Bank işçiləri, arxiv şəkli

Problemli kreditlərdən yaxa qurtarmağın yolu nədir - Ekspert şərhi

1373
(Yenilənib 09:37 02.09.2021)
"Dünyada qəbul olunmuş praktikaya görə, problemli kreditlər ümumi kredit portfelinin maksimum 3 faizi civarında ola bilər. Bizdə isə bu rəqəm iki dəfə artıb".

BAKI, 27 avqust — Sputnik. Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Sputnik Azərbaycan-ın Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyul ayı ilə müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur.

Vəziyyətin bu cür davam etməsi nəyə səbəb ola bilər və çıxış yolu nədir?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bu mənfi tendensiyanın qarşısının alınması yollarından danışıb. O bildirir ki, pandemiya dönəmində həm kiçik və orta sahibkarlar, həm də vətəndaşlara verilən kredit borclarına görə böyük dəstək paketi təəssüf ki, qəbul olunmayıb:

"Ötən ilin aprelində kommersiya krediti alan kiçik və orta sahibkarlar üçün faizlərin yarıbayarı hesablanması ilə bağlı bir proqram açıqlandı. Lakin bu yetərli olmadı. Pandemiya dönəminin fəsadlarının vurduğu ziyanı nəzərə alsaq, problemli kreditlərin artması gözlənilən idi".

Problemli kreditlərin sayının artması ilə bağlı mənfi tendensiyanın davam etdiyini deyən ekspert bildirir ki, istehlak kreditləri artdıqca, problemli kreditlər də artacaq:

"İnsanlar işsizlik, sosial problemlərini istehlak kreditləri ilə həll etməyə çalışırlar. Lakin verilən bu kreditlərin faizləri yüksək olduğu üçün sonradan onların geri qaytarılması ilə bağlı problemlər yaşanır. İşsizliklə bağlı problemlərin olmasını, gəlirlərin aşağı düşməsini nəzərə alaraq rəsmi rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycanda nominal gəlirlər belə azalıb".

Ekspert deyir ki, bu səbəbdən də problemli kredit məsələsi kifayət qədər yüksək sürətlə böyüyür:

"Rəsmi rəqəmlərə görə, problemli kreditlərin həcmi ümumi kredit portfelinin 7 faizinə yaxınlaşır ki, bu da kifayət qədər böyük və təhlükəli həddir. Dünyada qəbul olunmuş praktikaya görə, problemli kreditlər ümumi kredit portfelinin maksimum 3 faizi civarında ola bilər. Bizdə isə bu rəqəm iki dəfə artıb".

N.Cəfərli bildirir ki, indiki tendensiya davam edərsə, problemli kreditlər ümumi kredit portfelinin 8-9 faizini də təşkil edə bilər. Bu da kiafyət qədər ciddi rəqəm olaraq Azərbaycan bank sektorunda stress yarada bilər.

 Ekspert çıxış yolları ilə bağlı da danışıb:

"Devalvasiyalar zamanı dəymiş zərərə görə problemli kreditlərin bir hissəsi silinmişdi. Düşünmürəm ki, hazırda da buna bənzər hansısa addım atılacaq. Lakin hansısa dəstək paketlərinin qəbulu daha doğru olar. Çünki vəziyyətin bu cür gedişatı Azərbaycan iqtisadiyyatı və bank sektoruna daha çox ziyan vuracaq. "Ziyanın yarısından da qayıtmaq xeyirdir" məsəlinə uyğun olaraq dövlətin Mərkəzi Bank, yaxud da özəl banklarla birgə hansısa təşviq proqramlarına, müəyyən təxirəsalma addımlarına, faizlərin hesablanmasının dayandırılmasına və dəstək addımlarının atılmasına ehtiyac var".

1373
Teqlər:
kredit

SOCAR benzinin bahalaşmasına münasibət bildirib

9
(Yenilənib 13:02 16.09.2021)
SOCAR-ın bildirdiyinə görə, 2022-ci və 2023-cü illərdən etibarən biz "Avro 5" standartına uyğun olan dizelin və benzinin istehsalına nail olacağıq.

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət bəzən həftədə bir neçə dəfə dəyişir, yəni qiymətlər həm qalxır, həm də düşür. Ötən il Aİ-95 markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü. Sonra isə tədricən artmağa başladı. Dəyişikliyin səbəbi əsasən dünya bazarlarında neft və neft məhsullarının qiymətinə bağlıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İctimai TV-nin efirində bu markalı benzinlərin qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycanda ümumi yanacaq istehlakını götürsək, 2020-ci ildə ölkə daxilində istehlak edilmiş yanacağın təxminən 98 faizi dizel və Aİ-92 markalı benzinin üzərinə düşür: "Bu yanacaq növləri ölkə daxilində istehsal olunur. Dizelin hətta bir hissəsi də ixrac olunur. "Premium" və "Super" markalı benzinin üzərinə isə cəmi istehlakın 2 faizi düşür. Ölkədə istifadədə olan avtoparkın əsas hissəsi də məhz dizel və Aİ-92 markalı benzinə uyğundur. Lakin tədricən "Premium" və "Super" markalı benzin növlərinin də istehlakı artmaqdadır. Çünki ölkəyə idxal edilən bir çox benzin növləri ilə işləyən yeni avtomobillər məhz "Premium" və ya "Super" markalı benzin üçün nəzərdə tutulub. Bu avtomobillərin yanacaq doldurma yerində göstərilir ki, hansı yanacağın ona vurulması uyğundur".

""Premium" və "Super" markalı benzinlər ölkədə əsasən orta və nisbətən zəngin insanlar tərəfindən istifadə olunur. Məhz ona görə də onların sayı nisbətən azdır. "Premium" və "Super" markalı benzinə alternativlər məsələn, elektromobillər ola bilər. Məsələn, "Premium" markalı benzin kimin üçün isə bahalı hesab edilirsə, fikrimcə, onlar elektromobillərə keçmək barədə düşünə bilərlər"-deyə o qeyd edib.

Onun sözlərinə görə, 2022-ci və 2023-cü illərdən etibarən biz "Avro 5" standartına uyğun olan dizelin və benzinin istehsalına nail olacağıq. İlk dövrlərdə Aİ-92 markalı və Aİ-95 markalı benzin "Avro 5" standartına uyğun istehsal olunacaq.

Qeyd edək ki, sentyabr ayının 15-dən etibarən "Super" və "Premium" markalı yanacaq növlərinin qiymətində artım baş verib. Aİ-95 markalı benzinin qiyməti 1,60 AZN, Aİ-98 markalı benzinin qiyməti isə 1,90 AZN olub.

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən Aİ-95 markalı benzinin qiyməti 1,45 AZN, Aİ-98 markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

9
Neft platforması, arxiv şəkli

Qazın qiymətləri qalxandan sonra neft bahalaşdı

11
(Yenilənib 13:29 16.09.2021)
Dünya bazarlarında neftin qiymətləri yüksəlir. "Azeri Light"ın son iki ildə maksimum qiyməti bu il iyulun 5-də qeydə alınıb.

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,93 dollar artaraq 77,19 dollar təşkil edib.

Qeyd edək ki, COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Sonradan qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı tədricən bərpa olunmağa, qiymətlər artmağa başlayıb. "Azeri Light"ın son iki ildə maksimum qiyməti bu il iyulun 5-də (78,35 dollar) qeydə alınıb.

London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,06 dollar artaraq 75,52 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,05 dollar bahalaşaraq 72,66 dollar olub.

Azərbaycan avqustda OPEC+ öhdəliyini artıqlaması ilə yerinə yetirib

Bu ilin avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barel olub. Bunun 596,1 min barelini xam neft, 115,5 min barelini isə kondensat təşkil edib.

OPEC+ ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barel artırılmaqla 627 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.

OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.

Həmçinin oxuyun:

* Azərbaycanın Avropaya ixrac etdiyi qazın dəyəri 1 mlrd. dollara yaxınlaşır

* Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb: Qiymət artımı bizim üçün əlverişlidir

11
Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Məktəblərdə yeni dərslik tətbiq olunacaq

0
(Yenilənib 14:38 16.09.2021)
Növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq ki, bu da "Təbiət" dərsliyidir.

BAKI, 16 sentyabr — Sputnik. Növbəti illərdə kurikulum daha da sadələşdiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil İnstitunun direktoru Rüfət Əzizov bildirib.

O, bildirib ki, ümumtəhsildə qiymətləndirmə konsepsiyasına da yenidən baxılır: "Ola bilər ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun.Məktəblərdə şagirdlərin qiymətləndirməsinə yenidən baxılır".

R.Əzizov qeyd edib ki, növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq. Bu, "Təbiət" dərsliyidir. Burada təbiət fənlərinin inteqrasiyasından söhbət gedir".

Onun sözlərinə görə, yeni dərslik tamamilə bacarıq, tədqiqat istiqamətdə dərslərin keçirilməsinə əsaslanır: "Dərslik gənc müəlliflər tərəfindən hazırlanıb. Bu dərsləri tədris edəcək sinif müəllimləri üçün dərslik müəllifləri tərəfindən təlimlər təşkil olunub. Dərsliyin gələcəkdə VI siniflərdə də keçirilməsi nəzərdə tutulur. VII sinifdən isə təbiət fənləri Kimya, Biologiya və Fizika fənləri olaraq ayrılacaq".

0