CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fermerlərə sığorta ilə bağlı xəbərdarlıq edildi

© Sputnik / Rashad KeremogluFüzulinin Alxanlı kəndi
Füzulinin Alxanlı kəndi - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
Aqrar Sığorta Fondu fermerlərin diqqətinə çatdırır ki, baş verən yanğınları və təbiət hadisələrini, onların nəticəsində təsərrüfatlarına dəyən zərəri nəzərə alaraq öz əkin sahələrini vaxtında sığortalasınlar.

 

BAKI, 16 iyul — Sputnik. Son dövrlər ölkənin müxtəlif ərazilərində açıq sahələrdə baş verən yanğınlar əkin sahələrinə də zərər verib. Artıq yanğınların əkin sahələrinə vurduğu zərərlə bağlı Aqrar Sığorta Fonduna müraciətlər başlanıb. İlkin müraciətlər Samux və Hacıqabul rayonlarında sığortalanmış taxıl sahələri ilə bağlıdır. Bundan başqa, İsmayıllıda dolu vurması nəticəsində üzüm bağına dəyən zərərlə bağlı Fonda müraciət daxil olub.

Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, hazırda daxil olan müraciətlər Aqrar Sığorta Fondunda araşdırılır, müstəqil ekspertlər tərəfindən sahələrə baxış keçirilir, dəyən zərərin həcmi müəyyənləşdirilir. Müvafiq prosedurlar tamamlandıqdan sonra həmin hadisələrlə bağlı ödənişlərin verilməsi nəzərdə tutulur.

Aqrar Sığorta Fondu bir daha fermerlərin nəzərinə çatdırır ki, sığortalı əkin sahələrində istənilən səbəbdən baş verən yanğın sığorta hadisəsi sayılır. Yanğın hadisəsi nəticəsində dəyən zərərin həcminə uyğun olaraq sığorta ödənişi həyata keçiriləcək. Aqrar Sığorta Fondu fermerlərin diqqətinə çatdırır ki, baş verən yanğınları və təbiət hadisələrini, onların nəticəsində təsərrüfatlarına dəyən zərəri nəzərə alaraq öz əkin sahələrini vaxtında sığortalasınlar. Müşahidələr göstərir ki, yanğınlar və təbiət hadisələri ehtimalı yüksək olan risklərdir və fermerlərin təsərrüfatlarına böyük zərər vuraraq onları gəlirdən məhrum edə bilər. Aqrar sahədə çalışan iş adamları və fermerlərin belə hallarla üzləşməməsi, məhsullarını, gəlirlərini və investisiyalarını itirməməsi üçün Aqrar Sığorta Fondu onları öz təsərrüfatlarını, payızlıq əkin sahələrini sığortalamağa dəvət edir.

Qeyd edək ki, fermerlər payızlıq əkinlərin sığortalanmasına artıq avqustun sonundan başlayaraq müraciət edə bilərlər. Bunun üçün Aqrar Sığorta Fondu (Telefon: 1651), aqrar sığorta sistemində təmsil olunan sığorta şirkətləri, eləcə də rayonlardakı Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət etmək kifayətdir.

Hazırda aqrar sığorta mexanizmi vasitəsilə 14 bitki və əkin sahələrini (o cümlədən taxıl, qarğıdalı və pambıq), kənd təsərrüfatı heyvanlarını (südlük inəkləri) və akvakultura məhsullarını (balıqçılıq təsərrüfatlarını) sığortalamaq mümkündür. Fermerlər və iş adamları öz əkin sahələrinin sığortalanması üçün tələb olunan sığorta haqlarını Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki aqrar sığorta kalkulyatoru (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə müstəqil şəkildə sığortalaya bilərlər.

Xatırladaq ki, Aqrar Sığorta Fondu Azərbaycan Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli fərmanı ilə yaradılıb.

Aqrar Sığorta Fondu aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədilə təsis edilib.

Fond öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir və müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyinin artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır.

"Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub.

Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

Aqrar Sığorta Fondunun Nizamnaməsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.

Eləcə də oxuyun:

Xəbər lenti
0