Ağdamda sənaye və meşə parkı salınır

Ağdamda hər şey öz yerində, amma fərqli olacaq - FOTO

2083
(Yenilənib 16:32 08.06.2021)
İşğaldan azad edilən Ağdam şəhəri yenidən qurulur. Burada abadlıq-quruculuq işləri sürətlənib. Rayon ərazisində meşə parkı salınır və sənaye müəssisələri inşa olunur. Ətraflı Sputnik Azərbaycan-ın müxbiri Emin Əlisahibin xəbərində.

BAKI, 7 iyun — Sputnik. Ölkə başçısının səfər etdiyi daha bir ünvanadır yolumuz - Ağdama.

Ermənilər tərəfindən Ağdamda meşə təsərrüfatına vurulan ziyan aradan qaldırılır. Dövlət başçısının tapşırığına əsasən, Ağdam rayonu ərazisində meşə parkının salınması üçün 125 hektarlıq ərazi ayrılıb. Bu ərazidə simvolik məna daşıyan ilk iki dağdağan ağacı Prezident İlham Əliyev tərəfindən əkilib. Meşə parkının ərazisində 2800 ədəd Eldar şamı ağacı əkiləcək. Bundan əlavə, bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu meşə parkında yaradılacaq gölə töküləcək.

© Photo : Public Domen
Ağdam işğaldan öncə.

Sputnik Azərbaycan-ın müsahibi, Bərdə Regional Meşə Mərkəzinin əməkdaşı Asif Bağırov bildirir ki, hazırda ayrılan ərazidə xeyli ağac əkilib: “Meşə park ərazisində 10 hektar ərazi minadan təmizlənib. 850 ədəd şam ağacı əkmişik. Hazırda da ağacəkmə işləri davam edir. İndi əkilən ağacların suvarılması həyata keçirilir. Bütün işlərimiz qaydasında davam edir. Qısa zamanda bu parkın salınması ilə bağlı işlərə yekun vuracağıq”.

© Sputnik / Emin Alisahib
Ağdamda sənaye və meşə parkı salınır

Prezident İlham Əliyevin təməlini qoyduğu 200 hektara yaxın ərazini əhatə edən Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq.

© Sputnik / Aleksey Kudenko
Dağıdılmış Ağdam şəhərinə mənzərə

Ağdam rayon sakini Zülfü Qasımov bildirir ki, Ağdamda vaxtilə 17 sənaye, 12 nəqliyyat müəssisəsi fəaliyyət göstərib ki, müəssisələrin burada yerləşməsinin əsas səbəbi də buraya yaxın ərazidə dəmir yolu stansiyasının mövcud olması olub:

“Hazırda biz cənab prezidentin təməlini qoyduğu sənaye zonasındayıq. Ağdam işğal edilməzdən əvvəl bu ərazi sənaye sahəsi olub. Və burada 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Onların əksəriyyəti burada, məhz dövlət başçımızın seçdiyi ərazidə yerləşirdi.
© Sputnik / Emin Alisahib
Ağdamda sənaye və meşə parkı salınır

Bizdən sağ tərəfdə “Dəzgahqayırma” zavodu vardı. Mən o zavodda 8 il şöbə müdiri kimi işləmişəm. 14 rayonun texnikalarının təmir olunduğu “Traktor təmiri zavodu”. Burada taxıl məhsulu kombinatı fəaliyyət göstərirdi. “Taxıl məhsulları kombinatı” respublikada 3 yerdə tikilmişdi. Onlardan biri də Ağdamda idi. Həmin zavodların inşa edildiyi il də yadımdadır. 1985-1986-cı illərdə Ağdamda, Kürdəmirdə və Dəvəçidə “Taxıl məhsulları kombinatı” inşa olunmuşdu. İndi həmin müəssisə binalarının qalıqları qalıb. Bundan başqa, əraziyə girəndə “Ət kombinatı”, “Xalça fabriki” və bir də “Rayonlararası təchizat idarəsi” yerləşirdi. 

