Manat və dollar, arxiv şəkli

Həftənin iqtisadi mənzərəsi: Zəfər yolu, sənaye parkında yeni müəssisə, sahibkarlara qayğı

15
Sahibkarların maliyyə dəstəyindən istifadəsinin asanlaşdırılması, Azərbaycanda özəl baytarlıq xidmətinə keçid, ölkəmizin yeni "Əməkdaşlıq Bəyannaməsi"ni dəstəkləməsi və s. Sputnik Azərbaycan-ın materialında.

 

BAKI, 3 sentyabr — Sputnik. Bu həftə Azərbaycanda maraqlı iqtisadi hadisələr baş verib. Mühüm hadisələrdən biri Azərbaycan Prezidenti İlham Əliyevin Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olmasıdır.

Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri

Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdikləri cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu dövlətimizin başçısı tərəfindən Zəfər yolu adlandırılıb.

Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıq

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunur. Baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq.

Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Burada perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminalın qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq inşa olunub. Bundan başqa, Füzuli Beynəlxalq Hava Limanına giriş üçün yolun tikintisi, həmçinin aeroportun ərazisində yaşıllaşdırma işləri aparılır.

Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda belə bir qısa müddətdə bu cür ən müasir standartlara cavab verən Beynəlxalq Hava Limanının inşasının həyata keçirilməsi sözün əsl mənasında misli görünməmiş hadisədir və bu bir daha Azərbaycan Prezidentinin mənfur düşməndən azad olunmuş torpaqlarımızda böyük yenidənqurma və tikinti işlərinin aparılması barədə fikirlərinin bariz nümunəsidir.

Sumqayıt Kimya Sənaye Parkında "Azmonbat" MMC-nin açılışı

Sumqayıt Kimya Sənaye Parkında "Azmonbat" Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə yaradılan sənaye parkları barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, ölkəmizdə sənaye parklarının yaradılması istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından çox əhəmiyyətlidir. Hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Dövlətimizin başçısının bu ilin mayında imzaladığı Fərmanla yaradılan Ağdam Sənaye Parkı isə sayca 6-cıdır.

Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edilib. Parkda 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si istehsala başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur. Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz daha çox məhsul istehsal edilib və 47 faiz daha çox ixrac həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanda sənayeləşmə prosesinin ardıcıl davam etdirilməsi, həmçinin qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Dünyada pandemiya və iqtisadi-maliyyə problemlərinə baxmayaraq, ölkəmizdə bu istiqamətdə çox böyük işlər görülür. İqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir.

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarımızı genişləndirən yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır. Sumqayıt Kimya Sənaye Parkında yaradılan "Azmonbat" Məhdud Məsuliyyətli Cəmiyyəti də bu müəssisələrdən biridir. Müəssisə Parkda fəaliyyətə başlayan 17-ci rezidentdir. "Azmonbat"da istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunacaq. Müəssisədə bir sıra ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilir. 100 nəfərin daimi işlə təmin olunduğu müəssisədə istehsal edilən məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB ölkələrinə ixrac ediləcək. Prezident İlham Əliyev müəssisəni işə salıb.

Məlumat verilib ki, müəssisə ildə 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir. Bu, orta hesabla 800 min ədəd akkumulyator deməkdir ki, ondan da 15 min ton qurğuşun və 4,5 min ton gübrə almaq mümkündür. İstehsal prosesi ətraf mühitə zərər vurmadan, ekoloji standartlara tam cavab verir. İstifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyasının təşkili həm də xüsusi əhəmiyyətli ekoloji layihədir.

"Azmonbat" MMC sənaye parkında tətbiq edilən vergi və gömrük güzəştlərindən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğində qənaət edib.

Sumqayıtda yaşayış kompleksinin təməli qoyulub

Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub. Azərbaycan Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına yeni layihə barədə məlumat verib.

Bildirilib ki, Sumqayıt şəhərində növbəti güzəştli mənzil layihəsi 2 hektar ərazini əhatə edir. Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Onlar studio tipli, 2, 3 və 4 otaqlı olacaq. Ərazidə, həmçinin 90 yerlik uşaq bağçası da inşa ediləcək.

Diqqətə çatdırılıb ki, Mənzil İnşaatı Dövlət Agentliyinin regionda inşa olunmuş ilk layihəsi də Sumqayıt şəhərindədir. Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olacaq. Mənzillər, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektriklə təmin ediləcək. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə aparılacaq.

Dövlətimizin başçısı yeni yaşayış kompleksinin təməlini qoyub.

Qeyd edək ki, hazırda dünyada baş verən iqtisadi böhran fonunda ölkəmizdə bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə yüksək dərəcədə diqqət, qayğı və həssaslıqla yanaşmasının növbəti təzahürüdür. Bu, bir daha sübut edir ki, Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən müasir memarlıq üslubunda çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək baxımından bu layihə əhəmiyyəti ilə seçilir.

Ərzaq təhlükəsizliyində mühüm rola malik bitkilər üzrə 10 hektardan artıq sahələrə subsidiyalar aqrar sığorta olunmaqla veriləcək

Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il 27 iyun tarixli Fərmanla təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.

Sözügedən dəyişiklik, ölkənin ərzaq təhükəsizliyində və ixrac yönümlü istehsalda mühüm əhəmiyyət daşıyan məhsullara aid olacaq. Hər il üzrə həmin məhsulların siyahısı Aqrar Subsidiya Şurası tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi ölkənin kənd təsərrüfatına dəstək, aqrar sahəni təhlükəsiz biznes sektoruna çevrilməsi və bu sahəyə yatırılan böyük həcmdə investisiyaların etibarlı qorunması məqsədilə tətbiq edilir. Tətbiqindən keçən qısa müddətdə aqrar sığortadan ölkənin bir çox rayonunda istifadə edilməyə başlanıb. Qlobal iqlim dəyişiklikləri və təbii fəlakətlərin ən çox kənd təsərrüfatı istehsalçılarına risklər yaratdığı nəzərə alındıqda bu sahədə dövlət dəstəkli sığortanın tətbiqi və fermerlərdə sığorta vərdişlərinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Yeni Fərmanın əhatə etdiyi təsərrüfatların sayının ölkə üzrə ümumi fermerlərin və təsərrüfatların cəminin cüzi qismini təşkil etməsi nəzərdə tutulur. Ölkə üzrə orta rəqəmləri əsas götürsək, bir hektar taxıl sahəsinin sığorta haqqı regionlar üzrə əsasən 8-12 manat arasında dəyişir ki, bu da əkin subsidiyasının cüzi hissəsini təşkil edir. Başqa sözlə, bu yenilik fermer və aqrar təsərrüfatlara əlavə ciddi maliyyə öhdəliyi yaratmayacaq.

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırıldı

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən aparılmış təhlillər və sahibkarlıq subyektlərindən daxil olan təklif və müraciətlər əsas götürülərək güzəştli kreditlərin əldə edilməsi və digər maliyyə dəstəyi mexanizmlərindən istifadə ilə bağlı prosedurlar sadələşdirilib. Belə ki, sənədlər üzrə tələblər azaldılıb, tələblərə uyğun olaraq təqdim edilməyən müraciətlərin maliyyələşməsinə imtina verilmədən yenidən formalaşdırılması və çatışmazlıqların aradan qaldırılması məqsədilə banka geri qaytarılması mexanizmi yaradılıb, 200 min manatadək kredit müraciətləri üzrə biznes plan tələbi ləğv edilib, ilkin monitorinqin keçirilməsi tələbi 20 min manatdan 50 min manata qaldırılıb.

Sahibkarlıq subyektləri arasında aparılmış sorğularda Fondun kreditləri üzrə müraciət edilərkən tələb olunan sənədlərin sayının çox olduğu bildirilib. Bununla əlaqədar, Fond tərəfindən müvafiq təhlillər aparılıb, tələb olunan sənədlər üzrə məlumatların alternativ mənbələrdən əldə edilməsi imkanları araşdırılaraq sadələşmə planı çərçivəsində ilk tədbir kimi tələb olunan sənəd sayının azaldılması barədə qərar qəbul edilib. Beləliklə, güzəştli kredit əldə etmək istəyən fiziki və hüquqi şəxslər, müvafiq olaraq 10 və ya 12 sənəd təqdim etdikləri halda, dəyişikliklərə əsasən, kredit üzrə müraciət edən sahibkarlıq subyektləri hüquqi və fiziki şəxs olmasından asılı olmayaraq, 6 sənəd təqdim edəcəklər.

