Maliyyə hesabatı, arxiv şəkli

Tarif Şurasının qərarları, Ələt İqtisadi Zonası - Həftənin iqtisadi mənzərəsi

2831
Ələt İqtisadi Zonasının təməlinin qoyulması, Tarif Şurasının təbii qazın qiymətləri ilə bağlı verdiyi qərar, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər Sputnik Azərbaycan-ın materialında.

BAKI, 4 iyul — Sputnik. Bu həftə Azərbaycanda kifayət qədər maraqlı iqtisadi hadisələrlə yadda qalıb.

Ələt İqtisadi Zonasının təməli qoyulub

Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasiminin keçirilməsi ən diqqət çəkən hadisələrdən biri olub. Belə ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

Qaradağda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə vəsait ayrılıb

Paytaxtın Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 2,1 milyon manat ayrılıb.

Prezident İlham Əliyev "Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri Qaradağ rayonunun Ələt, Korgöz və Lökbatan qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Tarif (qiymət) Şurası təbii qazın qiymətləri ilə bağlı qərar verib

Bu həftə ən diqqətçəkən hadisələrdən biri Tarif (qiymət) Şurasının təbii qazın qiymətləri ilə bağlı verdiyi qərar olub. Tarif (qiymət) Şurasının iclasında Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib. Belə ki, Dövlət Neft Şirkəti Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18%-ə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir. Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abonenti üzrə istehlakın həcminin təxminən 1,3 min kub metrdən 1,6 min kub metrə, ümumi istehlak həcminin isə 2,7 milyard kub metrdən 3,7 milyard kub metrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir ki, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaradıb.

Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdə təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib. Təklif edilən modellər dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması, təbii qazın digər ölkələr üzrə qiymətləri və s. kimi məsələlər nəzərə alınmaqla dəyərləndirilib.

Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılmışdır. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək. İclasda aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilib.

Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə "Azəristiliktəchizat" ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.

Qeyd edək ki, koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrində ayrı-ayrı istehlak məhsullarının istehsal həcmlərinin aşağı düşməsi dünya iqtisadiyyatına və beynəlxalq bazarlara öz təsirini göstərir. Son bir ildə dünya bazarlarında bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artmaqdadır. Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları bu prosesi daha da sürətləndirir. Xüsusilə təbii qazın dünya bazar qiymətlərinin artması qeydə alınır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişmiş, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artıb.

Məlumat üçün bildirək ki, 2020-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kub metr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə isə hazırda Türkiyədə orta hesabla 35-49 qəpik, Ukrayna 22-26 qəpik, Belarusda 21,9-78,2 qəpik, Rusiyada 15,3-18,2 qəpik arasında dəyişir.

Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək.

Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.

"Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib ki, bu gün "Azəriqaz"ın təxminən 2,4 milyon abunəçisi var və bunun 1,3 milyonu təbii qazdan 1 200 kubmetrlik limit çərçivəsində istifadə edəcək, yəni qazın hər kubmetrini 10 qəpikdən əldə edəcək.

Qeyd edək ki, indiyədək təbii qazın güzəştli məbləğlə istifadəsində tətbiq olunan illik limit 2200 kubmetr olub. Yəni, əhali 2200 kubmetrə qədər istifadə etdiyi qazın hər kubmetrinə 10 qəpik, limiti keçəndən sonra 20 qəpik ödəyib. İndi isə bu limit 2200 kubmetrdən 1200 kubmetrə düşürülüb. 2016-cı il 1 dekabr tarixindən 2019-cu il 1 may tarixinədək isə bu limit 1700 kubmetr olub. Ondan öncə isə bu limit 1500 kubmetr idi.

Tarif Şurasının "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Qərarında dəyişiklik olunub

Azərbaycan Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"na uyğun olaraq Tarif Şurası qərar verib.

"Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 2.1-ci sətrində "və məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri" sözləri çıxarılıb və cədvəl bölməsinə aşağıdakı məzmunda 2.2-ci sətir əlavə edilib:

Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVt-saatdan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri üçün gündüz vaxtı (saat 08:00-dan 22:00-dək) 7,3 qəpik (əvvəlki qiymət 5,8 qəpik), gecə vaxtı (saat 22:00-dan 08:00-dək) 3,5 qəpik (əvvəlki qiymət 2,8 qəpik).

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında" 2017-ci il 19 dekabr tarixli 10 nömrəli Qərarı ləğv edilib.

Bu qərar 2021-ci il 1 iyul tarixindən qüvvəyə minib.

Tarif (qiymət) Şurası 2021-ci il 30 iyun tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirərək bildirib ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat/saatdan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur.

Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib.

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birinci vitse-prezidenti Yurgen Riqterink və həmkarları ilə görüşüb.

Görüşdə Azərbaycanın EBRD ilə əlaqələrin inkişafına önəm verdiyi və uğurlu əməkdaşlıq etdiyi vurğulanıb. Qeyd olunub ki, bankla birgə həyata keçirilən layihələr iqtisadiyyatın şaxələndirilməsinin təşviqi və qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. EBRD tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 177 layihə üzrə 3 milyard avrodan çox investisiya yatırılıb.

Nazir Azərbaycanın sosial-iqtisadi prioritetləri barədə məlumat verib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində işğaldan azad olunmuş ərazilərimizin bərpasında və ölkə iqtisadiyyatına reinteqrasiyasında bankın iştirak imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, EBRD ilə Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın inkişafı, həmçinin dövlət-özəl tərəfdaşlığı, "yaşıl iqtisadiyyat" və bərpa olunan enerji üzrə əlaqələrin gücləndirilməsi potensialı böyükdür.

Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Y.Riqterink bankın Azərbaycanla uzunmüddətli və səmərəli tərəfdaşlığını vurğulayıb, ölkəmizin geniş iqtisadi potensialının əlaqələrin möhkəmləndirilməsinə əlverişli zəmin yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini qeyd edib.

EBRD-nin Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və Qafqaz üzrə regional direktoru xanım Katarina Byorlin Hansenin də iştirak etdiyi görüşdə Azərbaycan-EBRD tərəfdaşlığının genişləndirilməsi istiqamətləri, bankın 30-cu illik toplantısı və Biznes Forumu barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Avropa Yenidənqurma və İnkişaf Bankının 30-cu illik toplantısında çıxış edib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) üzv ölkələrin nümayəndələrinin, həmçinin beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə videokonfrans formatında Bankın Müdirlər Şurasının 30-cu illik toplantısı keçirilib.

Müdirlər Şurasının plenar sessiyasında AYİB-ə üzv ölkələrin nümayəndələrinın çıxışları dinlənilib.

Tədbirdə çıxış edən AYİB-də Azərbaycandan müdir, İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyini, AYİB-in hər zaman etibarlı tərəfdaş olduğunu vurğulayıb, ölkəmizin iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib.

İqtisadiyyat naziri koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq məqsədilə həyata keçirilən genişmiqyaslı dəstək tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, 2021-ci ilin yanvar-may aylarına ÜDM 0,8%, qeyri-neft qaz sektorunda əlavə dəyər 4,5% artıb.

2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərini diqqətə çatdıran iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, AYİB-in "Strateji və Kapital Çərçivəsi 2021-2025" sənədində əks olunmuş məqsədlər Azərbaycan iqtisadiyyatı qarşısında müəyyənləşdirilmiş hədəflərlə uyğunluq təşkil edir. Bu, Azərbaycan və AYİB arasında yeni əməkdaşlıq istiqamətləri üçün geniş potensial yaradır.

Plenar sessiyada işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidənqurulmasında, bu ərazilərə əhalimizin böyük qayıdışının təmin edilməsində, nəqliyyat-tranzit, logistika, "yaşıl iqtisadiyyat" və bərpaolunan enerji sahələrində Azərbaycanla AYİB-in əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Toplantıda AYİB-in strateji istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, maliyyə hesabatları dinlənilib, Bankın Müdirlər Şurasının növbəti il üzrə institusional tərkibi müəyyənləşdirilib.

Azərbaycan OECD-nin ölkələrarası hesabatların mübadiləsi üzrə tərəfdaş ölkəsi kimi təsdiq edilib

Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişini imzalayaraq tərəfdaş ölkə kimi təsdiq edilib.

Azərbaycan bu sazişə qoşulmaqla transfer qiymətləri, vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi ilə bağlı riskləri, transmilli şirkətlər tərəfindən həyata keçirilən digər fəaliyyətləri beynəlxalq standartların tələbləri çərçivəsində qiymətləndirmək, eləcə də iqtisadi və statistik təhlillərin aparılması baxımından daha şəffaf vergi mühitini inkişaf etdirmək imkanı əldə edir.

