Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kənd təsərrüfatı məhsullarının ixrac problemi necə həll olunur

© Sputnik / Rashad KeremogluFüzulinin Alxanlı kəndi
Füzulinin Alxanlı kəndi - Sputnik Azərbaycan, 1920, 15.06.2021
Abunə olmaq
Kənd təsərrüfatı məhsullarının, o cümlədən pomidorun satışında hansı problemlər var və çıxış yolu nədir? İqtisadçının danışdıqları Sputnik Azərbaycan-ın materialında.

BAKI, 15 iyun — Sputnik. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Global Gap" sertifikatı olan pomidor istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlar ilə görüş keçirilib. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev kənd təsərrüfatı məhsulları ixracında xüsusi çəkisi olan pomidorun xarici bazarlara çıxarılmasına dəstəyin göstərilməsi, həmçinin bu sahədə yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində görülən işlər və göstəriləcək dəstək mexanizmləri barədə məlumat verib, sahibkarları bu sahənin inkişafı məqsədilə dövlət qurumları ilə sıx əməkdaşlığa dəvət edib. Yeni bazarlara ixrac prosedurları ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, fermerlər aqrar məhsulların satışında problem yaşayırlar. Fermerlərin sözlərinə görə, məhsulun Rusiya bazarına çıxarılması xeyli çətinləşib. Fermerlər deyirlər ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib. Əslində Rusiya tərəfi də məhsullarımızı qəbul edir. Amma problemin kökü Azərbaycan-Rusiya sərhəddində yaranan tıxacdır. Avtomobillərlə sərhədi keçmək 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür.

Əgər fermerə sərf etməyəcəksə, məhsul əkməkdən imtina edə bilər

Məsələ ilə bağlı iqtisadçı Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, hazırda fermer məhsulunu bazara çıxa bilmir və bu istiqamətdə problemlər var: "Bu il pomidordan da çətin vəziyyət xiyarın satışında olub. Xiyarın bir kiloqramı 10-15 qəpiyə düşdü, hətta 5 qəpiyə düşən vaxtları oldu. Fermer deyir ki, qoyduğum xərci belə çıxarda bilmirəm. Pomidorda da belə bir vəziyyətdir. Hələ açıq sahələrdə pomidor çıxmayıb, pərakəndə bazarda pomidorun kilosu 60 qəpikdir, istixanalardan 30-40 qəpiyə çıxır. Əsas problem odur ki, Rusiyaya məhsulu çıxarda bilmirlər. Əgər fermerə sərf etməyəcəksə, məhsul əkməkdən imtina edə bilər".

İqtisadçı bildirib ki, Azərbaycan bir bazardan asılı olmamalıdır, mütləq alternativ bazarlar tapılmalıdır: "Rusiya bazarının özü də dayanıqlı bazar deyil. Vaxt var idi ki, Rusiyaya pomidor ancaq bizdən gedirdi. Hazırda Türkmənistanda min hektarlarla istixanalar açılıb. Artıq Rusiyanın özündə Dağıstan tərəflərdə pomidor əkilir. Biz keyfiyyətli məhsulumuz ilə onlarla rəqabət aparmalıyıq. Azərbaycan pomidoru dadlıdır və bizim pomidorumuz Rusiya bazarında brenddir. Azərbaycan Avropada da rəqabət apara bilər".

"Problemin kökü odur ki, yerli pomidor istehsalı daxili bazarı tam təmin edir. Pomidor artıq istehsal edildiyi üçün xaricə göndərilməlidir. Məhsul xaricə ixrac edilməyəndə isə fermer uduzur. Yeni bazarların tapılmasında fermerə dəstək göstərilməlidir", -deyə o qeyd edib.

Digər bir problemə toxunan ekspert bildirib ki, bizdə fermerin əkəcəyi məhsul tənzimlənmir: "Uçot aparılmalıdır və bilinməlidir ki, hansı məhsuldan nə qədər əkilib. Bizdə məsələn, fermer baxır ki, bazarda alçanın qiyməti bahadır və başlayır alça əkməyə. Lakin alça xaricə gedən məhsul deyil, yəni Rusiya onu almır. İndi artıq alçanın qiyməti ucuzlaşıb. 2-3 ildən sonra alçanın qiyməti 10 qəpik olacaq və yenidən alça bağlarını məhv edib, başqa məhsul əkəcəklər. Fermerlərə yol göstərilməlidir ki, hansı məhsulu əksinlər və nəyə tələbat var. Hazırda bizdə sərbəstçilikdir, kim nə istəyir onu da əkir. Məsələn, kimsə soğan əkir, pul qazanırsa, bütün kənd başlayır soğan əkməyə. Bu zaman soğan istehsalı artır və qiymət ucuzlaşır. Nəticədə soğan becərənlər ziyana düşürlər. Bu, belə olmamalıdır və ixtisaslaşma getməlidir. Bu məsələ tənzimlənməlidir".

Fermer məhsulunu yetişdirməkdə və satmaqda sərbəstdir

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, fermer məhsulunu yetişdirməkdə və satmaqda sərbəstdir: "Yəni bu gün kimsə deyir ki, "mənim məhsulum satılmır, dövlət bunu məndən alsın". Belə bir mexanizm heç bir yerdə yoxdur. Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı portalı (http://tedaruk.az/) var. Kim məhsulunu satmaq istəyirsə, bu saytda qeydiyyatdan keçir. Kimin məhsulu varsa, bu saytda qeydiyyatdan keçir, onunla əlaqə saxlayırlar. Burada 3-5 kiloqramdan söhbəti getmir, saytda məsələn, xəstəxanaların, uşaq bağçalarının tələbatı ilə bağlı elanlar yerləşdirilir. Digər tərəfdən, yavaş-yavaş Rusiyanın müvafiq qurumu tərəfindən bizim müəssisələrdən Rusiyaya məhsul ixracına icazə verilir".

"İndi kimsə fermerə deyəndə ki, bəs, niyə pomidorun kilosunu 3-5 manata satırsan, fermer deyir ki, öz məhsulumdur, istədiyim qiymətə sata bilərəm. Məhsulu satılmayanda isə fermer deyir ki, məhsulumu dövlət alsın. Fermer hansı məhsulu əkməsində, hansı qiymətə satmasında sərbəstdir. Bazar tələb-təklif əsasında formalaşır", - deyə o bildirib.

"Rosselxoznadzor"-un qadağaları və onların yumşaldılması

2020-ci il dekabr ayının 10-dan etibarən "Rosselxoznadzor" Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyub. Buna səbəb idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlərin aşkar edilməsi olub. Bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və iş adamlarının "Rosselxoznadzor"-la çoxsaylı təmasları sayəsində bir sıra müəssisələrdən Rusiyaya pomidor ixracını bərpa edə biliblər.

Belə ki, Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") iyunun 15-dən ölkəyə Azərbaycanın daha 31 müəssisəsindən pomidor, 24 şirkətindən isə alma idxalına icazə verib. "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında iyunun 10-u və 11-i aparılmış danışıqlardan sonra məhsulların dəmir yolu ilə danışması barədə razılığa gəlinib. Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında qəbul edilib. Məhsullar fitosanitar sertifikatlarla ixrac olunacaq, hər vaqonda yalnız bir müəssisədən bir məhsul növünün daşınmasına icazə veriləcək. Bu il oktyabrın 1-dən isə Azərbaycandan pomidor və almaların konteynerlərlə daşınması nəzərdə tutulub.

Lakin bu icazə ölkədə istehsal olunan və Rusiya bazarlarını hədəfə alan pomidorla bağlı problemləri kökündən həll etmək üçün yetərli olmayıb.

Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9 faizi) təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.

Sərhəddə vəziyyət

Hazırda Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qalxıb. "Samur" gömrük postundan verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.

Bir müddət əvvəl Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının uzun növbəsi yaranmışdı. Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxılan yük maşınlarının sayı artırılmışdı.

Dağıstanlı məmurun təklifi

Problemlə bağlı bir neçə gün öncə müraciət etdiyimiz Dağıstan gömrüyünün rəhbəri, gömrük xidmətinin polkovniki Sergey Trotsko həm Rusiyanın sərhəd xidməti, həm də Dağıstan gömrüyü sərhədkeçmə qabiliyyətini artırmaq üçün əllərindən gələni etdiyini bildirmişdi.

Rəisin sözlərinə görə, hazırda buraxılış qabiliyyəti layihə göstəricilərini iki dəfə üstələyir.

"Yəni layihə və faktiki buraxma qabiliyyəti var. Biz faktiki olaraq layihənin icazə verdiyindən iki dəfə artıq insanı sərhəddən keçiririk. Hər gün 300 yük maşını keçir buradan. Bu göstəricini artırmaq üçün işlər görülür. İndi buraxılış məntəqəsinin rekonstruksiyası aparılır – bu, birinci mərhələdir. Sonra ikinci mərhələ başlayacaq, onu da 2022-ci ilin ortalarınadək yekunlaşdırmağı planlaşdırırıq", - Trotsko qeyd edib.

"Alternativ nəqliyyat növləri var və onlardan istifadə etmək lazımdır, xüsusilə də dəmir yolundan, məsələn, bir dəmiryolu qatarı – 150 tır (yük maşını) deməkdir. Əgər dəmiryolu ilə vaqonlar göndərilsə, on gün ərzində Yaraq-Qazmalarda və yaxınlıqdakı buraxılış məntəqəsində bir maşın da qalmaz. Dəmir yolu da açıqdır. Sual daşıyıcılaradır ki, göndərən də, daşıyıcılar da, alıcılar da alternativ kimi bu nəqliyyat vasitəsindən istifadə etsinlər", - o deyib.

Trotskonun sözlərinə görə, Dağıstan gömrüyünün gün ərzində bir neçə dəmiryol qatarını buraxmaq üçün gücü, imkanı və vasitələri var. Hətta gündə bir qatar Yaraq-Qazmalardakı gərginliyi azalda bilər.

"Əlavə Xanoba gömrük-keçid məntəqəsinin açılacağı barədə söhbət gedir. Sizin tərəfdə onun tam rekonstruksiyası aparılır. O, Yaraq-Qazmalardakı yükü müəyyən qədər azaldacaq.

Azərbaycan Dəmir Yolları kömək etməyə hazırdır

Alternativ variant kimi təklif edilən dəmir yolu nəqliyyatı ilə bağlı Azərbaycanın müvafiq qurumu - Dəmir Yolları QSC-dən "Report"a bildirilib ki, bununla əlaqədar, yük əməliyyatlarına açıq olan bütün stansiyalarında, 24 saat ərzində yüklərin vaqonlarla qəbulunun (soyuducu vaqonlar daxil olmaqla) mümkünlüyünə hazırdır:

"Hazırkı dövr üçün dəmir yolu ilə daşımalar avtonəqliyyat vasitələri ilə daşımalarla müqayisədə çatdırılma müddəti daha az, sərhəd keçid prosedurları 2 dəfə sürətli və təyinat məntəqəsindən asılı olaraq, 20-25% aşağı qiymətə başa gəlir. Məhsulların ixracını sürətləndirməklə ixracatçılara dəstəyin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Dəmir Yolları QSC-nin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və operativ məsələlərin həlli məqsədilə qaynar xətt yaradılıb".

Həmçinin oxuyun:

Göyçayda pomidor qiyamı: Sərhəddəki tıxac və inhisarçılıq fermerlərin belini qırıb

Azərbaycan şirkətlərinə Rusiyaya alma və pomidor tədarükünə icazə verildi

Xəbər lenti
0