Bakıda yanacaqdoldurma məntəqəsi

Azərbaycan gələcəkdə Aİ-95 markalı benzinin qiymətini özü müəyyən edə bilər - SOCAR

3432
(Yenilənib 10:07 03.06.2021)
Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin qaldırılması cəmiyyət arasında birmənalı qarşılanmadı. Qiymətlərin bundan sonrakı taleyi barədə Sputnik Azərbaycan-ın iqtisadiyyat şərhçisi Xalid Məmmədovun materialında.

BAKI, 2 iyun - Sputnik. "Azərbaycan gələcəkdə öz imkanları ilə Aİ-95 markalı benzinin qiymətini müəyyən edə bilər". Bu fikri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlmasında deyib.

Azərbaycanda Aİ-95 və Aİ-98 benzinin bahalaşmasına münasibət bildirən SOCAR rəsmisi bildirib ki, gələcəkdə Aİ-95 markalı benzinin istehsalı Azərbacanda da mümkün olacaq: "Hazırda Cənubi Qafqazın yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya işləri davam edir. Modernizasiya layihəsi gələn il başa çatandan sonra bu zavodda həm də Aİ-95 markalı benzinin istehsalı mümkün olacaq. Beləliklə, biz artıq Aİ-95 markalı benzinin təchizatı baxımından idxaldan asılı olmayacağıq və belə hallarda Azərbaycan artıq öz imkanları ilə bu benzinin qiymətini müəyyən edə bilər".

O bildirib ki, "Premium" və "Super" markalı benzinlərin qiyməti artıb: "Bu artım isə dünya bazarlarında neft və neft məhsullarının qiymətinin dəyişilməsi ilə bağlıdır. Çünki "Premium" və "Super" markalı benzinlər Azərbaycanda istehsal olunmur, bu benzin növləri xaricdən idxal edilir. Bu benzinlər xaricdən idxal edildiyinə görə, bu, onu istehsal edən zavod və şirkətlərin müəyyən etdiyi qiymətlərdən asılıdır. Keçmiş dövrdə dünya bazarlarında neftin qiyməti xeyli azalmışdı və pandemiya dövründə bu benzin növlərinin qiyməti Azərbaycanda aşağı düşmüşdü. Belə ki, məsələn, pandemiyadan əvvəl Aİ-95-in qiyməti 1 manat 50 qəpik idisə, pandemiya dövründə hətta 1 manat 10 qəpiyədək düşmüşdü. Bu da bir müddət neft və neft məhsullarının qiymətinin kəskin düşməsi ilə bağlı olub. Daha sonra isə bu benzin növlərinin qiyməti artıb və hazırda dünyada neft və neft məhsullarının qiyməti artmaqdadır. Neftin qiyməti artıq pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Və buna görə də bu benzin növlərinin qiyməti digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yüksəlib".

"Gələcəkdə başqa ölkələrdə bunların qiyməti aşağı düşərsə, Azərbaycanda da aşağı düşə bilər. Artacaqsa, Azərbaycanda da arta bilər. Lakin bu benzin növləri Azərbaycanda o qədər də çox istehlak edilmir. Ölkə daxilində əsas istehlak olunan yanacaq növləri dizel və Aİ-92 markalı benzindir ki, bunlar ölkə daxilində istehsal olunur. Və ölkə daxilində istehsal olunduğuna görə, onların qiymətini dövlət tənzimləyə bilir. Tarif Şurası bunların qiymətini müəyyən edir və ona görə də bu gün onların qiyməti artmayıb, amma Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti artıb", - deyə SOCAR rəsmisi əlavə edib.

Qeyd edək ki, Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzinin qiyməti qalxıb. Belə ki, Aİ-95-in qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98-in qiyməti isə 1,40 manatdan 1,55 manata çatıb.

Xatırladaq ki, Aİ-92 markalı benzinin qiymətini isə Tarif Şurası müəyyən edir. Azərbaycanda yanacağın qiymətinə sonuncu dəfə bu ilin yanvarında dəyişiklik edilib. Yanvarın 4-də Tarif Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması və bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib.

Həmçinin oxuyun: 

* Azərbaycanda Aİ-95 markalı benzinin bahalaşma səbəbləri bəlli oldu

3432
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı

Vüsal Qasımlı: “Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur”

179
(Yenilənib 16:46 22.06.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır
Vüsal Qasımlı: “Yeni format iqtisadi baxımdan böyük potensial vəd edir”

““3+3” formatı ölkələrinin kəsişmə coğrafiyası Cənubi Qafqaz, kənar həlqəsi isə Rusiya, Türkiyə və İrandır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O bildirib ki, Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla bu formatın həm özəyində, həm də kənar həlqəsində həlledici mövqeyə malikdir: “Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3” formatına əsaslar yaradıb.  “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir: Bu miqyaslar onu göstərir ki, yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına oriyentasiya götürüblər, amma regional identiklik zəifdir. Hansı ki, regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər. Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur, Gürcüstan və Azərbaycan üçün ikinci ən böyük ticarət partnyoru Türkiyədir. “3+3” formatı təkcə Cənubi Qafqazda regional ticarətə deyil, həm də Türkiyə, Rusiya və İranın da öz aralarında ticarət həcminə təsir göstərə bilər”.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

179
Toy

Toy etmək istəyənlər bu tələblərə riayət etməlidirlər - Vergilər Xidmətindən şərh

2496
(Yenilənib 22:24 22.06.2021)
Müvafiq qərarla şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda qonaq qismində iştirak edəcək şəxslərin sayı ilə bağlı tələblər müəyyən edilib. İlkin mərhələdə 150 nəfərə qədər iştirakçı olan toy məclislərinin keçirilməsinə icazə verilir.

BAKI, 22 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Baş İdarə rəisinin müavini Namiq Dərgahov toylara icazə verilməsi ilə bağlı DVX-nin üzərinə düşən məsələləri şərh edib.

Sputnik Azərbaycan xəbər verir ki, Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 177 nömrəli Qərarına əsasən, 2021-ci il 1 iyul tarixindən həmin Qərarla müəyyən edilmiş tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir və həmin tarixdən etibarən bu fəaliyyət üzrə işçilərin və müvəqqəti işə cəlb edilmiş şəxslərin azı 80%-nin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Namiq Dərgahov bildirib ki, bundan başqa, müvafiq qərarla şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda qonaq qismində iştirak edəcək şəxslərin sayı ilə bağlı tələblər müəyyən edilib. İlkin mərhələdə 150 nəfərə qədər iştirakçı olan toy məclislərinin keçirilməsinə icazə verilir.

"50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənliklərdə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19 pasportu olduğu halda icazə veriləcək. 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur, lakin tibbi maskadan istifadə məcburidir. Bütün hallarda şənlik mərasimində xidmət göstərən heyətin isə (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər", - deyə N. Dərgahov qeyd edib.

O, həmçinin, əlavə edib ki, qərara əsasən, şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan heyət barədə, şənlik mərasiminin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı haqqında məlumatları "icaze.e-gov.az" portalına daxil etməlidir.

"Həmçinin xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə müəyyən olunmuş forma üzrə iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən "icaze.e-gov.az" portalına daxil edilməlidir", - deyə N. Dərgahov əlavə edib.

Xidmət rəsmisinin sözlərinə görə, ictimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçiriləcək.

"Vergi ödəyicilərinin və onların uçot vahidlərinin aktuallığı daim diqqətdə saxlanılır. Faktiki fəaliyyət növü şənlik mərasimlərinin təşkili sahəsinə aid olan obyektlər üzrə təqdim edilmiş ərizə məlumatlarının vergi ödəyiciləri tərəfindən bir daha nəzərdən keçirilməsi, obyekt qeydiyyatına və obyekt məlumatlarında dəyişiklik edilməsinə zərurət yaranarsa, müvafiq ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur", - deyə N. Dərgahov qeyd edib.

Eləcə də oxuyun:

2496
Teqlər:
icazə, qayda, şərh, vergi, toy
Mövzu:
Azərbaycanda toylar

Azərbaycanda toylara icazə verildi: nələri bilməliyik

0
Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək.
İnfoqrafika: Azərbaycanda toyların keçirilməsinə icazə verildi
© Sputnik / Elnur Salayev

Toy – çoxlarının həyatında baş verən ən sevincli və romantik hadisələrdən biridir. Azərbaycanda gənclər artıq bir ildən çoxdur ki, hakimiyyət qurumlarının onlara toy çaldırıb vüsala çatmalarına icazə verəcəkləri günü gözləyirdilər.

Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək. Belə ki, hökumət toyların keçirilməsinə dair tələb və qaydalarla bağlı bütöv bir siyahı açıqlayıb.

Sputnik Azərbaycan özünə toy çaldırmaq və ya bu mərasimdə iştirak etmək istəyənlər üçün ən vacib məqamları xüsusi infoqrafikada toplayıb. Toyun bütün təşkilatçıları, istər ailələr, istər ivent-şirkətlər, istərsə də şadlıq evləri olsun, əsas məsələni yaddan çıxartmamalıdırlar: personal, qonaqlar və bəylə gəlinin sağlamlığının mühafizəsi hər şeydən vacibdir. Əks halda, qayda pozuntuları hüquqi şəxslərə 5 min manatadək cərimə ilə nəticələnəcək. Əgər restoran və şadlıq evlərinin sahiblərinin bütün xərcləri müştərilərin boynuna qoyduqlarını nəzərə alsaq, cərimə bu və ya digər şəkildə toy sahiblərinə də öz təsirini göstərəcək.

0