Mərkəzi bankın binasında Azərbaycan bayrağı, arxiv şəkli

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı - DETALLAR

996
(Yenilənib 19:13 18.06.2021)
Dünya ərzaq qiymətlərinin yüksəlməsinin daxili inflyasiyaya birbaşa və dolayı artırıcı təsirləri davam edir.

BAKI, 18 iyun — Sputnik. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılıb.

İnflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlib. Qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də təxirə salınmış tələbin fəallaşması fonunda faktiki inflyasiya artsa da hədəf dəhlizində qalmaqdadır. İnflyasiyanın tələb amillərinin davamlılığı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. İlin qalan dövründə qeyri-monetar amillərin inflyasiyaya təsirinin yüksələcəyinə baxmayaraq inflyasiya proqnozu dəyişdirilməyib. Tədiyə balansının yaxşılaşması makroiqtisadi sabitliyin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyir və inflyasiya amillərini tarazlaşdırır. Risklər balansı və növbəti aylarda mövsümi amillərin inflyasiyaya təsirinin fəallaşması gözləntiləri qəbul edilmiş qərarı şərtləndirən başlıca amillərdir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, gözlənilən inflyasiyanın hədəflə müqayisəsi və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək.

İnflyasiya prosesləri

İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından bəri illik inflyasiya tempi hədəf çərçivəsində (4±2%) qalıb. Rəsmi statistikaya görə mayda istehlak qiymətləri indeksi sabit qalmış, 12 aylıq inflyasiya 4.9% təşkil edib.

Ümumi inflyasiyanın başlıca ənənəvi mənbəyi olan ərzaq inflyasiyasına mövsümi faktorlar azaldıcı, dünya ərzaq qiymətlərində bahalaşmanın davam etməsi isə artırıcı təsir edir. Mövsümi amillər əsasən yerli meyvə-tərəvəz məhsullarının ucuzlaşması ilə müşayiət olunur. Mayda ərzaq qiymətləri orta hesabla 0.3% azalıb, illik ərzaq inflyasiyası 5.2% təşkil edib.

Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri inflyasiya idxalı və məcmu tələbin bərpası ilə yanaşı daxili xərc amillərindən də təsirlənir. İllik əsasda may ayında qiymətlər qeyri-ərzaq məhsulları üzrə 4.4%, xidmətlər üzrə isə 4.8% yüksəlib. Beləliklə, illik inflyasiyanın strukturunda qeyri-ərzaq məhsulları və xidmətlərin qiymət dəyişiminin rolu artıb.

Dövlət tərəfindən tənzimlənən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-may aylarında 2.6% təşkil edib.

Faktiki inflyasiyanın inersiyası inflyasiya gözləntilərində də özünü göstərir. Real sektor üzrə monitorinqə görə qeyri-neft sənayesi, ticarət və tikintidə qiymət gözləntiləri indeksi artıq 3-cü aydır ki, pozitiv zonada qərarlaşıb. İnflyasiya gözləntiləri may ayında əvvəlki aya nəzərən qeyri-neft sənayesində, ticarətdə və xidmət sektorunda cüzi azalıb, tikinti sektorunda isə artıb.

İyun ayında yenilənmiş proqnozlara görə 2021-ci ilin sonuna illik inflyasiya hədəf diapazonunda qalacaq. İyun, iyul və avqust aylarında mövsümi amillərin inflyasiyaya azaldıcı təsirlərinin davam edəcəyi gözlənilir.

Xarici sektor

Qlobal iqtisadiyyatın bərpası və əmtəə bazarlarında qiymətlərin yüksəlməsinin inflyasiyaya təsirləri çoxtərəflidir.

COVİD-19 əleyhinə peyvəndləmənin sürətlənməsi və ayrı-ayrı ölkələrdə karantin məhdudiyyətlərinin yumşaldılması qlobal iqtisadiyyatda fəallığın yüksəlməsi ilə müşayiət olunur. Son meyilləri də nəzərə alaraq Dünya Bankı və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı qlobal iqtisadi artıma dair proqnozlarını yüksəltmək istiqamətində təshih etdilər.

