Manat, arxiv şəkli

Sahibkarlar dövlətdən necə maliyyə dəstəyi alsın? Mexanizmlər asanlaşdırılıb

3195
(Yenilənib 10:14 03.09.2021)
Sənədlər üzrə tələblər azaldılıb, 200 min manatadək kredit müraciətləri üzrə biznes plan tələbi ləğv edilib, ilkin monitorinqin keçirilməsi tələbi 20 min manatdan 50 min manata qaldırılıb.

BAKI, 2 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən aparılmış təhlillər və sahibkarlıq subyektlərindən daxil olan təklif və müraciətlər əsas götürülərək güzəştli kreditlərin əldə edilməsi və digər maliyyə dəstəyi mexanizmlərindən istifadə ilə bağlı prosedurlar sadələşdirilib.

Nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib ki, sənədlər üzrə tələblər azaldılıb, tələblərə uyğun olaraq təqdim edilməyən müraciətlərin maliyyələşməsinə imtina verilmədən yenidən formalaşdırılması və çatışmazlıqların aradan qaldırılması məqsədilə banka geri qaytarılması mexanizmi yaradılıb, 200 min manatadək kredit müraciətləri üzrə biznes plan tələbi ləğv edilib, ilkin monitorinqin keçirilməsi tələbi 20 min manatdan 50 min manata qaldırılıb.

Sahibkarlıq subyektləri arasında aparılmış sorğularda Fondun kreditləri üzrə müraciət edilərkən tələb olunan sənədlərin sayının çox olduğu bildirilib. Bununla əlaqədar, Fond tərəfindən müvafiq təhlillər aparılıb, tələb olunan sənədlər üzrə məlumatların alternativ mənbələrdən əldə edilməsi imkanları araşdırılaraq sadələşmə planı çərçivəsində ilk tədbir kimi tələb olunan sənəd sayının azaldılması barədə qərar qəbul edilib. Beləliklə, güzəştli kredit əldə etmək istəyən fiziki və hüquqi şəxslər, müvafiq olaraq 10 və ya 12 sənəd təqdim etdikləri halda, dəyişikliklərə əsasən, kredit üzrə müraciət edən sahibkarlıq subyektləri hüquqi və fiziki şəxs olmasından asılı olmayaraq, 6 sənəd təqdim edəcəklər.

Digər mühüm dəyişiklik sənədlərin notarial təsdiqinin aradan qaldırılması ilə bağlıdır. Plana əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına dair hüquqi sənədləri, fiziki və ya hüquqi şəxsin qanuni təmsilçisinin şəxsiyyət vəsiqəsi və sahibkarlıq subyektinin təqdim etdiyi investisiya layihəsi üzrə fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin notarial qaydada təsdiq edilməsinə ehtiyac qalmayacaq.

Təhlillər nəticəsində ortaya çıxan digər məsələ, tələblərə uyğun təqdim edilməyən sənədlərə görə maliyyələşməsindən imtina edilmiş müraciətlər üzrə sahibkarlıq subyektləri və kredit təşkilatları tərəfindən müvafiq sənədlərin təkrar yığılmasıdır. Dəyişikliklərə əsasən, təqdim edilən sənədlərə, Fonda daxil olduqdan sonra 2 gün ərzində ekspertlər tərəfindən ilkin baxış keçiriləcək və çatışmazlıq aşkar olunduqda, kredit üzrə müraciətə imtina verilmədən çatışmazlıqların aradan qaldırılması məqsədilə sənədlər müvəkkil kredit təşkilatına geri qaytarılacaq. Çatışmazlıqlar olan sənədlərin baxılmadan kredit təşkilatlarına geri qaytarılması müvəkkil kredit təşkilatları və sahibkarlar üçün maliyyələşmə ilə bağlı vaxt itkisini aradan qaldıran ən vacib sadələşmə şərtlərindən biridir.

Başqa bir məsələ biznes planla bağlıdır. Güzəştli kreditlərə müraciət zamanı sahibkarlar 50 min manatdan çox məbləği əhatə edən layihələri üzrə biznes plan təqdim etməli olurdu ki, bu da sahibkarlar, xüsusən regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri üçün müəyyən çətinliklərə yol açırdı. Yeni dəyişikliklər 200 min manatadək kreditlər üzrə biznes plan tələbinin aradan qaldırılmasını ehtiva edir. Bu dəyişikliyə əsasən, kreditlər üzrə sadələşmiş ekspertiza mexanizmi qurulur, biznes plan əvəzinə, yalnız zəruri məlumatlar alınmaqla maliyyə-kredit təhlili aparılır.

Sonuncu vacib məqam ondan ibarətdir ki, 50 min manatadək kreditlər üzrə ilkin monitorinqin keçirilməsinə ehtiyac olmayacaq. Sahibkarların qeyd olunan məbləğədək müraciətləri üzrə təqdim olunan məlumatları əsasında qiymətləndirmə aparılacaq. Bu, həmçinin layihəyə qısa zamanda baxılmasına şərait yaradacaq.

Fond tərəfindən qəbul edilən sadələşmə planının tətbiqinə bu ilin 1 sentyabr tarixindən başlanılıb. Qeyd olunan sadələşmə güzəştli kreditlər üzrə müraciət edən sahibkarların işini asanlaşdıracaq, zamana və vəsaitə qənaəti, müraciətlərə müvəkkil kredit təşkilatı və Fond tərəfindən operativ formada baxılmasını təmin edəcək.

Həmçinin oxuyun:

Azərbaycanda kənd təsərrüfatının istehsalı ilə bağlı vəziyyət necədir?

3195
Arağın aksizi, arxiv şəkli

Alkoqollu içki istehsalı ilə bağlı fəaliyyətin lisenziyalaşdırılması təklif olunub

20
(Yenilənib 19:33 21.09.2021)
Alkoqollu içkilərin istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin nümayəndələri ilə görüş keçirilib.

BAKI, 21 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və bununla əlaqədar təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Növbəti belə görüş araq, şərab və pivə məhsullarının istehsalçısı olan iri vergi ödəyicilərinin, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və digər aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Bu barədə qurumdan Sputnik Azərbaycan-a məlumat verilib.

Onlayn formatda təşkil olunan görüşdə həmin sahədə mövcud vəziyyət, istehsal prosesi və ixracla bağlı çətinliklər dinlənilib, aksiz markalarının tətbiqinin təkmilləşdirilməsi, aksiz vergisinin hesablanması və ödənilməsi, vergi tutulan əməliyyatların vaxtının müəyyən edilməsi və pul vəsaitlərinin nağdlaşdırılması ilə əlaqədar müzakirələr aparılıb. Qeyd edilib ki, başlıca çətinliklərdən biri kustar üsulla keyfiyyətsiz məhsul istehsal edən şəxslərin haqsız rəqabət aparmasıdır. Çətinliyin həlli kimi isə alkoqollu içki istehsalı ilə bağlı fəaliyyətin lisenziyalaşdırılması təklif olunub.

Görüş iştirakçılarına vergi qanunvericiliyi ilə əlaqədar müvafiq izahatlar verilib və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.

20
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

Nazir müavini işğal dövründə Azərbaycan təbiətinə vurulmuş ziyandan danışdı

660
(Yenilənib 16:37 21.09.2021)
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb
Vüqar Kərimov: “Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib”

İşğal dövründə ermənilər tərəfindən 100 min hektar ərazidə məqsədli yanğınlar törədilib. Regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosisteminə ciddi ziyan vurulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib.

Nazir müavini bildirib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb: “Təbiətin istismarı nəticəsində ekoloji tarazlıq pozulub. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və meşə ekosisteminin, onun bir parçası olan flora və fauna növlərinin məhvinə gətirib çıxarıb. İşğaldan əvvəl həmin ərazilərdə 200-dən çox ali bitki növünə rast gəlinirdi. Bu da Azərbaycan florasının 42 faizindən çox hissəsini təşkil edirdi. Müharibə dövründə Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib. Bunun nəticəsində ekosistemə çox ciddi ziyan dəyib. Ərazidə rast gəlinən bitki növlərindən 20-si endemik növlərdir. 127 fauna növü “Qırmızı kitab”a salınıb. Lakin, kilometrlərlə yol qət etsək də, bir-iki quş növündən başqa, hər hansı vəhşi heyvan növünə rast gəlmək olmur. Buna səbəb heyvanların işğal dövründə vəhşicəsinə ovlanması, ərazilərin minalanmasıdır”.

Vüqar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

660
Kompüter masasında qəzetlər, arxiv şəkli

Deputatlar ölkədə medianın durumunu müzakirəyə çıxaracaqlar

0
(Yenilənib 19:49 21.09.2021)
MM-də Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda baxılmasına dair dinləmələr keçiriləcək.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisdən Sputnik Azərbaycan-a məlumat veriblər ki, komitə sədri Zahid Oruc bildirib ki, gündəliyə komitənin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat və payız sessiyası üçün iş planının layihəsi daxil edilib.

Diqqətə çatdırılıb ki, keçən dövr ərzində komitə səmərəli fəaliyyət göstərib. Ötən sessiyalarda komitənin 10 iclası keçirilib, 16 məsələ müzakirə olunub. Komitə tərəfindən 6 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib və qəbul olunub. Komitədə həmçinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsi və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı dinlənilib. Bununla yanaşı, Vəkillər Kollegiyası ilə birgə vəkillik fəaliyyəti ilə bağlı onlayn tədbir, insan hüquqları profilli QHT-lərlə görüş keçirilib. Komitə üzvləri müxtəlif KİV-lərdə, o cümlədən sosial media platformalarında aktual məsələlər barədə çıxışlar ediblər, seçiciləri ilə görüşüblər.

Bildirilib ki, hesabat dövründə komitəyə 515 ərizə və şikayət daxil olub, bir sıra məsələlər öz həllini tapıb. Komitə tərəfindən 195 vətəndaş onlayn və ənənəvi qaydada qəbul edilib.

Sonra komitənin cari ilin payız sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun layihələrinin müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bəzi qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub. Komitədə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda baxılması məsələsi ilə bağlı və digər mövzularda dinləmələrin keçirilməsi planlaşdırılır.

Qarşıdakı müddətdə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və inkişaf strategiyası ilə bağlı İnsan hüquqları üzrə müvəkkilin və Medianın İnkişafı Agentliyinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. Bu sessiyada insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, müvafiq profilli QHT-lərlə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də gündəlikdə durur. Komitə üzvləri, eyni zamanda, məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirilmə tədbirlərinin həyata keçirilməsi, rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı layihələrin hazırlanmasında da fəal iştirak edəcəklər.

İclasda komitə üzvləri Hikmət Məmmədov, Tahir Kərimli, Fazil Mustafa, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Elşad Mirbəşiroğlu, Jalə Əhmədova, Razi Nurullayev, Elman Nəsirov, Tural Gəncəliyev, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, şöbənin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini söyləyiblər, təkliflərini veriblər.

Onlayn iclasın sonunda komitə sədri Zahid Oruc müzakirələrdə səsləndirilən məsələlərə öz münasibətini bildirib.

0