Mastercard

Mərkəzi Bank ilə "Mastercard" arasında sənəd imzalanıb

13
Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində beynəlxalq təşkilatların təşəbbüslərini dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini daima diqqət mərkəzində saxlayır.

BAKI, 28 aprel — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) və "Mastercard" beynəlxalq kart təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb. Məqsəd növbəti strateji dövrdə ölkə üzrə rəqəmsal ödənişlərin inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir.

Sputnik Azərbaycan xəbər verir ki, ötən illər ərzində AMB-ın strateji tərəfdaşı qismində çıxış etmiş "Mastercard" təşkilatı ilə birlikdə "Nağdsız Azərbaycan" layihəsi reallaşdırılıb, habelə "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində bir sıra uğurlu layihələrə imza atılıb.

Qarşılıqlı əməkdaşlıq çərçivəsində aidiyyəti qurumların dəstəyi ilə ölkədə ilk dəfə təhsil sahəsində multifunksiyalı "Smart təhsil kartı", nəqliyyat sahəsində pilot olaraq seçilmiş şəhərlərdə sərnişindaşımada gediş haqlarının təmassız kartlarla ödənilməsi kimi layihələr icra edilib, nağdsız ödənişlərdən istifadənin stimullaşdırılması məqsədilə çoxsaylı kampaniyalar təşkil olunub, rəqəmsal ödənişlər barədə ictimai məlumatlılığın artırılması üzrə silsilə tədbirlər həyata keçirilib.

Rəqəmsal ödənişlərin davamlı inkişafı məqsədilə imzalanmış yeni strateji anlaşma texnoloji innovasiyalardan istifadə etməklə maliyyə inklüzivliyinin genişləndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri üçün innovativ ödəniş alətlərinin tətbiqinin dəstəklənməsi, nağdsız ödənişlərə inamın artırılması üçün müxtəlif hədəf qrupları üçün seminar və təlimlərin təşkili, kiber təhlükəsizlik, süni intellekt və ən son texnoloji trendlərlə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsi kimi sahələrdə əməkdaşlığın davam etdirilməsini ehtiva edir.

AMB ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində beynəlxalq təşkilatların təşəbbüslərini dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini daima diqqət mərkəzində saxlayır.

Qeyd edək ki, Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, innovativ ödəniş alətlərindən istifadə edərək daha rahat, sürətli və təhlükəsiz ödəniş imkanlarının artırılması, rəqəmsal ödəniş vərdişlərinin yaradılması və iqtisadiyyatda nağdsız dövriyyənin yüksəldilməsi məqsədilə beynəlxalq kart təşkilatları ilə effektiv əməkdaşlıq çərçivəsi formalaşdırıb.

13
Maliyyə Nazirliyinin binası, arxiv şəkli

Maliyyə Nazirliyi müraciət yayıb

6
(Yenilənib 12:28 09.05.2021)
Azərbaycan Respublikası Maliyyə Nazirliyi kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə müraciət ünvanlatıb.

BAKI, 9 may — Sputnik. Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsinə dair layihələrdə iştirak edən, eləcə də büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə müraciət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə deyilir:

"Dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsinə dair layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər "Mühasibat uçotu haqqında" qanunun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər.

Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və yaxud mətbu orqanda dərc olunması tələb olunur.

Qanunun 12-1.9-cu maddəsinin tələblərinə əsasən, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxslərdən, nizamnaməsində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan, ölkə prezidentinin yaratdığı publik hüquqi şəxslərdən, habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslərdən (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və yaxud mətbu orqanda dərc etdirməsi tələb olunur.

Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"nın 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və yaxud təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verilir".

6
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

13
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

13

Bu gün 25 mindən çox insan vaksin vurdurub

0
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

0