Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda şəkərin qiyməti qalxa bilər

© Sputnik / Murad OrujovРабота супермаркета в Баку за день до ужесточения карантина
Работа супермаркета в Баку за день до ужесточения карантина - Sputnik Azərbaycan, 1920, 21.07.2021
Abunə olmaq
Dünyada şəkər bahalaşmaqda davam edir. İqtisadçı bahalaşmanın səbəblərindən və bunun Azərbaycan bazarında şəkərin qiymətinə təsirindən bəhs edib.

BAKI, 21 iyul — Sputnik. Dünya bazarlarında şəkər bahalaşmaqda davam edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, şəkərin qiymət indeksi 2021-ci ilin may ayı ilə müqayisədə iyun ayında 0,9% artıb. İndeks ardıcıl üçüncü aydır ki, yüksəlir. Şəkər qiyməti indeksi 2017-ci ilin mart ayından bəri ən yüksək səviyyəni görüb. Ötən ilin iyun ayı ilə müqayisədə şəkər qiyməti indeksi 41,7% artıb.

Bəs, dünyada şəkərin bahalaşmasının səbəbləri nədir və bunun Azərbaycan bazarında şəkərin qiymətinə təsiri necə olacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, şəkər istehsalçısı olan dövlətlərdə, əsasən də Latın Amerikası ölkələrində quraqlığın, bəzi yerlərdə isə daşqınların olması şəkər çuğundurunun və şəkər qamışının məhsuldarlığına ciddi zərbə vurub: "Ötən ildən bəri əsasən də Latın Amerikası ölkələrində məhsuldarlığın çox ciddi aşağı düşməsi ilə rastlaşdıq. Bunun nəticəsində dünya bazarlarında şəkərin qiymətində ciddi artım var".

Dünyada şəkərin bahalaşmasının Azərbaycana təsirləri olacaq

İqtisadçı bildirib ki, dünyada şəkərin bahalaşmasının Azərbaycana təsirləri olacaq: "Çünki ölkəmizdə də daxili tələbatın ödənilməsində xaricdən gətirilən şəkərin payı yüksəkdir. Bu, nəticədə Azərbaycanda da şəkərin qiymətinin artması ilə müşahidə olunacaq. Biz daha çox Ukraynadan şəkər alırıq. Yəqin ki, Ukraynadan aldığımız şəkərin qiymətində də gələcəkdə yenidən artımların müşahidə olunması gözləniləndir. İmişlidə şəkər zavodu fəaliyyət göstərir. İndiki qiymətlər daha sərfəlidir və ona görə də daxili istehsalı artırmaq haqqında düşünməyə dəyər. Daxili tələbatı ödəmək üçün yerli istehsalı artırmaq mümkündür. Əgər imkan olacaqsa, xaricə satmaq da olar. Daxili tələbatı ödəmək üçün İmişli şəkər zavodunun potensialı mövcuddur. Çalışmalıyıq ki, şəkər çuğundurunun əkini artsın. Amma hələlik bir müddət yenə də şəkəri xaricdən almağa məcbur olacağıq".

Dünyada ərzağın bahalaşmasının əsas səbəbi təbii fəlakətlər və pis hava şəraitidir

"Ümumiyyətlə, son dövrlərdə dünyada ərzağın qiymətinin bahalaşması təkcə pandemiya ilə bağlı deyil. Amma pandemiyanın da təsirləri olub. Belə ki, daxili bazarı qorumaq üçün bir çox ölkələr qoruyucu addımlar atdılar və idxal rüsumlarını yüksəltdilər. Lakin dünyada ərzağın bahalaşmasının əsas səbəbi təbii fəlakətlər və pis hava şəraitidir. Məsələn, ən böyük taxıl istehsalçılarından biri olan Kanadada isti havalar müşahidə olunur və bu da ərzaq qiymətlərinin qalxmasında mühüm rol oynayır", - deyə ekspert əlavə edib.

