Biznesmen, arxiv şəkli

Millət vəkilindən sahibkarlar üçün xoş xəbər - Yoxlamaların qadağan edildiyi dövr üçün...

635
(Yenilənib 21:47 18.03.2021)
"Yoxlamaların dayandırıldığı müddətdə Nazirlər Kabineti yeni qaydalar hazırlayacaq. Məqsəd sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsinin beynəlxalq standartlara tam uyğunlaşdırılmasıdır".

BAKI, 18 mart — Sputnik. Azərbaycan Prezidenti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. Yeni dəyişikliklərə görə icazə verilən yoxlamalar istisna olunmaqla sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin daha bir il - 2022-ci il yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər.

"Əlavə olaraq "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalara icazə verilir" - deyə o qeyd edib.

Deputat bildirib ki, digər mühüm məqam yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir: "Yəni, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək".

"Dövlət başçısının imzaladığı digər fərmanla Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, sahibkarların maraqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini 8 ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməyi tapşırıb. Bu isə o deməkdir ki, yoxlamaların dayandırıldığı müddətdə Nazirlər Kabineti yeni qaydalar hazırlayacaq. Məqsəd sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsinin beynəlxalq standartlara tam uyğunlaşdırılmasıdır" - millət vəkili əlavə edib.

635
Yeni bankotlar

Mərkəzi Bank terminalların yenilənmiş pulları niyə qəbul etmədiyinə aydınlıq gətirdi

12
(Yenilənib 14:27 12.04.2021)
Bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyasının sürətləndirilməsi ilə əlaqədar Mərkəzi Bankda görüş keçirilib

BAKI, 12 aprel — Sputnik. Son günlər ölkə mətbuatında bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminalları tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının qəbulunda müəyyən çətinliklərin yaranması ilə bağlı məlumatlar yayılıb.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildirilib ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılıb və müvafiq pul nişanları ilə təmin edilib.

Mərkəzi Bank tərəfindən aparılmış monitorinqlərdən məlum olur ki, kommersiya banklarının və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul sistemlərinin yenilənmiş pul nişanlarına uyğunlaşdırılması əsasən təmin edilib.

Bununla belə bir sıra bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyası ilə bağlı çətinliklərin araşdırılması, müvafiq problemlərin təxirəsalınmadan aradan qaldırılması və adaptasiya proseslərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə Mərkəzi Bankda bank olmayan ödəniş xidməti təchizatçılarının nümayəndələri ilə görüş keçirilib və bu təşkilatlara müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

12

Bu işlərin görülməsi Azərbaycanda işsizliyi azaldacaq ekspert açıqlayır

16
(Yenilənib 18:38 11.04.2021)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, işğaldan azad edilmiş ərazilərdə qruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır
Fuad İbrahimov: “Vaksinasiyanın sürətlənməsi iqtisadi fəallığı artıracaq”

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək. Gələn il isə bu göstəricinin cüzi azalaraq 5,7%-ə bərabər olacağı gözlənilir.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, pandemiyanın dünya iqtisadiyyatına ziyan vurması işsizlik ordusunun yaranmasına səbəb olub: “Dünya iqtisadiyyatında bu problemin aradan qaldırılması üçün böyük zaman lazımdır. Azərbaycan haqqında danışdıqda onu deyə bilərəm ki, vaksinasiya prosesinin getdikcə sürətlənməsini görürük. Bu da özlüyündə iqtisadi fəallığın artması ilə nəticələnəcək. Eyni zamanda mövsümi işlərlə bağlı sahələrin yenidən bərpa olunması da işsizlik statistikasının azalmasına təsir edəcək. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aktiv şəkildə davam etdirilməsi çox sayda iş yerlərinin açılmasına səbəb olacaqdır”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

0
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

0