SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Asim Mollazadə: "Azərbaycanda günəş panelləri istehsal edilməlidir"

© AP Photo / Dave KolpackСолнечные панели, фото из архива
Солнечные панели, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
"Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" yeni hazırlanan qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

BAKI, 25 may — Sputnik. "Alternativ bərpaolunan enerji ilə bağlı qanunun qəbul edilməsi işğaldan azad edilmiş torpaqlara qayıdış üçün zəruridir".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Hamı gözəl bilir ki, Azərbaycanın neft strategiyası uğurlu olub. Biz çalışmalıyıq ki, Azərbaycanda alternativ bərpaolunan enerji mənbələrdən istifadə genişlənsin. Hətta Azərbaycanda günəş panelləri istehsal edilməlidir. Məhz Azərbaycanda emal olunan sistemlərlə alternativ bərpaolunan enerji mənbələrindən istifadə genişlənməlidir", - deyə millət vəkili əlavə edib. 

Qeyd edək ki, "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" yeni hazırlanan qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Parlamentin bu gün keçirilən iclasında müzakirə olunan qanun layihəsi 5 fəsil və 20 maddədən ibarətdir.

Bu qanun elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə  bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Qanun layihəsinə əsasən, bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin qiymətləri (tarifləri) müəyyənləşəcək.

Bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin qiymətləri (tarifləri) elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinin hər kilovatt-saatı üçün hesablanır. Eyni zamanda qanun layihəsində Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı atlasının yaradılması da nəzərdə tutulub.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0