Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Laçın aeroportu, "pambıq pulu", öz çörəyimiz - Həftənin iqtisadi mənzərəsi

© Sputnik / Murad Orujov Передача денег из рук в руки, фото из архива
 Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.08.2021
Abunə olmaq
Dövlət başçısının Kəlbəcər və Laçına səfəri, ağıllı sayğacların quraşdırılmasını nəzərdə tutan qanunun təsdiq edilməsi, pambığın alış qiymətinin artırılması, taxıl biçininin gedişi və s. Sputnik Azərbaycan-ın materialında.
BAKI, 22 avqust — Sputnik. Ötən həftə Azərbaycanda maraqlı iqtisadi hadisələrlə yadda qalıb. Həftənin ən mühüm hadisələrindən biri Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəridir.
Kəlbəcər və Laçın rayonlarına səfər
Avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar. Dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdi.
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Dövlətimizin başçısı tunelin təməlini qoydu.
"Kəlbəcər" yarımstansiyasının açılışı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasının açılışında iştirak etdilər.
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilib. 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasının qısa müddətə inşası həyata keçirilən layihələrdən biridir.
Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yeni yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. "Kəlbəcər" yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulub və bunun üçün yeni idarəetmə binası tikilib. Burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilib. Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.
Qeyd edək ki, ermənilər tərəfindən enerji sistemi tamamilə dağıdılan Kəlbəcər rayonuna Daşkəsəndən 70 kilometr məsafədə 110 kV-luq yüksəkgərginlikli ikidövrəli elektrikötürmə xətti çəkilib. Murov dağını aşmaqla çəkilən xəttin bəzi anker dayaqları dəniz səviyyəsindən 3400 metr yüksəklikdə quraşdırılıb.
Kəlbəcər-Laçın avtomobil yolu
Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoydu.
Laçın Beynəlxalq Hava Limanının təməli qoyuldu
Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoydular.
Azərbaycanda abonentlərin ağıllı sayğaclarla təchiz edilməsini nəzərdə tutan qanun təsdiqlənib
Prezident İlham Əliyev "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunu təsdiq edib.
Qanun enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətləri tənzimləyir və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə, o cümlədən son istehlakçılara şamil olunur.
Qanuna əsasən, enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz edəcək.
Qanunla enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlətin vəzifələri müəyyənləşib.
Qanuna əsasən, enerji auditi, enerji menecment sistemləri və enerji idarəçisi (meneceri) sistemi tətbiq ediləcək. Enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə aparılacaq. Enerji auditinin nəticəsinə dair hesabat enerji auditinin sifarişçisinə təqdim olunur. Məcburi enerji auditi 3 ildən bir keçiriləcək. Məcburi enerji auditinin aparılması ilə bağlı tələblər Azərbaycan Respublikası rezidentlərinin Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filial və nümayəndəliklərinə şamil edilməyəcək.
Fermerlərə müjdə: Pambığın alış qiyməti 50 manat artırılıb
Fermerlərin maddi rifah halının yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin tapşırıq və tövsiyələrinə əsasən, pambıqçılığın dəstələnməsi istiqamətində daha bir addım atılıb. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.
Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub.
Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. Bu, Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür.
Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya ödənilir. Bundan başqa, fermerlər pambıq əkdikləri sahənin hər hektarına görə 260 manat əkin subsidiyası alırlar.
2020-ci ildə Azərbaycanda 336 min tondan artıq pambıq istehsal olunub, pambıq üzrə orta məhsuldarlıq 33,6 sent/ha təşkil edib. Bu, son illər pambıqçılıqda qeydə alınan ən yüksək məhsuldarlıqdır.
Sumqayıt Kimya Sənaye Parkının rezidentinin ixrac istiqamətləri genişlənir
Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azerfloat" QSC istehsal etdiyi məhsulların ixrac coğrafiyasını genişləndirir. Belə ki, QSC ilk dəfə olaraq İsrail və İspaniyaya ağ şəffaf şüşə vərəqələrin ixracına başlayıb.
Bundan əvvəl "Azerfloat" QSC Türkiyə, Rusiya, Polşa, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukraynaya məhsul ixrac edib.
Qeyd edək ki, "Azerfloat" QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Almaniya texnologiyası əsasında müxtəlif çeşiddə, yüksək keyfiyyətli rəngli və şəffaf şüşə vərəqələrin istehsalını həyata keçirir. QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.
"Azəriqaz" yeni şəffaf sayğac qutuları quraşdırır
"Azəriqaz" İB müdaxilələri minimuma endirəcək yeni şəffaf sayğac qutularının quraşdırılmasına başlayıb.
Qutular həm əvvəlcədən ödənişli, həm də sonradan ödənişli sayğaclara tətbiq olunacaq. Zərbəyə, günəş şüalarına və ətraf mühitin təsirlərinə davamlı olan qutular quraşdırıldıqdan sonra abonentlərlə Birlik arasında əsassız ittihamlar qalmayacaq. Qutu 4 yerdən kip şəkildə bərkidiləcək, aşağı və yuxarı hissədən möhürlənəcək. Bu halda nə qaz paylayıcının, nə də istehlakçının qaz sayğacına hər hansısa bir təması olmayacaq. Eyni zamanda, qaz sayğacının işlək və saz vəziyyətdə saxlanılması təmin olunacaq. Abonent əvvəlcədən ödənişli sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya biləcək. Sonradan ödənişli sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkün olacaq.
Sumqayıt şəhərində inşa olunmuş güzəştli mənzillərin seçimi uğurla başa çatıb
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) regionda ilk layihəsi – Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı prosesinə bu il avqustun 17-də başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
Azərbaycan Prezidentinin 2017-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, satışa çıxarılan 144 mənzilin seçimi "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.
