AZAL təyyarəsi

AZAL Azərbaycan İnvestisiya Holdinqinə verildi

12
Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır

BAKI, 30 mart — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 278; 2010, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 337; 2018, № 9, maddə 1840; 2020, № 5, maddə 601) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə "Cəmiyyəti" sözündən sonra "(bundan sonra ‒ Cəmiyyət)" sözləri əlavə edilsin;

1.2. 2-ci və 3-cü hissələr aşağıdakı redaksiyada verilsin:

"2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

2.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

2.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

2.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

2.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

2.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

3. Müəyyən edilsin ki:

3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

3.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

3.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

3.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

3.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

3.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

3.2.6. Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

3.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

3.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

3.2.9. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan İnvestisiya Holdinqi:

3.1. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

3.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

12
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşıb

10
Əsas neft istehlak edən ölkələrdə COVID-19-a yoluxmaların sayının artması səbəbindən tələbatın bərpası kövrək olaraq qalır

BAKI, 17 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,24 dollar artaraq 66,28 dollar təşkil edib.

Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,17 dollar geriləyərək 66,77 dollar, Nyu-Yorkun NYMEX birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,33 dollar ucuzlaşaraq 63,13 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal xam neft tələbatının bərpası kövrək olaraq qalır. Agentliyə görə, qlobal xam neft tələbatı cari ilin ilk rübündə gözləntilərin altında qalsa da, müsbət iqtisadi proqnozlar və güclü iqtisadi göstəricilər tələbatla bağlı proqnozun yuxarı istiqamətli dəyişdirilməsinə şərait yaradır. Digər tərəfdən, əsas neft istehlak edən ölkələrdə COVID-19-a yoluxmaların sayının artması səbəbindən tələbatın bərpası kövrək olaraq qalır.

10
Qaz yatağı, arxiv şəkli

Azərbaycandan Avropaya ixrac olunan təbii qazın həcmi açıqlanıb

6
(Yenilənib 17:49 17.04.2021)
Hesabat dövründə ölkədən ümumilikdə 6 milyard 165,4 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 867 milyon dollar təşkil edib

BAKI, 17 aprel — Sputnik. Cari ilin yanvar-mart aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, birinci rübdə ölkəmizdən İtaliyaya dəyəri 89,9 milyon ABŞ dolları olmaqla 435 milyon kubmetr, Yunanıstana 16,2 milyon dollarlıq 57,8 milyon kubmetr, Bolqarıstana isə 8 milyon dollarlıq 59,7 min kubmetr təbii qaz ixrac edilib.

Üç ayda Türkiyəyə 548,9 milyon dollarlıq 4 milyard 118,6 milyon kubmetr, Gürcüstana 203,9 milyon dollarlıq 1 milyard 494,2 milyon kubmetr qaz ixrac olunub.

Qeyd edək ki, hesabat dövründə ölkədən ümumilikdə 6 milyard 165,4 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 867 milyon dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.

TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

Azərbaycan təbii qazını İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.

6
Koronavirus testi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı son statistika açıqlandı

0
(Yenilənib 11:20 18.04.2021)
Son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

BAKI, 18 aprel - Sputnik. Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 547 yeni yoluxma qeydə alınıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

Ölkədə indiyədək 208 520 nəfər koronavirusa yoluxub.

0