Bakıda supermarket, arxiv şəkli

Əhalinin gəlirlərinin böyük hissəsinin ərzağa xərclənməsinin səbəbləri bəlli oldu

44
(Yenilənib 08:19 22.04.2021)
İstehlak bazarında qiymətlərin normal rəqabətli mühitdə formalaşmaması bu xərclərin daha da yüksək olmasına gətirib çıxaran səbəblərdən biridir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 aprel — Sputnik. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, bu ilin yanvar-mart aylarında əhali pərakəndə ticarətdə 9 mlrd. 525 mln. manat pul xərcləyib. Bu vəsaitin 4 mlrd. 429 mln. manatını sırf ərzağa, 549 mln. manatını spirtli içki və tütün məmulatlarına, 514 mln. manatını yanacağa, 216 mln. 100 min manatını isə əczaçılıq məhsulları və tibbi ləvazimatlara sərf edib.

Azərbaycanda niyə əhali daha çox ərzağa pul xərcləyir? Bununla bağlı iqtisadçı Rəşad Həsənov Sputnik Azərbaycan-a danışıb: "Hansı ölkədəki əhalinin gəlirləri daha yüksəkdir, həmin ölkələrdə gündəlik ərzaq məhsulları ümumi xərclər sırasında daha az paya malikdir. Yoxsul ölkələrdə isə gəlirlərin əhəmiyyətli hissəsi məhz ərzağa xərclənir. Bu zaman onların digər xidmətlərdən yararlanma imkanları məhdudlaşır. Xüsusi ilə keyfiyyətli təhsil, keyfiyyətli xidmət, asudə vaxtını daha dəyərli keçirmə, o cümlədən də yığım imkanı məhdudlaşır".

Ekspert deyir ki, son bir neçə ildə bir sıra sosial paketlər açıqlandı və bu paketlər müəyyən qədər əhalinin gəlirlərinə təsir etdi: "Lakin buna baxmayaraq 2020-ci ildən başlayan pandemiya əhalinin gəlirlərini əhəmiyyətli dərəcədə zəiflətdi. Bu da əhalinin zəruri tələbat məhsullarına xərclərinin ümumi xərclərin strukturunda payını artıran məqamlardan biridir. Təsəvvür edin ki, aylıq 500 manat məbləğində ərzaq məhsullarının istehlakına ehtiyac var. Gəliriniz 1000 manat olduqda bu onun 50 faizi, 2000 manat olduqda isə 25 faizini təşkil etmiş olur".

"Azərbaycanda ərzağa daha çox vəsaitin xərclənməsi məhz əhalinin gəlirlərinin az olması ilə əlaqədardır. İstehlak bazarında qiymətlərin normal rəqabətli mühitdə formalaşmaması bu xərclərin daha da yüksək olmasına gətirib çıxaran səbəblərdən biridir. Əminliklə deyə bilərəm ki, rəqabətli şərtlər daxilində formalaşmış bazarda qiymətlərin optimallaşması gündəlik tələb olunan, eyni zamanda da, ərzaq məhsullarına olan ümumi xərclərin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər. Təxminən Azərbaycan şərtləri daxilində əhali gəlirin 47-48 deyil, 35-38 faizini bu xərclərə yönəldə bilər", - deyə R.Həsənov əlavə edib.

O qiymətlərin yüksək olmasına təsir edən digər amillərdən də danışıb: "Yerli istehsal zəifdir. İstehlak malları sahəsində ölkə əhəmiyyətli dərəcədə idxaldan asılıdır. Bazarda inhisarçılıq var. Bunu həm yerli istehsal sahəsində, həm də idxalda da görə bilərik. Bazar iştirakçılarının sayı qiymətlərin optimallaşmasına şərait yaradacaq qədər deyil. Bu əksər hallarda süni şəkildə yaradılmış qiymətlərdir. Hansısa məhsulun xarici bazarlarda da satış qiymətinə baxıb sonra onun Azərbaycandakı qiymətinə baxsaq, qiymət fərqinin 50 dəfəyədək olduğunu görə bilərsiniz. Daha çox kiçik miqyaslı məhsullarda bu kəskin fərq hiss olunur", - deyə iqtisadçı əlavə edib.

İqtisadçı deyir ki, 2021-ci ilin əvvəlində benzinin qiymətinin artması ilə bağlı qəbul edilən qərarın bazara təsirinin nisbətən zəif olması gözlənilirdi: "Lakin qiymətlər kəskin şəkildə artdı".

44
Neft, arxiv şəkli

Azərbaycan nefti 70 dollara yaxınlaşır

6
(Yenilənib 15:09 06.05.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 6 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 69,59 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 69,19 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar bahalaşaraq 65,77 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

6

Professor: “Transsərhəd kapital hərəkətinə nəzarət edilməsi mühümdür”

11
(Yenilənib 01:37 06.05.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, Türkiyə ilə dövriyyənin artmasının strukturuna nəzər salmaq lazımdır.
Elşad Məmmədov: “Azərbaycan Türkiyə üçün önəmli investordur”

2021-ci ilin martında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 258,31 milyon dollar təşkil edib ki, bu da ötən ilin martı ilə müqayisədə 90,473 milyon dollar çoxdur. Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Türkiyə ticarət dövriyyəsindəki artımı normal qarşılamaq lazımdır: “Son dövrlər iki ölkə arasında bütün sahələr üzrə əlaqələr gücləndirilib. Bu baxımdan həmin güclənmənin iqtisadi göstəricilərdə təsdiq olunması məntiqəuyğundur. Eyni zamanda dövriyyənin artmasının strukturuna nəzər salmaq lazımdır. Yalnız bundan sonra ümumi ticarət dövriyyəsindəki artımın dəqiq səbəblərini müəyyən etmək mümkün olar. Bundan sonra da dövriyyənin artacağını ehtimal edirəm. Həmçinin iki ölkə kapital hərəkəti ilə bağlı da qarşılıqlı əlaqələrini davam etdirir. Azərbaycan Türkiyə üçün önəmli investordur. Burada mühüm məqamlardan biri transsərhəd kapital hərəkətinə nzəarət edilməsidir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Teqlər:
nəzarət, transsərhəd, kapital, Azərbaycan, Türkiyə
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

0
İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib.

BAKI, 7 may - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

0
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər