İstanbula mənzərə, arxiv şəkli

Türkiyə ilə sərbəst ticarət Azərbaycana vəd edir?

1088
(Yenilənib 22:47 18.04.2021)
İqtisadçılar Azərbaycan ilə Türkiyə arasında sərbəst ticarət anlaşmasının olması məsələsinə fərqli yanaşıblar.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Türkiyənin ticarət naziri Ruhsar Pekcan Azərbaycan ilə Türkiyə arasındakı preferensial ticarət sazişi üzrə məhsul siyahısının məhdud olduğunu, iki ölkəyə sərbəst ticarət anlaşmasının uyğun olduğunu söyləyib.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadla xəbər verir ki, Ruhsar Pekcan deyib: "Hazırda preferensial ticarət sazişi üzrə 150 çeşid məhsul siyahısı üzərində işləyirik. Lakin vahid bazar prinsipləri əsasında Azərbaycan və Türkiyəyə sərbəst ticarət müqaviləsi uyğundur. Hədəfimiz sərbəst ticarət anlaşması olmalı və bu istiqamətdə işlərə başlamalıyıq". 

Ekspertlər Azərbaycan ilə Türkiyə arasında sərbəst ticarət anlaşmasının mümkünlüyü məsələsinə münasibət bildiriblər.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, iki ölkə arasında sərbəst ticarət anlaşması olsa, bu, bizim üçün müəyyən üstünlüklər yarada bilər:

"Çünki Azərbaycanın Türkiyəyə ixracı daha çoxdur, nəinki Türkiyədən idxalı. Sərbəst ticarət anlaşması Azərbaycana Türkiyədən idxal edilən məhsulların çeşidinin, bazar iştirakçılarının sayının artmasına, xərclərin azalmasına, məhsulların daha ucuz qiymətə təklif edilməsinə, əhalinin alıcılıq qabiliyyətinin güclənməsinə gətirib çıxarda bilər. Digər tərəfdən, Türkiyə bazarında daha aşağı qiymətə təklif edilməklə Azərbaycan məhsulları üçün rəqabətli üstünlük imkanı yaradır. Bu, bazarın genişləndirilməsi üçün çox vacib amillərdən biridir. Çünki preferensial ticarət sazişində təxminən 10-12 adda azəhəmiyyətli məhsul növləri üzrə güzəştlər nəzərdə tutulub, yəni məhduddur".

"Burada eyni zamanda limit məsələsi də var. Məsələn, preferensial ticarət sazişinə görə, Azərbaycandan Türkiyəyə il ərzində 100 min litr həcmində spirtli içkinin güzəştli idxalı mümkündür. İdxal bundan artıq olarsa, güzəştlər tətbiq edilmir. Bu baxımdan sərbəst ticarət anlaşması tərəflər üçün əlverişli imkanlar yarada bilər", - deyə o qeyd edib.

İqtisadçı bildirib ki, sərbəst ticarət dedikdə, məhsulların limitsiz idxalı, hər hansı bir dempinq, antidempinq alətlərindən istifdə edilməməsi, rüsum və vergi güzəştlərinin verilməsi nəzərdə tutulur: "Lakin hər bir sərbəst ticarət sazişinin öz şərtləri var. Yəni tərəflər arasında sərbəst ticarət sazişinin şərtləri müəyyən edilir və bu şərtlər çərçivəsində ticarət münasibətləri qurulur. Məhsulların idxalında məhdudiyyət tətbiq edilmir və s. Sərbəst ticarətin qısa müddətli dövrdə yerli istehsala mənfi təsiri olsa da, orta və uzun müddətli dövrdə yerli istehsalın rəqabətliliyinin artmasına, daha keyfiyyətli məhsul istehsalına və dolayısı ilə ixrac bazarlarının şaxələndirilməsinə imkanlar yaradacaq".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan üçün Türkiyə ilə iqtisadi əlaqələrin, ticarət münasibətlərinin liberallaşdırılması sərfəli deyil:

"Əgər tam şəkildə liberallaşdırma olarsa, bu, Azərbaycanın yerli real sektorunun rəqabət qabiliyyətliliyinə mənfi təsir göstərəcək. Türkiyənin kənd təsərrüfatı sektorunun inkişaf göstəricilərinə, onun texnoloji tutumuna baxdıqda ticarətin liberallaşması Azərbaycan bazarında Türkiyə məhsullarının rəqabət üstünlüklərinə gətirib çıxardacaq. Digər tərəfdən, bu gün Türkiyə lirəsi ən dəyişkən valyutalardan biridir. Türkiyə istehsalçıları lirənin zəifləməsindən istifadə edərək rahatlıqla Azərbaycanın daxili bazarında, o cümlədən istehlak bazarında Azərbaycan istehsalçıları ilə rəqabətdə tam üstünlük əldə edəcək. Bu isə ölkəmizin qeyri-neft, o cümlədən qeyri-xammal sektoruna olduqca ciddi zərbə ola bilər".

"Türkiyə ilə ticarətin liberallaşması Azərbaycan iqtisadiyyatı üçün olduqca çətin olacaq. Bu gün biz ilk növbədə idxaldan asılılığın azalmasına, daxili bazarın yerli məhsullarla təmin edilməsinə nail olmalıyıq. Biz daxili bazarın qorunmasına yönəlməliyik. İki ölkə arasında liberal ticarət türkiyəli istehsalçıların maraqlarına cavab verəcək və Azərbaycan istehsalçılarının rəqabət imkanları azalmış olacaq", - deyə professor əlavə edib.

1088
Neft buruğu, arxiv şəkli

Azərbaycan neftinin qiyməti qalxdı

9
(Yenilənib 14:32 18.05.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 18 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,64 dollar artaraq 69,16 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,33 dollar artaraq 69,79 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,32 dollar bahalaşaraq 66,59 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Pul qabı, arxiv şəkli

Azərbaycanda orta aylıq əməkhaqqı azalıb

3
(Yenilənib 13:05 18.05.2021)
Aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 min nəfər və ya 2 faiz artaraq 1679,7 min nəfər olub.

BAKI, 17 may — Sputnik. 2021-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 min nəfər və ya 2,0 faiz artaraq 1679,7 min nəfər olub. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,7 faizi təhsil, 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz azalaraq 713,2 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

 

3

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

34
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

34