Qaz anbarı, arxiv şəkli

Azərbaycanın xaricə qaz satışı 35 faiz artıb

20
(Yenilənib 19:18 24.08.2021)
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft və qaz hasilatı barədə məlumat açıqlanıb. Ölkədə neftin emalı 2021-ci ilin yanvar-iyul aylarında 3,9 milyon ton təşkil edib.

 

BAKI, 24 avqust — Sputnik. 2021-ci ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda təxminən 20,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Neft hasilatı azalıb

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 522,2 min ton az olub.

Respublika üzrə neft hasilatının 13,3 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2,2 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.

16,4 milyon ton neft ixrac edilib

Hesabat dövründə təxminən 16,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15,6 milyon tondan çoxu konsorsiumun, 823,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 517,5 min ton, yəni 3 faiz azdır.

Azərbaycanda 24,1 milyard kubmetr qaz hasil edilib

Cari ilin yanvar-iyul aylarında ölkədə 24,1 milyard kubmetr qaz hasil edilib. Qazın 7,5 milyard kubmetri AÇG-dən, 12 milyard kubmetri "Şahdəniz"dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 7,8 faiz, yəni 1,7 milyard kubmetr artımla qaz hasil edilib.

Xaricə qaz satışı 35 faiz artıb

Hesabat dövründə xaricə qaz satışı təxminən 10,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kubmetr, Avropaya təqribən 4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kubmetrdən çox qaz nəql olunub.

"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 avqust 2021-ci il tarixinədək 569 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"-dən 537 milyon tondan çox neft, "Şahdəniz"dən isə təqribən 32 milyon tondan çox kondensat çıxarılıb. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 2021-ci ilin 1 avqust tarixinədək təqribən 569 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Yataqlar istismara veriləndən cari ilin 1 avqust tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 184 milyard kubmetrdən çox, "Şahdəniz"dən isə 147 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın təxminən 100 milyard kubmetrdən çoxu ixraca nəql edilib.

Neft emalı artıb

Ölkədə neftin emalı 2021-ci ilin yanvar-iyul aylarında 3,9 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 257,9 min ton çox olub.

20
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

Ekspert halala haram qatanlardan danışdı: böyük hərc-mərclik var

23
(Yenilənib 10:20 27.09.2021)
Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib ki, bu gün yenə də pul xatirinə qeyri-halal mallara da halal sertifikatı verilir.
Eyyub Hüseynov: “Bu sertifikatların kollegial verilməsinə nail olduq”

“Təsadüfi deyil ki, Azərbaycanda 6 il öncə halal standartlar qəbul edildi. O vaxta kimi ölkədə halal sertifikatının verilməsi böyük pullar hesabına mümkün olurdu”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, burada dini idarələr və müxtəlif ölkələrin təşkilatları iştirak edib: “Biz 6 il bundan öncə bu istiqamətdə iş apardıq və bu sertifikatların kollegial verilməsinə nail olduq. Bundan sonra 3 müəssisəyə halal sertifikatı verildi. Ancaq bu gün yenə də pul xatirinə qeyri-halal mallara da halal sertifikatı verilir. Bir çox xarici ölkələrdən Azərbaycana halal nişanı ilə məhsullar daxil olur. Biz AQTA-ya təklif vermişik ki, sertifikatların verilməsi məsələsini agentlik öz üzərinə götürsün. Bu sahədə böyük hərc-mərclik var”.

Eyyub Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

23
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru

Ekspert əmlak bazarındakı son vəziyyətdən danışdı

21
(Yenilənib 15:21 24.09.2021)
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun mövcud aktivlərinin həcminin artımı ipoteka kreditləşməsinə də təsir edib.
Ramil Osmanlı: “Mənzil bazarında tələb və təklif dəyişib”

Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 256,2 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,3% çoxdur.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a artımın səbəblərini açıqlayıb. Ekspert bildirib ki, burada bir sıra önəmli səbəblər var: “Artımı ilbəil ipoteka proqamında keçirilən islahatlarla əlaqələndirmək olar. Eyni zamanda mənzil bazarında tələb və təklif dəyişib. İpoteka və Kredit Zəmanət Fondunun mövcud aktivlərinin həcminin artımı da öz təsirini göstərib. Həmçinin ipoteka kreditləri üzrə məbləğlər də artırılır. Mənzil bazarındakı vəziyyətə gəldikdə isə deyə bilərəm ki, hazırda dinamik aktivlik müşahidə edilmir. Mənzil alıcılarının sayında nisbətən azalmalar var. Həm bazara daxil olan pulun həcmində, həm də alğı-satqı əməliyyatlarının sayında artımı müşahidə etmək olar”.

Ramil Osmanlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21
Əfqanıstan Prezidenti Əşrəf Qani, arxiv şəkli

Əşrəf Qəni Taliban hakimiyyətini tanımağa çağırıb?

0
(Yenilənib 20:07 27.09.2021)
Daha əvvəl eks-prezidentin rəsmi "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer alıb.

BAKI, 27 sentyabr — Sputnik. Əfqanıstanın keçmiş prezidenti Muhammed Əşrəf Qəninin "Facebook" hesabı sındırılıb. Bundan bir neçə dəqiqə əvvəl isə həmin hesabdan Taliban* hakimiyyətinin tanınmasına çağırış edilib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.

"Muhammed Əşrəf Qəninin "Facebook"-dakı rəsmi səhifəsi sındırılıb", – deyə Qəni öz "Twitter" hesabında yazıb.

Bundan əvvəl Əşrəf Qəninin "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer almışdı. Bəyanatda Taliban qruplaşmasına kömək göstərilməsi, onun hakimiyyətinin tanınması və Əfqanıstanın aktivlərinin yenidən açılmasına çağırış öz əksini tapıb.

Qeyd edək ki, avqustun əvvəlində Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.

Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.

*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı

 

0