* AZƏRBAYCAN *
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti 71 dolları keçib

22
(Yenilənib 11:27 03.06.2021)
ABŞ-da həftəlik xam neft ehtiyatlarının sürətlə azalması haqqında məlumat dərc edildikdən sonra neftin qiyməti bahalaşmaqda davam edir.

BAKI, 3 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,71 dollar artaraq 71,28 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,48 dollar artaraq 71,83 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 69,26 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xatırladaq ki, OPEC+ ölkələrinin hasilatı gözlənildiyindən daha az artırması və qlobal tələbatın çoxalması neftin qiymətini yüksəldib. OPEC+ ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən 17-ci iclasında iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Bundan başqa, ABŞ-da həftəlik xam neft ehtiyatlarının sürətlə azalması haqqında məlumat dərc edildikdən sonra neftin qiyməti bahalaşmaqda davam edir.

Eləcə də oxuyun:

  • SOCAR rəsmisi benzin qiymətlərindəki artımın səbəblərini açıqlayır

  •  Neft bazarında nə baş verir və qiymət artımı harayadək davam edəcək?

  • Azərbaycan gələcəkdə Aİ-95 markalı benzinin qiymətini özü müəyyən edə bilər - SOCAR

22
Teqlər:
artım, qiymət, neft
Tovuzda kartofun yığımı

Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb

17
(Yenilənib 19:06 23.06.2021)
Bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. Bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq

 

BAKI, 23 iyun — Sputnik. Təkrar əkin subsidiyası almaq istəyən fermerlər təkrar əkinləri barədə bəyanı avqustun 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal deyib ki, təkrar əkin subsidiyası fermerlərə bir ildə 2 dəfə əkin subsidiyası almaq üçün yaradılmış imkandır: "Payız əkinlərinin biçinini başa çatdırmış fermerlər yeni mövsümədək qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərindən birinin və ya bir neçəsinin əkinini həyata keçirə bilərlər".

Təkrar əkinlərə görə verilən subsidiyaların məbləği Subsidiya Şurasının qəbul etdiyi əmsallara görə hesablanır.

Pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da qeyd olunan bitkilərin əkinini aparmış fermerlər məhsul subsidiyası almaq üçün mütləq əkinlərini EKTİS-ə bəyan etməlidirlər.

AKİA rəsmisi onu da əlavə edib ki, təkrar əkin üçün müraciət etmək istəyən fermerin mütləq bu il ilk əkin aparması barədə bəyanı EKTİS-də olmalıdır. Eyni zamanda, bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq.

Müraciətlər toplandıqca, monitorinqlər aparılacaq və sentyabrdan başlayaraq təkrar əkin subsidiyalarının ödənişi həyata keçiriləcək.

Qeyd edək ki, təkrar əkin subsidiyası da fermer kartına köçürülür. Vəsaitin 25%-ni fermer nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər.

Xatırladaq ki, qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.

17
Dollar

Azərbaycandan cəsarətli addım: Dünya Bankından kredit almayacaq

323
(Yenilənib 18:22 23.06.2021)
Dünya Bankı tərəfindən koronavirusla mübarizədə bütün ölkələrə təqdim olunan güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib. Amma...

 

BAKI, 23 iyun — Sputnik. Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan "Sürətli COVID-19 aləti" layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil.

Qeyd edək ki, ötən gün Dünya Bankının Bakı ofisinin rəhbəri Sara Maykl bildirib ki, Dünya Bankı Azərbaycanda COVID-19-a təcili cavab tədbirlərinin həyata keçirilməsi layihəsinə 95 milyon ABŞ dolları ayırmağı planlaşdırır: "Keçən il bir neçə ölkə koronavirus infeksiyasına qarşı mübarizədə ölkələri dəstəkləmək üçün sürətləndirilmiş kredit mexanizmi elan edildikdən dərhal sonra maliyyələşmə üçün müraciət etdi. Bu ölkələrə vəsait ayrıldı və onlar COVID-19 səbəbilə yaranmış əlavə xərclərini qarşılaya bildilər. Azərbaycan hökuməti isə öz növbəsində, bu yaxınlarda müraciət edib. Müvafiq olaraq kredit vasitəsilə artıq xərclədiyi vəsaiti kompensasiya edə biləcək. Yeni xərclər arasında COVID-19-lu pasiyentlər üçün müstəsna xidmətlər göstərən tibb işçilərinə əlavə ödənişlər, avadanlıq alışı, gözlənilməz hallar və stimullaşdırıcı tədbirlər üçün əlavə vəsaitlər ola bilər".

Qeyd edək ki, bankın İdarə Heyəti tərəfindən kreditin təsdiqlənməsi sentyabrın 6-na planlaşdırılmışdı.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayrılmasını öz öhdəliyinə götürüb.

323
Yusif Eyvazov və Anna Netrebko, arxiv şəkli

Yusif Eyvazov Anna Netrebkodan niyə övladının olmadığını açıqladı

0
Rusiyada yaşayan məşhur azərbaycanlı opera müğənnisi karyeraya necə başlamasından, həyat yoldaşı ilə tanışlığından və niyə ondan uşaq sahibi ola bilməməsindən danışıb.

BAKI, 23 iyun — Sputnik. Xalq artisti Yusif Eyvazov müğənni Valeriyanın "Aramızda qalsın" adlı layihəsinə qonaq olub. Azərbaycanlı solist proqramda həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkodan niyə övlad sahibi ola bilmədiyinə aydınlıq gətirib.

Peşə seçimi

Uşaq vaxtı mahnı oxumurdum. Oxumaq istədiyimi anlayanda isə təxminən 17-18 yaşım vardı. Bizim ailədə texnoloq və həkimlər üstünlük təşkil edir. Amma mənim bu peşələrə marağım yox idi. Atam onun yolu ilə getməyimi istəyirdi. Hazırlaşıb universitetə daxil oldum. Ali məktəbdə oxuduğum vaxt Şən və Hazırcavablar Komandası ("KVN") yaratmışdılar, mən də üzv oldum. Amma yaxşı "KVN"-çi ola bilmədim.

Çıxışlarımızdan birində mahnı oxumaq lazım idi. Həmin vaxt məni müşayiət edən pianoçu xanım səsimin olduğunu görüb məsləhət verdi ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olum. Ancaq valideynlər bu fikirdə idilər ki, mahnı oxumaqla ailə dolandırmaq olmaz, ona görə də məni bu fikirdən daşındırmağa çalışdılar. Buna baxmayaraq, konservatoriyaya daxil oldum və qərara gəldim ki, estrada müğənnisi olum. Heç indi də notları yaxşı bilmirəm.

Anatoli Qusev adlı bir pedaqoq var, İtaliyada təhsil almış ilk bakılıdır. İndiyə kimi onunla dostluq edirik. İldə bir dəfə Bakıya gəlirdi. Növbəti səfərlərin birində onun yanına getdim. O, mənə dedi: "Əgər oxumaq istəyirsənsə, İtaliyaya getməlisən".

Valideynlərimin məni xaricə göndərmək imkanı yox idi. Onlar mənim İtaliyaya getmək istəyimi sakit qarşıladılar, fikirləşdilər ki, bir müddət sonra bu həvəsim keçəcək. Amma keçmədi. Axırda atam məcbur olub məni İtaliyaya göndərmək üçün tələb olunan dörd min dolları düzəltdi. İki ay İtaliyada yaşayandan sonra bir qəpiyim də qalmamışdı. Evə qayıda bilməzdim. Onda 20 yaşım var idi. İndiki kimi yadımdadır, 1997-ci il idi, qərara gəldim ki, baristalıq edim. Sutkada cəmi dörd saat yatsam da, o dövr həyatımın ən gözəl vaxtları idi. Yaxşı qazanırdım. Bütün Avropanı gəzdim.

İlk çıxış

Bu, İtaliyada baş verdi. Əməlli-başlı biabırçılıq oldu. Üç saat oxudum, hər şey normal idi, ancaq yuxarı not götürmək istəyəndə alınmadı. Xəcalət içində səhnəni tərk etdim. Bu, mənim üçün böyük biabırçılıq idi. Ancaq xaraktercə tez ruhdan düşən insan deyiləm. Bütün dünya mənə deyirdi ki, səndən ifaçı olmaz.

Anna Netrebko ilə tanışlıq

Milanda tanış olduğumuz vaxt o mənə dedi ki, burada heç nə öyrənə bilməyib. Fikirləşdim ki, ya dəlidir, ya da dahi. Bir həftədən sonra onun çıxışını izləyəndə başa düşdüm ki, dahi vokalistdir. Bilirdim ki, premyeradan sonra ayrılacağıq. Agent də ona yaxınlaşmağı qadağan eləmişdi. O vaxt "WhatsApp" yox idi, biz əsasən, elektron poçt vasitəsilə ünsiyyət saxlayırdıq. Premyeradan sonra məni otağından qovdu, səhəri gün isə yazdı ki, artıq mənə olan həvəsi keçib. O, Vyanaya uçdu, amma biz yazışmağa davam elədik.

Sonra o yenidən çıxış etmək üçün Milana gəldi. Xahiş elədim ki, əlavə bir neçə gün də qalsın, razılaşdı. Ayrılıq anı çətin keçdi: başa düşürdüm ki, bəlkə də biz bir daha görüşməyəcəyik. O gedəndən sonra darıxmağa başladım. Onda mənim 35 yaşım var idi, həyatım barədə demək olar ki, fikirləşmirdim. Anna həyatıma yeni nəfəs gətirmişdi. 2014-cü ildə Vyanaya getdim və orada qaldım.

Netrebkonun həyat yoldaşı olmaq...

Anna güclü qadındır, amma mənə onunla yaşamaq asandır. O, kişinin yanında heç vaxt güclü tərəflərini göstərməz. Bu mənada eynilə azərbaycanlı xanımlara bənzəyir. O, heç vaxt kişini alçatmaz. Alçaldılmağa qətiyyən göz yummazdım. Mənim üçün qəbuledilməz iki şey var: xəyanət və hörmətsizlik. Biz ailə qurduğumuz vaxt hamı deyirdi: "Bu, Netrebkonun əridir". Bunu normal qarşılayırdım, bilirdim ki, bundan qaçmaq mümkün deyil, çünki o, ulduzdur. Başladım öz üzərimdə işləməyə. Anna mənim həyatımda ilhamverici qüvvədir. Biz bir-birimizdən çox şey öyrənmişik. İndi mənim yanımdakı qadın yeddi il bundan əvvəlki Anna deyil. Əgər mən ona 25-30 yaşında rast gəlsəydim, yəqin heç bir il də birlikdə yaşaya bilməzdik. Biz onunla övladı dünyaya gələndən sonra tanış olmuşduq. O, axtardığını məndə tapmışdı.

Niyə Netrebkodan övladı yoxdur

Şükür Allaha ki, Tyaqo eynən Annaya bənzəyir. O, xeyirxah və mehriban uşaqdır. İlk dəfə məktəbdə olanda mənə ata dedi. Çox təsirlənmişdim. Həmin an başa düşdüm ki, o mənim ögey deyil, elə doğma oğlumdur. Onun mənim qanımdan, canımdan olmadığını ağlıma belə gətirmirəm. O, həm də mənim ən yaxın dostumdur.

Tyaqo – bizim yeganə övladımızdır, başqa uşağımız olmadı. Anna ilə genetik cəhətdən uyuşmazlığımız var, yəni ayrı-ayrılıqda uşaq sahibi ola bilərik, amma birlikdə bu mümkün deyil. Hər şeyi sınaqdan keçirtsək də, alınmadı. Hətta mənə surroqat anadan övlad sahibi olmaq da təklif edildi. Amma başqa qadından olan övlad istəmirəm. Ona görə də qərar verdik ki, hər şey necə varsa, o cür də qalsın...

0