Qlobal iqtisadi aktivliyin artması neftə tələbi yüksəldir. OPEC+ razılaşması çərçivəsində tələbin artımına konservativ reaksiyanın verilməsi şəraitində neftin qiyməti yüksəlməkdə davam edir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 64 ABŞ dollarını, iyun ayının əvvəlindən isə son 2 ilin maksimumuna çataraq 70 ABŞ dollarını üstələyib.

Qlobal mühitdəki son meyillər, eləcə də qeyri-neft sektoru üzrə ixracın genişlənməsi valyuta bazarında sabitliyin əsas faktoru olan tədiyə balansına müsbət təsir edir. 2021-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 5.6%-i səviyyəsində profisit formalaşmış, kapital hesabı da profisitli olub. İyunda 2021-ci il üçün cari əməliyyatlar hesabının profisitinə dair illik proqnoz yüksəlmə istiqamətində təshih edilib.

Profisitli tədiyə balansı şəraitində strateji valyuta ehtiyatları ilin əvvəlindən bəri 2.8% (1.5 mlrd. ABŞ dolları) artaraq 52.3 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlib.

Dünya ərzaq qiymətlərinin yüksəlməsinin daxili inflyasiyaya birbaşa və dolayı artırıcı təsirləri davam edir. Dünya ərzaq qiymətləri may ayında 4.8%, son 12 ayda isə 39.7% yüksəlib.

Monetar şərait

Monetar şəraitdə ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik baş verməyib.

İlin əvvəlindən bəri pul bazasının dəyişimi pozitiv zonaya keçmişdir. İlin qalan dövründə pul təklifinin artımının əsasən vahid xəzinə hesabı qalığının dəyişimindən asılı olaraq davam edəcəyi gözlənilir. Ölkədə nağdsızlaşma prosesinin sürətlənməsi pul təklifinin strukturuna da təsir edir, nağd pula tələbin azalması müşahidə edilir.

Monetar və makroprudensial stimullar, eləcə də dövlətin güzəştli proqramları kredit aktivliyini dəstəkləyir. 5 ayda bank sistemi üzrə kredit portfeli 3.8%, o cümlədən biznes kreditləri 2.4% artıb. Bu dövrdə tikinti və bir sıra əlaqəli real sektor sahələrində iqtisadi fəallığa dəstək verən ipoteka kreditləri 7.2% artıb. İstehlak tələbinin fəallaşması fonunda istehlak kreditləri 5.1% artsa da pandemiyadan öncəki səviyyəni bərpa etməyib.

Maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlər fərqli istiqamətlərdə dəyişir. Ötən iclasdan sonra dövlət qiymətli kağızlarının gəlirliyi azalıb, depozit və kredit faizlərində isə əhəmiyyətli dəyişiklik baş verməyib. Kreditlərə tələbin tədricən artması bəzi bank qrupları üzrə depozit və kredit faizlərinə artırıcı təsir edir.

Dollarlaşmanın azalması davam edir. Fiziki şəxslərin əmanətlərinin strukturunda manatla depozitlər 2015-ci ilin fevralından bəri ilk dəfə üstün paya sahib olub. 5 ayda əhalinin müddətli manat əmanətləri 16.1% artıb.

İqtisadi fəallıq

İstehsal güclərinin tam yüklənmədiyi şəraitdə məcmu tələb yüksəlməkdə davam edir.

Peyvəndləmənin geniş miqyas alması və epidemioloji vəziyyətin nisbətən yaxşılaşması iqtisadi aktivliyə müsbət təsir edir. 2021-ci ilin yanvar-may aylarında qeyri neft-qaz sektorunda 4.5%-lik iqtisadi artım olub. Qeyri neft-qaz sektorunun ticari sahələrində 10.1% (sənaye və kənd təsərrüfatı), qeyri-ticari sahələrində isə 3.2%-lik artım baş verib.

İqtisadi artım dövlət investisiyaları, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin başlanması, xarici tələb, eləcə də istehlak tələbinin nisbi canlanması ilə dəstəklənir. Bununla belə, qiymətləndirmələrə görə məcmu tələb pandemiyanın başlamasından əvvəlki səviyyəyə hələ çatmayıb.

Keçirilmiş sorğular bir sıra sahələrdə iqtisadi aktivliyin bərpasını təsdiqləyir. Real sektorun monitorinqinə görə may ayında biznes inam indeksi xidmət və tikinti sektorlarında artım meyilli olmuş, ticarətdə pozitiv zonada qalmaqla dəyişməyib. Xidmət sektorunda biznes inam indeksinin yüksəlməsi əsasən faktiki tələb hesabına baş verib. Sorğuya cəlb edilən qeyri-neft sənaye müəssisələri üzrə istehsal gözləntiləri son ayda qalxıb.

İnvestisiya və istehlak tələbində müşahidə edilən nisbi fəallaşma təklifin də adekvat artımı ilə müşayiət olunduğundan hələ ki, tələb inflyasiyası təzyiqi yaratmır.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiya hədəfinə nail olunması vəziyyəti, inflyasiya gözləntiləri, xarici və daxili risklərin dəyişiminin təsirləri nəzərə alınmaqla qəbul ediləcək.

Bu qərar 18 iyun 2021-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il iyul ayının 30-da ictimaiyyətə açıqlanacaq.

996
SOCAR işçisi

Avropa Azərbaycandan əlavə qaz almağa niyə tələsmir?

29
(Yenilənib 23:24 28.07.2021)
Avropalı istehlakçılar iri tədarüklər istəyirlər, lakin qazı maksimal qısa müddətdə almaq istəyirlər. Uzunmüddətli sazişlər onların maraqlarına cavab vermir.

BAKI, 28 iyul — Sputnik. Avropa ölkələri Azərbaycan qazını Avropaya çatdıran Transadriatik qaz kəməri üçün əlavə güclər sifariş etməyiblər. Alıcıların tədarükün artırılmasında maraqlı olmaması Bakının magistralın genişləndirilməsi üzrə planlarını təhlükə altına qoyur.

Niyə Avropa hətta kəskin çatışmazlıq şəraitində Azərbaycandan “mavi yanacaq” almaq istəmir – Bu barədə  Sputnik-in materialında.

Uğursuz hərraclar

Azərbaycan qazını Aİ bazarına daşıyan Transadriatik qaz kəməri (TAP) vasitəsilə əlavə qaz həcmlərinin satılması üçün 2019-cu ildə elan olunmuş hərraclar uğursuzluqla nəticələndi: Avropa şirkətləri onlarda iştirak üçün heç bir maraq göstərmədilər.

“Biz təsdiq edirik ki, bazar testi çərçivəsində heç bir sorğu almadıq”, - S&P Global Platts beynəlxalq analitik agentliyi TAP operatorunun nümayəndəsinin sözlərini sitat kimi gətirib.

Bazarın test edilməsinin boru kəmərinin gücünü genişləndirməyə imkan verəcəyi nəzərdə tutulurdu. Tam həcmdə hazırkı 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq planlaşdırılırdı. Lakin Avropada “etibarlı və uzunmüddətli qaza” tələb olmadı.

TAP konsorsiumunda hərracların nəticələrini avropalı istehlakçıların qazı uzunmüddətli sazişlərlə almaq istəməmələri ilə izah ediblər. Əgər “mavi yanacaq” transsərhəd karbohidrat nizamlanması qanunlarına “ilişsə”, onda onun qiyməti xeyli artacaq.

“Təbii qazın statusu hələ dəqiqləşdirilməyib. Qaz layihələrinin Avrokomissiya tərəfindən maliyyə dəstəyi almamasının tərəfdarı çoxdur. Onların opponentləri qeyd edirlər ki, təbii qaz keçid dövründə lazım olacaq. Bütün bu məsələlər üzrə bazarın iştirakçıları kompromis tapmağa cəhd edirlər. Bütün bunlar alıcılar və daşıyıcılar üçün qeyri-müəyyənlik yaradır”, - Konsorsiumun direktorlar şurasının üzvü Murad Heydərov Report-a bildirib.

Defisit bazarı

Sorğuların olmamasına baxmayaraq, iyulun ikinci yarısında TAP, demək olar ki, tam həcmdə dolub: 24 və 25 iyulda magistral 95% dolub. Bu göstərici onun keçən il istismara verilməsindən sonra rekord olub – daha öncə bu göstərici 88%-i keçməyib.

Avropa istiqamətində tədarükün artması qanunauyğundur – bölgədə ötən qış ərzində boşalmış yeraltı anbarların doldurulması zərurətindən və artmış tələbatdan son bir neçə ay ərzində ciddi qaz defisiti hökm sürür.

Avropa yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi Gas Infrastructure Europe-in 27 iyul üçün məlumatına görə, 54,7%-ə çatıb (2020-ci ilin həmin günü – 84,8%). İsitmə mövsümünün yaxınlaşması hazırkı vəziyyəti əlavə olaraq çətinləşdirir. Ənənəvi olaraq “yeraltı anbarlar” doldurulmadan paylamağa keçirlər. Anbarların hazırkı doldurulma templərini nəzərə alsaq, qışadək ehtiyatların həcmi, çətin ki, 70%-i keçsin. Norma isə 92%-dir.

İri sıxılmış qaz tədarükçüləri (ABŞ və Qətər) yüklərini daha əlverişli Cənubi Amerika və Asiya bazarlarına yönəldirlər, “Qazprom” isə bir il əvvəldən Polşa və Ukrayna vasitəsilə Avropaya əlavə həcmlərin tədarükünə dair hərraclarda iştirakdan imtina edib.

Nəticədə Avropada qazın qiyməti kəskin artmağa başladı. Niderlanddakı TTF habında qazın tədarüklə birgə qiyməti bazar ertəsi iyulun 26-da min kubmetrə $433 rəqəmində dayanıb (fevralın 23-də min kubmetr $199 idi, - Sputnik). Son iki həftə ərzində “mavi yanacaq” sabit olaraq $410-440 aralığında satılırdı.

Əldən çıxmış gəlir?

“TAP bazar testlərinin nəticəsiz yekunlarını Avropa qaz bazarındakı hazırkı vəziyyətdə əlaqələndirmək düzgün deyil, çünki söhbət təcili tədarüklərdən deyil, perspektiv tələbatdan gedir. Ona görə də anbarların doldurulması və təklifin defisiti vəziyyətini sorğuların olması heç cür düzəltməzdi”. Rusiyanın YEK-in Texnologiyaların inkişafı institutunun eksperti Dmitri Koptev bu fikirdədir.

“Buna baxmayaraq, testlərin nəticələri müəyyən dərəcədə gözlənilməz oldu, - ekspert əlavə edir. – Onlar başlamamışdan layihənin rəhbərliyi bəyan edirdi ki, müsbət nəticəyə ümid edir. Lakin belə görünür ki, ehtiyatlılıq üstün gəldi. Aydındır ki, indi treyderlər üzərlərinə əlavə uzunmüddətli öhdəliklər götürməyə hazır deyillər”.

“Avropalı istehlakçılar iri tədarüklər istəyirlər, lakin qazı maksimal qısa müddətdə almaq istəyirlər. Uzunmüddətli sazişlər onların maraqlarına cavab vermir”. REA Enerji tədqiqatları institutlarının Dünya Enerji bazarlarının öyrənilməsi mərkəzinin direktoru Vyaçeslav Kulagin deyir.

“Qaz bazarı və onun qiymət dinamikası indi sabit deyil. Əgər indi yanacaq birja meydançalarında bahadırsa, lakin heç kim zəmanət vermir ki, bir neçə aydan sonra qiymətlər iki və ya üç dəfə düşməyəcək. Ona görə də hazırda hərrac praktikası alıcılar üçün daha az cəlbedicidir”, - o əlavə edir.

Kulagin bildirir ki, “unutmaq lazım deyil ki, TAP boru kəməri Avropada yüksək qaz qiyməti hesabı ilə istismara verilirdi – min kubmetrə görə təxminən $400. Bu “Şahdəniz” yatağında (magistralın resurs bazası) qaz hasilatının başa gəlməsi qiyməti ilə bağlı idi. O min kuba görə $35-dır, “Qazprom”da bu rəqəm $15-dır.

“Əgər Avropa ölkələri indi qiymətlər yüksək olanda əlavə həcmlər alsalar, bu Bakı üçün çox əlverişli olacaq. Lakin istehlakçı ucuz olmayan qazı istənilən qiymətə almağa tələsmir. O qiymətin düşməsini gözləyir, çünki Avropa Birliyinin bazarı ümumilikdə çox elastikdir”, - Kulagin əlavə edir.

Hətta Azərbaycan qazına ajiotaj tələbat halında respublika qısa vaxt aralığında tədarükləri artıra bilməzdi. “Energetika və maliyyə institutu” Fondunun iqtisadiyyat departamentinin rəhbərinin müavini Sergey Kondratyev bu fikirdədir.

“Məhz boru kəməri qazının bütün iri tədarükçülərinin müəyyən mənada “faciəsi” məhz bundadır. Müvafiq əlverişli bazar konyunkturası halında təklifin sürətlə qarşılanması üçün onların ya sərbəst gücləri, ya da sərbəst həcmləri olmur. Azərbaycanın gündəlik və həftəlik səviyyələrdə tədarük həcmini artırmaq üçün imkanı yoxdur, bu isə hazırda alıcıların əsas marağıdır”, - o bildirib. 

Eləcə də oxuyun:

29
Teqlər:
TAP, bazar, Avropa, Azərbaycan, qaz

Azərbaycan Şimali Qafqaz İran üçün əsas elektrik enerjisi donorudur ekspert

27
(Yenilənib 23:26 28.07.2021)
Rusiyadan Azərbaycan ərazisi ilə İrana elektrik enerjisinin tədarükünü nəzərdə tutan “Şimal-Cənub” layihəsinin reallaşma şansları barədə energetika üzrə mütəxəssis Boris Martsinkeviç danışıb.

BAKI, 28 iyul – Sputnik. Şimali Qafqazda, Rusiyanın ən çoxmillətli bölgəsində enerji defisiti müşahidə olunur, analoji vəziyyət İranda da hökm sürür, buna görə də Azərbaycan hazırda bu regionlar üçün əsas elektrik enerjisi donorudur. Bu barədə Geoenergetika.info analitik jurnalının baş redaktoru Boris Martsinkeviç Sputnik Azərbaycan Multimedia mətbuat mərkəzinin təşkil etdiyi onlayn konfransda deyib.

“Rusiya üçün Azərbaycanın elektrik enerjisi var, çünki təəssüf ki, belə alınıb ki, Şimali Qafqazda enerji defisiti yaşanır. Ona görə də saldoya baxsaq, o, Azərbaycan üçün müsbətdir, bu da ölkədə hasil olunan qazın həcmi ilə elektrik stansiyalarının gücünə baxdıqda tamamilə izaholunandır. Bundan başqa, sistemlər sinxronlaşdırılmasa da, Azərbaycanın elektrik enerjisinin İrana ötürüldüyü iki xətt var”, - ekspert deyib.

Onun sözlərinə görə, İran üçün bu cür əməkdaşlıq sərfəlidir, çünki hazır məhsul almaq imkanı varsa, ölkənin şimalında özünün elektrik stansiyasını tikməyə gərək qalmır. Məhz bundan çıxış edərək də “Şimal-Cənub” enerji layihəsinin  hazırlanması üçün işçi qrupunun yaradılması barədə razılaşma imzalanıb.

“Bu xətlər Rusiya, Azərbaycan və İran arasında elektrik enerjisinin hər iki tərəfə ötürülməsi üçün rahatdır. Bu layihəni gücləndirmək olar və lazımdır. Elektrik enerjisi tədarük olunsa, İran buna ancaq şad olacaq”, - Martsinkeviç deyib.

Azərbaycanın elektrik ehtiyatı bəs edəcəkmi

Ekspertin fikrincə, digər məsələ Azərbaycanın bu layihənin öhdəsindən gələ bilməsidir. Çünki işğaldan azad edilmiş ərazilərin bərpası üçün xeyli həcmdə elektrik enerjisi gərəkdir.

“Həmin ərazilərdə mühəndis tikintiləri yoxdur, yollar dağılıb, mövcud elektrik stansiyalarının ciddi problemləri var. Azərbaycanın öz problemləri də az deyil. İstərdik ki, Rusiya elektrik enerjisinin tədarük olunması ilə Azərbaycanda yaranan problemlərin həllinə kömək olsun. Bunun üçün Dağıstanda yeni enerji güclərinin inşasına investisiyaların aktiv cəlb olunması gərəkdir. İnanmaq istərdik ki, Rusiya, Azərbaycan və İran energetika nazirliklərinin nümayəndələrindən olan işçi qrup bu istiqamətdə işlər görəcək”, - ekspert vurğulayıb.

Enerji defisitinin öhdəsindən gəlməkdə Rusiya İrana yardım edir

İranda hazırda kəskin enerji çatışmazlığı müşahidə olunur – Buşəhr AES-in növbəti enerji bloklarının tikintisi elə-belə davam etmir ki. Məhz bu səbəbdən Rusiya dövlətlərarası kredit təqdim edərək nəhəng qaz elektrostansiyasının tikintisinə başlayıb, ancaq bütün bunlar İranın daha çox inkişaf etmiş cənubunda baş verir, Martsinkeviç deyib.

“İranin şimal əyalətlərində mövcud imkanlardan aktiv yararlanmaq üçün tədarükü artırmaq lazımdır. İndi şərait belədir ki, Rusiyanın özünün Dağıstan ərazisində enerji gücləri yoxdur”, - ekspert bildirib.

Rusiya şirkətləri Qarabağın potensialını dəyərləndirməlidirlər

Martsinkeviç hesab edir ki, çaylarla bol olan dağlıq ərazi Qarabağda kiçik HES-lər tikməyə imkan verir ki, bu da Azərbaycan üçün çox sərfəlidir.

“Kiçik su-elektrik stansiyaları tikmək çox asandır, çünki dağ yerində baha başa gələn elektrik xətləri çəkməyə gərək qalmır. Bu cür HES-ləri elektrik enerjisinə ehtiyacı olan obyektlərin yanında tikmək olar. Üstəlik, onların layihəsi də tez hazırlanır, özləri də tez başa gəlir. Ümid edirəm ki, Rusiya şirkətləri hazırda Azərbaycanın təqdim etməyə hazır olduğu potensialı dəyərləndirə biləcəklər", - Martsinkeviç söyləyib.

Eləcə də oxuyun:

27
Teqlər:
Qaradağ, stansiya, tədarük, Azərbaycan, Rusiya, İran, enerji, elektrik
Футбольный мяч. Архивное фото

Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi

0
(Yenilənib 23:03 29.07.2021)
Azərbaycanın "Sumqayıt" və "Keşlə" futbol klubları UEFA Konfrans Liqası ilə vidalaşmalı olublar.

BAKI, 29 iyul - Sputnik. “Qarabağ” (Ağdam) klubu avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

II təsnifat mərhələsindən mübarizəyə başlayan Qurban Qurbanovun yetirmələri “Aşdod” səddini adlayıb. Evdə qolsuz heç-heçə edən Premyer Liqanın vitse-çempionu İsraildəki qələbə ilə tur adlayıb.

“Qarabağ” bu qələbəni erkən qol sayəsində qazanıb. Filip Ozobiçin 6-cı dəqiqədəki qolu komandaya mərhələ adlamaq imkanı verib.

"Sumqayıt" və "Keşlə" də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Sənan Qurbanovun baş məşqçi olduğu paxtaxt təmsilçisi Rusiyanın "Soçi" klubunu qəbul edib.

"ASK Arena"da keçirilmiş qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qələbə qazanıb. 21-ci dəqiqədə rəqibin heyətində Marko Duqandziç hesabı açıb. 35-ci dəqiqədə "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarının əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqası ilə vidalaşıb.

"Sumqayıt" "Kapital Bank Arena"da Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə meydan sahibini növbəti dəfə məyus edib. Oyunda başqa qol vurulmayıb. Serbiyada rəqibi ilə qolsuz heç-heçə edən "Sumqayıt" da Konfrans Liqası ilə vidalaşmalı olub.

0