* AZƏRBAYCAN *
Rusiyanın Rostelmaş kombaynı

Əməkdaşlığın yeni mərhələsi: Azərbaycan kombaynları xaricə ixrac olunacaq

595
(Yenilənib 20:27 11.06.2021)
Rusiya-Azərbaycan birgə müəssisəsi tərəfindən Azərbaycanda taxılbiçən kombaynların istehsalı layihəsi koronavirus pandemiyası səbəbindən dayandırılmışdı. Sputnik Azərbaycan hazırda texnika istehsalı ilə bağlı vəziyyətin nə yerdə olduğunu araşdırmağa çalışıb.

BAKI, 11 iyun — Sputnik. Rusiya-Azərbaycan birgə müəssisəsində istehsal ediləcək taxılbiçən kombaynlar üçüncü ölkələrə ixrac ediləcək. Bunu Sputnik Azərbaycan-a kənd təsərrüfatı texnikasının quraşdırılması ilə məşğul olan "Rostselmaş" müəssisəsinin Asiya və Qafqaz üzrə satış departamentinin direktoru Andrey Kolesnikov bildirib.

Yeni kombaynlar buraxılışa hazırlanır

"Xəzər Nova 340" taxılbiçən kombaynları Rusiyanın "Rostelmaş" və Azərbaycanın "Azərmaş" birgə müəssisəsində istehsal olunacaq.

Kolesnikovun sözlərinə görə, "Xəzər Nova 340"-ın istehsalı üzrə layihənin reallaşdırılması barədə qərar hələ 2018-ci ilin sonunda qəbul olunub. Ancaq COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər istehsal prosesinə başlamağa imkan verməyib.

© Sputnik / Murad Orujov
İlin sonuna qədər təxminən 20-30 nəqliyyat vasitəsinin istehsalı nəzərdə tutulub

"Bu layihə ilə bağlı qərar 2018-ci ilin sonunda Moskva İqtisadi Forumunda qəbul olunmuşdu. Biz razılaşma imzaladıq və keçən ilin fevral-mart aylarında kombayn istehsalı üzrə komponentlərin tədarükünə başlanılması gözlənilirdi. Ancaq COVID-19-la bağlı məhdudiyyətlər layihəni təxirə saldı. Bir ilə yaxındır ki, vəziyyətin yaxşılaşacağını gözləyirdik. Hazırda müəyyən irəliləyişlər var, ən azından "Azərmaş" müəssisəsi işə başlayıb", – deyə Kolesnikov əlavə edib.

Həmsöhbətimizin sözlərinə görə, hələlik etalon nümunələri şəklində olan ilk maşınlar artıq 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgiləri çərçivəsində Azərbaycana gətirilib.

Kolesnikov onu da qeyd edib ki, bu il kombayn istehsalı layihəsi çərçivəsində maşın dəstlərinin hazırlanması planlaşdırılır. Onların istehsalına bu ilin avqust-sentyabr aylarında başlanacaq və 2021-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanda ilk "Xəzər-Nova 340" kombaynının buraxılması planlaşdırılır. İlin sonuna qədər təxminən 20-30 nəqliyyat vasitəsinin istehsalı nəzərdə tutulub.

Qonşu ölkələrə ixracat

"Taxılbiçən kombaynlar Azərbaycanın hazır məhsulu kimi üçüncü ölkələrə ixrac olunacaq. Bizim üçün qonşu ölkələrə sonrakı ixracat prosesi böyük əhəmiyyət daşıyır. Nə qədər çox maşın istehsal olunsa, müəssisə bir o qədər səmərəli işləyər və istehsal olunan avadanlıqların maya dəyəri aşağı düşər. Buna görə də, "Xəzər" kombaynlarının istehsal gücünün yalnız Azərbaycan bazarı üçün deyil, qonşu ölkələrin bazarları üçün də hesablanması çox vacibdir", – deyə Kolesnikov qeyd edib.

Qarşıdakı illərdə kombaynların istehsalı Azərbaycanın ehtiyaclarına görə və qonşu ölkələrdən gələcək tələblər əsasında artırılacaq. Kolesnikov onu da bildirib ki, üçüncü ölkələrə tədarük barədə danışıqlar aparılsa da, digər ölkələrdən rəsmi müraciətlər birgə müəssisə tam gücü ilə istehsala başlayandan sonra daxil olacaq.

Azərbaycanla Rusiyanın maşınqayırma sahəsində əməkdaşlığı

Bundan başqa, 2018-ci ilin aprel ayında Qorki Avtomobil Zavodu ilə (QAZ Qrupuna daxildir) "Azərmaş" arasında Azərbaycanda montaj-quraşdırma üzrə istehsal prosesi ilə bağlı razılıq əldə olunub.

Rusiya holdinqi respublikanı maşın dəstləri ilə təmin etməklə bağlı üzərinə öhdəlik götürüb. Bundan başqa, brendin təşviqi, "Azərmaş" əməkdaşlarının təlim və sertifikatlaşdırma xərclərinin bir hissəsini kompensasiya etməyə razılıq verib.

© Sputnik / Murad Orujov
"Xəzər Nova 340" taxılbiçən kombaynları Rusiyanın "Rostelmaş" və Azərbaycanın "Azərmaş" birgə müəssisəsində istehsal olunacaq

İstehsalın təşkili ilə bağlı xərcləri Azərbaycan tərəfi öz üzərinə götürüb. Azərbaycan, həmçinin distribusiya və servis xidməti məsələləri ilə də məşğul olacaq.

Azərbaycandakı zavodda QAZ Qrupuna aid 1500-ə qədər yük maşınının yığılması da nəzərdə tutulur.

Bir qədər bundan əvvəl "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov zavodun açılışı məsələsini şərh edərkən Sputnik-ə açıqlamasında bildirmişdi ki, Azərbaycanın Hacıqabul şəhərində Rusiya markası olan QAZ-ın yüngül ticarət avtomobillərinin yığılması ölkədə yük maşınları, avtobuslar və xüsusi texnikanın geniş çeşidli modellərinin istehsalının təşkilinə kömək edəcək. O, həmçinin qeyd edib ki, Hacıqabuldakı müəssisə "QAZel-Next"in gövdə modelləri, furqon və mikroavtobuslar, eləcə də orta tonnajlı "QAZon-Next" yük maşınlarının istehsalını təşkil etməyə imkan verəcək. Zavodun istehsal gücü illik 1,5 min avtomobilə bərabərdir.

595
Tovuzda kartofun yığımı

Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb

18
(Yenilənib 19:06 23.06.2021)
Bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. Bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq

 

BAKI, 23 iyun — Sputnik. Təkrar əkin subsidiyası almaq istəyən fermerlər təkrar əkinləri barədə bəyanı avqustun 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal deyib ki, təkrar əkin subsidiyası fermerlərə bir ildə 2 dəfə əkin subsidiyası almaq üçün yaradılmış imkandır: "Payız əkinlərinin biçinini başa çatdırmış fermerlər yeni mövsümədək qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərindən birinin və ya bir neçəsinin əkinini həyata keçirə bilərlər".

Təkrar əkinlərə görə verilən subsidiyaların məbləği Subsidiya Şurasının qəbul etdiyi əmsallara görə hesablanır.

Pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da qeyd olunan bitkilərin əkinini aparmış fermerlər məhsul subsidiyası almaq üçün mütləq əkinlərini EKTİS-ə bəyan etməlidirlər.

AKİA rəsmisi onu da əlavə edib ki, təkrar əkin üçün müraciət etmək istəyən fermerin mütləq bu il ilk əkin aparması barədə bəyanı EKTİS-də olmalıdır. Eyni zamanda, bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq.

Müraciətlər toplandıqca, monitorinqlər aparılacaq və sentyabrdan başlayaraq təkrar əkin subsidiyalarının ödənişi həyata keçiriləcək.

Qeyd edək ki, təkrar əkin subsidiyası da fermer kartına köçürülür. Vəsaitin 25%-ni fermer nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər.

Xatırladaq ki, qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.

18
Dollar

Azərbaycandan cəsarətli addım: Dünya Bankından kredit almayacaq

495
(Yenilənib 18:22 23.06.2021)
Dünya Bankı tərəfindən koronavirusla mübarizədə bütün ölkələrə təqdim olunan güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib. Amma...

 

BAKI, 23 iyun — Sputnik. Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan "Sürətli COVID-19 aləti" layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil.

Qeyd edək ki, ötən gün Dünya Bankının Bakı ofisinin rəhbəri Sara Maykl bildirib ki, Dünya Bankı Azərbaycanda COVID-19-a təcili cavab tədbirlərinin həyata keçirilməsi layihəsinə 95 milyon ABŞ dolları ayırmağı planlaşdırır: "Keçən il bir neçə ölkə koronavirus infeksiyasına qarşı mübarizədə ölkələri dəstəkləmək üçün sürətləndirilmiş kredit mexanizmi elan edildikdən dərhal sonra maliyyələşmə üçün müraciət etdi. Bu ölkələrə vəsait ayrıldı və onlar COVID-19 səbəbilə yaranmış əlavə xərclərini qarşılaya bildilər. Azərbaycan hökuməti isə öz növbəsində, bu yaxınlarda müraciət edib. Müvafiq olaraq kredit vasitəsilə artıq xərclədiyi vəsaiti kompensasiya edə biləcək. Yeni xərclər arasında COVID-19-lu pasiyentlər üçün müstəsna xidmətlər göstərən tibb işçilərinə əlavə ödənişlər, avadanlıq alışı, gözlənilməz hallar və stimullaşdırıcı tədbirlər üçün əlavə vəsaitlər ola bilər".

Qeyd edək ki, bankın İdarə Heyəti tərəfindən kreditin təsdiqlənməsi sentyabrın 6-na planlaşdırılmışdı.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayrılmasını öz öhdəliyinə götürüb.

495
Эмблема ЕВРО-2020

AVRO-2020-nin 1/8 finalının bütün cütlükləri məlum olub

3
(Yenilənib 01:35 24.06.2021)
Futbol üzrə Avropa çempionatının pley-off mərhələsinin birinci raundu şənbə günü, iyunun 26-da start götürür.

11 şəhərdə keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin bütün qarşılaşmaları məlum olub.

İyunun 23-də AVRO-2020-nin qrup mərhələsi başa çatıb. 1/8 final Amsterdamda Danimarka-Uels və Londonda İtaliya-Avstriya oyunları ilə start götürür.

Avropa çempionatının 1/8 finalının digər cütlükləri belədir:

27 iyun

Niderland - Çexiya (Budapeşt)

Belçika - Portuqaliya (Sevilya)

28 iyun

Xorvatiya - İspaniya (Kopenhagen)

Fransa - İsveçrə (Buxarest)

29 iyun

İngiltərə - Almaniya (London)

İsveç - Ukrayna (Qlazqo)

3