Edvgerial saytın istifadəçisi

Vergi Xidməti ƏDV-nin tutulması ilə bağlı açıqlama verib

40
(Yenilənib 15:01 16.04.2021)
Vətəndaşlar onlardan ötən dövrlərdə xarici ölkələrdən alınan xidmətlərə görə tutulmamış ƏDV məbləğlərinin tələb edildiyini bildirirlər.

BAKI, 16 aprel — Sputnik. Son günlər sosial şəbəkələrdə bəzi şəxslərin kartlarından böyük məbləğdə vəsaitin tutulmasına dair bildirişlər aldığı barədə məlumatlar yayılır. Həmin vətəndaşlar onlardan ötən dövrlərdə xarici ölkələrdən alınan xidmətlərə görə tutulmamış ƏDV məbləğlərinin tələb edildiyini bildirirlər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaranmış məsələyə aydınlıq gətirmək məqsədilə Sputnik Azərbaycan-a bildirib ki, qanunvericiliyin müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında alınan xidmətlərə (işlərə) görə ödənilən məbləğdən ƏDV-nin tutulması vəzifəsi banklar tərəfindən icra olunur. Bu halda banklar vergi agenti kimi çıxış edərək həyata keçirilən hər bir tranzaksiya üçün verginin hesablanmasını və ödənilməsini həyata keçirir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sosial şəbəkələrdə plastik kartlar vasitəsilə aparılan bütün növ ödənişlərdən 18 faiz ƏDV-nin tutulması ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirərək bildirir ki, ölkənin vergi qanunvericiliyində hər hansı yeni dəyişiklik yoxdur, vətəndaşlar və vergi ödəyiciləri üçün əlavə vergi öhdəlikləri müəyyən edən hər hansı yeni müddəalar tətbiq edilməyib.

Belə ki, plastik kartlar vasitəsilə nağdsız qaydada aparılan ödənişlər üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur.

Fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları aşağıdakı əməliyyatlar üzrə ödəmələrindən banklar tərəfindən ƏDV tutulmur:

- xaricdən malların alınmasına görə ödəniş;

- xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə görə ödəniş;

- fiziki olaraq xaricdə alınan (istehlak) edilən iş və xidmətə görə ödəniş.

Yayılan məlumatlarda qeyd olunan plastik kartlar vasitəsilə dövlət orqanlarının tətbiq etdikləri cərimə məbləğlərinə görə hesabdan 18 faiz ƏDV-nin tutulması ilə bağlı bildirirk ki, dövlət orqanlarına ödənilən cərimə məbləğlərinə ƏDV hesablanmır və tutulmur.

Ölkə daxilində fəaliyyət göstərən müəssisə və təşkilatlara plastik kart vasitəsilə nağdsız qaydada ödənilən məbləğlərdən əlavə olaraq ƏDV tutulmur. Belə ki, ölkədə fəaliyyət göstərən ƏDV ödəyicilərindən alınmış mal, iş və xidmətlər üçün hesablaşmalarda ƏDV məbləği son qiymətdə öz əksini tapır.

Göründüyü kimi, ölkə daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergilər tutulmur, əksinə, qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq təşviqlər nəzərdə tutur. Belə ki, pərakəndə ticarət və ictimai iaşə sektorunda çalışan sahibkarların dövriyyəsində POS-terminal vasitəsilə nağdsız qaydada əldə olunan gəlirin həcminə uyğun olaraq mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə güzəştlər tətbiq edilir. Vətəndaşlar isə nağdsız qaydada həyata keçirdikləri alış-verişə görə, nağd qaydada həyata keçirdikləri alış-verişə nisbətdə 5 faiz daha çox ƏDV-ni geri ala bilirlər (nağd ödənişlər zamanı ƏDV-nin 10 faizi, nağdsız ödənişlər zamanı isə ƏDV-nin 15 faizi vətəndaşa qaytarılır).

Məlumat üçün onu da bildiririk ki, qanunvericiliyə görə informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir.

40
Teqlər:
məlumat, ƏDV, vergi
Neft, arxiv şəkli

Azərbaycan nefti 70 dollara yaxınlaşır

9
(Yenilənib 15:09 06.05.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 6 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 69,59 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 69,19 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar bahalaşaraq 65,77 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9

Professor: “Transsərhəd kapital hərəkətinə nəzarət edilməsi mühümdür”

11
(Yenilənib 01:37 06.05.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, Türkiyə ilə dövriyyənin artmasının strukturuna nəzər salmaq lazımdır.
Elşad Məmmədov: “Azərbaycan Türkiyə üçün önəmli investordur”

2021-ci ilin martında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 258,31 milyon dollar təşkil edib ki, bu da ötən ilin martı ilə müqayisədə 90,473 milyon dollar çoxdur. Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Türkiyə ticarət dövriyyəsindəki artımı normal qarşılamaq lazımdır: “Son dövrlər iki ölkə arasında bütün sahələr üzrə əlaqələr gücləndirilib. Bu baxımdan həmin güclənmənin iqtisadi göstəricilərdə təsdiq olunması məntiqəuyğundur. Eyni zamanda dövriyyənin artmasının strukturuna nəzər salmaq lazımdır. Yalnız bundan sonra ümumi ticarət dövriyyəsindəki artımın dəqiq səbəblərini müəyyən etmək mümkün olar. Bundan sonra da dövriyyənin artacağını ehtimal edirəm. Həmçinin iki ölkə kapital hərəkəti ilə bağlı da qarşılıqlı əlaqələrini davam etdirir. Azərbaycan Türkiyə üçün önəmli investordur. Burada mühüm məqamlardan biri transsərhəd kapital hərəkətinə nzəarət edilməsidir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Teqlər:
nəzarət, transsərhəd, kapital, Azərbaycan, Türkiyə
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0