CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dollar və avronun devalvasiyası qaçılmazdır"

© AP Photo / Elise AmendolaДоллары и бумажник, фото из архива
Доллары и бумажник, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.04.2021
Abunə olmaq
Azərbaycanda avro niyə ucuzlaşır? İqtisadçılar ölkədə avronun ucuzlaşmasının səbəblərindən danışıblar. "Ucuzlaşma ilk növbədə Avropa Mərkəzi Bankı tərəfindən avronun emissiyasının kəskin şəkildə artırılması, pul-kredit siyasətinin yumşaldılması ilə bağlıdır".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bu il ilk dəfə martın 30-da Azərbaycanda avronun məzənnəsi 2 manatdan aşağı düşərək 1,9998 manat olub. Cari ilin yanvarın 7-də ölkədə avronun məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 4,6% dəyər itirib.

Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.02.2021
İQTİSADİYYAT
Yazda əmanətləri bu valyutada saxlamaq məsləhətdir

Bəs maraqlıdır, Azərbaycanda avronun ucuzlaşmasının səbəbləri nədir və bu proses davam edəcəkmi?

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda avronun ucuzlaşması dünya bazarında avro-dollar paritetindən yaranmış nəticədir: "Azərbaycanda manatın məzənnəsi ABŞ dolları ilə müqayisədə formalaşır və dolların məzənnəsi 1,7000 manat saxlanılıb. Ona görə adətən deyilir ki, manatın məzənnəsi sabitdir. Amma digər bütün valyutaların məzənnəsi manatla dollar arasında olan münasibətdən formalaşır, yəni çarpaz məzənnə hesablaması aparılır. Dünya bazarlarında valyutaların ABŞ dollarına qarşı mövqeyinin dəyişməsi son nəticədə manata qarşı da mövqeyinin dəyişməsinə, yəni ucuzlaşmasına və yaxud bahalaşmasına gətirib çıxarır. Xüsusilə Co Bayden ABŞ Prezidenti seçiləndən sonra dollar dünya bazarlarında öz mövqeyini möhkəmləndirir. Bu, Azərbaycanda da avronun məzənnəsinin zəifləməsinə gətirib çıxarıb".

"Növbəti aylarda avronun bahalaşması gözlənilirmi?" sualına ekspert belə cavab verib: "Avropada pandemiyanın təsirlərini azaltmaq məqsədilə yumşaq şəkildə monetar və fiskal siyasət həyata keçirməyə çalışacaqlar. Bu da avronun mövqeyinin zəifləməsini şərtləndirə bilər. Əgər belə olsa, bu proses Azərbaycanda da avronun ucuzlaşmasını şərtləndirəcək".

"Ölkədə avronun ucuzlaşması kimlərə sərf edir?" məsələsinə gəlincə, iqtisadçı bildirib ki, bu, vətəndaşın və biznesin mövqeyindən asılıdır: "Avropadan idxal edənlər, Avropa ilə biznes əlaqələri olanlar üçün sərfəlidir. Lakin Avropaya məhsul satanlar üçün sərfəli deyil. Əgər şəxs aktivlərini avroda yerləşdiribsə və avro ucuzlaşırsa, bu, müəyyən itkilərə gətirib çıxarır".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda avronun ucuzlaşmasının səbəbi ilk növbədə Avropa Mərkəzi Bankı tərəfindən avronun emissiyasının kəskin şəkildə artırılması, pul-kredit siyasətinin yumşaldılması ilə bağlıdır: "Avronun devalvasiya prosesi davam edəcək. Dollarda da artıq devalvasiya baş verir. Dolların xüsusi çəkisi dünya ticarətində, dünya iqtisadiyyatında azalır. Dollar və avronun devalvasiya prosesinin baş verməsi qaçılmazdır. Eyni zamanda, Avropa iqtisadiyyatındakı problemlər, qeyri-tarazlıq və s. avronun tədricən ucuzlaşmasına səbəb olacaq".

Работа супермаркета в Баку за день до ужесточения карантина - Sputnik Azərbaycan, 1920, 29.01.2021
İQTİSADİYYAT
Valyutaya və inflyasiyaya görə qorxmağa dəyməz - Rüstəmov əmin edir

Professor bildirib ki, Azərbaycanın xarici ticarət dövriyyəsi əsasən dollarla aparılır: "Amma ümumiyyətlə, ixracat baxımından aparıcı ehtiyat valyutalarının zəifləməsi Azərbaycan üçün problemlərin yaranmasına səbəb olur. Çünki manat sabitdir, amma ixracat nəticəsində ölkəyə gələn valyuta zəifləməkdədir. Belə olan halda bunun ixracata mənfi təsiri olur. Lakin bütün bunlara baxmyaraq, manatın məzənnəsinin sabitliyi qorunmalıdır. Əks-halda, bu, ölkə iqtisadiyyatında ciddi qeyri-tarazlıqların dərinləşməsinə səbəb ola bilər. Ona görə də avronun ucuzlaşmasının beynəlxalq ticarətə, o cümlədən Azərbaycanın xarici ticarətinə təsiri olacaq".

"Biz ixracatda ilk növbədə yüksək texnoloji tutumlu sahələrin xüsusi çəkisinin artırılmasına nail olmalıyıq. Eyni zamanda tədricən texnologiyaların idxalına nail olmalıyıq ki, ölkəmizin rəqabət üstünlüyünün gücləndirilməsinə şərait yarada bilək", - deyə o əlavə edib.

Xəbər lenti
0