Sənaye müəssisələrinin məhz bu ərazidə yerləşməsinə səbəb buradan təxminən 1 kilometr aralıda dəmir yolu stansiyasının yerləşməsi idi. Bu da burada istehsal olunan məhsulları göndərmək üçün olduqca əlverişli idi. Bu gün cənab prezidentin məhz bu zonanı seçməsi və Ağdamın yenidən sənaye mərkəzi kimi fəaliyyət göstərməsi bütün ağdamlıların ürəyincədir. O səbəbdən də cənab prezidentimizə bir daha minnətdarlığımızı bildirir və demək istəyirik ki, çox sağ olun ki, Ağdamın inkişafı üçün bu qədər işlər görürsünüz”.

© Sputnik / Emin Alisahib
Ağdamda sənaye və meşə parkı salınır

Müsahibimiz həmçinin əvvəllər fəaliyyət göstərən və yuxarıda sadalanan müəssisələrin yenidən bərpası məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bu barədə cənab prezidentin ağdamlılarla görüşü zamanı məsələlər barədə müzakirələr də aparılıb: “Cənab prezidentimizlə görüşdə dövlət başçımız özü dedi ki, burada çoxlu sayda müəssisələr açılacaq. Məsələn, emal müəssisələri, ali təchizat müəssisələri yaradılacaq”.

Yəni müsahibimizin də dediyi kimi, növbəti dəfə Ağdamda sənaye müəssisələrinin fəaliyyəti bərpa olunacaq və bu əvvəlkindən də yaxşı və daha müasir olacaq. Bu da gələcəkdə Ağdama köçürüləcək yerli sakinlərin rifah halının yaxşılaşdırılması ilə yanaşı, həm də rayonun sənaye mərkəzi kimi fəaliyyət göstərməsinə şərait yaradacaq.

Eləcə də oxuyun:

  • Ağdamda yenidənqurma işlərinə yenidənsökmə ilə start verilib

  • Suqovuşan Azərbaycanı suya qovuşdurur: Artıq artezianlara ehtiyac qalmayacaq

  • Bakıda müzakirələr: Hərbi zavodlar birbaşa Qarabağda işə düşəcək?

2083
Teqlər:
park, meşə, sənaye, Ağdam

Həftələrlə davam edən problem bu gündən həllini tapdı: Rusiyaya ixrac başlanır

12
(Yenilənib 12:13 15.06.2021)
Malların daşınması fitosanitar sertifikatları ilə müşayiət olunan tam izlənmə ilə həyata keçiriləcək. Hər bir vaqonda bir istehsalçıdan yalnız bir növ məhsulun nəqlinə icazə verilir.

BAKI, 15 iyun - Sputnik. Rosselxoznadzor 15 iyun tarixindən etibarən Azərbaycan Respublikasının müəssisələrindən dəmir yolu vaqonları ilə Rusiyaya alma və pomidor tədarükünə icazə verib. Sputnik Azərbaycan bildirir ki, bu barədə agentliyin saytında deyilir.

"Rosselxoznadzor-un başçısı Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli arasında 10 və 11 iyun tarixlərində aparılan danışıqların nəticələrinə əsasən, Rosselxoznadzor iyunun 15-dən siyahıları Azərbaycan tərəfindən verilmiş (31 pomidor istehsal edən müəssisə və 24 alma istehsal edən şirkət) istehsal müəssisələrinə dəmiryolu vaqonları ilə Rusiyaya alma və pomidor tədarükünə icazə verilməsini mümkün sayır", - məlumatda qeyd olunub.

Qərar azərbaycanlı həmkarların təqdim etdiyi materiallar əsasında və AQTA-nın zəmanəti ilə verilib.

Malların daşınması fitosanitar sertifikatları ilə müşayiət olunan tam izlənmə ilə həyata keçiriləcək. Hər bir vaqonda bir istehsalçıdan yalnız bir növ məhsulun nəqlinə icazə verilir.

Oktyabrdan vəziyyət dəyişəcək

1 oktyabr 2021-ci ildən etibarən Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına keçid nəzərdə tutulur. Bundan əvvəl, bu ilin may ayında Rosselxoznadzor 30 Azərbaycan müəssisəsindən Rusiya Federasiyasına pomidor idxalına icazə vermişdi. Xüsusilə, məhsulların respublikanın Abşeron, Şabran, Şəmkir, Salyan, Samux, Tovuz rayonlarında, eləcə də Sumqayıt və Bakının Sabunçu, Nəsimi, Nərimanov, Binəqədi, Yasamal, Səbail rayonlarında yerləşən müəssisələrdən gətirilməsinə icazə verilir.

