Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sıxılmış təbii qazın pərakəndə satışı neçəyədir və sərfəlidirmi?

© AFP 2023 / DENIS CHARLET Терминал сжиженного природного газа. Архивное фото
Терминал сжиженного природного газа. Архивное фото  - Sputnik Azərbaycan, 1920, 26.07.2021
Abunə olmaq
Tarif Şurası iyulun 1-dən qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifini 20 qəpikdən 13 qəpiyə endirib.

BAKI, 26 iyul — Sputnik. Tarif (qiymət) Şurası iyulun 1-dən ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifini 20 qəpikdən 13 qəpiyə endirib.

Bəs hazırda yanacaqdoldurma məntəqələrində (YDM) sıxılmış təbii qazın pərakəndə satış qiyməti neçəyədir və CNG-dən istifadə sərfəlidirmi?

CNG-nin pərakəndə satış qiyməti bir kubmetr üçün 5 qəpik endirilib

Məsələ ilə bağlı “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu ilin iyunun 30-da Tarif Şurasının iclası keçirilib. Yanacaqdoldurma məntəqələrində CNG-nin pərakəndə satış qiyməti bir kubmetr üçün 0.45 AZN-dən 0.40 AZN-ə endirilib. İstehlakçılar və daşıyıcı şirkətlər CNG yanacağını 0.40 AZN-ə almaqla daha çox qənaət etmiş olurlar. Nəqliyyatda gündən-günə istifadəsi artan sıxılmış təbii qazın qiymətinin azaldılması iqtisadi baxımından çox əlverişlidir. Eyni zamanda bu addım ekologiyamızın yaxşılaşdırılmasına öz töhfəsini vermiş olacaq. Digər ənənəvi yanacaq növlərinin artdığı bir zamanda CNG-dən istifadə ikiqat sərfəlidir.

CNG ekoloji cəhətdən ən təmiz və təhlükəsiz mühərrik yanacağıdır

Qeyd edək ki, CNG təbii qazın 200 bar təzyiq altında sıxılmış formasıdır, 95% metandan ibarətdir. Satış qiymətinin aşağı olması bu mühərrik yanacağından istifadə edən istehlakçıların maliyyə vəsaitinə qənaət etməsinə şərait yaradır. Beynəlxalq təcrübəyə əsasən benzin və dizel yanacaq növlərinin əsas alternativi sayılan CNG ekoloji cəhətdən ən təmiz və təhlükəsiz  mühərrik yanacağıdır və AVRO-6 ekoloji standartının tələblərinə cavab verir. Sərfiyyatı maye qaz (LPG) ilə müqayisədə 20% azdır. Azərbaycanda 2015-ci ildən etibarən ictimai nəqliyyatda istifadə edilir, 2018-ci ildən isə YDM şəbəkəsi vasitəsi ilə pərakəndə satılır.

Bu yanacağın keyfiyyətləri daxili yanma mühərriklərinin istismar və yağdəyişmə müddətinin uzadılmasına və yağdəyişmə xərclərinin azaldılmasına imkan verir. 2018-ci ildən etibarən ölkədə təbii qaz hasilatı artan həcmlərlə inkişaf etdiyi üçün gələcəkdə yanacaq bazarında CNG çatışmazlığı gözlənilmir.

Azərbaycanda daha çox ictimai nəqliyyatda bundan istifadə edilir

Bundan öncə SOCAR rəsmisi İbrahim Əhmədov Sputnik Azərbaycan-a bildirmişdi ki, Azərbaycanda sıxılmış təbii qaz yanacaq növü nisbətən yenidir. Ölkəmizdə hazırda məhz "SOCAR Petroleum" şirkəti CNG-nin ən geniş şəbəkə üzrə satışını həyata keçirir. CNG qiymət baxımından benzindən və dizeldən daha sərfəlidir. Bu, sadəcə təbii qazdır və hər məntəqədə xüsusi cihaz vasitəsilə sıxılır və avtomobilə vurulur. Məqsəd 2022-ci ilin sonunadək ictimai nəqliyyatın məhz sıxılmış təbii qaz və yaxud elektrik enerjisi ilə işləyən vasitələrə keçməsidir.

Bütün avtomobillərdə CNG-dən istifadə etmək olar

SOCAR rəsmisi qeyd edib ki, əhalinin böyük hissəsi sıxılmış təbii qazdan istifadə etsə, ətraf mühitin yaxşılaşması üçün münbit şərait yaranacaq. Demək olar ki, bütün avtomobillərdə CNG-dən istifadə etmək olar, sadəcə əlavə bir çən quraşdırılmalıdır. Bu çənin quraşdırılması üçün qiymətlər 1000 manatdan yuxarıdır və müvafiq şirkətlər bunu quraşdırırlar. Çən quraşdırılandan sonra bu, yol polisi tərəfindən təsdiqlənməlidir. Bu baxımdan müvafiq qurumların gələcəkdə bu məsələyə töhfəsi ola bilər. Yəni prosedurların sadələşdirilməsi baxımından kömək edə bilərlər. Azərbaycanda bütün yanacaq satan şirkətlər bu yanacaq növünü satmaq hüququna malikdir. Amma ola bilər hələlik tələbat nisbətən aşağı olduğuna görə yanacaq satan şirkətlər bunu geniş yaymayıb.

CNG-nin pərakəndə satışı artıb

Xatırladaq ki, 2020-ci ilin 11 ayında “SOCAR Petroleum” QSC pərakəndə satış bazarında 3 milyon kubmetrdən çox sıxılmış təbii qaz satıb. 2019-cu illin eyni dövrü ilə müqayisədə CNG-nin pərakəndə satışı 39% artıb.

Həmçinin oxuyun:

Sürücülərə xoş xəbər: sıxılmış qaz avadanlığı maşınlara kreditlə quraşdırılacaq

Sabahdan təbii qazın qiymətləri qalxır - SOCAR-ın Tarif Şurasına müraciəti əsasında

Elektrik stansiyalarına verilən təbii qazın da qiyməti qaldırıldı

Xəbər lenti
0