Digər mühüm dəyişiklik sənədlərin notarial təsdiqinin aradan qaldırılması ilə bağlıdır. Plana əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına dair hüquqi sənədləri, fiziki və ya hüquqi şəxsin qanuni təmsilçisinin şəxsiyyət vəsiqəsi və sahibkarlıq subyektinin təqdim etdiyi investisiya layihəsi üzrə fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin notarial qaydada təsdiq edilməsinə ehtiyac qalmayacaq.

Təhlillər nəticəsində ortaya çıxan digər məsələ, tələblərə uyğun təqdim edilməyən sənədlərə görə maliyyələşməsindən imtina edilmiş müraciətlər üzrə sahibkarlıq subyektləri və kredit təşkilatları tərəfindən müvafiq sənədlərin təkrar yığılmasıdır. Dəyişikliklərə əsasən, təqdim edilən sənədlərə, Fonda daxil olduqdan sonra 2 gün ərzində ekspertlər tərəfindən ilkin baxış keçiriləcək və çatışmazlıq aşkar olunduqda, kredit üzrə müraciətə imtina verilmədən çatışmazlıqların aradan qaldırılması məqsədilə sənədlər müvəkkil kredit təşkilatına geri qaytarılacaq. Çatışmazlıqlar olan sənədlərin baxılmadan kredit təşkilatlarına geri qaytarılması müvəkkil kredit təşkilatları və sahibkarlar üçün maliyyələşmə ilə bağlı vaxt itkisini aradan qaldıran ən vacib sadələşmə şərtlərindən biridir.

Başqa bir məsələ biznes planla bağlıdır. Güzəştli kreditlərə müraciət zamanı sahibkarlar 50 min manatdan çox məbləği əhatə edən layihələri üzrə biznes plan təqdim etməli olurdu ki, bu da sahibkarlar, xüsusən regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri üçün müəyyən çətinliklərə yol açırdı. Yeni dəyişikliklər 200 min manatadək kreditlər üzrə biznes plan tələbinin aradan qaldırılmasını ehtiva edir. Bu dəyişikliyə əsasən, kreditlər üzrə sadələşmiş ekspertiza mexanizmi qurulur, biznes plan əvəzinə, yalnız zəruri məlumatlar alınmaqla maliyyə-kredit təhlili aparılır.

Sonuncu vacib məqam ondan ibarətdir ki, 50 min manatadək kreditlər üzrə ilkin monitorinqin keçirilməsinə ehtiyac olmayacaq. Sahibkarların qeyd olunan məbləğədək müraciətləri üzrə təqdim olunan məlumatları əsasında qiymətləndirmə aparılacaq. Bu, həmçinin layihəyə qısa zamanda baxılmasına şərait yaradacaq.

Fond tərəfindən qəbul edilən Sadələşmə Planının tətbiqinə bu ilin 1 sentyabr tarixindən başlanılıb. Qeyd olunan sadələşmə güzəştli kreditlər üzrə müraciət edən sahibkarların işini asanlaşdıracaq, zamana və vəsaitə qənaəti, müraciətlərə müvəkkil kredit təşkilatı və Fond tərəfindən operativ formada baxılmasını təmin edəcək.

Azərbaycanda özəl baytarlıq xidmətinə keçidə start verilib

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, aqrar sahədə xidmətləri fermerlər üçün daha əlçatan etmək, rəqabət mühitində göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə davamlı islahatlar aparılır. Özəl baytarlıq xidmətinin tətbiqi bunun bariz nümunəsi sayıla bilər: "Özəl xidmətə keçdikdən sonra baytarlıq mütəxəssislərimiz sağlam rəqabət mühitində çalışacaqlar. Bu rəqabət mühiti onlara öz bilik və bacarıqlarını daha da inkişaf etdirmək, müasir standartlara uyğun xidmət keyfiyyətlərinə sahib olmaq zərurəti yaradacaq. Rəqabət mühiti son nəticədə heyvandarlıqda göstərilən xidmətlərin keyfiyyətini artıracaq ki, bundan da həm müxətəssislərimiz, həm də fermerlərimiz faydalanacaqlar".

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki özəl baytarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə reyestrdən çıxarışlar təqdim ediləcək: "İnanıram ki, özəl baytarlıq xidməti müəssisələri bu mühüm prosesdə yaxından iştirak etməklə, heyvandarlıq məhsullarının ixrac potensialının artırılmasına, bu sahədə azad rəqabət mühitinin formalaşmasına, bununla da xidmətlərin təkmilləşməsinə və nəticə etibarilə ölkədə ərzaq və qida təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verəcəklər".

Qeyd edək ki, özəl baytarlıq xidmətinə keçid ölkədə mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 sahə baytar həkimini əhatə edir. Baytar həkimlər sentyabrın 1-dən bu ilin sonunadək mərhələli şəkildə Aqrar Xidmətlər Agentliyi ilə xidməti müqavilə əsasında fəaliyyətə başlayacaqlar. Özəl xidmətə keçiddən sonra Aqrar Xidmətləri Agentliyi profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirlərin icrasını (peyvəndlənmə, qan nümunələrinin toplanması, və s.) xidməti müqavilə əsasında özəl baytar həkimlərə həvalə edəcək. Bundan başqa, özəl xidmətə başlamış baytarlar xidməti müqavilə əsasında ət və ət məhsullarının, süd və süd məhsullarının inspeksiyasını, xəstəliklərə qarşı aktiv və passiv müşahidələri, heyvanların identifikasiyasını və s. tapşırıqları da icra edəcəklər.

Fermerlərin vəsati hesabına maliyyələşən digər xəstəliklər isə özəl baytarlarla fermerlər arasında müqavilə və ya razılaşma əsasında ödənişli şəkildə heyata keçiriləcək. Özəl xidmət fermerə də istədiyi baytarın işini seçmək və səmərəli, sərfəli, keyfiyyətli xidmət almaq imkanı verəcək. Bundan əlavə, gələcəkdə ölkədə baytarlıq təcrübəsinin effektiv idarə edilməsi, baytarlıq sisteminin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, baytar həkimlərin və feldşerlərin peşəkar fəaliyyətinin tənzimlənməsi, heyvandarlıq məhsullarının xarici bazarlara çıxışının təmin olunması məqsədi ilə qeyri-kommersiya qurumu - Baytarlıq Statuar Orqanının (BSO) yaradılması da nəzərdə tutulur.

Dövlət və özəl sektorda baytarlıq xidmətlərinin tənzimlənməsinə dəstək olmaq, baytar həkimlərinin qeydiyyatı və reyestrinin aparılması, özəl baytar həkimlərinin ortaq maraqlarını dövlət və qeyri-dövlət orqanlarında təmsil və müdafiə etmək bu quruma həvalə olunacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, özəl baytarlıq xidməti bütün dünyada tətbiq edilir. Bu, heyvan xəstəlikləri ilə mübarizədə effektiv yollardan biridir. Məqsədimiz heyvan xəstəliklərini aradan qaldırmaqdır. Bu sistemin tətbiqi ilə baytarlıq peşəsinə maraq artırmaq istəyirik. Son illər bu sahəyə maraq azalmışdı, artıq özəl sahə olduğundan, baytarlar fərdi fəaliyyət göstərəcəklər, bu da sahəyə marağı artıracaq.

Onun sözlərinə görə, sentyabrın 1-də özəl baytarlıq fəaliyyəti işə başlayır: "Şəki, Zaqatala, Qaxda tətbiq ediləcək. Noyabrın 1-dən isə bütün ölkədə tam tətbiqinə nail olunacaq. Bununla yanaşı, dövlət tərəfindən maliyyələşən xəstəliklərin həlli yenə də dövlət büdcəsi hesabına maliyyələşəcək. Özəl baytarlıq xidmətinə keçməmişdən əvvəl baytarlara təlim keçirilib. Onlar artıq vergi ödəyicisinə çevriləcəklər, bunun üçün onlara maliyyə savadlılığı ilə bağlı təlimlər keçirilib. Həmçinin, onlara bütün lazımi alətlər, soyuducular verilib".

