* AZƏRBAYCAN *
Neft buruğu, arxiv şəkli

Azərbaycan neftinin qiyməti qalxdı

9
(Yenilənib 14:32 18.05.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 18 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,64 dollar artaraq 69,16 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,33 dollar artaraq 69,79 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,32 dollar bahalaşaraq 66,59 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Tovuzda kartofun yığımı

Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb

4
(Yenilənib 19:06 23.06.2021)
Bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. Bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq

 

BAKI, 23 iyun — Sputnik. Təkrar əkin subsidiyası almaq istəyən fermerlər təkrar əkinləri barədə bəyanı avqustun 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal deyib ki, təkrar əkin subsidiyası fermerlərə bir ildə 2 dəfə əkin subsidiyası almaq üçün yaradılmış imkandır: "Payız əkinlərinin biçinini başa çatdırmış fermerlər yeni mövsümədək qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərindən birinin və ya bir neçəsinin əkinini həyata keçirə bilərlər".

Təkrar əkinlərə görə verilən subsidiyaların məbləği Subsidiya Şurasının qəbul etdiyi əmsallara görə hesablanır.

Pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da qeyd olunan bitkilərin əkinini aparmış fermerlər məhsul subsidiyası almaq üçün mütləq əkinlərini EKTİS-ə bəyan etməlidirlər.

AKİA rəsmisi onu da əlavə edib ki, təkrar əkin üçün müraciət etmək istəyən fermerin mütləq bu il ilk əkin aparması barədə bəyanı EKTİS-də olmalıdır. Eyni zamanda, bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq.

Müraciətlər toplandıqca, monitorinqlər aparılacaq və sentyabrdan başlayaraq təkrar əkin subsidiyalarının ödənişi həyata keçiriləcək.

Qeyd edək ki, təkrar əkin subsidiyası da fermer kartına köçürülür. Vəsaitin 25%-ni fermer nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər.

Xatırladaq ki, qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.

4
Dollar

Azərbaycandan cəsarətli addım: Dünya Bankından kredit almayacaq

234
(Yenilənib 18:22 23.06.2021)
Dünya Bankı tərəfindən koronavirusla mübarizədə bütün ölkələrə təqdim olunan güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib. Amma...

 

BAKI, 23 iyun — Sputnik. Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan "Sürətli COVID-19 aləti" layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil.

Qeyd edək ki, ötən gün Dünya Bankının Bakı ofisinin rəhbəri Sara Maykl bildirib ki, Dünya Bankı Azərbaycanda COVID-19-a təcili cavab tədbirlərinin həyata keçirilməsi layihəsinə 95 milyon ABŞ dolları ayırmağı planlaşdırır: "Keçən il bir neçə ölkə koronavirus infeksiyasına qarşı mübarizədə ölkələri dəstəkləmək üçün sürətləndirilmiş kredit mexanizmi elan edildikdən dərhal sonra maliyyələşmə üçün müraciət etdi. Bu ölkələrə vəsait ayrıldı və onlar COVID-19 səbəbilə yaranmış əlavə xərclərini qarşılaya bildilər. Azərbaycan hökuməti isə öz növbəsində, bu yaxınlarda müraciət edib. Müvafiq olaraq kredit vasitəsilə artıq xərclədiyi vəsaiti kompensasiya edə biləcək. Yeni xərclər arasında COVID-19-lu pasiyentlər üçün müstəsna xidmətlər göstərən tibb işçilərinə əlavə ödənişlər, avadanlıq alışı, gözlənilməz hallar və stimullaşdırıcı tədbirlər üçün əlavə vəsaitlər ola bilər".

Qeyd edək ki, bankın İdarə Heyəti tərəfindən kreditin təsdiqlənməsi sentyabrın 6-na planlaşdırılmışdı.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayrılmasını öz öhdəliyinə götürüb.

234
Kişi saçlarını darayır, arxiv şəkli

Bizə qənim kəsilən qəzəbli adamlar

0
(Yenilənib 21:41 23.06.2021)
Sputnik Azərbaycan-ın köşə yazarı son illər çox aktual olan sosial şəbəkə dözülməzliyi mövzusuna toxunub.

BAKI, 23 iyun — Sputnik. Sosial şəbəkələrdə bir qrup insan var ki, oturub kimlərisə linç etmək üçün fürsət gözləyir.

Əgər sənin şəxsi fikirin varsa, ümumi fikirə zidd bircə kəlimə yazsan, vay halına. Bu mühafizəkar və qəzəbli adamlar səni didib-parçalayar, məhv edər.

Onlar heç kəsin tənqidi fikrini, şəxsi yanaşmasını qəbul etmir. Ellikcə sevinib, ellikcə kədərlənən bu insanlar onların duyğularına şərik olmayanları bihörmət etməyə məqam gözləyirlər. Onlar üçün azadlıq əxlaqsızlıq, şəxsi fikir tərbiyəsizlik, fərdi düşüncəni bölüşmək mənasızlıqdır.

***

Onların düşməni də, dostu da ümumidir. Qəfildən sözü bir yerə qoymuş kimi kimisə sevə, ya da söyə bilirlər. Həmrəy, həmfikir olmaqda əndazəni aşmış bu adamların gözündən yayınıb azacıq müstəqil fikir yazsan, sənin xalq düşməni olduğunu sübut edənə qədər səndən əl çəkməzlər. Sosial şəbəkələrdəki qaraguruhu müşahidə edəndə, Nemət Pənahlının “Meydan” hərəkatındakı performansını xatırlayıram. Hərçənd, o dönəmdə uşaq olsamda, dumanlı xatirələrim və böyüklərdən eşitdiklərim Nemətin kütləni necə coşdurmasını yaddaşımdan silinməyə qoymur. Nemətin bir kəlməsi ilə oturub-qalxan minlərlə adam vardı illər öncə...

Sonra həmin kütləvi həmrəylik unuduldu getdi, illər sonra o adamların “varisləri” sosial şəbəkələrdə peyda oldu. İndi də onlar kütləvi şəkildə həmrəy və həmfikir olmaqla sosial şəbəkələri “Azadlıq meydanı”na çeviriblər. Onların da öz nemətpənahlısı var – sosial şəbəkə fenomenləri...

Müharibə vaxtı bu kütlənin qəzəbini də, coşğusunu da gördük. Sülh tərəfdarlarının təhqir edilməsi, fərqli düşünənlərin linç edilməsi hələ də davam edir. Bəli, bu adamlar alternativ, müstəqilfikirə hörmət etmir, hətta qəbul etmirlər. Onlar kimi düşünmürsənsə düşmənsən, namərdsən, satılmısan. Şüar birdir: “ya bizdənsən, ya düşmən”.

***

Şübhsiz ki, kütlənin azad fərdlərə qarşı dözümsüzlüyü yenilik deyl. İllər öncə də sosial şəbəkələrdə qəzəbli adamlar, əsəbi kütlə vardı, bu gün də var. Lakin getdikcə onların bölünməsi, qruplaşması fərqli istiqamətdə təşəkkül tapır. Nə qədər bölünüb, parçalanıb, şaxələnib inkişaf etsələr də, onların ortaq nöqtəsi mütləq var: fərdlərə, azad, müstəqil fikirli insanlara qarşı dözümsüzlük. Əgər şəxsi fikirin varsa, bunu ifadə etmək istəyirsən yüz ölçüb, bir biçməlisən. Yoxsa, hücuma, linçə, təhqirə hazır olmalısan.

Onlar klassikləri çıxmaq şərti ilə, heç bir musiqiçini, rejissoru, aktyoru, yutuberi, siyasətçini, yazıçını və şairi bəyənmirlər. Onların fikirincə “bizimkilər” heç nəyi bacarmır. Məsələn, indiki müğənnilər oxuya bilmir, komediya aktyorları güldürə bilmir, rejissorlar çəkməyi bacarmır, yazıçılar isə yazmasa daha yaxşıdır. Nirvanada olduğunu düşünən bu ərənlər, onlar kimi düşünməyənləri cahil, savadsız, savadsız, bacarıqsız hesab edir. Çünki haqqı bilən sadəcə onlardır və onlar da “kövni-məkana sığmırlar”.

***

Xülaseyi-kəlam, bu qəzəbli və əsəbi insanlar arasında yaşamaq, ömür tükətmək əməlli-başlı işgəncədir. Bir yandan pandemiya, bir yandan gündən-günə çətinləşən həyat şərtləri, “bir yandan da havalar...” Açığı hər şeyə birtəhər dözmək, səbr etmək mümkündür. Adamı nə yayın istisi yandırır, nə də susuzluq. Adamı yandıran anlayışsız insanlar arasında yaşayıb, ömür-gün tükətməkdir. Bu qəzəbli, heç nəyi bəyənməyən, hamıya potensial düşmən kimi baxan adamlarla eyni səmanın altında eyni ulduzları seyr etmək o qədər çətindir ki...

0