Xatırladaq ki, 10 dekabr 2020-ci il tarixindən Azərbaycandan Rusiyaya pomidor və alma idxalı müvəqqəti olaraq AİB üzvü olan ölkələr üçün karantin altında olan meyvə və tərəvəz məhsullarında olan zərərvericilər  - Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny)) və şərq güvəsi (Grapholita molesta (Busck)) səbəbindən məhdudlaşdırılmışdı.

Problem necə yarandı

Azərbaycanda kənd təsərrüfatı məhsullarını istehsal edən fermerlər uzun müddət idi ki, onun satışında problem yaşayırdılar. Onların sözlərinə görə, məhsulun Rusiya bazarına çıxarılması xeyli çətinləşib.

Mayın 25-də Göyçay fermerləri Ləkciplaq kənd inzibati ərazisində toplaşaraq etiraz ediblər. Fermerlər deyirlər ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib. Əslində Rusiya tərəfi də məhsullarımızı qəbul edir. Amma problemin kökü Azərbaycan-Rusiya sərhəddində yaranan tıxacdır. Avtomobillərlə sərhədi keçmək 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür.

Digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır. Əgər ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər kəndliyə dəyir.

Sərhəddə vəziyyət

Hazırda Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qalxıb. "Samur" gömrük postundan verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.

Bir müddət əvvəl Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının uzun növbəsi yaranmışdı. Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxılan yük maşınlarının sayı artırılmışdı.

Eləcə də oxuyun:

  • Kənd təsərrüfatı məhsullarının ixrac problemi necə həll olunur

  • Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qaldırılıb

  • Azərbaycanda yeni tərəvəz növləri yaradılıb

  • Sərhəddə tarıma çəkilən əsəblər - Təkliflər var, növbə isə sorulmur - VİDEO

12
Teqlər:
Azərbaycan, Rusiya, "Rosselxoznadzor", ixrac, alma, pomidor
Füzulinin Alxanlı kəndində fermer, arxiv şəkli

Kənd təsərrüfatı məhsullarının ixrac problemi necə həll olunur

4356
(Yenilənib 09:09 15.06.2021)
Kənd təsərrüfatı məhsullarının, o cümlədən pomidorun satışında hansı problemlər var və çıxış yolu nədir? İqtisadçının danışdıqları Sputnik Azərbaycan-ın müxbiri Xalid Məmmədovun materialında.

BAKI, 15 iyun — Sputnik. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Global Gap" sertifikatı olan pomidor istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlar ilə görüş keçirilib. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev kənd təsərrüfatı məhsulları ixracında xüsusi çəkisi olan pomidorun xarici bazarlara çıxarılmasına dəstəyin göstərilməsi, həmçinin bu sahədə yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində görülən işlər və göstəriləcək dəstək mexanizmləri barədə məlumat verib, sahibkarları bu sahənin inkişafı məqsədilə dövlət qurumları ilə sıx əməkdaşlığa dəvət edib. Yeni bazarlara ixrac prosedurları ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, fermerlər aqrar məhsulların satışında problem yaşayırlar. Fermerlərin sözlərinə görə, məhsulun Rusiya bazarına çıxarılması xeyli çətinləşib. Fermerlər deyirlər ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib. Əslində Rusiya tərəfi də məhsullarımızı qəbul edir. Amma problemin kökü Azərbaycan-Rusiya sərhəddində yaranan tıxacdır. Avtomobillərlə sərhədi keçmək 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür.

Əgər fermerə sərf etməyəcəksə, məhsul əkməkdən imtina edə bilər

Məsələ ilə bağlı iqtisadçı Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, hazırda fermer məhsulunu bazara çıxa bilmir və bu istiqamətdə problemlər var: "Bu il pomidordan da çətin vəziyyət xiyarın satışında olub. Xiyarın bir kiloqramı 10-15 qəpiyə düşdü, hətta 5 qəpiyə düşən vaxtları oldu. Fermer deyir ki, qoyduğum xərci belə çıxarda bilmirəm. Pomidorda da belə bir vəziyyətdir. Hələ açıq sahələrdə pomidor çıxmayıb, pərakəndə bazarda pomidorun kilosu 60 qəpikdir, istixanalardan 30-40 qəpiyə çıxır. Əsas problem odur ki, Rusiyaya məhsulu çıxarda bilmirlər. Əgər fermerə sərf etməyəcəksə, məhsul əkməkdən imtina edə bilər".

İqtisadçı bildirib ki, Azərbaycan bir bazardan asılı olmamalıdır, mütləq alternativ bazarlar tapılmalıdır: "Rusiya bazarının özü də dayanıqlı bazar deyil. Vaxt var idi ki, Rusiyaya pomidor ancaq bizdən gedirdi. Hazırda Türkmənistanda min hektarlarla istixanalar açılıb. Artıq Rusiyanın özündə Dağıstan tərəflərdə pomidor əkilir. Biz keyfiyyətli məhsulumuz ilə onlarla rəqabət aparmalıyıq. Azərbaycan pomidoru dadlıdır və bizim pomidorumuz Rusiya bazarında brenddir. Azərbaycan Avropada da rəqabət apara bilər".

"Problemin kökü odur ki, yerli pomidor istehsalı daxili bazarı tam təmin edir. Pomidor artıq istehsal edildiyi üçün xaricə göndərilməlidir. Məhsul xaricə ixrac edilməyəndə isə fermer uduzur. Yeni bazarların tapılmasında fermerə dəstək göstərilməlidir", -deyə o qeyd edib.

Digər bir problemə toxunan ekspert bildirib ki, bizdə fermerin əkəcəyi məhsul tənzimlənmir: "Uçot aparılmalıdır və bilinməlidir ki, hansı məhsuldan nə qədər əkilib. Bizdə məsələn, fermer baxır ki, bazarda alçanın qiyməti bahadır və başlayır alça əkməyə. Lakin alça xaricə gedən məhsul deyil, yəni Rusiya onu almır. İndi artıq alçanın qiyməti ucuzlaşıb. 2-3 ildən sonra alçanın qiyməti 10 qəpik olacaq və yenidən alça bağlarını məhv edib, başqa məhsul əkəcəklər. Fermerlərə yol göstərilməlidir ki, hansı məhsulu əksinlər və nəyə tələbat var. Hazırda bizdə sərbəstçilikdir, kim nə istəyir onu da əkir. Məsələn, kimsə soğan əkir, pul qazanırsa, bütün kənd başlayır soğan əkməyə. Bu zaman soğan istehsalı artır və qiymət ucuzlaşır. Nəticədə soğan becərənlər ziyana düşürlər. Bu, belə olmamalıdır və ixtisaslaşma getməlidir. Bu məsələ tənzimlənməlidir".

Fermer məhsulunu yetişdirməkdə və satmaqda sərbəstdir

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, fermer məhsulunu yetişdirməkdə və satmaqda sərbəstdir: "Yəni bu gün kimsə deyir ki, "mənim məhsulum satılmır, dövlət bunu məndən alsın". Belə bir mexanizm heç bir yerdə yoxdur. Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı portalı (http://tedaruk.az/) var. Kim məhsulunu satmaq istəyirsə, bu saytda qeydiyyatdan keçir. Kimin məhsulu varsa, bu saytda qeydiyyatdan keçir, onunla əlaqə saxlayırlar. Burada 3-5 kiloqramdan söhbəti getmir, saytda məsələn, xəstəxanaların, uşaq bağçalarının tələbatı ilə bağlı elanlar yerləşdirilir. Digər tərəfdən, yavaş-yavaş Rusiyanın müvafiq qurumu tərəfindən bizim müəssisələrdən Rusiyaya məhsul ixracına icazə verilir".

"İndi kimsə fermerə deyəndə ki, bəs, niyə pomidorun kilosunu 3-5 manata satırsan, fermer deyir ki, öz məhsulumdur, istədiyim qiymətə sata bilərəm. Məhsulu satılmayanda isə fermer deyir ki, məhsulumu dövlət alsın. Fermer hansı məhsulu əkməsində, hansı qiymətə satmasında sərbəstdir. Bazar tələb-təklif əsasında formalaşır", - deyə o bildirib.

"Rosselxoznadzor"-un qadağaları və onların yumşaldılması

2020-ci il dekabr ayının 10-dan etibarən "Rosselxoznadzor" Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyub. Buna səbəb idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlərin aşkar edilməsi olub. Bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və iş adamlarının "Rosselxoznadzor"-la çoxsaylı təmasları sayəsində bir sıra müəssisələrdən Rusiyaya pomidor ixracını bərpa edə biliblər.

Belə ki, Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") iyunun 15-dən ölkəyə Azərbaycanın daha 31 müəssisəsindən pomidor, 24 şirkətindən isə alma idxalına icazə verib. "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında iyunun 10-u və 11-i aparılmış danışıqlardan sonra məhsulların dəmir yolu ilə danışması barədə razılığa gəlinib. Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında qəbul edilib. Məhsullar fitosanitar sertifikatlarla ixrac olunacaq, hər vaqonda yalnız bir müəssisədən bir məhsul növünün daşınmasına icazə veriləcək. Bu il oktyabrın 1-dən isə Azərbaycandan pomidor və almaların konteynerlərlə daşınması nəzərdə tutulub.

Lakin bu icazə ölkədə istehsal olunan və Rusiya bazarlarını hədəfə alan pomidorla bağlı problemləri kökündən həll etmək üçün yetərli olmayıb.

Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9 faizi) təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.

Sərhəddə vəziyyət

Hazırda Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qalxıb. "Samur" gömrük postundan verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.

Bir müddət əvvəl Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının uzun növbəsi yaranmışdı. Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxılan yük maşınlarının sayı artırılmışdı.

Dağıstanlı məmurun təklifi

Problemlə bağlı bir neçə gün öncə müraciət etdiyimiz Dağıstan gömrüyünün rəhbəri, gömrük xidmətinin polkovniki Sergey Trotsko həm Rusiyanın sərhəd xidməti, həm də Dağıstan gömrüyü sərhədkeçmə qabiliyyətini artırmaq üçün əllərindən gələni etdiyini bildirmişdi.

Rəisin sözlərinə görə, hazırda buraxılış qabiliyyəti layihə göstəricilərini iki dəfə üstələyir.

"Yəni layihə və faktiki buraxma qabiliyyəti var. Biz faktiki olaraq layihənin icazə verdiyindən iki dəfə artıq insanı sərhəddən keçiririk. Hər gün 300 yük maşını keçir buradan. Bu göstəricini artırmaq üçün işlər görülür. İndi buraxılış məntəqəsinin rekonstruksiyası aparılır – bu, birinci mərhələdir. Sonra ikinci mərhələ başlayacaq, onu da 2022-ci ilin ortalarınadək yekunlaşdırmağı planlaşdırırıq", - Trotsko qeyd edib.

"Alternativ nəqliyyat növləri var və onlardan istifadə etmək lazımdır, xüsusilə də dəmir yolundan, məsələn, bir dəmiryolu qatarı – 150 tır (yük maşını) deməkdir. Əgər dəmiryolu ilə vaqonlar göndərilsə, on gün ərzində Yaraq-Qazmalarda və yaxınlıqdakı buraxılış məntəqəsində bir maşın da qalmaz. Dəmir yolu da açıqdır. Sual daşıyıcılaradır ki, göndərən də, daşıyıcılar da, alıcılar da alternativ kimi bu nəqliyyat vasitəsindən istifadə etsinlər", - o deyib.

Trotskonun sözlərinə görə, Dağıstan gömrüyünün gün ərzində bir neçə dəmiryol qatarını buraxmaq üçün gücü, imkanı və vasitələri var. Hətta gündə bir qatar Yaraq-Qazmalardakı gərginliyi azalda bilər.

"Əlavə Xanoba gömrük-keçid məntəqəsinin açılacağı barədə söhbət gedir. Sizin tərəfdə onun tam rekonstruksiyası aparılır. O, Yaraq-Qazmalardakı yükü müəyyən qədər azaldacaq.

Azərbaycan Dəmir Yolları kömək etməyə hazırdır

Alternativ variant kimi təklif edilən dəmir yolu nəqliyyatı ilə bağlı Azərbaycanın müvafiq qurumu - Dəmir Yolları QSC-dən "Report"a bildirilib ki, bununla əlaqədar, yük əməliyyatlarına açıq olan bütün stansiyalarında, 24 saat ərzində yüklərin vaqonlarla qəbulunun (soyuducu vaqonlar daxil olmaqla) mümkünlüyünə hazırdır:

"Hazırkı dövr üçün dəmir yolu ilə daşımalar avtonəqliyyat vasitələri ilə daşımalarla müqayisədə çatdırılma müddəti daha az, sərhəd keçid prosedurları 2 dəfə sürətli və təyinat məntəqəsindən asılı olaraq, 20-25% aşağı qiymətə başa gəlir. Məhsulların ixracını sürətləndirməklə ixracatçılara dəstəyin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Dəmir Yolları QSC-nin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və operativ məsələlərin həlli məqsədilə qaynar xətt yaradılıb".

Həmçinin oxuyun:

Göyçayda pomidor qiyamı: Sərhəddəki tıxac və inhisarçılıq fermerlərin belini qırıb

Azərbaycan şirkətlərinə Rusiyaya alma və pomidor tədarükünə icazə verildi

4356
Rusiyada miqrantlar, arxiv şəkli

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

0
Putinin yeni qərarı azadlıqdan məhrum edilmə yerindən buraxılan və ya Rusiyanın milli təhlükəsizliyinə təhdid edən şəxslərə şamil edilmir.

BAKI, 15 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlı yeni qərar imzalayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, yuxarıda adı çəkilən şəxslər Rusiyada 30 sentyabra qədər qala biləcəklər.

Belə ki, xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər 30 sentyabr tarixinə qədər Rusiyadan məcburi olaraq çıxarılmayacaqlar.

Qeyd olunur ki, bu qərar azadlıqdan məhrum edilmə yerindən buraxılan və ya Rusiyanın milli təhlükəsizliyinə təhdid edən şəxslərə şamil edilmir.

Putinin imzaladığı qərar iyunun 16-dan qüvvəyə minir.

Yeni qaydalar

Rusiyada işləmək üçün icazə və ya patent almaq istəyən əcnəbilər bundan sonra rus dilində polisə, poliklinikaya müraciət etmək və işə qəbulla bağlı müsahibədən keçmək üçün bu dili kifayət qədər bildiklərini təsdiqləməlidirlər. Bu tələblər, 7 iyun tarixindən qüvvəyə minən və Rusiya Prezidenti tərəfindən imzalanan bu ölkədə yaşayan əcnəbilərin hüquqi statusunu tənzimləyən qanuna edilmiş əlavə və dəyişikliklərdə yer alır.

Hökumətin qərarına əsasən, iş icazəsi və ya patent almaq üçün müraciət edən şəxs xarici dil kimi rus dilindən imtahan verdiyi vaxt sosial-məişət sahəsində ünsiyyət ehtiyacını (işə qəbul, polisə, poliklinikaya müraciət və s.) təmin etməyi bacardığını təsdiqləməlidir.

Bundan başqa, miqrantlar müsahibinin səsləndirdiyi və ya audio məlumat kimi ötürülən informasiyanı şifahi şəkildə qəbul etməyi də bacarmalıdır.

Eləcə də, rus dili imtahanından müvəffəqiyyətlə keçmək üçün bəzi anketləri, formaları doldurmağı bacarmaq tələb olunur.

Rus dili sertifikatının etibarlılıq müddəti, həmçinin Rusiya tarixini və Rusiya Federasiyası qanunvericiliyinin əsaslarını bilmə tarixi sertifikatın verildiyi gündən müəyyənləşdirlir. Rusiya Federasiyasındakı "Xarici Vətəndaşların Hüquqi Statusu haqqında" Federal Qanunun 133-cü maddəsinə əsasən, sertifikatın etibarlılıq müddəti üç ildir.

Rusiyada yaşamaq üçün icazə alanlara sertifikat müddətsiz veriləcək. Yaşayış icazəsi ləğv olunarsa, sertifikatın etibarlılığı da avtomatik olaraq qüvvədən düşəcək.

Bununla belə, Rusiyada yaşamaq üçün icazə almaq istəyənlərin imtahan sualları daha çətin olacaq.

Eləcə də oxuyun:

Azərbaycanlı miqrantlar onlayn icazə ala bilərlər

 

0