Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avropa qaz gözləyir: Azərbaycan tələsik tələbin qarşılığında pul qazana biləcəkmi?

© AFP 2023 / HAIDAR MOHAMMED ALIГазовое хранилище, фото из архива
Газовое хранилище, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.07.2021
Abunə olmaq
Ölkələr arasında ticarətin aparılmasına ümumi sərhədlərin və inkişaf etmiş qaz nəqli sisteminin olması şərait yaradır və neftin qiymətinə bağlı olan müqavilələr Bakı və Astananın büdcəsinə ötən ildəkindən daha çox valyuta gətirəcək.

Avropada təbii qazın qiyməti yenidən hər min kubmetr üçün 450 dolları keçib. İqtisadçıların qənaətinə görə, yaxın aylarda mavi yanacağa olan tələbat hələ yüksək olacaq. Bunun sayəsində MDB-nin qaz ixrac edən ölkələri Avropa bazarına mavi yanacaq nəqlini artırmaqla mənfəətini xeyli artırmaq imkanı olacaq. Lakin ekspertlər hesab edirlər ki, hər şey o qədər də sadə deyil.

Bəs Azərbaycana getdikcə bahalaşan qaz satışında pul qazanmağa nə mane ola bilər? Bu barədə Sputnik-in materialında.

Enişdən sonra yeni yüksəliş

Niderlanddakı “Title Transfer Facility” (TTF) qovşağında istirahət günləri qiyməti azacıq düşdükdən sonra bazar ertəsi çatdırılması şərti ilə, iyulun 12-də hər min kubmetr üçün qiymət 451 dollara qalxıb. Belə ki, bazar günü, iyulun 11-də hər min kubmetrin qiyməti 414 dollar, şənbə günü isə ümumiyyətlə 398 dollar olub.

Avropa qaz bazarında qiymət maksimumu ötən həftənin əvvəlində qeydə alınıb, hər min kubmetr qazın qiyməti 464 dollar olub ki, bu da 2018-ci ilin mart ayından bəri spot qiymətlərinin ən yüksək həddi olub. Avropanı ağuşuna almış "Şərqdən gələn bədheybət" adlı siklon ucbatından TTF-də təbii qazın qiyməti 969 dollara çatıb.

Qazın bahalaşması demək olar ki "ideal tufan"ın nəticəsidir. Avropa ölkələrində yayın əvvəlindən hakim olan isti hava elektrik enerjisinin istehsalı üçün lazım olan mavi yanacağa olan tələbatı artırıb.

Bununla yanaşı, region hələ də soyuq qışın nəticələrini hiss etməkdədir. Belə ki, yeraltı anbarlarda qaz ehtiyatı o qədər azalıb ki, hazırda anbarlarda olan qaz, onların tutumunun cəmi 49%-i qədərdir (bu isə əvvəlki beş il üçün orta göstəricidən də aşağıdır). Rusiya tərəfdən qaz nəqlinin artırılmasına "Yamal-Avropa" qaz kəmərində planlı təmir işləri mane olur. Nəticədə Avropa bazarında kəskin defisit hiss olunur.

Sputnik-in fikrini öyrəndiyi ekspertlərin qənaətinə görə, yaranmış vəziyyət Avropaya qaz ixrac edən bütün ölkələr üçün yaxşı perspektivlər açır.

Azəbaycan üçün potensial faydalar

Energetika məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, əgər tələbatın hazırkı artım dinamikası davam edərsə, o zaman qış gələnə qədər Azərbaycan Avropa istiqamətində qaz nəqlini planlaşdırıldığından daha çox həyata keçirə bilər (2021-ci ildə 5,5 mlrd. kubmetr). Bu, respublikaya əlavə valyuta gətirəcək.

"Mən istisna etmirəm ki, bizim Avropaya qaz nəql etdiyimiz müqavilələrdə spot indeksasiyası – birjada mövcud vəziyyətdən asılı olaraq yanacağın qiymətinə düzəliş edilməsi barədə müddəa var. Əgər belədirsə, Avropada enerji daşıyıcılarının qiymətinin artması bizim ölkəmizə müsbət təsir edəcək. Bir var, fevral ayında olduğu kimi min kubmetr üçün qazın qiyməti 200 dollar olsun (fevralın 23-də TTF-də 199 dollar), bir də var qiymətlər bundan iki dəfə çox artsın", — deyə o bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov qeyd edir ki, son bazar tendensiyalarını nəzərə alaraq, spot indeksasiyası ölkə üçün sərfəli olardı. Lakin müqavilələrə dair açıq mənbələrdə bu barədə xatırlatma yoxdur.

