* AZƏRBAYCAN *
Böyük Britaniya bayrağı, arxiv şəkli

Britaniya Azərbaycana ən çox investisiya yatıran ölkədir

13
(Yenilənib 21:56 24.05.2021)
İqtisadiyyat naziri Böyük Britaniya ilə iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə "yaşıl iqtisadiyyat" və bərpa olunan enerji üzrə əlaqələrin genişləndirilməsi potensialının böyük olduğunu qeyd edib.

BAKI, 24 may — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının ixracat naziri Qraham Styuart ilə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, Mikayıl Cabbarov Azərbaycan-Böyük Britaniya əlaqələrinin genişləndiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında digər sahələrlə yanaşı, uğurlu ticarət və investisiya əməkdaşlığı həyata keçirilir. Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir. Qeyd edilib ki, 4-cü iclası keçirilən Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli əlaqələrin inkişafında önəmli platformadır.

© AR Ministry of Economy
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Böyük Britaniya və Şimali İrlandiya Krallığının ixracat naziri Qraham Styuart arasında görüş

Görüşdə ölkəmizdə həyata keçirilən islahatlar, 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflər diqqətə çatdırılıb. İqtisadiyyat naziri Azərbaycanda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın, rəqəmsal ekosistemin inkişafı, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə danışıb, Böyük Britaniya ilə iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə "yaşıl iqtisadiyyat" və bərpa olunan enerji üzrə əlaqələrin genişləndirilməsi potensialının böyük olduğunu qeyd edib.

Görüşdə azad edilmiş ərazilərimizdə nəzərdə tutulan işlər barədə məlumat verilib. Böyük Britaniya və Şimali İrlandiya Krallığının ixracat naziri bu işlərdə Britaniya şirkətlərinin iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

13
Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının investiya naziri Xalid bin Əbdüləziz Əl-Falih görüş zamanı

Azərbaycan Səudiyyə Ərəbistanını azad olunan ərazilərdə bərpa işlərinə dəvət edib

746
(Yenilənib 11:23 24.06.2021)
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə Səudiyyə Ərəbistanı tərəfini məlumatlandırıb.

BAKI, 24 iyun — Sputnik. İyunun 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihlə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.

Qonaqları səmimi salamlayan səudiyyəli nazir ölkəmizə səfərlərini və dövlətimizin başçısı cənab İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.

Qarabağa dəvət

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında dövlət başçıları səviyyəsində münasibətlərə toxunaraq, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və əməkdaşlığın digər sahələrdə də inkişafının vacibliyini vurğulayıb. Nazir əməkdaşlığın inkişafında Hökumətlərarası Müştərək Komissiyanın rolunu qeyd edərək, Komissiyanın 2019-cu ilin mart ayında Bakıda keçirilən son iclasının uğurlu olduğunu vurğulayıb. O, iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı, turizm və mədən sənayesi sahələrində əməkdaşlıq imkanlarını qeyd edib.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə Səudiyyə Ərəbistanı tərəfini məlumatlandırıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işləri və həyata keçirilən infrastruktur layihələrindən danışaraq, dost Səudiyyə Ərəbistanını da bu prosesdə iştiraka dəvət edib. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixracı üçün böyük potensialın olduğunu bildirən nazir, bu sahədə əməkdaşlığın fəallaşdırılmasınln vacibliyini qeyd edib.

Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığa toxunan nazir Ceyhun Bayramov qeyd olunan sahədə pandemyadan əvvəl müşahidə olunan müsbət dinamikanın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini bildirib.

Enerji sahəsində əməkdaşlıq

Xalid Əl-Falih ölkəsinin enerji naziri qismində Azərbaycana səfəri zamanı bərpa olunan enerji və neft-kimya sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdiyini diqqətə çatdıraraq, ölkəmizin turizm imkanlarına toxunmuş, hava nəqliyyatı sahəsində əməkdaşlıqdan bəhs edərək, sərnişindaşıma ilə yanaşı, yükdaşımaların da həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirərək, bu məsələnin Hökumətlərarası Müştərək Komissiyanın cari ilin payız aylarında Ər-Riyadda keçiriləcək növbəti iclasında müzakirə olunacağını qeyd edərək, Azərbaycan – Səudiyyə Ərəbistanı Biznes Şurasının yaradılması və birgə biznes forumun təşkilindən bəhs edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Eləcə də oxuyun: 

746
Teqlər:
işğaldan azad edilmiş ərazilər, əməkdaşlıq, enerji, iqtisadiyyat, Səudiyyə Ərəbistanı, Azərbaycan
Tovuzda kartofun yığımı

Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb

20
(Yenilənib 19:06 23.06.2021)
Bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. Bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq

 

BAKI, 23 iyun — Sputnik. Təkrar əkin subsidiyası almaq istəyən fermerlər təkrar əkinləri barədə bəyanı avqustun 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal deyib ki, təkrar əkin subsidiyası fermerlərə bir ildə 2 dəfə əkin subsidiyası almaq üçün yaradılmış imkandır: "Payız əkinlərinin biçinini başa çatdırmış fermerlər yeni mövsümədək qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərindən birinin və ya bir neçəsinin əkinini həyata keçirə bilərlər".

Təkrar əkinlərə görə verilən subsidiyaların məbləği Subsidiya Şurasının qəbul etdiyi əmsallara görə hesablanır.

Pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da qeyd olunan bitkilərin əkinini aparmış fermerlər məhsul subsidiyası almaq üçün mütləq əkinlərini EKTİS-ə bəyan etməlidirlər.

AKİA rəsmisi onu da əlavə edib ki, təkrar əkin üçün müraciət etmək istəyən fermerin mütləq bu il ilk əkin aparması barədə bəyanı EKTİS-də olmalıdır. Eyni zamanda, bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq.

Müraciətlər toplandıqca, monitorinqlər aparılacaq və sentyabrdan başlayaraq təkrar əkin subsidiyalarının ödənişi həyata keçiriləcək.

Qeyd edək ki, təkrar əkin subsidiyası da fermer kartına köçürülür. Vəsaitin 25%-ni fermer nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər.

Xatırladaq ki, qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.

20
İmtahan, arxiv şəkli

Tərsinə fenomen: iki məktəb niyə hər kəsi məyus edib?

0
Bakıda iki məktəbin heç bir məzunu ali məktəbə qəbul ola bilməyib. Sputnik Azərbaycan bunun səbəbini araşdırıb.

 

BAKI, 24 iyun — Sputnik. Bakıda iki orta ümumtəhsil müəssisəsindən ötən tədris ilində ali məktəbə bir məzun belə qəbul ola bilməyib. Dövlət İmtahan Mərkəzinin yaydığı xəbərə görə, bunlar 185 saylı və 105 saylı tam orta məktəblərdir. Bu məlumat sosial platformadakı təhsil qruplarında da geniş müzakirəyə və tənqidə səbəb olub. Sosial şəbəkə istifadəçiləri həmin məktəblərin rəhbərliyini və pedaqoji heyətini yaxşı təhsil verməməkdə günahlandıraraq tənqid ediblər.

Sputnik Azərbaycan ötən il ali məktəbə bir məzunu belə qəbul ola bilməyən məktəblərlə əlaqə saxlayaraq bunun səbəbini araşdırıb.

Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 185 saylı orta məktəbdən Sputnik Azərbaycan-a bildirdilər ki, məktəbin direktoru Esmira Rzaquliyeva məzuniyyətdə olduğundan bu suala cavab verə bilmir. Amma özünü məktəbin müəllimi kimi təqdim edən şəxs ötən il məzunların heç birinin ali məktəbə qəbul ola bilməməsinin səbəbini şagird sayının az olması ilə izah etdi. O bildirdi ki, əvvəlki illərdə məktəbin ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək bal toplayaraq fərqlənən məzunları olub. Amma son illər məzun sayı azaldığından, ali məktəblərə qəbulla bağlı bu cür mənzərə yaranıb.

Ələtin Şıxlar massivində yerləşən 105 saylı məktəbin direktor əvəzi Mənsim Hacıyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən il məktəbin 11 məzunu olub. Onlardan üç nəfəri ali məktəbə sənəd verib. Bir məzun ödənişli universitetə qəbul olduğundan oxumaqdan imtina edib:

"Yerdə qalan yaxşı oxuyan şagirdlərimiz isə 9-cu sinifdən kolleclərə qəbul olublar. Amma əvvəlki illərdə ali məktəblərə qəbul olan şagirdlərimiz olub. Bu il 12 məzunumuz var. Onlardan 5 nəfəri ali məktəbə sənəd verib. Bizim məktəbin 2016-cı ildən bu tərəfə 105 bal toplayan məzunları olub. Bu rəqəm artmaqda davam edir. Fənn olimpiadalarında bizim dörd şagirdimiz yarımfinala çıxıb. Ümumilikdə məktəbdə məzun sayı azdır. Məzun sinifləri tək-təkdir. Növbəti ildən paralel siniflərdə məzun sayı artacaq. Ümid edirik ki, ali məktəbə qəbul olan məzunlarımız olacaq. Məktəbdə dərs deyən eyni müəllimlərdir. Buna görə birmənalı olaraq məktəbi günahkar çıxartmaq düzgün deyil", - deyə M.Hacıyev bildirib.

Qeyd edək ki, 2018-ci ildə keçirilən qəbul imtahanlarında Bakı şəhəri 140 saylı tam orta məktəbin bir abituriyenti belə, ali təhsil müəssisəsinə qəbul ola bilməmişdi.

Eləcə də oxuyun:

  • Təhsil Nazirliyi "Məzun günü" ilə bağlı qərar verib

  • "Azərbaycan dili" fənni üzrə ikinci imtahan keçiriləcək

  • Yüksək bal toplayan abituriyentlərlə bağlı statistik göstəricilər açıqlanıb

0