Yanacaqdoldurma məntəqəsi, arxiv şəkli

Azərbaycanın yeganə yanacaq istehsalçısından iddiaya cavab: "Özümüz pul verib, yoxladırıq"

195
Yanacağın vahid mərkəzdən bütün YDM şəbəkələrinə paylandığını deyən SOCAR rəsmisi keyfiyyətlə bağlı şikayətləri "saxlanma şəraiti və sair" ilə əlaqələndirib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqin nəticəsi olaraq avtomobil yanacağının keyfiyyətində problemlər aşkarlanıb. Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli yanacağın keyfiyyəti ilə bağlı çoxsaylı müraciətlərin daxil olduğunu söyləyib: "Tərəfimizdən aparılan monitorinqlərə əsasən, bu şikayətlər əsaslıdır. Monitorinqin nəticəsi olaraq yanacağın keyfiyyətində problemlər aşkarlanıb. Tərəfimizdən 36 yanacaqdoldurma məntəqəsində (YDM) müşahidələr aparılıb və onların əksəriyyətində kənarlaşmalar müşahidə edilib. Yeni standart hazırlanır. Bu standarta yanacağın istehsalından və yaxud idxalından tutmuş istehlakçıya qədər olan bütün keyfiyyətə nəzarət prosesləri daxil olacaq. Hazırda yeni standart razılaşdırılmanın son mərhələsindədir və bu yaxında onun tətbiqi nəzarətin gücləndirilməsinə səbəb olacaq".

Sputnik Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun məsələyə münasibətini öyrənib.

O, Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, yanacaq əsasən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur və zavodun labaratoriyasında keyfiyyət nəzarətindən keçir: "Daha sonra məhsul YDM şəbəkələri arasında paylanılır. Orada nəzarət dövlət tərəfindən aparılır. SOCAR ölkədə qüvvədə olan standartlara uyğun məhsul istehsal edirsə, həmin məhsulun satışa çıxarılanda da həmin standartlara cavab verməsi vacibdir. Buna görə bu cür nəzarətin mütəmadi aparılmasının tərəfdarıyam, çünki istehlakçıların hüquqlarını qorumaqla yanaşı, həm də Azərbaycan yanacağının bir brend kimi imicinin yaxşılaşmasına kömək edə bilər. Yəqin ki, ölkədə qüvvədə olan yanacaq standartları da artırıla bilər. Çünki artıq gələn il Heydər Əliyev adına Neft Emalı Zavodu "Avro-5" standartına cavab verən dizelin istehsalına başlamağı planlaşdırır. Lakin ona qədər, ölkədə istehlak olunan məhsulun, ən azından, hazırda qüvvədə olan standartlara da cavab verməsi vacibdir".

O bildirib ki, SOCAR ölkədə hazırda qüvvədə olan standartlara cavab verən keyfiyyətdə yanacaq istehsal edir:

"Yanacaq vahid mərkəzdən bütün YDM şəbəkələrinə paylanılır, lakin hər bir YDM şəbəkəsində yanacağın saxlanma şəraiti və s. ilə bağlı bizim məlumatımız yoxdur. SOCAR-ın yanacaqdoldurma məntəqələrində isə yanacağın keyfiyyəti məhz SOCAR-ın təşəbbüsü ilə mütəmadi yoxlanılır. Yəni SOCAR Petroleum istismar etdiyi YDM-lərdə yanacağın keyfiyyətinin hər ay yoxlanılması üçün Dövlət Xidmətinə müvafiq rüsum ödəyir, çünki özü də bunu təsbit etməkdə maraqlıdır. Sözügedən yoxlama digər YDM-lərdə aparılıb, çünki SOCAR-da satılan yanacağın keyfiyyəti onsuz da SOCAR-ın təşəbbüsü və təkidi ilə mütəmadi olaraq, hər ay yoxlanılır".

"Yanacağa gəldikdə isə, məsələn, benzin müxtəlif fraksiyaların qatılması nəticəsinə əldə olunur. Müxtəlif qatqılarla onun oktan ədədi artırıla, ya da azaldıla bilər. Ümumilikdə əhaliyə satılan yanacaq üzərində mütəmadi nəzarəti məqsədəuyğun və vacib hesab edirəm", - deyə qurum rəsmisi qeyd edib.

İ.Əhmədov əlavə edib ki, 2022-23-cü illərdə SOCAR tərəfindən istehsal edilən yanacaq həm də "Avro-5" standartına uyğun olacaq: "Bununla da ölkədə yanacağın keyfiyyət standartı yüksələr, çünki Azərbaycanda yanacağın yeganə istehsalçısı SOCAR-dır. Yalnız ümumi istehlakın çox kiçik bir hissəsini təşkil edən yüksək oktanlı benzin hazırda idxal olunur, lakin yaxın gələcəkdə onun da istehsalı Azərbaycanda mümkün olacaq".

195
Teqlər:
şikayət, SOCAR, keyfiyyət, avtomobil, yanacaq
Neft buruğu, arxiv şəkli

Neft ölkələri üçün sevindirici xəbər

13
(Yenilənib 15:56 01.03.2021)
Fevral ayında neftin qiymətləri pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. "Brent" markalı neftin qiyməti keçən ilin yanvarından bəri ilk dəfə 67 dolları keçib.

BAKI, 1 mart — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1 dollar artaraq 65,42 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,99 dollar bahalaşaraq 62,49 dollar olub.

Qeyd edək ki, neft qiymətləri fevral ayını artımla tamamlayıb. Ay ərzində qiymətlər pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Belə ki, "Brent" markalı neftin qiyməti keçən ilin yanvarından bəri ilk dəfə 67 dolları ötüb.

13
Azərbaycan manatı, arxiv şəkli

Sahibkarlar maliyyə mənbələrinə çıxışda problem yaşayırlar

19
(Yenilənib 15:02 01.03.2021)
KOBİA: "Sahibkarların fəaliyyətini daha da yaxşılaşdırmaq üçün qanunvericilik və tənzimləmə istiqamətləri üzrə sorğu keçirilir. Sahibkarlar kredit imkanlarının sadələşdirilməsini və banklar tərəfindən tələb edilən sənədlərin azaldılmasını istəyirlər".

BAKI, 1 mart — Sputnik. Sahibkarlar daha çox maliyyə resurslarına çıxışlarda problemlə üzləşir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov deyib.

"Sahibkarların fəaliyyətini daha da yaxşılaşdırmaq üçün qanunvericilik və tənzimləmə istiqamətləri üzrə sorğu keçirilir. Sorğu zamanı sahibkarların ən çox üzləşdiyi problem maliyyə resurslarına çıxışla bağlı olub. Belə ki, sahibkarlar kredit imkanlarının sadələşdirilməsini və banklar tərəfindən tələb edilən sənədlərin azaldılmasını istəyirlər"- deyə o qeyd edib.

O bildirib ki, cari ildə ölkə regionları üzrə "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur: "Sahibkarların maraqlarının müdafiəsi, maarifləndirilməsi, investisiya təşəbbüslərinin reallaşdırılması üçün onlara yerində dəstək və xidmətlər göstərən "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər 2020-ci ildə də davam etdirilib. Dördü ötən il olmaqla KOB dostlarının sayı ümumilikdə 25-ə çatdırılıb".

19
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0