Neftlə dolu çəllək, arxiv şəkli

Millət vəkili: Yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər

33
(Yenilənib 12:32 08.09.2021)
Azərbaycanda gündəlik xam neft hasilatı gələn aydan daha 7 min barel artırılaraq 640 min barelə çatdırılacaq.

BAKI, 8 sentyabr — Sputnik. Dünya bazarında neftə tələbin yenidən artması müşahidə edilir. Artıq 1 barel "Brent" markalı neftin qiyməti 72 dollardan baha satılır. Bir müddət öncə OPEC+ ölkələri nazirlərinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq “qara qızıl” dəyər qazanmaqdadır.

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, neft istehlakında xüsusi payı olan ölkələrdə neftə tələbin artması qiymətlərə təsirsiz ötüşmür.

"Çin ötən ay gündəlik 10.5 milyon barel neft idxal edib. Bu isə əvvəlki aya nisbətən 8 faiz çoxdur. Hindistan daxil olmaqla digər idxalçı ölkələrdə də neftə tələbin artması qeydə alınır. “Bloomberg” agentliyinin məlumatına görə, dünyada 5.56 milyard dollar peyvənd dozası istifadə edilib. Gündəlik 37.3 milyon doza peyvəndləşmə həyata keçirilir. Bütövlükdə, dünya əhalisinin 36.2 faizi artıq vaksinasiya olunub. Qlobal peyvəndləşmə səviyyəsinin yüksəlməsi də neftə tələbin artmasına təsir göstərməkdədir".

O bildirib ki, neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin və eləcə də Azərbaycanın valyuta gəlirlərini artırır.

"Belə ki, bu ilin ilk yarısında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan neft ixracatı həcmini azaltsa da satışdan əldə edilən gəlirlərdə artımlar qeydə alınıb. 6 ayda ölkəmiz 5 milyard 743 milyon dollar dəyərində 13 milyon 545 min ton xam neft ixrac edib. Xam neft ixracının həcmi 11,7% azalsa da, əldə edilən vəsait 404 milyon 137 min dollar və ya 7,6% artıb".

“Bu arada Rusiyanın aparıcı neft şirkəti 1 barel neftin məqbul qiymətinin 65-75 dollar intervalında arzuolunan olduğunu bəyan edib. Aşağı qiymət gəlirlərə təsir etsə də, daha yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər. 2014-cü ildəki qlobal neft şoku da məhz qiymətlərin kəskin artması nəticəsində baş verdi. Bu baxımdan, neft ölkələri üçün yüksək deyil, məqbul qiymətlər arzuolunandır”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda gündəlik xam neft hasilatı gələn aydan daha 7 min barel artırılaraq 640 min barelə çatdırılacaq.

Həmçinin oxuyun:

Neft bazarında diqqətlər OPEC-in qərarına yönəlib

33
Teqlər:
Neft
Arağın aksizi, arxiv şəkli

Alkoqollu içki istehsalı ilə bağlı fəaliyyətin lisenziyalaşdırılması təklif olunub

18
(Yenilənib 19:33 21.09.2021)
Alkoqollu içkilərin istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin nümayəndələri ilə görüş keçirilib.

BAKI, 21 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və bununla əlaqədar təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Növbəti belə görüş araq, şərab və pivə məhsullarının istehsalçısı olan iri vergi ödəyicilərinin, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və digər aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Bu barədə qurumdan Sputnik Azərbaycan-a məlumat verilib.

Onlayn formatda təşkil olunan görüşdə həmin sahədə mövcud vəziyyət, istehsal prosesi və ixracla bağlı çətinliklər dinlənilib, aksiz markalarının tətbiqinin təkmilləşdirilməsi, aksiz vergisinin hesablanması və ödənilməsi, vergi tutulan əməliyyatların vaxtının müəyyən edilməsi və pul vəsaitlərinin nağdlaşdırılması ilə əlaqədar müzakirələr aparılıb. Qeyd edilib ki, başlıca çətinliklərdən biri kustar üsulla keyfiyyətsiz məhsul istehsal edən şəxslərin haqsız rəqabət aparmasıdır. Çətinliyin həlli kimi isə alkoqollu içki istehsalı ilə bağlı fəaliyyətin lisenziyalaşdırılması təklif olunub.

