Tikinti

Azad edilmiş ərazilərdə bərpa işləri növbəti illərin büdcəsində prioritet olacaq

13
Maliyyə naziri Samir Şərifovun sözlərinə əsasən, sosial müdafiə, milli müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı xərclər gələn il də ön plana çıxacaq.

BAKI, 8 iyun — Sputnik. "İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri növbəti illərin dövlət büdcələrinin də prioritet məsələsi olacaq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deputatların 2020-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman səsləndirdiyi təkliflərə münasibət bildirərkən deyib.

S.Şərifov qeyd edib ki, deputatların səsləndirdiyi yeni təkliflər bir çox hallarda müəyyən problemlərin həlli üçün əlavə vəsaitlərin ayrılması ilə bağlı olur: "Əlavə vəsaitlərin ayrılması dövlət büdcəsinin real imkanları əsasında baş verir. Bununla yanaşı, sosial müdafiə, milli müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı xərclər ön plana çəkilir. Növbət illərdə də bu yanaşma tətbiq olunacaq. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri növbəti illərin dövlət büdcələrinin də prioriet məsələsi olacaq. Millət vəkillərinin sorğuları da diqqət mərkəzindədir və müvafiq cavablar verilir".

Nazir bildirib ki, elm və təhsil xərcləri hökumətin prioritetlərindən biridir. İldən-ilə təhsil sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi artırılır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu yaxınlarda da təhsil sahəsi ilə bağlı bir çox vacib qərarların qəbul edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə uyğun olaraq, 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Qanun layihəsi parlamentin iyunun 8-də keçirilən növbədənkənar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası üzrə gəlirləri 24 681 734,6 min manat, xərcləri isə 26 416 297,5 min manat məbləğində müəyyən edilib.

Dövlət büdcəsinin gəlirləri gözləniləndən 2,3 faiz çox, xərcləri isə 3,9 faiz az icra olunub.

2020-ci ilin icmal büdcəsinin gəlirləri 24 milyard 462,5 milyon manat, xərcləri isə 29 milyard 160,3 milyon təşkil edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

13
İstanbul şşəhərinə mənzərə, arxiv şəkli

Azərbaycanlıların xaricdə mənzil sevdası

404
(Yenilənib 08:58 18.06.2021)
May ayında Türkiyənin əmlak bazarı azərbaycanlılar üçün xüsusilə cəzbedici olub. Ekspert bunun əsas səbəblərini xırdalayıb.

BAKI, 18 iyun — Sputnik. Yerli əmlak bazarında son bir ildə yaşanan durğunluq qismən aradan qalxmağa başlayıb. Son günlərdə mənzil bazarında müəyyən qədər canlanma nəzərə çarpır. Maraqlıdır ki, Azərbaycan vətəndaşları Türkiyədə mənzil almağa üstünlük verməyə başlayıb.

Statistika nə deyir

Bu ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 47 daşınmaz əmlaka sahib olublar. Türkiyə Statistika İdarəsinin məlumatına görə, azərbaycanlılar sayca Türkiyədə ev alan xaricilərin sırasında 9-cu yerdə qərarlaşıb.

Ötən ilin müvafiq dövründə azərbaycanlılar Türkiyədən 42 mənzil alıblar.

Maraqlıdır, azərbaycanlıların Türkiyə bazarına axın etməsinin əsas səbəbi nədir və qardaş ölkədə mənzil sahibi olanlar əsasən əhalinin hansı təbəqəsini təşkil edir?

Məsələyə ekspert yanaşması

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, pandemiyadan öncə də azərbaycanlılar xarici ölkələr içində ən çox Türkiyədə ev alırdılar. Lakin pandemiya dövründə sərhədlər bağlı qaldığı üçün vətəndaşlarımız nəinki ölkədən, heç şəhərdən də çıxa bilmədilər. Belə olan halda xarici ölkələrdə mülkü, əmlakı olan şəxslər arasında ajiotaj yarandı. Prosesin nə zamanadək davam edəcəyi bilinmirdi. Əmlak da vətəndaşlarımız üçün əlçatan deyildi. Odur ki, xaricdə əmlak almaqla bağlı adamlarda qorxu yarandı.

"Çoxları özləri ora gedə bilməsələr də, həmin dövrdə oradakı əmlaklarını satdırmağa çalışdılar. Lakin göründüyü kimi artıq xarici bazara - Türkiyənin mənzil bazarına axın var. Bu mənzillərin əksəriyyətini də Türkiyədə yaşayan, işləyən vətəndaşlarımız alıb. Bundan başqa, övladı orada təhsil alanlar, burada evi, hər şeyi olub orada işləyənlər də Türkiyənin mənzil bazarına axın edir. Övladları Türkiyədə oxuyan imkanlı adamlar düşünürlər ki, orada kirayədə qalmaqdansa, ev alsalar daha yaxşı olar. Bakıda da belədir. Rayonlarda yaşayan imkanlı şəxslər övladı Bakıda oxuduğu üçün ona buradan ev alırlar. Beləcə, gənclər kirayə pulundan azad olurlar, sonra da mənzil onlara qalır. Lazım olanda isə onu istədikləri bazar qiymətinə sata, qoyduqları pulu artıqlaması ilə götürə bilirlər".

Ekspertin sözlərinə görə, Türkiyə xarici vətəndaşların daha asan şəkildə orada ev sahibi ola bilməsi üçün bir sıra qanunları dəyişib: "Əvvəllər xarici ölkə vətəndaşının Türkiyədə əmlak alması qaydaları çox çətin idi. Torpaq sahəsini isə ancaq Türkiyə vətəndaşı ala bilərdi. Lakin qanunlara dəyişiklikdən sonra Tükiyənin daşınmaz əmlak bazarına milyardlarla axın gəldi ki, bu axının böyük qisminin də biz daha çox ərəb ölkələrindən olduğunu görə bilərik. Türkiyə bir dövlət kimi bu vəziyyətdən çox bəhrələndi".

Fərzəliyev Türkiyənin Statistika Komitəsinin xarici ölkə vətəndaşlarınını əldə etdiyi mənzillərlə bağlı statistikanı şəffaf saxladığını qeyd edib. Lakin Rusiya ilə bağlı bunu deməyin çətin olduğunu bildirib.

"Çünki Rusiyada belə statistika yoxdur. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır və onların böyük hissəsinin orada evləri var. 2015-2016-cı illərdə devalvasiya baş verdiyi dövrdə Rusiyada maraqlı hadisə baş verdi. Dollar qalxsa da, evlərin qiyməti qalxmadı, elə əvvəlki həddə qaldı", - deyə o, əlavə edib.

Ekspert bildirir ki, 2016-cı ildə Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti Azərbaycandakı evlərini sataraq dollara çevirib ora aparıblar. Sonra da Rusiyada həmin dollarlara yaxşı evlər alıbar.

Prosesin Azərbaycandakı daşınmaz əmlak bazarına təsiri

Pandemiya dövründə Azərbaycanda mənzillərin qiymətində enmə olmayıb. Ekspertin fikrincə, əksinə qiymət artımı müşahidə olunub ki, bu da tikinti materialları bazarındakı qiymət artımı ilə əlaqədardır.

"Son 1-1,5 il ərzində tikinti materiallarının qiymətində təqribən 30-40 faiz artım olub. Taxtanın qiymətində isə kifayət qədər yüksək artım baş verib. Tikintinin maya dəyərinin artması satışa təsirsiz ötüşməyə bilməz", - deyə Fərzəliyevin sözlərinə görə, pandemiya dövründə bina evlərinə tələbat azalıb. Satılan evlərin əksəriyyəti isə ipoteka ilə satılıb. Ötən ilin may ayında əksəriyyət karantin vəziyyəti ilə əlaqədar olaraq həyət evi alıb. Nəticədə həyətyanı sahələrin, bağ evlərinin qiyməti və kirayə haqqı artıb. Lakin artıq rayonlara gediş-gəliş açıldığı üçün Bakıda həyət evlərinə deyil, rayonlarda mənzil bazarına axının çoxaldığı görünür. Baxmayaraq ki, ötən il bölgələrdə mənzil bazarında 70 faizədək çökmə baş verib.

Əmlak bazarına nəzər saldıqda, paytaxtda mərkəz ətrafında 1 otaqlı evlərin qiyməti 36-105 min manat, 2 otaqlıların qiyməti 63-136 min manat, 3 otaqlıların qiyməti isə yerindən asılı olaraq 235 min manatadək dəyişir.

Qonşu ölkə Türkiyədə vəziyyət necədir?

Pandemiya ilində daşınmaz əmlak bazarında ən çox qiymət artımı olan ölkə Türkiyə olub. Türkiyədə son bir ildə mənzillərin qiymətində 30 faizədək artım olub. Mənzil qiymətlərinin artımına görə, Türkiyədən sonrakı yerdə Yeni Zelandiya və Lüksemburq dayanıb. Bundan başqa, Türkiyədə əcnəbilərə daşınmaz əmlak satışının kəmiyyətində də artım olub - son 4 ayda 19 faizədək.

Türkiyədə 100 kvadratmetrlik 3 otaqlı evlərin qiyməti təxminən 130-145 min Türk Lirəsi arasında dəyişir.

404
Buğda yığımı, arxiv şəkli

Azərbaycan buğda idxalını artırıb - Buğda alışının xərci qədər olub?

248
(Yenilənib 20:05 17.06.2021)
Dünya bazarlarında qiymətlərin bahalaşması ilə əlaqədar Azərbaycanın buğda idxalı üçün xərcləri artıb

BAKI, 17 iyun — Sputnik. Bu ilin 5 ayında Azərbaycan 99 milyon 808 min dollar dəyərində 392 min 213 ton buğda idxal edib.

Azərbaycanın xaricdən buğda idxalı artıb

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal olunan buğdanın dəyəri 33,7%, miqdarı isə 14,7% artıb.

2020-ci ilin 5 ayında Azərbaycana 74 milyon 614 min dollar dəyərində 341 min 835 ton buğda gətirilib.

Buğda idxalı daha 3 il ƏDV-dən azad edilib

Qeyd edək ki, bu ilin mart ayında Azərbaycanda buğda idxalı daha 3 il ƏDV-dən azad edilib. Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilib. Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti 3 il artırılıb. İndiyə qədər qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad idi.

Un istehsalı ilə məşğul olan şəxslərə subsidiya verilib

Fevral ayında Nazirlər Kabineti "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Qərar qəbul edib. Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu ilin fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya verilib.

Azərbaycanda taxıl biçini mövsümünə start verilib

İyunun 8-dək Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb. Ümumilikdə 115512 hektar sahədə biçin aparılıb, sahələrdən 337600 ton məhsul yığılıb. Hazırda taxıl üzrə məhsuldarlıq hər hektara orta hesabla 29,2 sentner təşkil edir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu göstərici əsasən arpa biçininin nəticələrinə əsasən formalaşıb: "Hazırda buğda biçini yalnız Şamaxı, Cəlilabad və Göyçayda kiçik sahələrdə aparılır. Ümumilikdə bugünədək 2520 hektar sahədə buğda biçilib. 112992 hektar sahədə isə arpa biçini başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,4 sentnerdir, biçinin miqyası genişləndikcə bu rəqəm də artacaq. Arpa biçininin respublika üzrə optimal müddətdə başa çatacağını gözləyirik. İyunun ikinci ongünlüyündə artıq Aran rayonlarında kütləvi buğda biçininə də başlanacaq".

Bu il ölkədə 986685 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 611967,3 hektarını buğda, 374717 hektarını isə arpa sahələri təşkil edir.

"Aqroservis" ASC-nin kombaynları sahəsi 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Bu il taxıl sahələrinin 78 faizi məhz kiçik təsərrüfatların payına düşür. Biçin prosesi növbəlilik prinsipi əsasında aparılır. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilir.

2021-ci ildə taxıl biçini ərəfəsində "Aqroservis" ASC-nin rayon bölmələrində 650, təchizat bazalarında isə 135 taxılbiçən kombayn var. Kombaynların hamısı biçinə hazır vəziyyətdədir. Bundan başqa, biçin prosesində fiziki və hüquqi şəxslərə məxsus 1000-dən artıq kombaynın iştirakı gözlənilir. Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, "Aqroservis" ASC tərəfindən sosial biçin siyasətinin həyata keçirilməsi (ilk növbədə 50 hektaradək sahələrdə biçin aparılacaq) ötən illərdə olduğu kimi bu il də biçin prosesində texnika ilə təminatda problem olmayacağını söyləməyə əsas verir.

Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin 70-75 faizə çatması mümkündür

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini, aqrar sahə üzrə ekspert Ramil Hüseyn Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə tarixən formalaşmış ərzaq istehlakı modelində çörək və çörək məhsullarının istehlakı mühüm yer tutur: "Bu baxımdan Azərbaycanın ərzaq təhlükəsizliyi konsepsiyasında da ərzaqlıq buğda ilə özünü təminat səviyyəsinin yüksəldilməsi məsələsi önə çıxır. Son illər ölkəmizdə ərzaqlıq buğda istehsalının artırılması istiqamətində kompleks işlər görülür və dövlət tərəfindən bu sahənin inkişafı subsidiyalaşdırılır".

O bildirib ki, Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminat səviyyəsi 60 faiz ətrafındadır və ölkəmiz bu sahədə idxaldan asılıdır: "İşğaldan azad edilən ərazilərimizin təsərrüfat dövriyyəsinə cəlb edilməsi idxaldan asılılığın aradan qaldırılması istiqamətində mühüm rol oynayacaq. Ermənistan tərəfi işğal etdikləri ərazinin təxminən 90-100 min hektarlıq sahəsində taxıl becərdiklərini bəyan edirdi və hazırda həmin ərazilərin 70 faizindən çoxu Azərbaycan Ordusunun nəzarətinə keçib. Azərbaycan Ordusu əraziləri işğaldan azad etdikdən dərhal sonra həmin sahələr təsərrüfat dövriyyəsinə cəlb edilməyə başlayıb. İlk olaraq Cəbrayıl rayonu ərazisində 7 min hektar sahədə taxıl bitkisi əkilib. Yaz əkinlərinin davam edəcəyi, 20-25 min hektar sahədə taxıl əkiləcəyi proqnozlaşdırılır. Növbəti illərdə bu sahələrin daha da artırılması istiqamətində iş aparılacaq".

Ekspertin sözlərinə görə, orta müddətli dövrdə işğaldan azad edilmiş ərazilərimizin təsərrüfat dövriyyəsinə cəlb edilməsi nəticəsində kənd təsərrüfatında ümumi məhsul istehsalının 10 faiz artacağı proqnozlaşdırılır:

"Həmin ərazilərin təsərrüfat dövriyyəsinə cəlb edilməsi xüsusən də heyvandarlığın inkişafına töhfə verəcək. Eyni zamanda buğda ilə özünütəminat səviyyəsinin yaxşılaşdırılması istiqamətində nailiyyətlər əldə oluna bilər. Hesablamalar göstərir ki, həmin ərazilərdə buğda istehsalının artması nəticəsində Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin 70-75 faizə çatması mümkündür. Hazırda həyata keçirilən siyasət də bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail olunacağını göstərir. Eyni zamanda Azərbaycanda iri təsərrüfatların yaradılması da buğdada məhsuldarlığın artırılmasına hesablanıb. Və qarşıdakı illərdə bu istiqamətdə daha yaxşı nəticələrin əldə edilməsi mümkündür".

"Ötən ilin rəqəmlərinə baxdıqda isə bizə aydın olur ki, hazırda əsasən ərzaqlıq buğdanı Rusiyadan idxal edirik. Belə ki, 2020-ci ildə 297 milyon ABŞ dolları dəyərində 1,3 milyon ton həcmində ərzaqlıq buğda Rusiyadan idxal edilib. İdxal edilən buğdanın orta qiyməti 216 ABŞ dolları olub. Azərbaycan ərzaqlıq buğdanın 98 faizindən çoxunu Rusiyadan idxal edib. Həmçinin cüzi miqdarda Qazaxıstandan da idxal həyata keçirilib", - deyə o qeyd edib.

"Azərbaycanın ərzaq təhlükəsizliyi konsepsiyasının tərkib hissəsi olaraq əhalinin un və un məmulatları ilə təminatı, xüsusən də çörək istehsalçılarına davamlı olaraq un təminatı istiqamətində işlər aparılır. Bu istiqamətdə son illər ölkə bazarında da sabitliyin qorunub saxlanması görülən işlərin əyani nəticəsidir. 2020-ci ildə quraqlıq buğda istehsalına müəyyən təsir etsə də 2021-ci illə bağlı proqnozlar daha müsbətdir. Belə ki, ölkədə buğda istehsalı artacaq. Ümumiyyətlə, 2021-ci ildə qlobal bazarda da daha çox buğda təklif olunacağı gözlənilir. Dünyada da buğda istehsalının artması ilə bağlı proqnozlar var. Bu isə onu deməyə əsas verir ki, görülən tədbirlər Azərbaycanda un və un məmulatlarının qiymətində kəskin dəyişmələrin qarşısını almağa yönəlib və hər hansı bir kəskin dəyişmələr proqnozlaşdırılmır", - deyə mütəxəssis əlavə edib.

248
Politoloq Elşən Manafov

Politoloq: “Parlament üzvlərinin görüşü əlaqələrin dərinləşdirilməsinə töhfə verir”

0
(Yenilənib 09:52 18.06.2021)
Politoloq Elşən Manafov deyir ki, görüşlər hər iki tərəf üçün hüquqi dövlət quruculuğu prosesində müsbət mənada təsir edir
Elşən Manafov: “Bu görüşləri təbii bir prosesin hissəsi hesab edirəm”

Moskvada Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Şurasının ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının 15-ci iclası keçirilib.

Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a deyir ki, iki ölkənin parlament nümayəndələri arasında mütəmadi olaraq belə görüşlərin keçirilməsi ölkələr arası münasibətlər üçün faydalıdır: “Belə görüşlər iki ölkə arasındakı əlaqələrin dərinləşdirilməsinə töhfə verməklə yanaşı regional təhlükəsizliyin təmin dilməsinə də öz təsirini göstərir. Görüşlər parlament nümayəndələri üçün təcrübə mübadiləsi baxımından da önəmlidir. Görüşlər hər iki tərəf üçün hüquqi dövlət quruculuğu prosesində müsbət mənada töhfəsini verir. Bu görüşləri tamamilə təbii bir prosesin hissəsi hesab edirəm”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0