2020-ci ildə şəkər çuğunduru istehsalında yüksək məhsuldarlığa nail olunub

Qeyd edək ki, ilin əvvəlində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "Şəkər çuğunduru istehsalının inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr" mövzusunda müşavirə keçirilib. Tədbirdə qeyd olunub ki, aqrar sahənin inkişafı, o cümlədən şəkər çuğunduru istehsalının artırılması üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. Görülən tədbirlər nəticəsində 2020-ci ildə şəkər çuğunduru istehsalında yüksək məhsuldarlığa nail olunub. Respublikamızda şəkər çuğunduru istehsalı kənd təsərrüfatında vacib sahələrdən biri olduğundan bu sahədə məhsuldarlığın daha da artırılmasının vacib olduğu vurğulanıb. Şəkər çuğunduru yekun emal məhsulu şəkərlə yanaşı, həm də qiymətli yem məhsulu olan silos və melas mənbəyidir.

Müşavirədə keyfiyyətli şəkər çuğunduru istehsalı üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması, mineral gübrələrdən düzgün istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacib olduğu vurğulanıb. Məhsuldarlığın artırılması və istehsal xərclərinin optimallaşdırılması üçün fermerlərin kooperativlərdə birləşməsinin əhəmiyyəti və bu istiqamətdə davamlı olaraq maarifləndirmə işlərinin aparılmasının vacibliyi qeyd olunub.

Şəkər çuğunduru sahələrinin sığortalanması mümkündür

Onu da qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə şəkər çuğunduru sahələrinin sığortalanması mümkündür. Hazırda şəkər çuğunduru Azərbaycanın əksər rayonlarında, xüsusilə Tovuz, Şəmkir, Hacıqabul, Beyləqan, İmişli, Füzuli, Biləsuvar və digər bölgələrdə əkilir. Şəkər çuğunduru sahələrinin sığortalanması zamanı bitkinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınır. Qaydalara əsasən, hesablama aparılması üçün şəkər çuğundurunun 1 hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, çuğundurun bir hektar üçün məhsuldarlıq norması 8-930 sentner arasında, qiymət isə 30-60 manat/sentner arasında müəyyən olunub.

Şəkər çuğunduru sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir. Məsələn, Beyləqanda əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 200 sentner, 1 sentner məhsulun bazar qiyməti 30 manat olduqda sığorta məbləği = 4 x 200 x 30 = 24000 manat müəyyən edilir.

Qaydalara görə, aqrar sığorta çərçivəsində şəkər çuğundurunun sığortalanması üçün 2 sığorta zərfi təklif edilir. Bunlardan birincisi - əksər riskləri əhatə edən "baza zərfi", digəri isə əlavə riskləri əhatə edən zərfdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə fərqlənirlər. Birinci, "baza zərfi"ndə azadolma məbləği 10%-dir. Bu zərf şəkər çuğundurunu dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir. İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir. Bu zərf şəkər çuğundurunu bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.

Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir. Nəticədə ümumi dəyəri 24 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 252 manat və ya hər hektara cəmi 63 manat ödəyir.

Şəkər çuğundurunun sığortası üzrə ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır.

Fermerlərə sığorta haqqı güzəştləri

Şəkər çuğunduru sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Belə ki, sığortalanmış məhsulun yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək. Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər "gənc fermer" güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.

Şəkər çuğundurunun əkini artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-may aylarında ölkədə 5,1 min hektar sahədə şəkər çuğunduru əkilib. Ötən ilin 5 ayında isə bu rəqəm 4,9 min hektar olub. Beləliklə, əkin 4 faiz artıb. 2020-ci ildə 5 min hektar sahədə şəkər çuğunduru əkilib, sahələrdən 253,3 min ton (6,9 faiz çox) şəkər çuğunduru yığılıb. 2019-cu ildə isə bu rəqəm 237 min ton olub.

Xəbər lenti
0