Zaqatala mənzərə

Azərbaycanın bölgələrində günlük kirayə ev bazarı canlanıb

1345
(Yenilənib 18:03 21.06.2021)
Bölgələrdə günlük kirayə ev bazarında canlanma müşahidə edilir. Hətta evlərin əksəriyyəti əvvəlcədən sifarişlə tutulub. Qiymətlərdə 4-5 dəfə artım var.

BAKI, 21 iyun – Sputnik. Ötən il yayda paytaxtdan bölgələrə getməklə bağlı məhdudiyyət olduğundan rayonlara üz tutanların sayı xeyli azalmışdı. Bu səbəbdən də günlük kirayə evlərin qiymətləri də xeyli enmişdi. Şəkidə də günlük evlərin kirayəsi 5 dəfəyədək ucuzlaşmışdı. Sputnik Azərbaycan-ın bölgə müxbiri şimal-qərb bölgəsindəki hazırkı vəziyyəti araşdırıb. Məlum olub ki, bu il yüksək tələbat səbəbindən qiymətlər yenə əvvəlki vəziyyətinə qayıdıb.

Rayon sakini Barat Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, artıq qonaqları qarşılamağa hazırdırlar: “Keçən il pandemiya ilə əlaqədar olaraq heç bir nəfər də gələn olmadı. 100 manat, 80 manatlıq evləri 30 manata, 20 manata da saldırdıq, amma gələn olmadı. İndi yenə 80 manata, 100 manata razılaşma yolu ilə verə bilərik”.

Rieltor İlqar Muradov bildirir ki, bu il günlük kirayə evlərə tələbat çoxdur. Qiymətlər də ərazidən asılı olaraq 80-150 manat arasında dəyişir:

“Ay yarımdır ki, mənə zənglər gəlir, evlər sifariş olunur. Şəhərin yuxarı hissəsində -  Xan Sarayı tərəfdə, “Marxal”, “Dodu məhəlləsi” tərəflərdə qiymətlər 100-150 manat civarındadır. Qiymətlər öz axarına düşüb. Aşağıda isti olduğu üçün 30 manat civarında fərq var”.

Zaqatalada da günlük kirayə evlərə tələbat artıb. Rieltor İlkin Mirzəyinin sözlərinə görə, turistlər ən çox dağətəyi və yaşıllıq ərazilərdəki evlərə üstünlük verirlər: “Əvvəllər şəhərdəki evlərə maraq var idisə, indi kənd evlərinə üstünlük verirlər. Həm şəhərə yaxın, həm də dağətəyi olduğu üçün Car kəndindəki evlərə turistlərin marağı daha çoxdur”.

Rieltor bildirib ki, ötən ilə nisbətən qiymətlərdə də xeyli fərq var.

“Keçən il turist az idi deyə 50 manatlıq evlər hətta 20 manata qədər düşmüşdü. Bu il yaxşıdır. Tələbat var, gələn-gedənlərimiz var. Qiymətlər hazırda 30 manatdan başlayır. Şəraitdən asılı olaraq da 40-50, hətta 100 manata kimi qiymətlər dəyişir”.

Ev sahibləri də turist axınını nəzərə alaraq qiymətləri artırıblar. Rayon sakini Hikmət Məmmədovun sözlərinə görə, qonaqla danışıqdan asılı olaraq endirim də edirlər.

“Ötən il evləri 20 manata da verirdik, ancaq qalan yox idi. Bu il adam sayına baxırıq. 50 manata veririk, 40 manata olur. Tək adam olsa, 30 manata da veririk. Bir də uzunmüddətli qalan olanda endirim edirik. Gələn də var".

Rieltorlar vurğulayıblar ki, bu il xarici ölkələrə getməkdə müəyyən məhdudiyyətlər olduğundan vətəndaşlar əsasən rayonlara üz tutacaqlar. Bu səbəbdən də gündəlik kirayə ev qiymətlərinin iyul-avqust aylarında daha da artacağı gözlənilir.

Eləcə də oxuyun:

1345
Teqlər:
kirayə, kirayə ev, kirayə mənzil, bölgələr, Şəki, Zaqatala, Qax, qiymətlər, yay mövsümü
Bakı buxtasına mənzərə, arxiv şəkli

Azərbaycanın MDB-də 25 illik tarixi: müsbət mənfilər

1193
Azərbaycan Respublikası 1993-cü il sentyabrın 24-də Müstəqil Dövlətlər Birliyinin üzvü olub. Bunun ölkəyə hansı müsbət təsiri olub və bu əməkdaşlıq formatının gələcəyi varmı - mütəxəssislərin dilindən.

 

BAKI, 24 sentyabr — Sputnik. MDB yarandığı gündən etibarən təkcə siyasi deyil, həm də Sovet İttifaqının dağılmasından sonra ayrılan ölkələr arasında iqtisadi əlaqələrin qurulması üçün bir platforma kimi fəaliyyət göstərir.

Azərbaycanın MDB-də praqmatik mövqeyi

Azərbaycanlı ekspert Tofiq Abbasov bildirib ki, bu cür format keçmiş İttifaq subyektləri arasında bir sıra mübahisəli məsələlərin həllinə kömək edib. O, Azərbaycanın MDB-dəki mövqeyini rasional olaraq qiymətləndirib.

"1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bir çox problemlər aradan qaldırılıb. Azərbaycan MDB nizamnaməsini imzaladı və sonra hamı başa düşdü ki, ona üzv olmaq sosial-iqtisadi və digər məsələlərin həllinin etibarlı zəmanətidir, çünki vahid sistem olduğundan hər kəsin təşkilat daxilində müəyyən üstünlüklərə dair öz fikirləri var idi", - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, MDB siyasi deyil, geoiqtisadi formatdır ki, bu da keçmiş Sovet İttifaqı çərçivəsində iqtisadi prosesləri tənzimləyir və bütün iştirakçılara keçmiş İttifaqın faydalarından istifadə etmək hüququnu verir.

Mütəxəssis hesab edir ki, Azərbaycanın MDB-yə qoşulması doğru addım, respublikanın fəaliyyəti isə konstruktiv idi.

"Ayrılma prosesi baş verdikdə tərəflərin özlərinə mümkün qədər çox saxlaması üçün səbəbləri və ya iddiaları olur. SSRİ bərabər respublikalar üçün bərabər imkanlara malik olan bir ölkə idi, buna görə də İttifaqın dağılması mexanizmin işə salınmasına səbəb oldu: gələcəyə nəyin, kimin və kim ilə daxil olduğuna və ən əsası – nəyin kimə aid olduğuna qərar vermək lazım idi", - Abbasov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın MDB-yə qoşulması bir çox təsərrüfat məsələlərinin, iqtisadi problemlərin həllini tapmağa, sovet dövrünün yeni subyektləri ilə əlaqələrin qurulmasına kömək edib.

Mütəxəssis hesab edir ki, Azərbaycan MDB ölkələri arasında malların daşınması üçün hab kimi müsbət rol oynaya bilər.

"Azərbaycan, həm quruda, həm də dənizdə böyük infrastruktur imkanlarına malik olan, Mərkəzi Asiya üçün çox əhəmiyyətli bir kommunikasiya dəhlizidir. Üstəlik, Azərbaycan İran və Şimali Qafqazı birləşdirə bilər", - deyə mütəxəssis bildirib.

MDB Avrasiya İqtisadi Birliyinə tramplin kimidir

Rusiyalı politoloq, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov isə MDB formatını köhnəlmiş hesab edir. Onun fikrincə, bu platformadan Azərbaycan Rusiya ilə bir sıra məsələlərdə - əlaqələrin, ticarətin inkişafı, miqrasiya məsələlərinin həllində istifadə edir, ancaq eyni zamanda o, Bakıya Avrasiya İqtisadi Birliyinə sıx inteqrasiyadan qaçınmağa imkan verib. Onun fikrincə, gələcək məhz bu yeni formatla bağlıdır.

Postsovet məkanı ölkələri Rusiya da daxil olmaqla bir-biri ilə geniş qarşılıqlı təcrübə əldə ediblər. MDB - üzvlərinin iqtisadi qarşılıqlı əməkdaşlığı öz xeyrinə dərinləşdirdiyi və genişləndirdiyi Avrasiya İqtisadi Birliyi üçün bir növ tramplinə çevrilib.

"Düşünürəm ki, Azərbaycan gec-tez Avrasiya inteqrasiyasında daha fəal iştirak məsələsini nəzərdən keçirəcək. İqtisadi ehtiyac Rusiya ilə münasibətlərdə daha səmərəli, daha ardıcıl fəaliyyət qurmaqdan və bu əlaqələri dərinləşdirməkdən ibarətdir. Rusiya çox sayda Avrasiya ölkəsində prosesləri dərhal irəlilədə biləcək əhəmiyyətli bazara malikdir. Ancaq bunu yalnız Moskva özü istəyərsə və Bakı Rusiya ilə MDB-nin köhnəlmiş formatına heç cür sığışmayan münasibətlərdə iştirak edərsə. Bu tamamilə fərqlidir", - deyə politoloq izah edib.

Eləcə də oxuyun:

1193
Teqlər:
MDB, Azərbaycan
Neft buruğu, arxiv şəkli

Azərbaycan neftinin qiyməti son iki ildə maksimuma çatıb

697
(Yenilənib 14:56 24.09.2021)
Azərbaycan neftinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il iyulun 5-də (78,35) qeydə alınıb.

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,57 dollar artaraq 78,50 dollar təşkil edib.

Dünya birjalarında neft qiymətləri bahalaşır

London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,16 dollar artaraq 77,41 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,02 dollar bahalaşaraq 73,32 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il iyulun 5-də (78,35) qeydə alınıb.

Energetika naziri Pərviz Şahbazov Rusiyanın “Нефтегазовая вертикаль” jurnalına verdiyi müsahibəsində deyib ki, Azərbaycan OPEC+ ölkələri arasında konsensus əldə etmək üçün gələcəkdə də məsləhətləşmə prosesində fəal iştirak etməyi planlaşdırır.

“Hesab edirəm ki, OPEC+ formatında verilən qərarların və atılan addımların düzgünlüyü şübhə doğurmur. Azərbaycan dünya neft bazarını sabitləşdirmək üçün tədbirləri dəstəkləyir, fəal iştirakçıdır və OPEC+ ölkələri arasında konsensus əldə etmək üçün gələcəkdə də məsləhətləşmə prosesində aktiv iştirak etməyi planlaşdırır”, - deyə nazir vurğulayıb.

Eləcə də oxuyun:

697
Teqlər:
neft, qiymət, AzeriLight, 'Brent'
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq