CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan aviaşirkəti 5 ədəd "Вoeing" markalı yük təyyarəsi alır

© AP Photo / JANE MINGAYBoeing 777
Boeing 777 - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Razılaşmaya əsasən, "Silk Way West Airlines" şirkəti 2023-2027-ci illərdə 5 ən müasir "Boeing 777F" yük təyyarəsini almağı planlaşdırır.

BAKI, 28 aprel — Sputnik. Azərbaycanın "Silk Way West Airlines" şirkəti donanmasını genişləndirmək məqsədilə ABŞ-ın "Boeing" şirkəti ilə alqı-satqı razılaşması imzalayıb.

Bu barədə Sputnik Azərbaycan-a "Silk Way West Airlines"dan bildirilib.

Məlumata görə, razılaşma bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev, "Silk Way Group" MMC-nin prezidenti Zaur Axundov, ABŞ-ın Azərbaycandakı səfiri Örl D.Litzenberger və "Boeing"in prezidenti və baş icraçı direktoru Sten Dilin iştirakı ilə Bakıda keçirilmiş mərasimdə imzalanıb. Bu yatırım "Silk Way West Airlines" şirkətinin yükdaşımalar üzrə artan tələbatın qarşılanması məqsədilə beynəlxalq hava şəbəkəsini genişləndirməsi istiqamətində atdığı növbəti addım çərçivəsində baş tutub.

Razılaşmaya əsasən, "Silk Way West Airlines" şirkəti 2023-2027-ci illərdə 5 ən müasir "Boeing 777F" yük təyyarəsini almağı planlaşdırır.

Təyyarələrin sifarişi Xəzər dənizi və Mərkəzi Asiya regionunda bir ilkdir. "Boeing 777F" hazırda bazarda olan ən böyük ikimühərrikli yük təyyarəsidir. 9200 km uçuş məsafəsi olan təyyarənin maksimal yük götürmə qabiliyyəti 102000 kq təşkil edir. Dünyanın ən effektiv və ətraf mühitin qorunması baxımından münasib təyyarəsi olmasını nəzərə alaraq, yeni hava gəmiləri "Silk Way West Airlines" donanmasının dayanıqlılıq hədəflərinə töhfə verməklə yanaşı, həmçinin xidmət və əməliyyat xərcləri baxımından xüsusilə sərfəli bir seçimdir.

"Dünyanın aparıcı təyyarə istehsalçısı olan "Boeing" ilə Azərbaycanın tanınan hava yolu yükdaşıma şirkəti "Silk Way West Airlines" arasında müqavilənin imzalanmasını alqışlayırıq. Azərbaycanda vahid nəqliyyat sistemi yaradılır və hava yolu nəqliyyatı burada önəmli rol oynayır. İnanıram ki, bu müqavilə regional nəqliyyat qovşağı və beynəlxalq ticarət və kommersiya əlaqələrində etibarlı hava yolu tərəfdaşı kimi Azərbaycanın mövqeyini möhkəmləndirəcək", - deyə R.Nəbiyev qeyd edib.

"Bu razılaşmanın imzalanması şirkətimizin inkişafı istiqamətində atılan növbəti bir addımdır. Əminəm ki, yeni təyyarələrin alınması, layihənin həyata keçirilməsi önümüzdəki 15-20 il ərzində şirkətimizin qlobal hava yolu ilə yükdaşıma bazarındakı aparıcı mövqelərini daha da gücləndirəcək", - deyə Z.Axundov bəyan edib.

Öz növbəsində S.Dil qeyd edib ki, "Silk Way West Airlines" öz şəbəkəsinin coğrafi əhatəsini sürətlə genişləndirməkdədir. "Növbəti 20 il ərzində qlobal hava yolu yükdaşıma bazarının 60%-dən daha çox artacağı gözlənilir və yeni sifariş şirkətin MDB məkanı, Avropa, Yaxın Şərq, Asiya və Şimali Amerikadakı ticarət və elektron kommersiya əməliyyatları üzrə tələbatlara cavab vermə imkanlarını möhkəmləndirəcəkdir. Silk Way West Airlines ilə olan tərəfdaşlığımızdan məmnunuq və bazardakı ən mütərəqqi effektivliyə və tutuma malik olan "777F" təyyarəsini şirkətin 747F yük təyyarələrindən ibarət mövcud donanmasına təqdim etmək üçün səbirsizlənirik".

Prezident İlham Əliyev “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edi - Sputnik Azərbaycan, 1920, 28.04.2021
İQTİSADİYYAT
İlham Əliyev "Boeing Commercial Airplanes" Şirkətinin prezidentini qəbul edib

Anlaşma "Silk Way West Airlines" şirkətinin qlobal yükdaşıma bazarındakı iddialarını genişləndirməsi üçün yeni bir zəmin yaradacaq, Xəzər dənizi regionunun aparıcı yükdaşıma şirkəti ilə dünyanın ən böyük aerokosmik şirkəti arasında artıq mövcud olan münasibətləri gücləndirəcək.

2012-ci ildə İpək Yolunun qəlbi sayılan Bakıda əsası qoyulmuş "Silk Way West Airlines" 350 min tondan ibarət illik yük dövriyyəsi ilə Xəzər dənizi regionunun ən böyük hava yolu ilə yükdaşıma şirkətidir. Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət ayda dünyanın 40 istiqaməti üzrə 350 müntəzəm uçuş həyata keçirir.

"Boeing" dünyanın ən böyük aerokosmik şirkəti, kommersiya təyyarələri, müdafiə, kosmik və təhlükəsizlik sistemləri və qlobal xidmətlərin aparıcı tədarükçüsüdür. Əsas ABŞ ixracatçısı kimi şirkət 150-dən artıq ölkədə hökümət və kommersiya müştərilərini dəstəkləyir, qlobal təchizatçı bazasının istedadlarından yararlanır. Aerokosmik liderlik mirasının təməlini qoymuş "Boeing" texnologiya və innovasiyalarda öncüllük edir, onları müştərilərinə çatdırır, habelə insanlara və gələcək inkişafa sərmayə qoyur.

Xəbər lenti
0