Görüş iştirakçılarına vergi qanunvericiliyi ilə əlaqədar müvafiq izahatlar verilib və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.

18
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

Nazir müavini işğal dövründə Azərbaycan təbiətinə vurulmuş ziyandan danışdı

660
(Yenilənib 16:37 21.09.2021)
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb
Vüqar Kərimov: “Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib”

İşğal dövründə ermənilər tərəfindən 100 min hektar ərazidə məqsədli yanğınlar törədilib. Regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosisteminə ciddi ziyan vurulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib.

Nazir müavini bildirib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb: “Təbiətin istismarı nəticəsində ekoloji tarazlıq pozulub. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və meşə ekosisteminin, onun bir parçası olan flora və fauna növlərinin məhvinə gətirib çıxarıb. İşğaldan əvvəl həmin ərazilərdə 200-dən çox ali bitki növünə rast gəlinirdi. Bu da Azərbaycan florasının 42 faizindən çox hissəsini təşkil edirdi. Müharibə dövründə Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib. Bunun nəticəsində ekosistemə çox ciddi ziyan dəyib. Ərazidə rast gəlinən bitki növlərindən 20-si endemik növlərdir. 127 fauna növü “Qırmızı kitab”a salınıb. Lakin, kilometrlərlə yol qət etsək də, bir-iki quş növündən başqa, hər hansı vəhşi heyvan növünə rast gəlmək olmur. Buna səbəb heyvanların işğal dövründə vəhşicəsinə ovlanması, ərazilərin minalanmasıdır”.

Vüqar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

660
Kompüter masasında qəzetlər, arxiv şəkli

Deputatlar ölkədə medianın durumunu müzakirəyə çıxaracaqlar

0
(Yenilənib 19:49 21.09.2021)
MM-də Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda baxılmasına dair dinləmələr keçiriləcək.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisdən Sputnik Azərbaycan-a məlumat veriblər ki, komitə sədri Zahid Oruc bildirib ki, gündəliyə komitənin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat və payız sessiyası üçün iş planının layihəsi daxil edilib.

Diqqətə çatdırılıb ki, keçən dövr ərzində komitə səmərəli fəaliyyət göstərib. Ötən sessiyalarda komitənin 10 iclası keçirilib, 16 məsələ müzakirə olunub. Komitə tərəfindən 6 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib və qəbul olunub. Komitədə həmçinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsi və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı dinlənilib. Bununla yanaşı, Vəkillər Kollegiyası ilə birgə vəkillik fəaliyyəti ilə bağlı onlayn tədbir, insan hüquqları profilli QHT-lərlə görüş keçirilib. Komitə üzvləri müxtəlif KİV-lərdə, o cümlədən sosial media platformalarında aktual məsələlər barədə çıxışlar ediblər, seçiciləri ilə görüşüblər.

Bildirilib ki, hesabat dövründə komitəyə 515 ərizə və şikayət daxil olub, bir sıra məsələlər öz həllini tapıb. Komitə tərəfindən 195 vətəndaş onlayn və ənənəvi qaydada qəbul edilib.

Sonra komitənin cari ilin payız sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun layihələrinin müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bəzi qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub. Komitədə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda baxılması məsələsi ilə bağlı və digər mövzularda dinləmələrin keçirilməsi planlaşdırılır.

Qarşıdakı müddətdə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və inkişaf strategiyası ilə bağlı İnsan hüquqları üzrə müvəkkilin və Medianın İnkişafı Agentliyinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. Bu sessiyada insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, müvafiq profilli QHT-lərlə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də gündəlikdə durur. Komitə üzvləri, eyni zamanda, məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirilmə tədbirlərinin həyata keçirilməsi, rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı layihələrin hazırlanmasında da fəal iştirak edəcəklər.

İclasda komitə üzvləri Hikmət Məmmədov, Tahir Kərimli, Fazil Mustafa, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Elşad Mirbəşiroğlu, Jalə Əhmədova, Razi Nurullayev, Elman Nəsirov, Tural Gəncəliyev, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, şöbənin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini söyləyiblər, təkliflərini veriblər.

Onlayn iclasın sonunda komitə sədri Zahid Oruc müzakirələrdə səsləndirilən məsələlərə öz münasibətini bildirib.

0