Kursk atom sualtı gəmisi

15 illik sirr: "Kursk" atom sualtı gəmisi niyə batmışdı?

728
(Yenilənib 10:31 12.08.2015)
118 hərbçinin ölümü ilə nəticələnən gəmi qəzasına dair toplanan sübutlar bu günə qədər cəmiyyət üçün qapalı saxlanılır.

BAKI, 12 avq-Sputnik. Rusiyanın məşhur "Kursk" gəmisinin batmasından 15 il keçir.

2000-ci il avqustun 11-də Rusiya Dəniz Qüvvələrinin Şimal donanması geniş təlimlərə başlamışdı. Bu təlimlərdə aktiv iştirak edən gəmilərdən biri “Kursk” atom sualtı gəmisi idi. O, 118 nəfər şəxsi heyəti ilə təlimlərə qatılmışdı.

Avqustun 11-də Severomork limanından çıxan “Kursk” bir daha sahildə lövbər salmayacaqdı.

Avqustun 12-də təlim zamanı şərti hədəfə atəş açan zaman gəminin göyərtəsində partlayış baş verir. Rəsmi versiyaya görə, “Kit” gəmi əleyhinə torpeda təhlükəsizlik qaydalarının pozulması nəticəsində gəminin daxilində partlayır. Bundan sonra başlanan yanğın 2 dəqiqə ərzində daha bir torpedanın (öz-özünə hərəkət edən sualtı mina) silkələnməsinə və gəminin bir neçə daxili hissəsinin dağılmasına səbəb olur. Bundan sonra yavaş-yavaş gəmi suyun dibinə enir. Gəmi heyətinin əsas hissəsi partlayış baş verdikdən 7-8 saat sonra, dəm qazından zəhərlənərək dünyasını dəyişir.

2000-ci il avqusutun 28-də Vladimir Putinin göstərişi ilə batmış gəminin çıxarılması ilə bağlı xüsusi əməliyyat başlanılır. Bir neçə il ərzində Barens dənizində bir neçə min metr dərinlikdə olan “Kursk”un heç bir deformasiyaya uğramadan quruya çıxardılması layihələri müzakirə olunur. 2001-ci ilin avqustundan Hollandiya və Rusiya dəniz şirkətləri müştərək plan əsasında bu əməliyyata başlayırlar. 2009-cu ilin martına qədər davam edən əməliyyat zamanı “Kursk” gəmisinin 2 nüvə reaktoru, yanacaq ehtiyatları və bir neçə bloku quruya çıxarılır. Həlak olan 118 heyət üzvünün 115-nin cəsədi də aşkar olunaraq ailələrinə təhvil verilir. Ümumilikdə, layihəyə 130 milyon dollar vəsait xərclənir.

2000-ci il avqustun 26-da, faciədən 2 həftə sonra ABŞ-da populyar olan “Larri King Live” tok-şousuna qonaq olan Vladimir Putinin jurnalistin “Kursk”la bağlı nə baş verdi” sualına təbəssümlə “O batdı” cavabı verməsi narazılıqla qarşılanmışdı. Amerika tamaşaçısı 118 nəfərin həlak olduğu faciə barəsində prezidentin belə rahat danışmasını qəbul edə bilmirdi.

Ümumiyyətlə, hadisənin əsl səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bəziləri bunun ABŞ dəniz qüvvələrinin gəmiləri tərəfindən törədilən faciə olduğunu, bəziləri isə rus komandanlığının planlı səhvi hesab edirlər. Nəticəsindən asılı olmayaq, “Kursk” atom sualtı gəmisinin batması Rusiya Hərbi Dəniz Qüvvələrində ciddi kadr dəyişikliklərinə yol açdı. Üzərindən 15 il keçməsinə baxmayaraq, gəminin qəzaya uğraması ilə bağlı toplanan bütün istintaq sübutları cəmiyyətə açıqlanmayıb.

728
Teqlər:
Kurskun sirri, Kursk gəmisinin sirri, Kursk gəmisi necə batdı, Kursk gəmisi haqqında, Kursk, "Kursk" atom sualtı gəmisi, Kursk gəmisinin batması
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

174
(Yenilənib 15:53 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

174
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu
Üzeyir Hacıbəyli adına Azərbaycan Milli Simfonik orkestri, arxiv şəkli

Azərbaycanın iftixarının anım günüdür

20
(Yenilənib 11:34 23.11.2020)
Hər il sentyabrın 18-i dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur, bu gün isə vəfatından 72 il ötür

BAKI, 23 noyabr — Sputnik. Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədi rayonunda anadan olub. Əslən Şuşadan olan müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi 1948-ci ilin noyabrın 23-də vəfat edib. Bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bəstəkarın boya-başa çatdığı, millətimizin qürur rəmzi olan Şuşanı düşmən işğalından azad edib.

Sputnik Azərbaycan xəbər verir ki, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin vəfatından 72 il ötür.

Qeyd edək ki, hər il sentyabrın 18-i dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Təəssüf ki, bu il bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı dahi bəstəkarın adını daşıyan festival və çoxsaylı tədbirlər təxirə salınıb. Məhdudiyyətlərə baxmayaraq yenə də Fəxri xiyabanda dahi bəstəkarın məzarı ziyarət olunub, həmçinin mədəniyyət tariximizin bu əlamətdar günü Beynəlxalq Muğam Mərkəzi (BMM) və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsinin təqdimatı ilə yadda qalıb.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 112 il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun" yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi "Koroğlu" operasıdır. "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. "Koroğlu" operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

Üzeyir Hacıbəylinin "Füruzə" adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında "Füruzə"nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə, elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun"dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan" beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.

Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

20
Teqlər:
anım günü, Üzeyir Hacıbəyli, opera, musiqi, Azərbaycan
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona