Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2021) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan 2021) sərgiləri işə başlayıb

Pandemiyaya rəğmən: Bakıdakı beynəlxalq sərgidə nələr var - FOTO

24
Koronavirus pandemiyası ilə əlaqədar yaranmış iki illik fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgi Operativ Qərargahın karantin rejimi tələblərinə tam əməl olunmaqla təşkil olunub.

BAKI, 10 iyun — Sputnik. Bu gün Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2021) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan 2021) sərgiləri işə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar yaranmış iki illik fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi tələblərinə tam əməl olunmaqla təşkil olunub.

Aqrar sahəni yenidən inkişaf etdirmək üçün böyük imkanlar yaranıb

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: "İqtisadiyyatımızın bütün sahələrində, o cümlədən aqrar sahədə dinamik inkişaf davam edir. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi həmin ərazilərdə aqrar sahəni yenidən inkişaf etdirmək üçün böyük imkanlar yaradıb. Kənd təsərrüfatında mütərəqqi innovasiya və texnologiyalardan daha geniş istifadənin təmin olunması əsas vəzifələrdəndir. Bu baxımdan müasir texnologiyaların və ən yaxşı təcrübələrin transferində beynəlxalq aqrar sərgilər böyük əhəmiyyətə malikdir".

© Sputnik / Murad Orujov
Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2021) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan 2021) sərgiləri işə başlayıb

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Caspian Event Organisers şirkətinin regional direktoru Edvard Stron bugünkü sərgini işgüzar əlaqələrin bərpa edilməsi və yeni əməkdaşlığın qurulması baxımından mühüm platforma adlandırıblar.

İnnovativ həllər və nailiyyətlər

Qeyd edək ki, "Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgilərində ümumilikdə dünyanın 27 ölkəsindən 248 şirkət təmsil olunur. "Caspian Agro 2021" sərgisində "ağıllı ferma", heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikaları, laboratoriya avadanlıqları, yeni toxum sortları və digər məhsullar nümayiş olunur. Sərgi həmçinin heyvandarlıq və quşçuluq, yem, baytarlıq, bitkiçilik, gübrələr, meyvə və tərəvəzlərin yetişdirilməsi, istixana, elektron kənd təsərrüfatı, kənd təsərrüfatında innovasiya texnologiyaları bölmələrini əhatə edir. "InterFood Azerbaijan 2021" sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullar təqdim edilir.

Kənd Təsərrüfatı Nazirliyinə məxsus pavilyonda aqrar sahə ilə bağlı innovativ həllər və nailiyyətlər nümayiş olunur. Belə ki, innovativ layihələr stendində gübrə və toxum səpən, eləcə də xəstəliyin yayıldığı sahələri müəyyən edən və dərmanlayan aqrodronlar təqdim edilir. Sərgi ziyarətçilərinə fermer və mexanizator arasında kommunikasiyanı idarə edən "AgroUber", eləcə də aqrar mobil laboratoriya layihələri barədə də məlumat verilir. Həmçinin, açıq məkanda dağlıq və dağətəyi zonalardakı sahələrdə taxıl biçən müasir kombaynların işləmə funksiyası əyani nümayiş etdirilir.

© Sputnik / Murad Orujov
"Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgilərində ümumilikdə dünyanın 27 ölkəsindən 248 şirkət təmsil olunur.

3 gün ərzində davam edəcək sərgidə ilk dəfə olaraq "Regional İnkişaf" İctimai Birliyinin və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının könüllüləri də iştirak edirlər.

"InterFood Azerbaijan 2021" sərgisində təqdim edilən bütün məhsullar aşağıdakı kateqoriyalara bölünür: "InterFood" (qida sənayesi), "InterDrink" (içkilər), "InterFoodTech" (texnologiyalar) və "HalalFood". Beləliklə, "InterFood Azerbaijan 2021" sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar (ət, süd, qənnadı məmulatları və sair), halal məhsullar, içkilər (çay, qəhvə, şirələr), baqqaliyyə məmulatları, inqrediyentlər, soyuducu, ticarət, çörəkbişirmə avadanlıqları, meyvə anbarları, sanitariya və gigiyena məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları, etiketləmə avadanlıqları, qablaşdırma avtomatları və bir sıra digər məhsullar təqdim edilir.

© Sputnik / Murad Orujov
3 gün ərzində davam edəcək sərgidə ilk dəfə olaraq "Regional İnkişaf" İctimai Birliyinin və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının könüllüləri də iştirak edirlər.

Rusiya şirkətlərinin Azərbaycan sərgilərində iştirakı çox vacibdir - səfir

Sərgiyə gələn Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov qeyd edib ki, ölkəsinin şirkətlərinin Azərbaycanda keçirilən kənd təsərrüfatı və aqrar sənaye sərgilərində müntəzəm olaraq iştirakı çox vacibdir. 

"Koronavirusla bağlı müəyyən fasilə yaranmışdı. İndi böyük məmnuniyyətlə buraya gəlmişik. Nümayəndələrimiz, öz məhsullarını sərgiləyənlər, azərbaycanlı partnyorlarının bunlara böyük maraq göstərdiyini söyləyirlər. Burada müxtəlif müəssisələrimiz, bilavasitə fermer şirkətləri ilə kənd təsərrüfatı məhsullarını satanlar təmsil olunurlar. Gübrə və kənd təsərrüfatı üçün müxtəlif kimyəvi məhsullar satan, eləcə də nəhəng kənd təsərrüfatı texnikası istehsalçısı da var", - Rusiya səfiri Sputnik Azərbaycan-a bildirib. 

Boçarnikov qeyd edib ki, "Rostselmaş" şirkəti Azərbaycan ərazisində, Hacıqabul sənaye parkında taxılyığan kombaynların istehsalı üzrə nəhəng layihə reallaşdırır. 

© Sputnik / Murad Orujov
Bakıda keçirilən Caspian Agro-2021 və InterFood Azerbaijan-2021 beynəlxalq kənd təsərrüfatı sərgisində "Rostselmaş" şirkətinin kombaynı

"Bu ilin payızından Azərbaycan bazarında böyük tələbata malik kщmbaynların yığılması və istehsalına başlanacağına ümid edirik. Onlar tamamilə yeni, texnoloji və operatorlar üçün rahatdır. Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun bu stendə böyük diqqət ayırması bizə çox xoş oldu", - səfir qeyd edib.

Xüsusi işgüzar proqram

Bu il sərgilər üçün (COVID əleyhinə tədbirlər səbəbindən azaldılmış) xüsusi işgüzar proqram da nəzərdə tutulub. Belə ki, təşkilatçılar hər il rayonlardan olan fermerlər üçün sərgi üzrə turlar təşkil edəcəklər. İşgüzar proqramın əsas hadisəsi isə sərgilərdə yeni işgüzar əlaqələrin qurulması və mövcud əlaqələrin möhkəmləndirilməsi üçün əlavə platforma - ikitərəfli görüşlər (B2B) olacaq. Bu görüşlər sərgi iştirakçıları, yerli istehsalçılar və distribüterlər arasında keçiriləcək. Mütəxəssislər üçün sərgilərə giriş yalnız dəvətnamə və ya elektron qeydiyyat əsasında tibbi maska ilə mümkündür. Ziyarət qaydalarının təfərrüatları ilə sərgilərin veb-saytında tanış olmaq olar.

Sərgilər həm alıcılar, həm də satıcılar üçün birləşdirici bənd funksiyasını yerinə yetirir. Həmçinin sərgilər aqrar-sənaye kompleksinin səmərəli inkişafına və qida məhsullarının "Made in Azerbaijan" brendi altında ixracına töhfə verən, o cümlədən innovasiyaların və yeni məhsulların bazara çıxarıldığı platformadır. "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir. Sərgilər, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı "Caspian Event Organisers" şirkəti və onun bir sıra xarici tərəfdaşlarıdır.

24

Azərbaycanda ixracatın dəstəklənməsi üçün hansı addımlar atılmalıdır? professor danışır

151
(Yenilənib 17:43 14.06.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, ölkədə daxili kredit institutunun formalaşdırılması milli iqtisadiyyatın şaxələndirilmiş formada inkişafına dəstək verə bilər
Elşad Məmmədov: “Xüsusi kredit xətlərinin açılmasına ehtiyac var”

Azərbaycanda ixracatın dəstəklənməsi üçün yeni kreditlərin tətbiq edilməsinə ehtiyac var. Bunu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda qeyr-xammal ixracının dəstəklənməsi və stimullaşdırılması üçün xüsusi kredit xətlərinin açılmasına ehtiyac var: “Bütövlükdə qeyri-xammal ixracının inkişafına dəstək ola biləcək mexanizmlərin işlənməsinə nail olmalıyıq. Ölkədə daxili kredit institutunun formalaşdırılması milli iqtisadiyyatın şaxələndirilmiş formada inkişafına dəstək verə bilər. Bundan başqa xarici bazarların öyrənilməsi məsələsinə də diqqət ayrılmalıdır. Post-sovet məkanında iqtisadi inteqrasiya proseslərinin dərinləşməsi ilə qeyri-xammal ixracatımızın xeyli dərəcədə artırılmasına nail ola bilərik”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

151
Bakı gecə saatlarında, arxiv şəkli

Azərbaycanda gəlmə turizmə "yaşıl işıq" - Siyahı artırıla bilər

28
(Yenilənib 16:34 15.06.2021)
Bu il Azərbaycanda əsasən daxili turizmə tələbat olacağı proqnozlaşdırılsa da, xarici ölkələrlə gediş-gəlişin tədricən bərpası bu mövsüm gəlmə turizmin də canlanacağından xəbər verir.

BAKI, 15 iyun — Sputnik. İyunun 5-də “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında əmrinə əsasən, Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə ölkəmizə giriş-çıxışına icazə verildi. Azərbaycanın iki ölkə ilə (Türkiyə-Rusiya) hava yollarını açması ölkəmizdə turizmə hazırlıq məsələsini gündəmə gətirib. Bu il Azərbaycanda əsasən daxili turizmə tələbat olacağı proqnozlaşdırılsa da, xarici ölkələrlə gediş-gəlişin tədricən bərpası bu mövsüm gəlmə turizmin də canlanacağından xəbər verir.

Sputnik Azərbaycan-ın müxbiri Zülfiyyə Quluyeva ölkəmizdə pandemiya dövründə xarici ölkələrlə hava yollarının açılmasının turizmin inkişafına təsirini, bu istiqamətdə Azərbaycanda hazırlıq işlərinin aparılıb-aparılmadığını araşdırıb.

Başqa ölkələrlə də sərhədlər açılmalıdır...

İqtisadçı deputat Vüqar Bayramov deyir ki, turizm mövsümünün başladığını nəzərə alaraq mərhələli şəkildə gəlmə turizmdə xüsusi payı olan ölkələr ilə analoji yumşalmalara gedilməsi məqsədəuyğundur.

Deputat bildirib ki, turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur: “Ötən həftənin cümə axşamından etibarən Azərbaycan Türkiyə və Rusiya vətəndaşları üçün hava əlaqəsini bərpa edib. Eyni zamanda, əvvəllər müzakirə etdiyimiz kimi, COVID-19-a dair PZR testinin neqativ olduğunu təsdiqləyən sənəd üçün müddət 48 saatdan 72 saata çatdırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarı təqdirəlayiqdir. Belə ki, pandemiyadan əvvəlki ildə Azərbaycana gələn 3 milyon 170 min turistin 29,4%-i Rusiya, 22,9%-i Gürcüstan, 10%-i Türkiyə, 8,1%-i İran, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları idi. Bu baxımdan, gəlmə turizmdə xüsusi paya malik ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq mərhələli şəkildə həmin ölkə vətəndaşlarının da Azərbaycana səfər qaydalarının yumşaldılması ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımdan da vacibdir".

Deputat bildirir ki, 2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2,7 milyard dollardan çox olub. Onun sözlərinə görə, post-pandemiya dövründə turizm sektorunda yenidən canlanmanın olacağı gözlənilir: “Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də turizm sektorundakı açılmalar məşğulluğun təmin edilməsi baxımdan da vacib hesab olunur. Vaksinasiya prosesini sürətləndirən və virus sayını lokallaşdıra bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu, real sektordakı canlanmaya xüsusi təkan verə bilər".

Siyahının genişlənməsi ehtimalı böyükdür

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda bu gün əsas məsələ insanların sağlamlığının qorunması olduğundan, gəlmə turizmin bərpası da pandemiya dövrünə uyğun həyata keçirilə bilər. Onun sözlərinə görə, ölkəmizdə vaksinasiya prosesinin uğurla davam etməsi turizmin dirçəldilməsinə, gəlmə turizmə şans yaradır:

"Hava yolu ilə iki ölkəylə sərhədlərin açılmasından sonra digər ölkələrlə də gediş-gəlişin bərpası, bu siyahının genişlənməsi ehtimalı böyükdür. Hansı ölkələrlə gediş-gəlişin açılacağı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılıdır. Amma artıq Azərbaycanın xarici ölkə vətəndaşlarını qəbul etmə mexanizmi bəllidir”.

Onun sözlərinə görə, bu gün Azərbaycana turistlərin gəlməsi üçün də işlər görülür. K.Quluzadə bildirir ki, Azərbaycanın turizmlə bağlı bəlli bazarları var. Prioritet bazarlarda turizmin təbliği üçün pandemiya dövründə də işlər dayandırılmayıb: “Sadəcə marketinq siyasəti dəyişərək satışdan çox, tanıtım strategiyasına keçilib. Onlayn olsa da, biz bir çox bazarlarda işləyirdik. Seminarlar və onlayn sərgilər keçirilirdi. Artıq biz canlı sərgilərə keçmişik. Mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində pandemiya dövründə ilk dəfə olaraq real iştirakla Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunub. Təbliğat, marketinq işləri davam edir. Formula Qran-prisində Azərbaycanın turizm potensialı çox geniş təbliğ edilirdi. Bu da böyük kütlə üçün əlavə bir xatırlatma idi”.

Turistlər sağlamlıqlarından əmin olmalıdırlar

K.Quluzadə deyir ki, pandemiya dövründə səylər artan rəqabət şəraitində Azərbaycanın təhlükəsiz destinasiya imicini möhkəmləndirməyə yönəldilib. Çünki pandemiya dövründə sərhədlər açıldıqdan sonra insanların ən çox diqqət yetirdiyi istiqamət sağlamlıq və təhlükəsizlik məsələləri olacaq: “Biz bunun üçün SAHMAN proqramını hazırlamışıq. SAHMAN-ın geniş təbliğatı ilə məşğul olmuşuq ki, Azərbaycana gələn turistlər sağlamlıqları ilə bağlı narahat olmasınlar.

Sərhədlər açılarsa, bizim turizm məhsullarımız, hotellərimiz pandemiya dövründə xidmətə hazır vəziyyətdədir. Azərbaycanın turizm sənayesi, eləcə də Bakıda və regionlardakı turizm infrastrukturu turistləri qəbul etməyə hazırdır. Bütün hazırlıq işləri artıq görülüb”, - deyə K.Quluzadə bildirir.

Agentlik rəsmisi bildirir ki, bundan əlavə, ötən ilin avqust ayından başlayaraq Nazirlər Kabinetinin tapşırığı ilə Dövlət Turizm Agentliyi hotellərdə gündəlik monitorinqlər təşkil edir: “Bu monitorinqlərin nəticələri bəllidir. Sağlamlıq nöqteyi-nəzərindən və turizm məhsullarını təqdim etmək baxımından heç bir problem yoxdur. Turizm sektorunda vaksinasiya da uğurla davam edir. Bir çox hotel və turizm şirkətləri də bu prosesi keçirlər”.

Ən çox turist axını bu ölkələrdən gözlənilir

K.Quluzadə bildirir ki, ən çox turist axını iyun ayı üçün gözlənilir. Onun sözlərinə görə, Türkiyə, İsveçrə və Böyük Britaniyadan futbol yarışı ilə bağlı Azərbaycana böyük turist axını gözlənilir: “Türkiyə və Rusiya ilə hava yollarının açılması ilə əlavə turistlərin gəlməsinə də imkanlar verəcək. MDB ölkələri, Azərbaycana  qonşu ölkələr, Avstriya, yaxın şərq ölkələri və Avropa, Şərqi Asiya bizim prioritet bazarlarımızdır. Azərbaycanın altı rəsmi turizm nümayəndəlikləri var. Bu nümayəndəliklər Rusiyada, Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyadadır. Bu istiqamətlər bizim üçün prioritet bazarlardır”.   

Quru sərhədlər də açılacaq?

Ekspertlər də pandemiya dövründə ölkəmizə giriş-çıxış qaydalarının yumşaldılmasının, daha çox ölkələrlə hava əlaqələrinin bərpa edilməsinin tərəfdarıdır. Turizm üzrə ekspert Ruslan Quliyev deyir ki, Qazaxıstan, Belarus, Körfəz ölkələri ilə də əlaqələr bərpa edilməlidir. Onun sözlərinə görə, vaksinasiya gəlmə turizmin dirçələcəyinə ümid yaradır.  R.Quliyevin sözlərinə görə, hava yollarının açılması quru sərhədlərin də açılmasına ümid yaradır: “Gürcüstan artıq quru sərhədləri açır. Azərbaycan da Gürcüstan, Naxçıvan, Türkiyə və İran istiqamətində sərhədləri açarsa, bu ölkəmizə turist axınına, gəlmə turizmin dirçəlməsinə səbəb olar”, - deyə R.Quliyev söyləyir.

Qeyd edək ki, mətbuatda Azərbaycan iyunun 15-dən quru sərhədlərini açacağı ilə bağlı məlumat yayılıb. Məlumata görə, artıq Dövlət Gömrük Komitəsi (DGK) gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə ilkin razılıq əldə edib. Bununla əlaqədar rəhbərlik Ərazi Baş Gömrük İdarələrinə tapşırıqlar verib və gələn həftə məntəqələrinin açılması üçün hazırlıqlara başlanılıb. Dövlət Gömrük Komitəsi (DGK) isə hələ ki, onlara belə bir qərarın daxil olmadığını bildirib.

İyunun 15-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərinin açılması ilə bağlı məsələnin müzakirə olunmadığını bildirib.

Xatırladaq ki, NK-nın son qərarına əsasə,n Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə ölkəmizə giriş-çıxışı aşağıdakı qaydalarla həyata keçirilir: yaşı 18-dən yuxarı olan şəxslər – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PZR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında ölkəmizə daxil ola bilərlər. 1-18 yaş arasında olan şəxslər isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PZR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycana gələ bilərlər.

2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə - Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 aprel tarixli 2576 nömrəli Sərəncamının 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PZR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında ölkəmizə təşrif buyururlar. Onlardan  Azərbaycanı tərk edərkən COVID-19-a dair PZR testi tələb olunmayacaq.

Bu müddətə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn zəruri tədbirlərin, o cümlədən COVID-19 pasportunun elektron qaydada qarşılıqlı tanınması üçün tədbirlərin görülməsini təmin etməlidirlər. “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun tarixli 199 nömrəli və “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarlarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

Eləcə də oxuyun:

  • AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

  • Tarixlə təbiətin əsarətində: Dövlətçiliyimizin təməllərindən biri təhlükədədir - FOTO

  • Overçuk: "Azərbaycanda yollar möhtəşəm səviyyədədir, bunu orada olan hər kəs bilir"

  • "Azərbaycanda ilin ortasından iqtisadi artım bərpa olunacaq"

  • Futbol azarkeşlərini Bakıya gətirin - Türk səyahət şirkətlərinə sərfəli təklif

28
Teqlər:
turistlər, COVID-19 pasportu, Koronavirus, epidemiya, COVID-19, sərhəd, uçuş, Azərbaycan, turizm
Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə prosess

Bakıda 14 erməni terrorçunun məhkəməsi başlayır

0
Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcək və cinayət işi məhkəmə baxışına təyin ediləcək.

BAKI, 16 iyun — Sputnik. Bu gün Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Sputnik Azərbaycan xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcək və cinayət işi məhkəmə baxışına təyin ediləcək.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Həmin birləşmələrin üzvləri 26-27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

DTX-nın aniterror əməliyyatı

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

0