Əlibala Hacızadə

İtkin gəlin

348
(Yenilənib 10:42 28.08.2015)
Azərbaycanda ilk teleserial Əlibala Hacızadənin trilogiyası əsasında çəkilib.

BAKI, 28 avq — Sputnik. Bir zamanlar sovet gəncliyinin sevə-sevə oxuduğu, bir-biri ilə paylaşdığı əsərlər vardı: "İtkin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş", "Təyyarə kölgəsində", "Vəfalım mənim" və s. Bu, Azərbaycan ədəbiyyatına sevgi ilə sosial həyatın vəhdətini gözəl bədii üslubla gətirməyi və sevdirməyi bacarmış Əlibala Hacızadənin əsərləri idi.  

"Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də… Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!.." — "Təyyarə kölgəsi" romanının qəhrəmanı Nadirənin gündəliyində belə yazırdı Əlibala Hacızadə. Bu gün Azərbaycan ədəbiyyatına unudulmaz əsərlər bəxş etmiş yazıçının doğum günüdür. 

Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb (1953-1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb (1958). Əfqanıstanda mütərcimlik edib (1966-1970).

Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləyib (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışıb. 1994-96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olub. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə "Uşaqgəncnəşr"in buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi. 2009-cu ilin oktyabr ayında vəfat edib.

"İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilib (1993-1994). Lütfi Məmmədbəylinin çəkdiyi bu film Azərbaycan tarixində ilk teleserial sayılır və ekranlara çıxdığı vaxt tamaşılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı. 

Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri də elmi mühitin təsviri olub. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını, onların arasındakı intriqaları  geniş oxucu kütləsinə çatdırmağı bacarıb. 

1980-ci illərin ikinci yarısında Ə.Hacızadənin qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi.

Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə edib.

Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub, İranda "Ölməz şəxsiyyətlər" mükafatına layiq görülüb, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib.

Unutmaq olmur (povest), Məhəbbət olmayan evdə (povestlər), Cehiz (hekayələr), Dünyanı tanı kimi kitab və əsərləri zamanının ən çox oxunanlarından idi. Əlibala Hacızadə həm də bir sıra sevilən şerlərin müəllifidir. 

348
Teqlər:
İtkin gəlin romanı, Təyyarə kölgəsi, Azərbaycan ədəbiyyatı, Vəfalım mənim, Təyyarə kölgəsində, Ayrılığın sonu yoxmuş, Əfsanəsiz illər, İtkin gəlin, Əlibala Hacızadə, Azərbaycan