Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ukrayna növbədədir: Azərbaycanın təbii qazı hamıya çatacaqmı

© Photo : © Facebook / SOCAR Сотрудник SOCAR на месторождение "Нефтяные Камни", фото из архива
Сотрудник SOCAR на месторождение Нефтяные Камни, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Xarici alıcıların Azərbaycanın təbii qazına olan tələbatı artıb, bu dəfə Ukrayna ölkəmizdən qaz almaq təklifi ilə çıxış edib. Bəs Bakı tələb olunan həcmdə qazı tədarük edə biləcəkmi?

Azərbaycan və Türkiyənin "Şahdəniz 2" yatağından qaz tədarükü ilə bağlı yeni müqavilənin detalları barədə fikirləşdikləri və nəticəni elan etməyə tələsmədikləri bir vaxtda Avropada Azərbaycan qazına tələbat artıb. Belə ki, Azərbaycandan mavi yanacağın Trans-Adriatik Qaz Kəməri (TAP) vasitəsilə nəqlini nəzərdə tutan layihənin genişləndirilməsi məsələsi müzakirə olunur. Bu, üç ssenari üzrə - layihənin məhdud, qismən və tam şəkildə genişləndirilməsi yolu ilə baş tuta bilər.

Qaza tələbatın artması tədarükü də çoxaldacaq

Layihə çərçivəsində məhdud genişlənmə nəticəsində illik 14,4 milyard kubmetr qazın tədarükü nəzərdə tutulur. Qismən genişləndirmədə Azərbaycandan illik 17,1 milyard, tam genişləndirmədə isə 20 milyard kubmetr qaz ixracından söhbət gedir.

Bununla belə, TAP konsorsiumu bu üç variantdan hansının daha məqsədəuyğun olduğuna qərar verməmiş Azərbaycan artıq tam güclə Avropaya qaz tədarükünə başlayıb. Və əgər boru kəmərinin işə salınmasının ilkin mərhələsində onun qismən işləməsi planlaşdırılırdısa – 2021-ci ildə təxminən beş milyard kubmetr – belə məlum olub ki, bu günə olan tədarük məlumatlarına əsasən, boru kəməri vasitəsilə təxminən doqquz milyard kubmetr qaz ixrac edilə bilər.

TAP layihəsinin işə salınmasından sonrakı 5,5 ay müddətində 2,9 milyard kubmetr qaz tədarük edilib, sutkalıq qaz ixracı isə 17,6 milyon kubmetrə bərabər olub. Ancaq aprel ayının sonlarında sutkalıq tədarük həcmi 20 milyon kubmetri keçib və iyun ayı üzrə bu göstəricinin 25 milyon kubmetrə çatacağı gözlənilir. Sadə hesablamaya əsaslansaq, əgər Azərbaycan sutkalıq qaz tədarükünü bu həcmdə saxlasa, onda ilin sonuna kimi Avropaya təxminən 9 milyard kubmetrə qədər təbii qaz ixrac edəcək. O da nəzərə alınmalıdır ki, hazırda Avropada təbii qazla bağlı ən çətin vəziyyət müşahidə olunur. Avropa üçün anomal hesab olunan isti hava nəticəsində mavi yanacağın qiyməti artaraq min kubmetr üçün 363 dollara çatıb. Belə qiymət sıçrayışı 3 il bundan əvvəl müşahidə olunmuşdu. Bundan başqa, Avropa ölkələri hələ qaz anbarlarını doldurmağa macal tapmayıblar. Yeraltı qaz anbarlarındakı yanacağın səviyyəsi son beş ildə minimum səviyyəyə – 44,3%-ə düşüb.

Avropanın Azərbaycandan daha çox qaz almaq istəyəcəyi istisna olunmur və TAP layihəsinin genişlənməsi prosesi tezliklə baş tutacaq. Və əgər hələ bir neçə ay bundan əvvəl ekspertlər qismən genişlənməni ən real variant hesab edirdilərsə, hazırda Avropanın Azərbaycan təbii qazına marağının artdığını nəzərə alsaq, layihənin tam genişlənməsi versiyasını istisna etmək olmaz.

Ukrayna Azərbaycan təbii qazı üçün növbədədir

Ukrayna Azərbaycandan qaz tədarükündə maraqlıdır –Energetika sahəsində əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan İşçi Qrupunun görüşünün yekununu bu cümlə ilə ifadə etmək mümkündür.

"Biz Ukrayna ilə Azərbaycanın neft və qaz şirkətləri arasındakı əməkdaşlığı çox yüksək qiymətləndiririk və onun inkişafında maraqlıyıq. Və ən əsası, Azərbaycan tərəfi də Ukraynaya qaz tədarükü imkanlarını inkişaf etdirməkdə maraqlıdır", – deyə Ukrayna Qaz Ötürmə Şəbəkəsi Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Andrey Prokofyev məlumat verib.

Azərbaycandan mümkün qaz tədarükü imkanları arasında yalnız bir marşrut nəzərdən keçirilə bilər – Türkiyə ərazisindən keçməklə Trans-Balkan qaz kəməri vasitəsilə.

Ukrayna Qaz Ötürmə Şəbəkəsi Əməliyyat Şirkətinin Ukrayna Əməliyyat Şirkəti idxal imkanlarını artırmaq üçün Trans-Balkan marşrutu boyunca təbii qaz nəqlinin inkişafı üzrə Rumıniya və Moldovadan olan tərəfdaşları ilə əməkdaşlığı davam etdirir ki, bu da Azərbaycan tərəfdaşları ilə əməkdaşlığın inkişafı üçün daha yaxşı şəraiti təmin edəcək", – deyə Prokofyev bildirib.

"Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, bu, Azərbaycan tərəfi üçün çox maraqlı təklifdir.

"Ukrayna periodik olaraq Azərbaycan qazının tədarükü ilə bağlı müxtəlif təklif variantları ilə çıxış edir. Hələ Cənub Qaz Dəhlizi layihəsi mövcud olmadığı vaxt Ukrayna tərəfi "Bəyaz axın" layihəsini reallaşdırmaq ideyasını irəli sürmüşdü. Bu layihə Azərbaycan təbii qazının Gürcüstan ərazisindən, Qaradənizin altından keçməklə Ukraynadan Avropaya ötürülməsini nəzərdə tuturdu", - deyə Şaban xatırladıb.

Qeyd edək ki, Türkmənistanın da sözügedən layihəyə qoşulması planlaşdırılırdı. Layihənin ideyası hələ 2005-ci ildə irəli sürülüb və sonrakı illərdə müxtəlif beynəlxalq konfranslarda təşviq edilib. Lakin həm maliyyə problemləri (kommersiya cəhətdən mənfəətsiz olduğuna görə), həm də geosiyasi dəyişikliklər üzündən layihəni həyata keçirmək mümkün olmayıb.

Ukraynanın Azərbaycan qazı uğrunda ikinci cəhdi

Hazırda Azərbaycan qazının fəaliyyət göstərməyən Trans-Baltik kəməri vasitəsilə tədarükü məsələsi gündəmdədir.

"Məsələ burasındadır ki, 2020-ci ildə Rusiya qazını Ukraynadan yan keçməklə Bolqarıstan vasitəsilə Avropaya nəql edən "Türk axını"nın ikinci qolu işə düşəndə 1986-cı ildən Türkiyəyə qaz tədarük edən Trans-Balkan kəməri fəaliyyətsiz qaldı", - deyə Şaban yada salır.

Onun sözlərinə görə, sözügedən boru xəttindən istifadə ilə bağlı müxtəlif cəhdlər, təkliflər olub və hətta Bolqarıstan, Rumıniya kimi Rusiya qazının tranzitindən gəlir əldə edən ölkələr də bu layihədə maraqlıdır.

"Azərbaycan qazının Trans-Balkan qaz kəməri ilə artan enerji istiqamətində tədarükü Qara dəniz hövzəsi ölkələrinin, xüsusən Ukrayna kimi qaz qaynaqları olmayan və ya məhdud olan ölkələrin enerji təhlükəsizliyini artıracaq", – deyə ekspert vurğulayıb.

"Bu layihə texniki cəhətdən əlverişlidir. Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq. Çünki Azərbaycan qazı Türkiyə-Yunanıstan hissəsində Avropa sərhədini keçir. Əgər Türkiyə-Bolqarıstan sərhədində kəmərə əlavə həcmdə qaz verilərsə, bu, yanacaq tədarükünün şaxələndirilməsinin başqa bir yolu olacaq", - deyə Şaban bildirib.

Ekspert onu da qeyd edib ki, Sofiya Yunanıstan-Bolqarıstan interkonnektoru üzrə "Şahdəniz 2" layihəsindən milyard kubmetr qaz əldə edəcək. Bu həcmi məhz Türkiyə ərazisindən keçməklə 2 milyard kubmetrə qədər artırmaq planlaşdırılır.

Şabanın sözlərinə görə, yalnız bir məsələyə xüsusi diqqət yetirmək lazımdır – bu məsələ kommersiya cəhətdən nə dərəcədə əlverişlidir? Başqa sözlə, Rumıniya və Moldovadan keçən qaz kəməri nə qədər rentabelli olacaq?

"Belə çıxır ki, Azərbaycan qazı Qaradəniz sahili boyunca yarımdairə formasında dövrə vuracaq. Xəzərdən başlayıb Cənub Qaz Kəmərindən keçərək Trans-Balkan qaz kəməri ilə Ukraynaya çatdırılacaq – bu tədarük marşrutunun kommersiya baxımından nə dərəcədə əlverişli olacağını aydınlaşdırmağa ehtiyac var", – deyə ekspert qeyd edib.

Mavi yanacaq hamıya çatar

Azərbaycanın lazımi həcmdə qaz təmin edə biləcəyinə gəlincə, Şaban qeyd etdi ki, qaz məsələsində ilk növbədə alıcıdan tələb almaq və müqavilənin qaz həcmini və müddətini müəyyənləşdirmək lazımdır. Yalnız bundan sonra yeni layihələrin icrasına başlana bilər.

"Əvvəl bizdən qaz almaq istədiklərinə dair təklif daxil olmalıdır, tərəflər detalları razılaşdırıb uzunmüddətli – 25 illik müqavilə imzalamalıdırlar. Çünki daha az müddətli razılaşmalar rentabelli olmayacaq. Əgər Ukrayna və Azərbaycan razılığa gələrsə, bu həcmləri "Şahdəniz 3" layihəsinə ehtiyac qalmadan Azəri-Çıraq-Günəşli yatağından - dənizin dərinliyindən çıxarılan mavi yanacaq hesabına təmin edə bilərik. Tərəflər daha böyük həcmlərdə, yəni təxminən 25 milyard kubmetr barədə razılığa gəlsələr, "Şahdəniz 3"-ün işlənməsinə başlamaq olar – orada hələ 400 milyard kubmetr qaz var. Ümumiyyətlə, "Şahdəniz" layihəsinin həcmi bir trilyon kubmetr olaraq qiymətləndirilir ki, bunun 200 milyardı "Şahdəniz 1", 400 milyardı isə "Şahdəniz 2" layihəsinin payına düşür, – deyə Şaban vurğulayıb.

Qazla kompensasiya

Koronavirus pandemiyası başlayandan bəri neftin ucuzlaşması 90 faizi karbohidrogendən asılı olan Azərbaycan büdcəsi əsas gəlirindən məhrum olmaq təhlükəsi ilə üz-üzə qaldı. Bundan başqa, ölkə OPEC + razılaşmasına görə, gündəlik neft hasilatını 776 min bareldən 587 min barelə qədər azaltmaq məcburiyyətində qaldı. Bu ilin may ayında həmin rəqəm gündəlik 674 min barelə bərabər idi.

Bütün bunların ölkənin neft gəlirlərinə mənfi təsir göstərdiyi aydındır. Bununla belə, Azərbaycan Avropaya qaz tədarükünü artırmaqla neft gəlirlərindəki azalmanı kompensasiya edə bildi.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Cənub Qaz Dəhlizi ilə tədarük artımı neft hasilatındakı azalmanı kompensasiya edəcək. BVF-nin hesabatında o da qeyd olunur ki, həm bu səbəbdən, həm də ölkədə peyvənd tətbiqinin sürətlənməsi sayəsində, 2021-ci ildə ÜDM-də artım nisbətinin 2,3% olacağı gözlənilir.

Xəbər lenti
0