Mağazada duru yağ satışı, arxiv şəkli

Rusiyadan gətirilən günəbaxan yağının qiyməti qalxacaq - SƏBƏB

539
(Yenilənib 17:39 08.04.2021)
İqtisadçı: "Azərbaycan indidən bu istiqamətdə alternativ ölkələrin axtarışlarına başlamalıdır. Çünki günəbaxan yağının Ukrayna və Belarusdan da gətirilməsi mümkündür. İndidən həm qiymətlərin müqayisə olunmasına, həm də logistik hesablamaların aparılmasına ehtiyac var"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Rusiya günəbaxan yağının ixracı üçün rüsum tutulmasını təsdiqləyib. Bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb. Yeni gömrük rüsumu bu il sentyabrın 1-dən gələn il sentyabrın 1-dək tətbiq ediləcək. Rusiyanın Kənd Təsərrüfatı Nazirliyində hesab edirlər ki, ixrac rüsumunun tətbiqi daxili bazarda bu məhsulun qiymətini sabit saxlamağa imkan verəcək.

Bəs, Rusiyanın bu addımı Azərbaycanda günəbaxan yağının qiymətinə təsir edəcəkmi?

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Rusiyada günəbaxan yağının ixracına gömrük rüsumu tətbiq edilsə, bu, Azərbaycanda qiymətə təsir edəcək: "Azərbaycan indidən bu istiqamətdə alternativ ölkələrin axtarışlarına başlamalıdır. Çünki günəbaxan yağının Ukrayna və Belarusdan da gətirilməsi mümkündür. İndidən həm qiymətlərin müqayisə olunmasına, həm də logistik hesablamaların aparılmasına ehtiyac var. İstər-istəməz gömrük rüsumu artdıqca Rusiyadan gətirilən günəbaxan yağının maya dəyəri yüksələcək. Bu da Azərbaycanda bazara təsir edən əsas amillərdən birinə çevriləcək. Rusiyadan Azərbaycana günəbaxan yağı təkcə qablaşdırılmış şəkildə deyil, qablaşdırılmamış şəkildə də gətirilir və yerli istehsal adı altında bazara çıxarılır. İxrac rüsumunun artması onların da qiymətinə təsir göstərəcək. Ona görə də bu istiqamətdə Ukrayna və Belarusdan alternativ mənbə kimi istifadə edilməsində yarar var".

"Ötən il dünyada ərzaq indeksi 10 faizdən çox artıb və bu, pandemiya ilə bağlıdır. Bəzi ölkələr daxili bazarı qorumaq üçün rüsum siyasətində dəyişiklik aparıblar. Hazırda dünyanın bir çox ölkələri daxili bazarı qorumaq üçün Rusiya kimi bənzər addımlar atırlar. Qiymət baxımından Türkiyədə günəbaxan yağları daha bahadır. Bəzi hallarda bizim daxili bazarda Türkiyədən gətirilən günəbaxan yağlarının qiyməti az qala iki dəfə Rusiya məhsullarını üstələyir. Ona görə də alternativ olaraq Ukrayna və Belarus daha ucuz bazar ola bilər", - deyə iqtisadçı bildirib.

