Toxum sərgi-satış yarmarkası

Növbəti toxum sərgi-satış yarmarkası Cəlilabadda keçiriləcək

13
(Yenilənib 20:29 08.09.2021)
Saatlıda keçirilən toxum sərg-satış yarmarkasında həmçinin Sabirabad, Hacıqabul və digər rayonlarda toxumçuluqla məşğul olan 30-dan çox təsərrüfatda yetişdirilən toxum sortları nümayiş olunub. Yarmarkaya 300-dək fermer qatılıb.

BAKI, 8 sentyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə bölgələrdə toxum sərgi-satış yarmarkalarının keçirilməsi davam edir. Yarmarkaların keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.

Sputnik Azərbaycan xəbər verir ki, növbəti toxum sərgi-satış yarmarkası Saatlı rayonunda keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, respublikamızın müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkaları toxumçuluğun daha da inkişafına, xidmət edir. Bundan əvvəl Şamaxı, Şəki və Ağcabədidə keçirilən yarmarkalara fermerlər böyük maraq göstəriblər. Toxum sərgi-satış yarmarkalarının keçirilməsi fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı verir.

Daha sonra nazir yerli istehsal toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüb. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

Qeyd edək ki, Saatlıda keçirilən toxum sərg-satış yarmarkasında Saatlı, Sabirabad, Hacıqabul və digər rayonlarda toxumçuluqla məşğul olan 30-dan çox təsərrüfatda yetişdirilən toxum sortları nümayiş olunub. Gün ərzində yarmarkaya taxılçılıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olan 300-dək fermer qatılıb.

Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumlarının, Aqrar Kredit və İnkişaf Agentliyinin, "Aqroservis" ASC-nin, Aqrar Sığorta Fondunun, Azərbaycan Toxumçular Assosiasiyasının nümayəndələri, elmi-tədqiqat institutlarının əməkdaşları , toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər də iştirak ediblər.

Növbəti toxum sərgi-satış yarmarkası sentyabrın 10-da Cəlilabadda keçiriləcək.

13
Teqlər:
yarmarka
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

Nazir müavini işğal dövründə Azərbaycan təbiətinə vurulmuş ziyandan danışdı

194
(Yenilənib 16:37 21.09.2021)
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb
Vüqar Kərimov: “Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib”

İşğal dövründə ermənilər tərəfindən 100 min hektar ərazidə məqsədli yanğınlar törədilib. Regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosisteminə ciddi ziyan vurulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib.

Nazir müavini bildirib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb: “Təbiətin istismarı nəticəsində ekoloji tarazlıq pozulub. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və meşə ekosisteminin, onun bir parçası olan flora və fauna növlərinin məhvinə gətirib çıxarıb. İşğaldan əvvəl həmin ərazilərdə 200-dən çox ali bitki növünə rast gəlinirdi. Bu da Azərbaycan florasının 42 faizindən çox hissəsini təşkil edirdi. Müharibə dövründə Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib. Bunun nəticəsində ekosistemə çox ciddi ziyan dəyib. Ərazidə rast gəlinən bitki növlərindən 20-si endemik növlərdir. 127 fauna növü “Qırmızı kitab”a salınıb. Lakin, kilometrlərlə yol qət etsək də, bir-iki quş növündən başqa, hər hansı vəhşi heyvan növünə rast gəlmək olmur. Buna səbəb heyvanların işğal dövründə vəhşicəsinə ovlanması, ərazilərin minalanmasıdır”.

Vüqar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

194
Ağac kəsimi, arxiv şəkli

İşğal zamanı meşələr kütləvi qırılıb - Nazir müavini

468
(Yenilənib 14:15 21.09.2021)
"Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib".

BAKI, 21 sentyabr — Sputnik. İşğal nəticəsində regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosistemə ciddi ziyan vurulub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. 

Nazir müavini deyib ki, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalan füsunkar təbiətə malik Şərqi Zəngəzur və Qarabağ bölgələri 2020-ci ilin sonunda işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və biz doğma torpaqlarımıza geri qayıtmışıq. Amma işğal dövründə təbii sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulub: "Apardığımız monitorinqlərin nəticələri meşələrin, xüsusi mühafizə olunan ərazilərin, çoxillik təbiət abidələrinin məhv edilməsi və mineral xammal ehtiyatlarımızın talan olunması faktlarını bir daha təsdiqləyir.

İşğaldan öncə həmin ərazilərdə mövcud olan meşə ilə örtülü 229 min hektar sahədən 54 min hektarı (25%-i), xüsusilə də, Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib. Bu ərazilərdə daha çox rast gəlinən çinar, palıd, fıstıq, vələs, ağcaqayın, tozağacı və sair kimi qiymətli meşə cinslərinə aid ağac növləri (28,5 milyon ədəd) kəsilərək müxtəlif məqsədlər üçün istifadə edilib.

Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olmaqla yanaşı, meşə ekosisteminin və onun tərkib hissəsi olan qiymətli flora və fauna növlərinin məhvinə gətirib çıxarıb”.

V.Kərimov qeyd edib ki, işğal müddətində 100 min hektardan artıq ərazidə məqsədli şəkildə yanğınlar törədilib, bu yanğınlar nəticəsində torpağın məhsuldar üst münbit qatı məhv olub, fauna və flora növləri ciddi təsirlərə məruz qalıb: "Hərbi əməliyyatlar zamanı cəbhə bölgəsindən kənarda yerləşən Göygöl və Ağgöl milli parkları hədəfə alınaraq yanğınlar törədilib, ekosistemə və təbii landşafta bərpa olunmayan ziyan dəyib. Həmçinin qadağan olunmuş ağ fosfor tərkibli silahlardan istifadə edilməklə Şuşa meşələrində yanğınlar törədilib. İşğal altında olan ərazilərdə məqsədli olaraq törədilən meşə yanğınları nəticəsində vurulmuş genişmiqyaslı ekoloji zərərlə əlaqədar 2006-cı ildə BMT tərəfindən müvafiq qətnamə qəbul edilib".

Eləcə də oxuyun: 

468
Teqlər:
ekologiya, meşə ərazisi, qırılma, Ermənistan, terror, ETSN
Ata oğulları ilə birgə, arxiv şəkli

Övladlığa verilmə bu qurumun səlahiyyətindən çıxarıldı

0
(Yenilənib 17:51 21.09.2021)
Dəyişikliyə əsasən, əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər siyahısına əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbulu da daxil edilib.

BAKI, 21 sentyabr — Sputnik. Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin vəzifələri sırasından çıxarılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb. Agentlik övladlığagötürmə sahəsində vəzifələrin icrasını təmin etməyəcək.

Eyni zamanda DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmana edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər siyahısına əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbulu da daxil edilib. Eyni zamanda mediasiya xidmətlərinin təşkili də DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə olunub.

0