O qeyd edib ki, bir ildə heyvanlara 33,5 milyon ədəd vaksin vurulur. Hər bir heyvana vurulan vaksin elektron sistemə daxil ediləcək.

Şuşa şəhərinin Baş Planı üzərində bir sıra təkliflər var

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Şuşada 36,2 kilometr yol bərpa olunacaq, 17,6 kilometr yeni yol salınacaq.

Komitə sədri qeyd edib ki, Baş Plan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması aparılıb, buna əsasən nəqliyyat infrastrukturunun yenilənməsi, küçələrin kateqoriyalaşdırılması, ictimai nəqliyyatın təşkili və sair üzrə təkliflər hazırlanıb. Bundan başqa, Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 kilometrdən çox şəhərətrafı yaşıl halqa yaradılacaq.

Azərbaycan yeni "Əməkdaşlıq Bəyannaməsi"ni dəstəkləyib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 20-ci iclasında, iyul ayında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq gündəlik neft hasilatının oktyabrda 400 min barrel artırılması barədə əldə edilmiş razılığa Azərbaycan da öz dəstəyini ifadə edib.

Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının oktyabrda daha 7 min barrel artırılaraq 640 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 78 min barrel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 milyon barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay təxminən, 7 min barrel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olur.

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının isə 2021-ci ilin 4 oktyabr tarixində keçirilməsi qərara alınıb.

İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri üzrə" İşçi Qrupunun iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı həftə ərzində həyata keçirilmiş tədbirlər, həmçinin İşçi Qrupunun ötən iclaslarında qəbul edilmiş qərarların icrası ilə bağlı görülən işlər haqqında müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən məlumat verilib.

Şuşa şəhərində strateji obyektlərin elektrik enerjisi ilə təminatı və istilik təchizatı ilə bağlı görülən işlərə dair müzakirələr aparılıb. Şəhərdə tikinti prosesi davam etdirilən elektrik yarımstansiyaları, elektrik xətləri və istilik qazanxanaları ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki ümumi gücləri müvafiq olaraq 200 MVt və 80 MVt olacaq "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının tikintisi ilə bağlı görülən işlər nəzərdən keçirilib. Qeyd edilən ərazilərdə qazpaylama infrastrukturunun yaradılması, qaz təsərrüfatı obyektlərinin inventarlaşdırılması, balansa götürülməsi və mövcud infrastrukturun mühafizəsi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Azərbaycanlı sahibkarlar Kazanda keçiriləcək foruma dəvət olunurlar

Bu il sentyabrın 21-24-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Beynəlxalq "Kazan Digitial Week" forumu keçiriləcək.

Hibrit formatda təşkil olunacaq forum intellektual rəqəmsal texnologiyaların yaradıcıları və istifadəçiləri üçün nəzərdə tutulub.

Tədbirdə intellektual nəqliyyat sistemləri, rəqəmsal sənaye, fintek ekosistemi, kibertəhlükəsizlik, biznesə inteqrasiya edilmiş innovasiyalar, təhsil, səhiyyə və mədəniyyət sahələrində rəqəmsal texlogiyalara dair çıxışlar olunacaq, müzakirələr aparılacaq. "Kazan Digitial Week" forumu ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün: https://kazandigitalweek.com/ .

15
Teqlər:
mənzərə, həftə, həftənin icmalı, həftənin xülasəsi, iqtisadi
Londona mənzərə, arxiv şəkli

Pandemiyanın gözlənilməz nəticələri - dünyada mənzil bazarında kəskin böhran

9
Kanadada əcnəbilərə mənzil satışının müvəqqəti olaraq qadağan edilməsi təklifi irəli sürülüb. Çində qiymətləri aşağı salmaq üçün tikinti sahəsində məhdudiyyətlərin tətbiqi fəal müzakirə olunub.

BAKI, 20 sentyabr — Sputnik. Koronavirus pandemiyası mənzil bazarında kəskin ümumdünya böhranına səbəb olub. Bu barədə "Bloomberg" agentliyi məlumat verib.

