşçi təbəqəsindən olan Karlinqlə Diananın əlaqəsi bir göz qırpımında bitdi, elə idman qəhrəmanının evliliyi kimi. Tez zamanda onun Diana ilə gizli görüşləri məlum oldu və idmançının həyat yoldaşı boşanma ərizəsi ilə məhkəməyə müraciət etdi. Eyni sevgi macərası əmlak taciri Kristofer Vell, aristokrat Filipp Dann, Devid Uoterhauzla da yaşandı. Onlardan heç biri Dianaya ehtiyac duyduğu istiliyi və müdafiəni verə bilmədi.

1997-ci ilin avqustunda bir reportyor Diananı sevgilisi Dodi Al-Fayedin ağuşunda çəkdi. Fotoqraf bu şəklə görə 3 milyon dollar qazandı. Dodinin atası Misir milyarderi Məhəmməd əl-Fayed hər il Britaniya xəzinəsinə bir neçə milyon funt-sterlinq vergi ödəməsinə baxmayaraq, ingilis vətəndaşlığı ala bilməmişdi. Dodinin özü Hollivud filmlərinin prodüserliyilə məşğul idi. O, Afrika filmləri barədə çəkiləcək filmdə baş rola Diananı çəkmək istəyirdi. Onların münasibəti Britaniya ictimaiyyətini pərt eləmişdi. Avqustda onların nişanlanması və tez bir zamanda nikah bağlamaları haqqında xəbərlər yayıldı. Amma avqustun 31-də Dodi və Diana "Rits" otelinə şam yeməyinə gedərkən Alma tunelində avtomobil qəzasına düşdülər, cangüdəni çıxmaq şərtilə Diana, sevgilisi və sürücüsü həlak oldular.

Diananın ölümü hamını sarsıtdı, xüsusilə ingilisləri. Onun dəfni günü bütün dünyada bir dəqiqəlik matəm elan olundu. Amma ölümündən sonra Diana unudulmadı. Ən əsası isə odur ki, ölümündən sonra insanlar onun xeyriyyəçilik işlərini davam etdirdilər. Dostları Diana haqqında belə söyləyirlər: "Əgər onun yoluna uçqun çıxsaydı, onu düşünmədən saxlayardı". Diana yalnız ölümü saxlaya bilmədi.

170
Teqlər:
Uels şahzadəsi, Diana haqqında, Şahzadə Diana haqqında, Diana, Şahzadə Diana