Əksər hallarda uzunmüddətli müqavilələr üzrə qazın qiyməti neft kotirovkalarına bağlı olur. Bu halda Avropa bazarlarında qiymət artımının Azərbaycana təsiri dərhal deyil, müəyyən zaman keçdikdən sonra hiss olunacaq.

"Neftin qiymətinə bağlılıq Avropada enerji ehtiyatlarının qiymət artımına birbaşa təsiri çətinləşdirir. İstənilən halda effekt olacaq, çünki neft qiymətləri də artır. Lakin bu halda qiymətlərə hansısa ildırım sürətli düzəlişlərdən danışmaq olmaz", - deyə iqtisadçı bildirib.

Rusiyanın YEK Texnologiyaların İnkişafı İnstitutunun eksperti Dmitri Koptev bildirib ki, hazırda Azərbaycanın ixracı üçün əsas mənbə "Şahdəniz" yatağıdır ki, onun da ehtiyatlarının həcmi 1,2 trilyon kubmetr təşkil edir. Nəzəri cəhətdən ölkə qazın hasilatını artıra bilər. Lakin Avropa bazarına əlavə olaraq qaz nəqli bir qədər çətin olacaq. Bunun əsas səbəbi boru kəmərlərinin ötürmə qabiliyyətinin məhdud olmasıdır. Ekspertlərin fikrincə, qaz nəqlini artırmaq üçün respublika infrastrukturu inkişaf etdirməli olacaq.

Ötən il Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəql etməyə başlayıb (layihə gücü – 16 mlrd. kubmetr, onlardan 6 mlrd. – Türkiyəyə, 10 mlrd. – Cənubi Avropaya). Həm də 2018-ci ildən etibarən ölkə həm qazın hasilatını, həm də nəqlini artırır. Lakin mütəxəssislərin fikrincə, qaz kəmərlərinin ötürmə qabiliyyətində məhdudiyyətlər Avropa bazarına əlavə qaz nəqlini ləngidəcək.

Dmitri Koptevin sözlərinə görə, bu problemin həlli üçün 2021-ci ildə Azərbaycan qazını Yunanıstan və İtaliyaya qədər çatdıran Trans-Adriatik qaz kəmərinin ötürmə qabiliyyətinin ildə 20 mlrd. kubmetrə qədər artırılması istiqamətində iş aparılması nəzərdə tutulub.

İlham Şaban hesab edir ki, qaz kəmərinin gücünün artırılması düzgün qərar olacaq. Yaxın vaxtlarda Avropa ölkələrinin təbii qaza olan tələbatı artacaq, belə ki, yataqlarda ehtiyatların azalması üzündən region ölkələrinin öz qaz hasilatı azalacaq. Belə ki, Niderland Avropanın iri qaz yatağı olan Qroningen-də illik hasilatı 8,1 mlrd.-dan 3,9 mlrd. kubmetrə qədər azaltmağı planlaşdırır.

Qazaxıstanın nəzərləri Çindədir

Dmitri Koptev xatırladır ki, Qazaxıstan qazının əsas alıcısı ənənəvi olaraq Çindir. Cari ilin əvvəlində Qazaxıstan hökuməti Çin bazarına 10 mlrd. kubmetr qaz nəql etmək niyyətini açıqlayıb (Qazaxıstandan ixracın ümumi həcmi 10,7 mlrd. kubmetr olduğu halda, bu ölkədən 2020-ci ildə Çinə 7,3 mlrd. kubmetr qaz nəql olunub).

Ekspertlər hesab edir ki, iki ölkə arasında ticarətin aparılmasına ümumi sərhədlərinin və inkişaf etmiş qaz nəqli sisteminin olması şərait yaradır. Qazaxıstan üçün Avropaya qaz nəql etmək daha çətindir, bunu yalnız treyderlər vasitəsilə etmək mümkündür. Qaz kəmərləri vasitəsilə Qazaxıstan mavi yanacağı yalnız Rusiya, Çin və Mərkəzi Asiya ölkələrinə sata bilər.

"Qazın ixracı üçün müvafiq infrastruktur lazımdır. Hazırda iqtisadi cəhətdən qaz nəqlinin ən sərfəli yolu kəmərlər vasitəsilə çatdırılmadır. Təəssüf ki, Qazaxıstanın Avropa ilə bu cür nəqliyyat kanalları yoxdur, odur ki Avropaya qaz nəqli bu ölkə üçün əlçatan deyil", - deyə KPMG auditor xidməti departamentinin tərəfdaşı Sergey Nezdemkovski bildirir.

