Корабли Северного флота в боевом походе.

Birinci Dünya müharibəsi

205
(Yenilənib 15:46 28.07.2015)
101 il əvvəl bəşər tarixinin ən qanlı toqquşmalarından biri olan Birinci Dünya müharibəsi (d. 28 iyul 1914 — ö. 11 noyabr 1918) başlayıb.

BAKI, 28 iyul — Sputnik. 101 il əvvəl bəşər tarixinin ən qanlı toqquşmalarından biri olan Birinci Dünya müharibəsi (d. 28 iyul 1914 — ö. 11 noyabr 1918) başlayıb. 

Bu adlandırma İkinci dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanıb, iki dünya müharibəsi arasındakı dövrdə isə qərbdə "Böyük müharibə" (ing. The Great War, fr. La Grande guerre) və ya "Dünya müharibəsi" adlandırılıb. Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: "Antanta"da İngiltərə, Fransa və Rusiya, "Üçlər ittifaqı"nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya(1915-ci ildə Antantanın tərəfinə keçir) var idi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi(onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin sayını daha da artırırdı.

Başlanğıc:

Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən savaşın başlanması üçün bəhanə oldu.

Avstriya-Macarıstan ordusunun baş komandanı, ershersoq Frans-Ferdinand Bosniyadakı manevrlərdə iştirak edirdi. İyunun 28-də Serbiyadan gəlmiş terrorçu qrupun üzvü olan Qavrilo Prinsip Avstriya-Macarıstan taxt-tacının vəliəhdini Sarayevoda öldürdü. Bunun qarşılığında Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və ona qarşı müharibə elan etdi.

1914-cü ilin iyulun axırında Avstriya-Macarıstan ordusu Serbiya ərazisinə daxil oldu. Belqrad şəhəri bombardman edildi. Rusiya imperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə avqustun 1-də Almaniya Rusiyaya, avqustun 3-də isə Fransaya müharibə elan etdi. Almaniya həmçinin Prussiya tərəfindən imzalanmış Belçikanın bitərəfliyi haqqında müqaviləni "ağ kağız" adlandırdı və avqustun 4-də Belçikaya hücum etdi.

Belçikanı müdafiə etmək bəhanəsi ilə Böyük Britaniya Almaniyaya müharibə elan etdi. Getdikcə yeni-yeni ölkələr müharibəyə qoşuldular. 1914-cü il avqustun 23-də Yaponiya Almaniyaya qarşı müharibə elan etdi. Lakin, o Avropaya qoşun göndərmədi, Almaniyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa çalışdı.

1914-cü ildə Osmanlı dövləti "Üçlər İttifaqı" tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq oktyabrın 2-də Rusiya, 5-də Böyük Britaniya, 6-da isə Fransa Osmanlıya qarşı müharibə elan etdi. Suriya, Fələstin və Qafqazda yeni cəbhələr açıldı.

Səbəblər:

Müstəmləkəçi ölkələrin inkişafı, ilk növbədə bu ölkələr arasındakı ziddiyətlərin kəskinləşməsi, dünyanın yenidən bölüşdürülməsi uğrunda Avropa dövlətlərinin iki hərbi-siyasi bloku arasında mübarizə Birinci dünya müharibəsinə gətirib çıxardı. Bu ziddiyətlərin başlıcası Almaniya ilə Böyük Britaniya arasında idi.

Alman hərbi-siyasi dairələri Böyük Britaniya və Fransanın hesabına yeni müstəmləkələr zəbt etmək, Fransa və Rusiyanı zəiflətmək, onların müstəmləkələrinin bir hissəsini ələ almaq niyyətində idilər. Onun müttəfiqi Avstriya-Macarıstan dövləti isə Balkan yarımadasında öz nüfüzunu genişləndirməyə və yeni ərazilər işğal etməyə çalışırdı.

Böyük Britaniya hökuməti müharibə yolu ilə Almaniyanı zəiflətmək, onun müstəmləkələrinin bir hissəsini ələ keçirmək, Osmanlı İmperiyasını bölüşdürmək ümidində idilər. Fransız hökuməti də buna nail olmaq istəyirdilər. Bundan başqa onlar, 1870-1871-ci illərdə Almaniya ilə olan müharibədə itirilmiş Elzas və Lotaringiya vilayətlərini geri almaq, Almaniyanın Reyn vilayətinin bir hissəsini ələ keçirmək istəyirdi. Rus çarizmi isə Balkanda, Bosfor və Dardanel boğazlarında öz hökmranlığını yaratmağa, həm də Almaniyanı iqtisadi cəhətdən zəiflətməyə çalışırdı.

10 milyondan çox insanın öldüyü, 18 milyondan insanın yaralandığı və 8 milyonadək insanın itkin düşdüyü bu müharibəyə aid çoxlu əsərlər yazılıb. Onlardan ən təsirliləri sırasında Erix Mariya Remarkın "Şərq cəbhəsində təbəddülat yoxdur" və Ernest Heminqueyin "Əlvida, silah" əsərlərini göstərmək olar.

205