"Güzəştli mənzil" sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 19 min 906 nəfərdir.
Bugünkü satış zamanı 144 mənzilin seçimində iştirak edənlərin sayı 1131 nəfər olub. Bu saata olan məlumata görə, seçilmiş 144 mənzilin 97-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.
Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.
"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq, gözləmə qaydasında mənzillərin seçimi 2021-ci il avqustun 24-dək davam edəcək.
Qaydaya əsasən, satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün istifadəçi müəyyən edilmiş müddət ərzində "Güzəştli mənzil" sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır.
Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və "Təsdiq et" düyməsini sıxan ilk iki şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər.
Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif olunacaq. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.
Taxıl biçininin gedişi barədə
Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2021-ci il avqust ayının 17-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 982,6 min hektar sahənin 960,4 min hektarı və yaxud 97,7 faizi biçilərək məhsulu yığılıb. Sahələrdən 3057,1 min ton məhsul toplanıb, məhsuldarlıq 31,8 sentnerə bərabər olub. Məhsulun 1885,4 min tonunu və yaxud 61,7 faizini buğda, 1146,6 min tonunu (37,5 faizini) arpa, 25,1 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
Respublikanın 28 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 27 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılma səviyyəsi 90,0 faizdən aşağı olub.
Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 44,0 sentner), Sabirabad (müvafiq olaraq 41,9), Tərtər (40,9), Saatlı (40,8), Ağdam (40,2), Salyan (39,9), İmişli (39,3), Ağcabədi (39,3), Samux (37,4) və Tovuz (37,2) rayonlarında olub.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Şəki (194,8 min ton), Cəlilabad (184,6 min ton), Kürdəmir (136,3 min ton), Neftçala (124,5 min ton), Füzuli (118,6 min ton), Ağsu (115,9 min ton), İsmayıllı (107,5 min ton) və Sabirabad (106,1 min ton) rayonlarında müşahidə olunub.

"Bumçay" qum-çınqıl yatağının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 20-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil ediləcək.
Hərraca Qəbələ rayonunda yerləşən "Bumçay" qum-çınqıl yatağının 15 hektarlıq sahəsi çıxarılacaq.
"Bumçay" qum-çınqıl yatağının istifadəyə verilməsi üzrə keçiriləcək hərracda iştirakla bağlı iddiaçılar sənədləri 13 sentyabr 2021-ci il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/2UsLuHs) və Özəlləşdirmə portalında (https://bit.ly/3CS9SUf) tanış olmaq mümkündür.
Yeni nəsil kassa aparatının quraşdırılması xərcləri vergi öhdəlikləri ilə əvəzləşdiriləcək
Dövlət Vergi Xidməti Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işləri davam etdirir.
Mövcud nəzarət-kassa aparatlarını Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş meyarlara cavab verən və Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA-lar ilə əvəz edən vergiödəyicilərinin həmin aparatların quraşdırılmasına çəkilən xərclərinin dəyəri Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş həddə NKA quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.
Vergiödəyicilərinin yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasına çəkdiyi xərclərin vergi öhdəlikləri ilə asan, operativ və şəffaf şəkildə əvəzləşdirilməsi, bununla bağlı vahid yanaşmanın təmin edilməsi məqsədilə Dövlət Vergi Xidməti tərəfindən müvafiq qaydalar təsdiqlənib.
Qaydalara əsasən, vergiödəyicisinin Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA-nın əldə edilməsinə və quraşdırılmasına çəkdiyi xərclərin elektron qaimə-faktura üzrə əvəzləşdirilmiş ƏDV məbləği nəzərə alınmaqla 350 manat həddində vergi öhdəlikləri ilə əvəzləşdirmək hüququ var.
Vergiödəyiciləri NKA-nı əvəz etdikdən sonra onun quraşdırılmasına çəkilən xərclərin dəyərinin yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilməsi üçün müvafiq ərizə formasını dolduraraq qeydiyyatda olduqları vergi orqanına elektron formada və ya kağız daşıyıcıda təqdim etməlidirlər. Ərizə NKA-nın əvəz edildiyi tarixdən 3 il ərzində təqdim oluna bilər. Vergiödəyicisinin ərizəsinə daxil olduğu tarixdən 15 iş günü ərzində baxılır.
Vergiödəyiciləri təqdim etdikləri ərizədə məlumatların düzgün doldurulmamasına görə məsuliyyət daşıyırlar. Ərizədə məlumatlarda uyğunsuzluq aşkar edildikdə NKA-nın quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir. Xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməməsinə əsas verən kənarlaşmalar aradan qaldırıldıqdan sonra vergiödəyicisi tərəfindən yenidən müraciət edilə bilər.
NKA 2019-cu il yanvarın 1-dək quraşdırıldıqda, həmçinin həmin tarixdən sonra quraşdırıldığı halda Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə, həmin meyarlara cavab verməsinə baxmayaraq əvvəllər istifadədə olan NKA-nı əvəzləmədikdə, onun quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır. Sahibkarlıq subyektlərində rəqəmsal nəzarət sisteminin qurulmasına imkan verən bu avadanlıq hesablaşmalar haqqında məlumatı vergi orqanlarına real vaxt rejimində çatdırmaq imkanına malikdir.
Sahibkarlar üçün də rahat və əlverişli nəzarət mexanizmi yaradan yeni nəsil NKA-ların 2022-ci ilin sonunadək bütün ölkədə tətbiqi nəzərdə tutulub.
Hazırda ölkə üzrə 43 minə yaxın yeni nəsil NKA quraşdırılıb.
Həmçinin oxuyun:
Azərbaycanın qeyri-neft ixracatında rekord artım
Xəbər lenti
0