İqtisadçı Mircavid Həsənov da Sputnik Azərbaycan-a deyib ki, ixrac rüsumunun artması Rusiyadan Azərbaycana gətirilən günəbaxan yağının qiymətinə təsir edəcək: "Rusiyadan gətirilən günəbaxan yağının qiyməti qalxacaq. Bizdə günəbaxan bitkisinin əkini azlıq təşkil edir. Bizdə günəbaxan yağının istehsalı çətindir. Kifayət qədər suvarılan sahələrimiz yoxdur. Suvarılan sahələrə günəbaxan bitkisi əkməkdənsə, bağ salmaq daha gəlirlidir. Rusiyada isə dəmyə (suvarılmayan) ərazilərdə də bu bitki əkilə bilir, çünki yağıntı çoxdur. Rusiyada ərazilər çoxdur, bəlkə 1 ton yağ əldə etmək üçün min hektarlarla əkin aparılmalıdır. Azərbaycanın isə o qədər suvarılan əraziləri yoxdur. Bu istiqamətdə idxaldan asılılığımız davam edəcək. Türkiyə və Ukrayna əsas alternativ bazar ola bilər".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk iki ayında ölkədə duru bitki yağları istehsalı 16 faiz artıb. 2020-ci ilin yanvar ayı ilə müqayisədə 2021-ci ilin yanvar ayında ölkəyə bitki yağları idxalı 24,2 faiz azalıb. 2021-ci ilin yanvar ayında 2020-ci ilin eyni ayı ilə müqayisədə bitki yağları ixracı 46,2 faiz azalıb. 

539
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşıb

11
Əsas neft istehlak edən ölkələrdə COVID-19-a yoluxmaların sayının artması səbəbindən tələbatın bərpası kövrək olaraq qalır

BAKI, 17 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,24 dollar artaraq 66,28 dollar təşkil edib.

Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,17 dollar geriləyərək 66,77 dollar, Nyu-Yorkun NYMEX birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,33 dollar ucuzlaşaraq 63,13 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal xam neft tələbatının bərpası kövrək olaraq qalır. Agentliyə görə, qlobal xam neft tələbatı cari ilin ilk rübündə gözləntilərin altında qalsa da, müsbət iqtisadi proqnozlar və güclü iqtisadi göstəricilər tələbatla bağlı proqnozun yuxarı istiqamətli dəyişdirilməsinə şərait yaradır. Digər tərəfdən, əsas neft istehlak edən ölkələrdə COVID-19-a yoluxmaların sayının artması səbəbindən tələbatın bərpası kövrək olaraq qalır.

11
Qaz yatağı, arxiv şəkli

Azərbaycandan Avropaya ixrac olunan təbii qazın həcmi açıqlanıb

6
(Yenilənib 17:49 17.04.2021)
Hesabat dövründə ölkədən ümumilikdə 6 milyard 165,4 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 867 milyon dollar təşkil edib

BAKI, 17 aprel — Sputnik. Cari ilin yanvar-mart aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, birinci rübdə ölkəmizdən İtaliyaya dəyəri 89,9 milyon ABŞ dolları olmaqla 435 milyon kubmetr, Yunanıstana 16,2 milyon dollarlıq 57,8 milyon kubmetr, Bolqarıstana isə 8 milyon dollarlıq 59,7 min kubmetr təbii qaz ixrac edilib.

Üç ayda Türkiyəyə 548,9 milyon dollarlıq 4 milyard 118,6 milyon kubmetr, Gürcüstana 203,9 milyon dollarlıq 1 milyard 494,2 milyon kubmetr qaz ixrac olunub.

Qeyd edək ki, hesabat dövründə ölkədən ümumilikdə 6 milyard 165,4 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 867 milyon dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.

TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

Azərbaycan təbii qazını İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.

6

Xalq artisti ilə vida mərasimi keçirilir

0
(Yenilənib 12:42 18.04.2021)
Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

BAKI, 18 aprel - Sputnik. Bu gün Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, mərasim “Təzə Pir” məscidində təşkil olunub.

Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Mərhum "Qurd qapısı" qəbristanlığında dəfn ediləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, onun dəfn yeri ailəsi tərəfindən, özünün vəsiyyəti ilə mərhum həyat yoldaşının dəfn olduğu Bakı şəhərindəki "Qurd qapısı" qəbristanlığı müəyyən edilib.

Daha əvvəl Nazirlikdən bildirilmişdi ki, mərhum sənətkarımızın qızı xarici ölkədə yaşadığına görə, dəfn onun gəlişinə kimi müvəqqəti təxirə salınıb.

0