Müəllif Alan Kroufordun sözlərinə görə, problemlər təkcə alqı-satqı sahəsinə deyil, həm də ev və mənzillərin icarəsinə də təsir edib.

"Biz bir çox insanların xərclərini ödəyə bilmədiyi üçün evlərini tərk etmək məcburiyyətində qaldıqlarını görürük. Bu, Berlin, London, Paris və Romaya təsir edib", – deyə Almaniya paytaxtının burqomistri Mixail Müller məqalədə bildirib.

Krouford qeyd edib ki, yaranmış vəziyyət pandemiya öncəsi müəyyən edilmiş aşağı faiz dərəcələrinin və COVID-19 nəticəsində baş verən dəyişikliklərin birləşməsinin nəticəsidir. Belə ki, yeni mənzillərin tikinti tempi aşağı düşüb, ailələr daha az xərcləməyə başlayıb və evlərinin satışa çıxarılması dayandırılıb.

Jurnalistin fikrincə, hökumətlər problemin optimal həllini tapa bilməyiblər və hakimiyyət əhali arasında gərginliyin dərəcəsini azaltmaq üçün müvafiq tədbirlərin görülməsini təklif edib. Belə ki, Kanadada əcnəbilərə mənzil satışının müvəqqəti olaraq qadağan edilməsi təklifi irəli sürülüb. Çində qiymətləri aşağı salmaq üçün tikinti sahəsində məhdudiyyətlərin tətbiqi fəal müzakirə olunub.

Həmçinin Krouford bazarda vəziyyətin 2008-2009-cu illərdəki maliyyə böhranından əvvəlki aylara çox bənzədiyini də əlavə edib. Bir çox ölkələrdə daşınmaz əmlak bazarında "köpük" təhlükəsi ortaya çıxıb.

Həmçinin oxuyun:

Kirayə mənzillər - sentyabrda vəziyyət necə olacaq?

9
Teqlər:
mənzil, pandemiya
Edvgerial saytının istifadəçisi

İndiyədək vətəndaşlara qədər ƏDV geri qaytarılıb?

12
Ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda  1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib.

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılması prosesi 2020-ci ilin may ayından etibarən uğurla tətbiq edilir. Həmin tarixdən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda (www.edvgerial.az) 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib, sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296.851.431 çek üzrə 119 milyon 660 min 913,04 manat həcmində ƏDV məbləği geri qaytarılıb.

Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, 2020-ci ilin may ayından indiyədək portala çek əlavə edən müştərilərin sayında sürətli artım dinamikası müşahidə edilir. Bu da "ƏDV geri al" layihəsinə olan kütləvi marağın göstəricisidir.

Xatırladaq ki, istehlakçıların sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çekləri barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır və çekin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır. Bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi qaytarılır.

Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəfin ƏDV ödəyicisi olması mütləqdir. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

Bununla belə, elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda ƏDV-nin geri qaytarılmasından imtina halları da müşahidə edilir. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur. Yəni fiskal çeklərdə məhsulun adının qeyd edilməməsi, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği); nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün imtinaya səbəb ola bilər.

Araşdırmalar göstərir ki, 2 min manatdan aşağı olan çeklər üzrə imtina hallarına səbəblər, əsasən, satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 90 gün keçdikdən sonra sistemə daxil edilməsidir. Həmçinin, təcrübədə dəyəri 2 min manatdan yuxarı olan çeklər üzrə də müraciətlərin öz təsdiqini tapmaması hallarına rast gəlmək mümkündür. Buna səbəb məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi, malın adının "Sərbəst satış", "Satış", "Məhsulun adı" və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmamasıdır.

Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal İD-sinin www.edvgerial.az portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığı hallarda da müraciət sistem tərəfindən qəbul edilmir.

Qeyd edək ki, "Kapital Bank"ın "BirBank" və ya Azərbaycan Beynəlxalq Bankının "Iba mobile" tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiqlər vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsini daha rahatlıqla geri ala bilərlər.

Həmçinin oxuyun:

ƏDV ilə bağlı manipulyasiyalar: Pulumuzu kəsənlərlə necə mübarizə aparmalı

12
Teqlər:
ƏDV, vergi
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu