Bakı şəhərinə mənzərə, arxiv şəkli

Böyüyən iqtisadiyyatımız, ucuzlaşan kağız dövlət borcu - həftəni ilə qapadıq

117541
(Yenilənib 03:21 15.08.2021)
"Abşeron" yarımstansiyasının açılışı, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılması, istehlak bazarında qiymətlər, Azərbaycanın dövlət borcu Sputnik Azərbaycan-ın materialında.

BAKI, 15 avqust — Sputnik. Geridə qoyduğumuz həftə Azərbaycanda maraqlı iqtisadi hadisələr baş verib. Mühüm hadisələrdən biri yenidən qurulan "Abşeron" yarımstansiyasının açılışı olub.

"Abşeron" enerji qovşağı ölkənin enerji sisteminin əsas bazası hesab olunur

Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 500/330/220 kilovoltluq "Abşeron" yarımstansiyasının açılışında iştirak edib.

Ötən əsrin 70-ci illərinin əvvəlindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə elektroenergetika sahəsi sürətlə inkişaf edib. Məhz həmin illərdə Ümummilli Liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Cənubi Qafqazda ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası inşa edilib, Bakı şəhəri və Abşeron yarımadasının sürətlə artan tələbatını qarşılamaq üçün bu stansiyada istehsal olunan elektrik enerjisinin Abşeron yarımadasına ötürülməsi məqsədilə ölkənin ən böyük yarımstansiyası olan 500/330/220 kilovoltluq "Abşeron" yarımstansiyasının tikilməsinə başlanılıb.

"Abşeron" yarımstansiyasında 40 ilə yaxın müddətdə istismarda olan avadanlıqlar köhnəldiyindən, yeni texnologiyalara cavab vermədiyindən və bütün bunlarla yanaşı, tələbat dəfələrlə artdığından istismarda ciddi problemlər yaranırdı. Məhz buna görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkənin ən böyük yarımstansiyası olan "Abşeron" yarımstansiyası əsaslı şəkildə yenidən qurulub.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, bu yarımstansiya bütövlükdə Bakının və Abşeron yarımadasının əksər hissəsini elektrik enerjisi ilə təchiz edir.

Yenidənqurma işləri çərçivəsində köhnə idarəetmə binası əsaslı təmir edilib. Məhz burada ilk dəfə 22 nömrədən ibarət mühəndis-yataqxana korpusu inşa olunub, işçilərin istirahəti, idmanla məşğul olması, asudə vaxtlarını səmərəli keçirməsi üçün hərtərəfli şərait yaradılıb. Yarımstansiyanın strateji əhəmiyyəti nəzərə alınaraq, onun səmərəli və etibarlı iş rejiminin, dayanıqlığının artırılması, istismar xərclərinin azaldılması, işçi heyəti üçün təhlükəsiz və rahat iş şəraitinin yaradılmasına tam nail olunub.

Qeyd edək ki, "Abşeron" enerji qovşağı nəinki Bakı və Abşeron yarımadasının, bütövlükdə ölkənin enerji sisteminin əsas bazası hesab olunur. Belə ki, Mingəçevir, Şirvan və digər şəhərlərdə yerləşən iri elektrik stansiyalarından çox böyük həcmdə yük, məhz "Abşeron" yarımstansiyasına, buradan isə sistem əhəmiyyətli 330, 220 kilovoltluq yarımstansiyalara ötürülür.

Yenidənqurma işləri zamanı yarımstansiyasının 500 və 330 kilovoltluq açıq paylayıcı qurğularında avadanlıqlar yenilənib, ərazi genişləndirilib, yeni 220 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib. Həmçinin İdarəetmə Mərkəzi tikilib və müasir qurğularla təchiz olunub. İdarəetmənin təkmilləşdirilməsi, yarımstansiyanın işinə real zaman rejimində nəzarət olunması və göstəricilərin "Azərenerji"nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Beləliklə, yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb. Eyni zamanda, dispetçer idarəetmə otağında mərkəzi SCADA sistemi tam həcmdə təkrar ehtiyat variantda quraşdırılıb.

Prezident İlham Əliyev "Abşeron" yarımstansiyasını işə salıb.

Yarımstansiya Azərbaycanın 4 ən böyük istilik elektrik stansiyası - "Azərbaycan" İstilik Elektrik Stansiyası, "Sumqayıt", "Şimal" və "Cənub" Elektrik Stansiyaları, həmçinin Mingəçevir Su Elektrik Stansiyası, "Səngəçal", "Qobu" elektrik stansiyaları, "Xaçmaz" modul tipli elektrik stansiyası ilə əlaqələndirilib. Beləliklə, bu yarımstansiya bu qədər böyük generasiya mənbələri ilə əlaqələndirilən yeganə qovşaq yarımstansiyasıdır.

Yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması ilə onun yükötürmə qabiliyyətinin artırılmasına, elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir standartlara cavab verən innovativ həllərin tətbiqinə nail olunub.

Qarşıda duran layihələrdən biri də Rusiya ilə mövcud Yaşma-Dərbənd xəttinə paralel olaraq yeni 330 kilovoltluq Dərbənd-Abşeron xəttinin tikintisidir. Bununla əlaqədar yarımstansiyada genişləndirmə işləri aparılıb.

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri dəyişib

Prezident İlham Əliyev "Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında" 21 oktyabr 2015-ci il tarixli fərmanında dəyişiklik edib.

Sənədə əsasən, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili həmin Koordinasiya Şurasının Katibliyi tərəfindən həyata keçiriləcək.

İndiyə qədər Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilib.

Fərmana əsasən, bundan sonra Şuranın sədri iqtisadiyyat naziri deyil, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri olacaq.

Əvəzində iqtisadiyyat nazirinin müavini nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavininin əvəzində şuranın üzvlərinin sırasında yer alacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək keyfiyyətlə daşınmasını təmin etmək məqsədi ilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır.

Koordinasiya Şurası mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər tərəfindən dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman və nəqliyyat-ekspedisiya xidmətləri göstərilməsinə görə tariflərin dövlət tənzimlənməsini həyata keçirir, bu sahədə daşıma prosesinin bütün iştirakçılarının, o cümlədən sərhədkeçmə prosedurlarını həyata keçirən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edir.

Azərbaycanın 4 rayonunda 28 subartezian quyusu qazılacaq

Prezident İlham Əliyev Balakən, Qax, Şəki və Zaqatala rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Balakən, Qax, Şəki və Zaqatala rayonlarının əhalisi 93014 nəfər olan 26 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 28 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,96 milyon (bir milyon doqquz yüz altmış min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır.

Prezident İlham Əliyev 2021-ci il 12 avqust tarixli "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" Fərman imzalayıb.

Fərmana əsasən, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə təsdiq ediləcək.

Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nda nəzərdə tutulmuş yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilir.

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə təsdiqlənib

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə təsdiqlənib.

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur.

Baş İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Komitənin Əsasnaməsini, bu Əsasnaməni, Komitənin Kollegiyasının qərarlarını, Komitə sədrinin əmr və sərəncamlarını rəhbər tutur. Baş İdarənin müstəqil balansı, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Komitənin və Baş İdarənin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, xəzinə və bank hesabları vardır. Baş İdarənin saxlanılması xərcləri və fəaliyyəti Komitənin təsdiq etdiyi xərc smetasına uyğun olaraq ayrılmış büdcə vəsaiti və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Baş İdarə Bərdə şəhərində yerləşir.

İstehlak bazarında qiymətlər açıqlanıb

2021-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 104,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9 faiz təşkil edib.

Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106 faiz olub. 2021-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106,4 faiz təşkil edib. Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan və qarğıdalı yağlarının, albalının, gilasın, kələmin, xiyarın, pomidorun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, çayın, kola içkisinin, arağın, pivənin, ucuzlaşma isə əsasən yumurtanın, bananın, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, bibərin, badımcanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin iyul ayına nisbətən 104,8 faiz təşkil edib. Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, yağlı boyaların, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, sementin, kərpicin, mebellərin, paltaryuyan maşınların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2021-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106,2 faiz təşkil edib. Cari ilin iyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması təbii qaz təchizatı xidmətinin əhali qrupu üzrə illik istehlak həcminə görə tariflərinin dəyişdirilməsi nəticəsində təbii qazın orta qiymətinin artması, habelə ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Azərbaycan iqtisadiyyatı 2,7% böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 47 262,3 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1% azalıb, qeyri neft-qaz sektorunda isə 5,3 % artıb.

ÜDM istehsalının 40,3%-i sənaye, 10,3-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 6,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4 720,8 manata bərabər olub.

Ermənistanın hərbi təcavüzü nəticəsində aqrar sektora dəymiş zərərlə bağlı kompensasiyaların ödənilməsinə başlanılıb

"2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasına başlanılıb.

Sərəncama əsasən, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması üçün 1,4 mln. manat vəsait ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qeyd olunan dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində kənd təsərrüfatı fəaliyyətinə zərər dəymiş 980 nəfərin siyahısı müəyyənləşib. Zərərin predmeti kimi iri və xırdabuynuzlu heyvan, at, ev quşu, ot bağlaması, texnika, arı yeşiyi, qazılmış səngərlərə görə əkin sahələrinə dəymiş ziyan əsas götürülüb.

Siyahıya əsasən, hərbi təcavüz nəticəsində Bərdə rayonunda 9, Ağcabədidə 55, Füzulidə 23, Goranboy/Naftalanda 22, Ağdamda 268, Cəbrayılda 1, Gəncədə 1, Tərtərdə 601 fermerin əkin sahələrinə, kənd təsərrüfatı texnikasına, kənd təsərrüfatı məhsullarına, heyvanlarına zərər dəydiyi təsdiqlənib.

Zərərçəkmiş fermerlərin adlarına bank kartları açılıb, ayrılmış vəsait kartlara köçürülüb. Kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar Ermənistanın hərbi təcavüzü nəticəsində zərər çəkən fermerlər bu gündən etibarən yaşadıqları ərazi üzrə "Kapitalbank" filiallarından bank kartlarını ala və köçürülmüş vəsaiti bankomatlarda nağdlaşdıra bilərlər.

Zərərin ödənilməsi ilə bağlı əlavə məlumat almaq istəyən vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət etməsi xahiş olunur.

Azərbaycanın dövlət borcu açıqlanıb

1 iyul 2021-ci il tarixi vəziyyətinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə vaxtı çatmış və yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla Azərbaycanın birbaşa xarici dövlət borcu 7 839,0 mln. ABŞ dolları və ya ÜDM-in 16,6%-ni təşkil edib.

Dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 764,4 mln. dollar və ya ÜDM-in 1,6%-ni təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 8 603,4 mln dollar və ya ÜDM-in 18,2%-ni təşkil edib.

1 iyul 2021-ci il tarixi vəziyyətinə 2021-ci ilin əvvəli ilə müqayisədə xarici dövlət borcunun mütləq ifadədə 218,1 mln. dollar və ya 2,5% endirilməsinə nail olunub.

1 iyul 2021-ci il tarixinə birbaşa daxili dövlət borcu 2 495,2 mln. manat və ya ÜDM-in 3,1%-ni dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 231,1 mln. manat və ya ÜDM-in 0,3%-ni təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla daxili dövlət borcu 2 726,3 mln. manat və ya ÜDM-in 3,4 %-ni təşkil edib.

Birbaşa daxili dövlət borcunun 2 488,3 mln. manatını (99,7%) daxili maliyyə bazarında emissiya edilmiş dövlət istiqrazları, 6,9 mln. manatını (0,3%) isə Mərkəzi Bankın xeyrinə 2003-cü ildə buraxılmış dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edib.

"2021-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 784 mln. manat məbləğində artıb ki, bunun da əsas səbəbi daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının, dolayısı ilə maliyyə-bank sektorunun dəstəklənməsi, dövlət borcu üzrə qısa və orta müddətli gəlirlik əyrisinin formalaşdırılması və "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi olub. Bu siyasət çərçivəsində dövlət istiqrazlarının emissiyasının xalis artım həcminin cari ildə 1,3 milyard manata çatdırılması nəzərdə tutulub", - deyə nazirliyin məlumatında bildirlib.

Beləliklə, 2021-ci il 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 17 352,0 mln. manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Məcmu dövlət borcunun 14 625,7 mln. manatı (8 603,4 mln. dollar) və ya 84,3%-i xarici dövlət borcunun, 2 726,3 mln manatı və ya 15,7%-i daxili dövlət borcunun payına düşür. İlin əvvəlindən ümumi dövlət borcunun həcmi 413,4 mln. manat və ya 2,4% artıb.

Eləcə də oxuyun:

117541
Teqlər:
həftənin xülasəsi, iqtisadiyyat, Azərbaycan
Bakı buxtasına mənzərə, arxiv şəkli

Azərbaycanın MDB-də 25 illik tarixi: müsbət mənfilər

1188
Azərbaycan Respublikası 1993-cü il sentyabrın 24-də Müstəqil Dövlətlər Birliyinin üzvü olub. Bunun ölkəyə hansı müsbət təsiri olub və bu əməkdaşlıq formatının gələcəyi varmı - mütəxəssislərin dilindən.

 

BAKI, 24 sentyabr — Sputnik. MDB yarandığı gündən etibarən təkcə siyasi deyil, həm də Sovet İttifaqının dağılmasından sonra ayrılan ölkələr arasında iqtisadi əlaqələrin qurulması üçün bir platforma kimi fəaliyyət göstərir.

Azərbaycanın MDB-də praqmatik mövqeyi

Azərbaycanlı ekspert Tofiq Abbasov bildirib ki, bu cür format keçmiş İttifaq subyektləri arasında bir sıra mübahisəli məsələlərin həllinə kömək edib. O, Azərbaycanın MDB-dəki mövqeyini rasional olaraq qiymətləndirib.

"1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bir çox problemlər aradan qaldırılıb. Azərbaycan MDB nizamnaməsini imzaladı və sonra hamı başa düşdü ki, ona üzv olmaq sosial-iqtisadi və digər məsələlərin həllinin etibarlı zəmanətidir, çünki vahid sistem olduğundan hər kəsin təşkilat daxilində müəyyən üstünlüklərə dair öz fikirləri var idi", - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, MDB siyasi deyil, geoiqtisadi formatdır ki, bu da keçmiş Sovet İttifaqı çərçivəsində iqtisadi prosesləri tənzimləyir və bütün iştirakçılara keçmiş İttifaqın faydalarından istifadə etmək hüququnu verir.

Mütəxəssis hesab edir ki, Azərbaycanın MDB-yə qoşulması doğru addım, respublikanın fəaliyyəti isə konstruktiv idi.

"Ayrılma prosesi baş verdikdə tərəflərin özlərinə mümkün qədər çox saxlaması üçün səbəbləri və ya iddiaları olur. SSRİ bərabər respublikalar üçün bərabər imkanlara malik olan bir ölkə idi, buna görə də İttifaqın dağılması mexanizmin işə salınmasına səbəb oldu: gələcəyə nəyin, kimin və kim ilə daxil olduğuna və ən əsası – nəyin kimə aid olduğuna qərar vermək lazım idi", - Abbasov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın MDB-yə qoşulması bir çox təsərrüfat məsələlərinin, iqtisadi problemlərin həllini tapmağa, sovet dövrünün yeni subyektləri ilə əlaqələrin qurulmasına kömək edib.

Mütəxəssis hesab edir ki, Azərbaycan MDB ölkələri arasında malların daşınması üçün hab kimi müsbət rol oynaya bilər.

"Azərbaycan, həm quruda, həm də dənizdə böyük infrastruktur imkanlarına malik olan, Mərkəzi Asiya üçün çox əhəmiyyətli bir kommunikasiya dəhlizidir. Üstəlik, Azərbaycan İran və Şimali Qafqazı birləşdirə bilər", - deyə mütəxəssis bildirib.

MDB Avrasiya İqtisadi Birliyinə tramplin kimidir

Rusiyalı politoloq, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov isə MDB formatını köhnəlmiş hesab edir. Onun fikrincə, bu platformadan Azərbaycan Rusiya ilə bir sıra məsələlərdə - əlaqələrin, ticarətin inkişafı, miqrasiya məsələlərinin həllində istifadə edir, ancaq eyni zamanda o, Bakıya Avrasiya İqtisadi Birliyinə sıx inteqrasiyadan qaçınmağa imkan verib. Onun fikrincə, gələcək məhz bu yeni formatla bağlıdır.

Postsovet məkanı ölkələri Rusiya da daxil olmaqla bir-biri ilə geniş qarşılıqlı təcrübə əldə ediblər. MDB - üzvlərinin iqtisadi qarşılıqlı əməkdaşlığı öz xeyrinə dərinləşdirdiyi və genişləndirdiyi Avrasiya İqtisadi Birliyi üçün bir növ tramplinə çevrilib.

"Düşünürəm ki, Azərbaycan gec-tez Avrasiya inteqrasiyasında daha fəal iştirak məsələsini nəzərdən keçirəcək. İqtisadi ehtiyac Rusiya ilə münasibətlərdə daha səmərəli, daha ardıcıl fəaliyyət qurmaqdan və bu əlaqələri dərinləşdirməkdən ibarətdir. Rusiya çox sayda Avrasiya ölkəsində prosesləri dərhal irəlilədə biləcək əhəmiyyətli bazara malikdir. Ancaq bunu yalnız Moskva özü istəyərsə və Bakı Rusiya ilə MDB-nin köhnəlmiş formatına heç cür sığışmayan münasibətlərdə iştirak edərsə. Bu tamamilə fərqlidir", - deyə politoloq izah edib.

Eləcə də oxuyun:

1188
Teqlər:
MDB, Azərbaycan
Neft buruğu, arxiv şəkli

Azərbaycan neftinin qiyməti son iki ildə maksimuma çatıb

696
(Yenilənib 14:56 24.09.2021)
Azərbaycan neftinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il iyulun 5-də (78,35) qeydə alınıb.

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,57 dollar artaraq 78,50 dollar təşkil edib.

Dünya birjalarında neft qiymətləri bahalaşır

London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,16 dollar artaraq 77,41 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,02 dollar bahalaşaraq 73,32 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il iyulun 5-də (78,35) qeydə alınıb.

Energetika naziri Pərviz Şahbazov Rusiyanın “Нефтегазовая вертикаль” jurnalına verdiyi müsahibəsində deyib ki, Azərbaycan OPEC+ ölkələri arasında konsensus əldə etmək üçün gələcəkdə də məsləhətləşmə prosesində fəal iştirak etməyi planlaşdırır.

“Hesab edirəm ki, OPEC+ formatında verilən qərarların və atılan addımların düzgünlüyü şübhə doğurmur. Azərbaycan dünya neft bazarını sabitləşdirmək üçün tədbirləri dəstəkləyir, fəal iştirakçıdır və OPEC+ ölkələri arasında konsensus əldə etmək üçün gələcəkdə də məsləhətləşmə prosesində aktiv iştirak etməyi planlaşdırır”, - deyə nazir vurğulayıb.

Eləcə də oxuyun:

696
Teqlər:
neft, qiymət, AzeriLight, 'Brent'
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
SOCAR-ın baş ofisi, arxiv şəkli

İraq SOCAR-la əməkdaşlıq etmək niyyətini açıqladı