Eyni zamanda, Azərbaycan Respublikasının sözügedən sazişə qoşulması "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)" layihəsində nəzərdə tutulan 4 minimum standartdan biri olan 13-cü Fəaliyyətin (Transfer qiymətləri üzrə sənədləşmə) tələblərinin həyata keçirilməsi deməkdir.

Sazişin effektiv icrası məqsədilə "Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası" hazırlanıb və təsdiq edilib. Qeyd olunan qaydalarla Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Saziş üzrə götürülmüş öhdəliklərin vaxtında icrası məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən və maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olan, transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə hesabat verilən ilin iyunun 30-dək müvafiq bildirişi, transmilli şirkətlər qrupunun maliyyə ilindən sonrakı 12 ayın sonuna qədər isə hesabatı vergi orqanına təqdim etməlidir.

Sazişin tələblərindən irəli gələn müvafiq bildiriş və hesabatların təqdim edilməsi üçün artıq istifadəyə verilmiş elektron platformaya qoşularaq, Ölkələrarası Hesabatın təqdim edilməsi həyata keçirilə bilər.

İstifadəçilər adıçəkilən platformaya giriş zamanı "Əsas səhifə" hissəsində hesabatın verilməsi üçün hazırlanmış "İstifadəçi təlimatı" və "Tez-tez verilən suallar" bölməsi ilə tanış ola bilərlər.

Azərbaycanda dövlət dəstəyi ilə ilk aqrar sığorta ödənişi həyata keçirilib

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində ilk sığorta ödənişi həyata keçirilib. Sığorta ödənişi Göygöl rayonunun Üçtəpə kəndində fəaliyyət göstərən fermer Bəhruz Mustafaya məxsus olan heyvandarlıq təsərrüfatına edilib. Burada sığortalanmış "Simmental" cinsli inək qanqrenozlu mastit səbəbindən məcburi kəsimə sövq edilib. Sığorta hadisəsi ilə bağlı sahibkarın Aqrar Sığorta Fonduna müraciətindən sonra müstəqil aqrar sığota ekspertləri hadisəni araşdırıb və Fondun qərarı ilə fermerə sığorta ödənişinin verilməsi təsdiqlənib. Müvafiq prosedurlardan sonra 3 019 manat məbləğində sığorta ödənişi fermer Bəhruz Mustafanın bank hesabına köçürülüb. Bundan başqa, təsərrüfatın sahibi məcburi kəsimə verilən inəyin istifadəyə yararlı ətinin satışından da gəlir əldə edib. Qeyd edək ki, fermer Bəhruz Mustafaya məxsus təsərrüfatda 70 baş mal-qara dövlət dəstəyi ilə güzəştli aqrar sığorta çərivəsində sığortalanıb.

Göygöl rayonunun Üçtəpə kəndində yerləşən heyvandarlıq təsərrüfatında ilk aqrar sığorta ödənişinə həsr olunmuş tədbir və fermerlərlə görüş keçirilib. Tədbirdə, Aqrar Sığorta Fondunun rəhbərliyi, yerli icra hakimiyyətinin və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, Göygöl və ətraf rayonlardan olan fermer və sahibkarlar iştirak edib. Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət dəstəyi ilə aqrar sığortanın tətbiqi getdikcə genişlənir, əkin sahələrini və heyvanlarını sığortalayan fermerlərin sayı artmaqdadır. Onun sözlərinə görə, indiyədək aqrar sığorta çərçivəsində ümumilikdə 1,7 milyon manatdan artıq sığorta haqqı toplanılıb. Bu məbləğdən 1,2 milyon manat heyvandarlıq, 500 min manatı isə bitkiçilik sektorundan toplanıb. İyun ayına olan məlumata görə, indiyədək 2100-ə yaxın mal-qara və 11,2 min hektar əkin sahəsi sığortalanıb. Ən çox sığortalanan əkinlər – buğda, pambıq, apra və üzüm sahələridir. Sığorta ödənişinə başlanması isə aqrar sığorta sisteminin etibarlı çalışdığını, öz vəzifələrini yerinə yetirməyə başladığını göstərir. Fuad Sadıqov bildirib ki, heyvandarlıq və əkin sahələri ilə bağlı bir neçə yeni sığorta hadisələri də qeydə alınıb və yaxın günlərdə onlar üzrə ödənişlər həyata keçiriləcək.

Tədbirdə çıxış edən fermer Bəhruz Mustafa təsərrüfatında baş verən sığorta hadisəsindən sonra aqrar sığorta ödənişi aldığından məmnun qaldığını bildirib. Onun sözlərinə görə, sığorta sisteminin fəaliyyətə başlaması aqrar sahədə çalışan iş adamlarını daha daha həvəsləndirəcək. Fermer yaxın vaxtlarda təsərrüfatı genişləndirəcəyini, o cümlədən yeni inəklər alacağını bildirib. Tədbirdə Aqrar Sığorta Fondu tərəfindən fermerə simvolik ödəniş çeki də təqdim edilib.

Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu tərəfindən südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq) və akvakultura məhsulları (balıqlar) sığortalanır.

Yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi genişlənəcək, ətlik mal-qara, qoyun və keçi təsərrüfatları da sığortalanacaq, bitkilərin siyahısı isə indiki 14-dən 40-a qaldırılacaq. Hazırda fermerlər və sahibkarlar Aqrar Sığorta Fonduna və aqrar sığorta sisteminə daxil olan şirkətlərə müraciət etməklə təsərrüfatlarını sığortalaya bilərlər.

2831
İqtisadçı-ekspert Rəşad Həsənov

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? ekspert şərh edir

15
(Yenilənib 16:28 26.07.2021)
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir
Rəşad Həsənov: “Qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır”

Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,72 bənd təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 0,22 bənd çox, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən il iyulun 1-i ilə müqayisədə isə 0,22 bənd azdır.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, manatın dövretmə sürətinin artması müəyyən qədər pandemiyanın təsirlərinin aradan qalxması ilə bağlıdır: “Bura həm də şəffaflaşma ilə bağlı görülən tədbirlərin təsirini də aid etmək olar. Bu baxımdan müəyyən qədər artım müşahidə edilməkdədir. Amma biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir. Son illərdə qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır. Burada manatın dövretmə sürəti neft sektoru ilə müqayisədə daha yüksəkdir. Amma düşünürəm ki, maliyyə, bank sektorunun tam inkişaf mərhələsinə daxil ola bilməməsi, iqtisadiyyatın müəyyən qədər risklər qarşısında olması manatın dövretmə sürətini orta göstəriciyə yaxınlaşdırmasının qarşısını alan məsələlərdir”.

Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

15
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı

Vüsal Qasımlı: “Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir”

30
(Yenilənib 16:04 23.07.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, bu dövrdə manatın məzənnəsi sabit qalmış, inflyasiya isə 4,3 %-ə çatmaqla Mərkəzi Bankın müəyyənləşdirdiyi koridorda olub
Vüsal Qasımlı: “Azərbaycan iqtisadiyyatı miqyas və keyfiyyət dəyişikliyi ərəfəsindədir”

“Bu ilin ilk yarısında Azərbaycanda iqtisadi artım bərpa olunaraq 2,1 %-ə çatıb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir: “Ümumiyyətlə, qeyri-neft sektorunda 5,1 %-lik artım qeydə alınıb. Bu dövrdə manatın məzənnəsi sabit qalmış, inflyasiya isə 4,3 %-ə çatmaqla Mərkəzi Bankın müəyyənləşdirdiyi koridorda olub. Baxmayaraq ki, dünya bazar qiymətlərinin yüksəlməsilə idxal inflyasiyası təzyiqi yaranıb, mәzәnnә, pul tәklifi vә faiz dәrәcәlәrindən istifadə etməklə qiymətlərin sabitliyi qorunur. Fiskal vә monetar siyasәtin səmərəli koordinasiyası makroiqtisadi sabitliyi təmin edir. Azərbaycan iqtisadiyyatı Qarabağın reinteqrasiyası və regional kommunikasiyaların açılması perspektivi, habelə ölkənin müdafiə və rəqabət qabiliyyətinə qarşı yeni tələblərin müəyyənləşməsilə yeni miqyas və keyfiyyət dəyişikliyi ərəfəsindədir”.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

30

Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək