Alıcı bazarda yumurta yığır, arxiv şəkli

Azərbaycanda yumurta niyə bahalaşıb?

1784
(Yenilənib 16:52 19.03.2021)
Quşçular Cəmiyyətinin sədri: "Yumurtanın çeşidi.ndən asılı olaraq istehsalçılar 12-14 qəpikdən yumurtanı mağazalara verirlər. Mağazalarda satılan yumurtaların qiyməti isə istehsalçının qoyduğu qiymət deyil"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 mart — Sputnik. 2021-ci ilin fevral ayında əvvəlki aya nisbətən Azərbaycanda yumurtanın qiyməti 3,4 faiz bahalaşıb. Bu ilin yanvar ayında isə dekabr ayı ilə müqayisədə yumurtanın qiyməti 6 faizə yaxın artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkədə 301,7 milyon ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,5 faiz azdır. 2020-ci ildə isə 1906,2 milyon ədəd (4,3 faiz çox) yumurta istehsal olunub. Qeyd edək ki, ölkədə yerli yumurta istehsalı hesabına daxili tələbat ödənilir.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Sputnik Azərbaycan-a deyib ki, yumurtanın çeşidindən asılı olaraq istehsalçılar 12-14 qəpikdən yumurtanı mağazalara verirlər: "Yəni yumurtanın topdansatış qiymətində dəyişiklik yoxdur. Mağazalarda satılan yumurtaların qiyməti isə istehsalçının qoyduğu qiymət deyil. Mağazalar istədiyi qiyməti qoyub sata bilirlər".

A.Vəliyev fabrik yumurtasının qabığının niyə nazik olduğu sualını da cavablandırıb:

"Kənd yumurtası xırda və qabığı qalın olur. Çünki kənd toyuğu axşama kimi çöldə-bayırda gəzir və bu zaman bədənin hər yerində əzələlər işləyir. Amma quşçuluq fabriklərində toyuqlar isə oturaq, bağlı şəraitdə saxlanılır ki, onlarda xəstəliklər olmasın. Bunlar adi toyuqlardır, sadəcə bağlı şəraitdə saxlanılır. Bağlı şəraitdə saxlanılan toyuqlara lazım olan yemi normada vermədinsə, toyuq heç yumurta verməz. Hər şey ölçülür-biçilir, qrafik əsasında yemlər verilir. Quşçuluq fabriklərində toyuqlara qarğıdalı, buğda, soya və digər yemlər verilir. Yemlərin verilməsinə ciddi nəzarət olunur. Fabrik yumurtalarının içərisində də qabığı qalın və nazik olan var. Çəkisindən asılı olaraq yumurtanın 4-5 növü var. Təzə-təzə cavan fərələr yumurtaya düşəndə yumurtanın qabığı nazik olur. Toyuq yaşa dolduqca yumurtanın qabığı da qalınlaşır".

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, yumurtanın qiyməti sürətlə dəyişəndir: "Tələb və təklif əsasında qiymət formalaşır. Xüsusilə qeyri-mövsüm dövründə, eyni zamanda tələbin artdığı bayram ərəfəsində qiymətlərin bahalaşması ənənəvidir. Yumurtanın topdansatış qiyməti artıb. İnanmıram ki, topdansatış qiymətlər artmadığı halda pərakəndə satış qiymətləri artsın. Xüsusilə soyuq aylarda istehsal imkanları məhdudlaşır, məhsuldarlıq aşağı düşür və belə olanda isə qiymətlər də artır. Bundan başqa, əhalinin alıcılıq qabiliyyəti aşağı düşəndə ucuz qida məhsullarına (yumurta və s.) nisbətən tələb artır. Bəzən bu tələbin artmasını bazar iştirakçıları fürsətə çevirir".

"Yanacağın qiyməti bütün məhsulların maya dəyərində öz əksini tapır. Bundan öncə də demişdim ki, yanacağın qiymətinin bahalaşması orta və uzunmüddətli dövrdə məhsulların son istehlak qiymətində öz əksini tapacaq", - deyə o, əlavə edib.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində iri istehsalçılar, idxalçılar və market şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Novruz bayramı ilə əlaqədar bir sıra ərzaq mallarına tələbatın artması fonunda mövcud qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması ilə bağlı məsələlər müzakirə edilib. Əsassız qiymət artımının, yəni qiymətlərin obyektiv əsas olmadan artırılmasının yolverilməz olduğu vurğulanıb. Bu halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında gündəlik monitorinq aparılır. Son günlər istehlak mallarına tələbatın artması səbəbindən monitorinqlər intensivləşdirilib. Monitorinqlərin nəticələri təhlil olunaraq, əsassız qiymət artımının olub-olmaması araşdırılır. Əsassız qiymət artımına yol verilməklə istehlak bazarının iştirakçılarının hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlərə yol verən sahibkarlıq subyektləri barədə ciddi məsuliyyət tədbirləri görüləcək.

 

 

 

1784
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşıb

10
Əsas neft istehlak edən ölkələrdə COVID-19-a yoluxmaların sayının artması səbəbindən tələbatın bərpası kövrək olaraq qalır

BAKI, 17 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,24 dollar artaraq 66,28 dollar təşkil edib.

Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,17 dollar geriləyərək 66,77 dollar, Nyu-Yorkun NYMEX birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,33 dollar ucuzlaşaraq 63,13 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal xam neft tələbatının bərpası kövrək olaraq qalır. Agentliyə görə, qlobal xam neft tələbatı cari ilin ilk rübündə gözləntilərin altında qalsa da, müsbət iqtisadi proqnozlar və güclü iqtisadi göstəricilər tələbatla bağlı proqnozun yuxarı istiqamətli dəyişdirilməsinə şərait yaradır. Digər tərəfdən, əsas neft istehlak edən ölkələrdə COVID-19-a yoluxmaların sayının artması səbəbindən tələbatın bərpası kövrək olaraq qalır.

10
Qaz yatağı, arxiv şəkli

Azərbaycandan Avropaya ixrac olunan təbii qazın həcmi açıqlanıb

6
(Yenilənib 17:49 17.04.2021)
Hesabat dövründə ölkədən ümumilikdə 6 milyard 165,4 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 867 milyon dollar təşkil edib

BAKI, 17 aprel — Sputnik. Cari ilin yanvar-mart aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, birinci rübdə ölkəmizdən İtaliyaya dəyəri 89,9 milyon ABŞ dolları olmaqla 435 milyon kubmetr, Yunanıstana 16,2 milyon dollarlıq 57,8 milyon kubmetr, Bolqarıstana isə 8 milyon dollarlıq 59,7 min kubmetr təbii qaz ixrac edilib.

Üç ayda Türkiyəyə 548,9 milyon dollarlıq 4 milyard 118,6 milyon kubmetr, Gürcüstana 203,9 milyon dollarlıq 1 milyard 494,2 milyon kubmetr qaz ixrac olunub.

Qeyd edək ki, hesabat dövründə ölkədən ümumilikdə 6 milyard 165,4 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 867 milyon dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.

TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

Azərbaycan təbii qazını İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.

6
Koronavirus testi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı son statistika açıqlandı

0
(Yenilənib 11:20 18.04.2021)
Son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

BAKI, 18 aprel - Sputnik. Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 547 yeni yoluxma qeydə alınıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

Ölkədə indiyədək 208 520 nəfər koronavirusa yoluxub.

0