Onun sözlərinə görə, hətta Avropa ölkələrinin Qazaxıstanla boru kəməri əlaqəsi olsaydı belə, ehtimal ki, respublikanın bunun üçün kifayət qədər qaz ehtiyatı olmayacaqdı.

"Qaz ixracını artırmaq üçün Qazaxıstanın kifayət qədər sərbəst ehtiyatı o qədər də çox deyil. Ötən illə müqayisədə 2021-ci ildə ölkədə qaz hasilatı 8,5% azalıb. Eyni zamanda ölkənin daxili tələbatı da artır. Bu, ölkənin yaşayış məntəqələrinin qazlaşdırılması proqramının genişlənməsi, habelə istilik elektrik stansiyalarının bərk yanacaqdan qaza keçirilməsi ilə bağlıdır", — deyə ekspert vurğulayır.

İyul ayında ölkə prezidenti Kasım-Comart Tokayev də buna diqqət yönəldib. Qaz təsərrüfatının inkişafına dair müşavirədə o bildirib ki, ölkədə qaz hasilatı sürəti dünyada artan tələbatla uzlaşmır. Hasilatın artırılması üçün yeni yataqlar kəşf olunmalıdır.

"Müstəqillik dövründə karbohidrogen ehtiyatları kəşfinin əsas hissəsi neft yataqlarının payına düşüb. Qaz ehtiyatlarının, o cümlədən Xəzər dənizində yataqların kəşfi və istismarı faktiki olaraq yoxdur. Odur ki ehtiyat bazasının geoloji kəşfiyyat işlərinin köməyi ilə genişləndirilməsi prioritet təşkil edir", — deyə dövlət başçısı bildirib.

Özbəkistan ixracdan imtina edir

Analitiklər hesab edirlər ki, Özbəkistanın Avropa bazarında yaranmış əlverişli konyunkturadan istifadə etməsinə eyni zamanda bir neçə amil mane olur. Onlar qeyd edirlər ki, ölkənin qaz təsərrüfatı əsasən daxili bazara istiqamətlənib (2020-ci ildə hasil olunmuş qazın 90%-ə qədəri daxili ehtiyacların ödənilməsinə yönəlib), ixrac olunan qazın böyük hissəsi isə Çinə satılır.

Dmitri Koptevin fikrincə, eyni zamanda respublikada qaz hasilatı azalır. Belə ki, 2020-ci ildə əvvəlki illə müqayisədə qaz hasilatı 17,8%, yəni 49,7 mlrd. kubmetrə qədər azalıb. Odur ki ixrac üçün sərbəst qaz ehtiyatlarının həcmi azalır.

"2025-ci ilə qədər Daşkənd qaz ixracını ümumiyyətlə dayandırmağı və daha çox onun emalı üzərində diqqəti cəmləməyi vəd edir. Odur ki prioritet istiqamət istehsalın artırılması deyil, qaz-kimya sahəsinə investisiyalardır", — deyə ekspert əlavə edib.

Azərbaycan, Özbəkistan və Qazaxıstanın perspektivlərini qiymətləndirərkən iqtisadçılar etiraf edirlər ki, hər üç ölkənin ixracı artırmaq imkanları məhduddur: həm resurs bazası, həm də boru kəməri infrastrukturu nöqteyi-nəzərindən.

"Bu respublikalar çətin ki, Avropa bazarında qiymət "ralli"sindən hansısa əlavə fayda götürə bilsinlər. Lakin neftin qiymətinə bağlı olan müqavilələr, əlbəttə ki, Bakı və Astananın büdcəsinə 2020-ci ildəkindən daha çox valyuta gətirəcək", — deyə Moskvanın Skolkovo idarəetmə məktəbinin qaz üzrə analitiki Sergey Kapitonov fikirlərinə yekun vurub.

Həmçinin oxuyun: 

* Azərbaycandan Avropaya elektrik enerjisi: mif, yoxsa reallıq

Azərbaycana böyük pullar axacaq: "Şahdəniz-2"nin Şərq-Cənub cinahından hasilat başlandı

Sabahdan təbii qazın qiymətləri qalxır - SOCAR-ın Tarif Şurasına müraciəti əsasında

Xəzərdə əməkdaşlıq məsələsi: qarşılıqlı investisiyalar, tranzit və "yaşıl enerji"

Xəbər lenti
0