Taxıl tarlasında yanğın, arxiv şəkli

Taxıl sahəsinin yanğından sığortalanması tarifləri

13
(Yenilənib 00:06 08.07.2021)
Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyəcək.

BAKI, 8 iyul — Sputnik. Azərbaycanda son günlər ayrı-ayrı regionlarda baş verən yanğın hadisələri, o cümlədən açıq ərazilərdə olan yanğınlar taxıl və digər əkinləri də əhatə edir. Eləcə də, bir sıra regionlarda havaların qeyri-sabit keçməsi və dolu-yağış halları əkinlərə də zərər vurur.

Aqrar Sığorta Fondundan Sputnik Azərbaycan-a bildiriblər ki, ölkədə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl və digər əkinləri sərfəli şərtlərlə, 50% dövlət güzəşti ilə sığortalamaq mümkündür. Nəticədə iş adamları cüzi məbləğ ödəməklə öz sahələrini bütün əsas risklərdən və təbiət hadisələrindən sığorta edə bilərlər.

Aqrar sığorta tariflərinə əsasən, 1 hektar taxıl (buğda-arpa) sahəsinin yanğından, doludan və digər hadisələrdən sığortalanması üçün sığorta haqqı belədir: Qarabağda 10 manat, Şəki-Zaqatalada 16-17 manat, Lənkəran regionunda 7 manat, Dağlıq Şirvan bölgəsində 11-12 manat, Aran rayonlarında 8 manat, Quba-Xaçmaz bölgəsində 7 manat, Gəncə-Qazax zonasında 24-25 manat, Abşeron bölgəsində 7 manat.

Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş "Bitkiçilik kalkulyatoru" (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Qeyd edək ki, Aqrar Sığorta Fondu Azərbaycan Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli fərmanı ilə yaradılıb.

Aqrar Sığorta Fondu aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədilə təsis edilib.

Fond öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir və müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyinin artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır.

"Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub.

Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

Aqrar Sığorta Fondunun Nizamnaməsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.

Eləcə də oxuyun:

13
Teqlər:
yanğın, sığorta, tarif
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov

Hüquqşünas: “Problemli kreditlərin artım tendensiyası bütün dünyada müşahidə olunur”

1
(Yenilənib 15:59 30.07.2021)
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov deyib ki, dövlət müəyyən addımlar atır, amma görünür, yardımın miqdarını artırmaq lazımdır
Əkrəm Həsənov: “Bu, biznesin iqtisadi fəallığının aşağı olması ilə əlaqədardır”

Azərbaycanda bu il iyulun 1 -nə vaxtı keçmiş kreditlərin məbləği 914,6 milyon manat təşkil edib. Qüsurlu kreditlər ilin əvvəlinə nisbətən 2,4% artıb, son bir ildə isə 14,2% azalıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, hazırda problemli kreditlərlə bağlı vəziyyət qeyri-müəyyəndir və problemli kreditlərin artım tendensiyası təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur: “Bu, əhalinin ödəmə qabiliyyətinin zəif olması və biznesin iqtisadi fəallığının aşağı olması ilə əlaqədardır. Ötən il Azərbaycan Mərkəzi Bankı ölkə banklarına həm banklardan, həm də istehlakçılardan belə kreditlərin qaytarılmasını tələb etməməyi tövsiyə etdi. Banklar keçən il bunu dinlədi. Tövsiyələrin müddəti bu il də uzadıldı, lakin banklar bu kreditləri problemli hesab etməyə başladılar. Təbii ki, manatın devalvasiyasına görə 2015 -ci ildən bəri aldığımız problemli kreditlərin həcmi geri qayıtmayacaq. Pandemiya tədricən zəifləyir, iqtisadi aktivlik bərpa olunur. Dövlət müəyyən addımlar atır, amma görünür, yardımın miqdarını artırmaq lazımdır”.

Əkrəm Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

1
Qaz anbarı, arxiv şəkli

Bizi xilas edəcək sərvət: Dünya bazarlarında təbii qaz niyə bahalaşır?

13
(Yenilənib 00:45 02.08.2021)
Son aylarda Avropada qaz ehtiyatlarında davamlı azalma müşahidə olunur və bu da qiymətlərin bahalaşmasını şərtləndirir.

BAKI, 2 avqust - Sputnik. Son dövrlərdə dünyada təbii qazın qiymətində ciddi bahalaşma müşahidə olunur və bu bazarda volatillik var. Xüsusilə də Avropa bazarlarında bu trend daha ciddi şəkildə özünü göstərir.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a dünyada təbii qazın qiymətinin artmasının səbəblərindən danışıb, növbəti aylarda qiymətlərin necə ola biləcəyindən bəhs edib.

Qazın bahalaşmasının əsas səbəbi havaların isti keçməsidir

Ekspert diqqətə çatdırıb ki, qazın bahalaşmasının əsas səbəbi havaların isti keçməsi ilə bağlıdır. Havalar istiləşdikcə elektrik enerjisinə tələbat kəskin şəkildə artır. Avropada elektrik enerjisi istehsalının 60-70 faizi məhz qaz istehlakı yolu ilə həyata keçirilir. Havalandırma sistemlərinin, kondisionerlərin daha çox istifadəsi son nəticədə bazarda qaza tələbi dəstəkləyir. Eyni zamanda son aylarda Avropada qaz ehtiyatlarında davamlı azalma müşahidə olunur və bu da qiymətlərin bahalaşmasını şərtləndirir.

Qış aylarında yenidən qazın qiymətində əhəmiyyətli artımlar ola bilər

Onun sözlərinə görə, avqust ayında da qiymət artımı riski var. Sentyabr-oktyabr aylarında bazarda vəziyyət sabitləşəcək. Lakin Avropa qaz ehtiyatlarını məqbul səviyyəyə çatdıra bilməsə, qış aylarında yenidən qazın qiymətində əhəmiyyətli artımlar ola bilər.

Müxtəlif amillər prosesə təsir göstərəcək

İqtisadçının fikrincə, ümumiyyətlə, müxtəlif amillər prosesə təsir göstərəcək. Bu gün pandemiyanın 4-cü dalğası müzakirə edilir. Artıq Avropanın bəzi ölkələrində xəstəlik daha da genişlənib və bu, yeni qapanmalar riski yaradır. Əgər yenidən məhdudiyyət tədbirləri tətbiq edilərsə, bunun prosesə mənfi təsirləri olacaq. Bundan başqa, qazın qiyməti neftin qiymətinin hansı istiqamətdə cərəyan edəcəyindən asılı olacaq. İndiki şərtlər daxilində noyabr ayından etibarən dünyada təbii qazın qiymətlərində növbəti bahalaşma dalğası gözlənilir.

"Azərbaycan dünya bazarında qaz tədarükçüsü kimi yeni-yeni iştirak edir. Ölkənin ixrac infrastrukturu var, amma hələlik əsas qaz yataqlarımızın tam işlənməsi başa çatmayıb. Lakin 2030-cu ilədək Azərbaycanda qaz istehsalında davamlı olaraq artımlar olacaq", - deyə o diqqətə çatdırıb.

Azərbaycanda qaz gəlirləri heç bir halda itirilmiş neft gəlirlərini kompensasiya edə bilməyəcək

İqtisadçı onu da əlavə edib ki, neft qazdan daha çox gəlir gətirir. Azərbaycanda qaz gəlirləri heç bir halda itirilmiş neft gəlirlərini kompensasiya edə bilməyəcək. Azərbaycan 2007-2008-ci illərdə neft ixracından təxminən 37 milyard dollar gəlir götürüb. Amma ölkəmiz bu ilin 6 ayında qaz ixracından 1,6 milyard dollar gəlir qazanıb. Biz qazı maksimum səviyyədə ixrac etsək belə, illik qaz ixracından 6-10 milyard dollar gəlir əldə edə bilərik.

Təbii qaz ixracı 2 dəfəyədək artıb

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında ölkədən 10 milyard 378,2 milyon kubmetr təbii qaz ixrac edilib. İxrac edilən təbii qazın dəyəri isə 1 milyard 585,6 milyon ABŞ dolları olub. 2020-ci ilin eyni aylarında Azərbaycandan 6 milyard 599,2 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 1 milyard 259,9 milyon dollar olmuşdu.

Yarım ildə Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi

Bu ilin yanvar-iyun aylarında ölkəmizdən İtaliyaya dəyəri 362,9 milyon ABŞ dolları olmaqla 1 milyard 626 milyon kubmetr, Yunanıstana 69,1 milyon dollarlıq 266,4 milyon kubmetr, Bolqarıstana isə 16,7 milyon dollarlıq 119,5 milyon kubmetr təbii qaz ixrac edilib.

Hesabat dövründə Türkiyəyə 880,7 milyon dollarlıq 6 milyard 292,8 milyon kubmetr, Gürcüstana 252,8 milyon dollarlıq 1 milyard 989,9 milyon kubmetr, İrana isə 3,1 milyon dollarlıq 84 milyon kubmetr qaz ixrac olunub.

Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.

TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

Azərbaycan təbii qazını Yunanıstan, İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropaya ildə 10 milyard kubmetr qaz nəql olunacaq.

13